Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1825/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, iddiaçının iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə) qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC "Kontakt Home" Lənkəran mağazası ilə 08 aprel 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, "Hoffmann NFB-180 VW" markalı soyuducunun alınması üçün ödədiyi 749 (yeddi yüz qırx doqquz) manat 99 (doxsan doqquz) qəpik və təmiri üçün ödədyi 140 ( bir yüz qırx) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: 2023-cü il aprel ayının 8-də Lənkəran şəhərində yerləşən "Kontakt Home" mağazasından 750 (yeddi yüz əlli) manat nağd ödəməklə "Hoffmann NFB-180 VW" markalı ağ rəngli soyuducu almışdır. Soyuducuya satıcı tərəfindən 3 illik zəmanət verilmişdir. Bir ay istifadə etdikdən sonra, 2023-cü il may ayının 9-da soyuducunun işləmədiyini müəyyən etmiş və bu barədə "Kontakt Home" mağazasının əməkdaşlarına və rəhbərliyinə məlumat vermişdir. Bununla yanaşı, "Kontakt Home" mağazasının "6060" qaynar xəttinə dəfələrlə müraciət edib, bu barədə məlumat vermişdir. "KontaktHome" qaynar xəttinə vurduğu zənglərə cavab olaraq 3 illik qarantiya müddətini nəzərə almayaraq, soyuducunun xarab olma səbəblərini müəyyən etmədən servis xidmətinin pullu olduğu barədə bildirmişlər. Uzun danışıqlardan sonra mağazanın göndərdiyi usta xx.xx.2023-cü il tarixdə gəlib çıxmış və soyuducunun bir detalını götürüb aparmışdır. Bundan sonra usta onun zənglərinə cavab verməmişdir. Qaynar xəttə zəng vurduğu hallarda usta xidmət haqqının və təmir xərcinin onun ödəməli olduğunu bildirmişdir. Havaların isti keçməsindən evdə başqa soyuducu olmadığı, soyuducuya ciddi ehtiyac olduğu üçün məcbur olub 140 (bir yüz qırx) manat xx.xx.2023-cü il tarixdə təmir xərci ödəmişdir. Pulu ödədikdən sonra da soyuducu təmir olunmamışdır. Telefon zəngləri bir nəticə vermədiyi üçün məktubla "KontaktHome" Lənkəran mağazasının rəhbərliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra da heç bir nəticə olmadığı üçün 11 iyun 2023-cü il tarixdə "Hoffmann NFB-180 VW" markalı soyuducunu Viravul kənd sakini X1 idarə etdiyi VAZ 2104 markalı avtomobillə gətirib "KontaktHome" Lənkəran mağazasına təhvil vermişdir. Soyuducunun mağazaya gətirilməsi onun tərəfindən öz mobil telefonu ilə video çəkiliş aparılmaqla həyata keçirilmiş, eyni zamanda bu barədə mağaza rəhbərliyinin adına ərizə yazıb təqdim etmişdir. İyun ayının 12-də məcbur olub kreditlə başqa bir mağazadan soyuducu almışdır. Evində başqa məişət avadanlıqlarından - televizor, paltaryuyan maşın, modem və s.-dən istifadə edir. Həmin avadanlıqlar normal işləyir, həmin avadanlıqlarda hər hansı bir qüsur, sıradan çıxma halları olmayıb. "KontaktHome" Lənkəran mağazasının ona satdığı "Hoffmann NFB- 180 VW” markalı soyuducu qüsurlu olub, standarta cavab verən məhsul olmayıb. Soyuducu xarab olandan sonrakı müddətdə xeyli gərginlik, mənəvi sarsıntı, narahatlıq keçirmişdir. Ona zay məhsul satmaları bir yana, zənglərə cavab verməmələri, 3 illik zəmanəti qulaqardına vurmaları, üstəlik, təmir xərcini ödədikdən sonra da heç nə etməmələri ona pis təsir etmişdir. Ödədiyi pulları cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin nümayəndəsi iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, müştərinin “mağaza və servis mərkəzi heç bir tədbir görmədiyindən xx.xx.2023-cü il tarixdə malı mağazaya qaytardığı” ilə bağlı qeyd etdikləri tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Çünki mal operativ şəkildə təmir edilmiş və müştəriyə məlumat verilmişdir. Müştəri isə hazır, təmirli malı təhvil almaqdan imtina etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim A.Pənahov) 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC-yə məxsus "Kontakt- Home" Lənkəran mağazası arasında bağlanmış HOFFMANN markalı NFB-180VV (Ağ) modeli olan soyuducuya dair 08 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin soyuducunun alınması üçün ödənilmiş 749.99 manat və təmiri üçün ödənilmiş 140 manat, ümumilikdə 889.99 manat məbləğində pul vəsaitinin "xxxx" MMCdən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, iddiaçıya satılan məhsul qüsursuz və lazımi keyfiyyətdə olmuşdur. Lakin yaranan qüsur istehsal qüsuru deyil, alıcı tərəfindən normativ tələblərə uyğun olmayan şəkildə istifadə olunma nəticəsində yaranan qüsurdur, yəni gərginlik nəticəsində soyuducunun platası sıradan çıxmışdır. Şikayətə görə, məhkəmə məhsulun qüsurlu olması barədə texniki rəy (servis rəyi) olmadan məhsulun istehsaldan irəli gələn qüsurunun olması qənaətinə gəlmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, o, aprelin 8-də soyuducunu almışdır, lakin mayın 9-u soyuducu işləməmişdir. "Kontakt-Home" mağazalar şəbəkəsinin qaynar xəttinə müraciət etmiş, 140 manat təmir xərci ödəmiş, lakin heç bir nəticə əldə etməmişdir. Soyuducunu xx.xx.2023-cü il tarixdə təhvil vermişdir. Cavabdeh MMC apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə göndərmiş, məhkəmə baxışında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İddiaçı xx.xx.2023-cü il tarixdə “Kontakt-Home-54 (Lənkəran)” mağazasına 749.99 manat məbləğində ödəniş edərək, həmin mağazadan “HOFFMANN” markalı, NFB- 180VV (Ağ) modeli olan soyuducu almışdır. Bu barədə ödəniş qəbzi əlavə edilmişdir. Cavabdeh MMC-yə məxsus “Kontakt Home- 54” mağazasından təqdim edilən zəmanət talonundan görünür ki, “təmir işləri 14 gün müddətində həyata keçirilir. Bu müddətdə qeyri iş günü hesab edilən bayram günləri daxil deyil”. Həmin zəmanət talonunun qeyd hissəsinin 3-cü bəndində göstərilmişdir ki, “malın zəmanət müddəti 3 ildir” “Servis Link” Texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş “texniki rəy”dən görünür ki, HOFFMANN markalı, NFB-180VV (Ağ) modeli olan soyuducunun təmiri ilə əlaqadar xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Ödənişli xidmətin göstərildiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ********* mədaxil sənəd nömrəli və 44522 çek nömrəli ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı tərəfindən həmin tarixdə “Kontakt Home - 54” mağazasına 140 manat məbləğində təmir xərci ödənilmişdir. Hazırki tələbində iddiaçı, "xxxx" MMC "Kontakt Home" Lənkəran mağazası ilə 08 aprel 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini, "Hoffmann NFB-180 VW" markalı soyuducunun alınması üçün ödədiyi 749 (yeddi yüz qırx doqquz) manat 99 (doxsan doqquz) qəpik və təmiri üçün ödədyi 140 ( bir yüz qırx) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 588.2-ci maddəsinin tələbinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə aldığı soyuducunu xx.xx.2023-cü il tarixdə geri qaytarmaq üçün “Kontakt Home – 54 (Lənkəran)” mağazasına gətirmişdir. Cavabdeh tərəfindən fakt təkzib edilməmişdir. Soyuducunun mağaza tərəfindən təhvil alınması halı mübahisələndirilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı aldığı soyuducunun təmiri ilə əlaqadar zəmanət müddətində, yəni xx.xx.2023-cü il tarixdə servis mərkəzinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə soyuducunun xidmət xərcini də ödəmiş, lakin həmin ödənişdən ən azı 16 gün müddətin keçməsinə baxmayaraq soyuducu təmir edilmədiyindən müştəri tərəfindən mağazaya qaytarılmış və mağaza tərəfindən qəbul edilmişdir. Halbuki satışı həyata keçirən mağaza tərəfindən təqdim edilmiş zəmanət şərtlərinə əsasən, təmir işi 14 gün müddətində həyata keçirilməli idi. Cavabdeh tərəfindən soyuducunun təmir edildiyi və bununla əlaqadar (malın təhvil alınması üçün) müştərinin məlumatlandırılması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, satılan məhsula dair zəmanət şərtləri cavabdeh tərəfindən pozularaq zəmanət şərtlərinə uyğun müddətdə (14 gün) soyuducu təmir edilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə etirazda qeyd etdiyi, malın operativ şəkildə təmir edilərək, müştəriyə məlumat verilməsi və müştərinin hazır, təmirli malı təhvil almaqdan imtina etməsi xüsusatı ilə əlaqadar məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış zəmanət müddəti ərzində iddiaçı aldığı malda qüsur aşkar etmiş, satıcıdan bu qüsuru aradan qaldırmağı tələb etmiş, bununla əlaqədar ödəniş də etmiş, lakin satıcı olan cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Ona görə iddiaçı aldığı malı qaytarmış, həmin mala ödədiyi məbləği və təmirə çəkdiyi xərci haqlı olaraq geri tələb etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya məhsul satılan zaman onun qüsursuz və lazımi keyfiyyətdə olduğunu, yaranan qüsurun istehsal qüsuru deyil, alıcı tərəfindən normativ tələblərə uyğun olmayan şəkildə istifadə olunma nəticəsində əmələ gəldiyini bildirmişdir. Lakin cavabdeh bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)-2724/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1825/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1825/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver