Məhkəmə qərarları › İş №2(106)-1838/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1838/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1838/2025 15.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LENOVO LEGİON 5 markalı komputer üçün 3708 manat ödənilməmiş hissə, 1112.40 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********46594 İPHONE 12 PRO MAX markalı telefoünçün 3368 manat ödənilməmiş hissə, 1010.4 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 qol saatı üçün 1153.50 manat ödənilməmiş hissə, 346.05 manat dəbbə olmaqla, ümumilikdə 10698.35 manat borc, 122.10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, mülki iş üzrə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, LENOVO LEGİON 5 markalı komputer, İMEİ KODU **********46594 İPHONE 12 PRO MAX markalı telefon APPLE WATCH 7 qol saatı almış və nəticədə 10698.35 (on min altı yüz doxsan səkkiz manat, 35 qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4189.94 (dörd min yüz səksən doqquz manat, 94 qəpik) manat (24 ay x 168.56 manat + 144.5 manat ilkin ödəniş) LENOVO LEGİON 5 markalı komputer üçün ümumilikdə, 4820.40 (dörd min səkkiz yüz iyirmi manat, 40 qəpik) manat olmaqla ondan, 3.708 (üç min yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.112,40 (min yüz on iki manat, 40 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.937 (üç min doqquz yüz otuz yeddi) manat (18 ay x 210.5 manat + 148 manat ilkin ödəniş) İMEİ KODU **********46594 İPHONE 12 PRO MAX markalı telefoünçün ümumilikdə, 4378.40 (dörd min üç yüz yetmiş səkkiz manat, 40 qəpik) manat olmaqla ondan, 3.368 (üç min üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.010,4 (min on manat, 40 qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1352.98 (min üç yüz əlli iki manat, 98 qəp) manat (18 ay x 72.11 manat + 55 manat ilkin ödəniş) APPLE WATCH 7 qol saatı üçün ümumilikdə, 1499.55 (min dörd yüz doxsan doqquz manat,55 qəp) manat olmaqla ondan, 1.153,50 (min yüz əlli üç manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 346,05 (üç yüz qırx altı manat,05 qəp) manat dəbbə; Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022- ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 1250.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə hazırlıq və baxışı iclasında izahat verərək bildirmişdir ki, iddia tələbinin mahiyyəti ona aydındır. İddianı qəbul etmir, tələbə qarşı etirazını məhkəməyə göndərmişdir. X6 ona iddia ərizəsində göstərilən əşyaları kredit müqaviləsi ilə götürdərək, özü ödəyəcəyini bildirərək əşyaları ələ keçirmiş, sonra da ödəniş etməmişdir. X7 CM-nin 178.3.2, 313-cu və X6 CM-nin 178.3.2-ci maddələri ilə təqsirləndirilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barələrində hökm çıxarılmışdır. Hökümə əsasən müəyyən edilmişdir ki, X6 "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən və ünvan 1 ünvanda yerləşən “Kontakth Home 39” mağazasında kreditor vəzifəsində işləyən X7 ilə əlbir olaraq, "xxxx" MMC-yə məxsus mobil telefon, noutbuk və planşetləri ayrı-ayrı şəxslərin adlarına kredit müqaviləsi ilə rəsmiləşdirərək ələ keçirmişdir. Həmin şəxslərdən biri də özüdür. Höküm çıxmış və qeyd olunan hallar hökmdə öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin 2(038)- 143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsin ləğv edilməsini, iddianın tam təmin edilməsini, həmçinin, Cavabdeh dələduzluq cinayətində iştirakçılığına görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü onun barəsində xüsusi qərardad qəbul edilməklə prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi keçirilən iclasda iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsindən, təhvil təslim aktında görünür ki və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC mülkiyyətində olan APPLE WATCH 7 qol saatı cavabdehə satmağı, cavabdeh isə 18 ay müddətində aylıq 72,11 manat olmaqla həmin komputerin dəyərini ödəməyi öhəsinə götürmüşdür. "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, APPLE WATCH 7 qol saatı cavabdehə imza etdirməklə təhvil vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsindən, təhvil təslim aktında görünür ki və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC mülkiyyətində olan İMEİ KODU **********46594 İPHONE 12 PRO MAX markalı mobil telefonu cavabdehə satmağı, cavabdeh isə 18 ay müddətində aylıq 210,5 manat olmaqla həmin komputerin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, həmin mobil telefonu cavabdehə imza etdirməklə təhvil vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsindən, təhvil təslim aktında görünür ki və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC mülkiyyətində olan LENOVO LEGİON 5 markalı komputer, cavabdehə satmağı, cavabdeh isə 24 ay müddətində aylıq 168,56 manat olmaqla həmin mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, obil telefonu cavabdehə imza etdirməklə təhvil vermişdir İşdə olan Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ittiham aktından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri, X3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Elan edilmiş ittihamın bir hissəsi də xx.xx.2021-ci il tarixdə həmin mağazada əlbir olduğu X2 tanışı Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə 01 ədəd, faktura dəyəri 2.959,99 (iki min doqquz yüz əlli doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən «Apple» markalı, «iPhone 12 Pro Max 128 GB Pacific Blue» modelli mobil telefonu, xx.xx.2021-ci il tarixdə həmin mağazada, Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə 01 ədəd, faktura dəyəri 2.889,99 (iki min səkkiz yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən « LENOVO» markalı, «LEGİON 5 15AH05 (82B100D2RK)» modelli noutbuku, habelə eyni tarixdə Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə üzrə 01 ədəd, faktura dəyəri 1.099,99 (bir min doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən «Apple» markalı, «Whatch 7 41 mm, Midnight MKMX3RB/A» modelli ağıllı saatı ələ keçirərək, qeyd olunan kredit müqavilələri üzrə dələduzluq niyyətlərini pərdələyib, zərərçəkmiş şəxs "xxxx" MMC-ni aldatmaqla, əldə olunan əldə olunan həmin əşyaları digər şəxslərə faktura dəyərindən ucuz qiymətə satıb əldə edilmiş pul vəsaitini bölüşdürüb şəxsi məsrəflərinə sərf edərək zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 01 il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X7 CM-nin 313-cü maddəsi ilə təqsirli bilinmiş, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi səbəbindən, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsində göstərilən əsaslarla ona cəza təyin olunmuşudur. X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Onun üzərində 1 il sınaq müddəti müəyyən edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1059/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 4-1/2-4164/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 barəsində olan 13 avqust 2025-ci il tarixli, 1(101)-1059/2025 nömrəli hökmü 29 sentyabr 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan Maliyyə Arayışından görünür ki, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1250.42 manat ödənilməmiş hissə, 8229.50 manat cərimə, 2468.85 manat dəbbə pulu olmaqla, cəmi 10698.35 manat borc yaranmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, hazırki iddianın verilməsi üçün "xxxx" MMC tərəfindən dövlət rüsumu kimi dövlət büdcəsinə 122.10 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında kredit (borc) münasibətləri olduğundan apelyasiya baxışının predmeti olan kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən cavabdehin "xxxx" MMC-yə olan borcun olması və borcun qaytarılmaması olmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 739.1, 740, 442, 443-cü maddələri təşkil edir. İddiaçı iddia tələbində cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsaslanaraq LENOVO LEGİON 5 markalı komputer üçün 3708 manat ödənilməmiş hissə və 1112.40 manat dəbbə pulu, xx.xx.2021- ci il tarixli müqaviləyə əsaslanaraq İMEİ KODU **********46594 İPHONE 12 PRO MAX markalı telefon üçün 3368 manat ödənilməmiş hissə və 1010.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsaslanaraq, APPLE WATCH 7 qol saatı üçün 1153.50 manat ödənilməmiş hissə və 346.05 manat dəbbə pulu olmaqla, ümumilikdə 10698.35 manat məbləğində pul tələb edir. İş materiallarından görünür ki, X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı MMC-nin nəznində fəaliyyət göstərən və ünvan 2 ünvanında yerləşən “Kontakt Home 39” mağazasında kreditor vəzifəsində işləyən tanışı X7 ilə qabaqcadan əlbir olaraq, həmin MMC-yə məxsus mobil telefon, noutbuk və planşetləri həm öz, həm də ayrı-ayrı digər şəxslərin adlarına kredit müqaviləsi ilə rəsmiləşdirərək, həmin müqavilələrlə dələduzluq niyyətini pərdələməklə, ələ keçirilmiş əmlakın satışından əldə edilən gəliri əvəzsiz olaraq ələ keçirtmək niyyəti ilə 30 oktyabr 2021-ci il tarixdə həmin mağazada tanışı Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə 01 ədəd, faktura dəyəri 2.959,99 (iki mindoqquz yüz əlli doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən “Apple” markalı, “İphone 12 Pro Max 128GB Pacific Blue” modelli mobil telefonu, 03 noyabr 2021-ci il tarixdə həmin mağazada Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə 01 ədəd, faktura dəyəri 2.889,99 (iki min səkkiz yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən “Lenovo” markalı, “Legion 5 15ARH05 (82B100D2RK)” modelli noutbuku, 03 noyabr 2021- ci il tarixdə həmin mağazada Cavabdeh imzalayaraq bağladığı ******* nömrəli müqavilə üzrə 01 ədəd, faktura dəyəri 1.099,99 bir min doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən “Apple” markalı, “Watch 7 41mm Midnight MKMX3RB/A” modelli “ağıllı saaf’ı ələ keçirərək, qeyd edilən kredit müqavilələri üzrə dələduzluq niyyətlərini pərdələyib, zərərçəkmiş şəxs "xxxx" MMC-ni aldatmaqla, əldə olunan həmin əşyaları digər şəxslərə faktura dəyərindən ucuz qiymətə satıb əldə edilmiş pul vəsaitini Emin Quliyevlə aralarında bölüşdürüb şəxsi məsrəflərinə sərf edərək zərərçəkmiş şəxs İddiaçı MMC-yə maddi ziyan vuraraq dələduzluq etmişdir Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan artıq qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından iddiaçı tərəfin tələbin əsaslılığını təsdiq edən sübut qismində təqdim etdiyi nisyə alqı-satqı müqavilələri etibarsız əqddir. Belə ki, iş materialları ilə Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı nisyə alqı-satqı müqavilələrinə imza etməsinə baxmayaraq, cavabdehin həmin müqavilənin məzmunundan məlumatsız olduğu, əqd bağlanması məqsədilə aldadıldığı, yəni əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi ilə həqiqətə uyğun olmayan qənaət nəticəsində əqdin bağlanmış olması müəyyən edilmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə bir daha təsdiq olunur. Belə ki, cinayət işi materiallarından görünür ki, X7 və X6 ifadələrində qabaqcadan əlbir olaraq "xxxx" MMC-yə məxsus mobil telefon, noutbuk və planşetləri özlərinin və digər şəxslərin adlarına kredit müqaviləsi ilə rəsmiləşdirməklə, o cümlədən Cavabdeh və digər müştəriləri aldadaraq nisyə alqı-satqı müqavilələri imzalatdırmaqla müxtəlif növ adlarda olan elektron əşyaları əldə edib özlərinin mənfəəti üçün mənimsəyərək "xxxx" MMC-yə ziyan vurduqlarını etiraf etmişlər. Həmçinin istintaq materiallarına əsasən təqsirləndirilən şəxslərin qeyd olunan qanunsuz əməlləri nəticəsində zərərçəkmiş şəxs "xxxx" MMC-yə 170546 manat 46 qəpik ziyan dəydiyi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı ABC TELECOM» MMC cinayət işi üzrə məhkum edilmiş şəxslərdən ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Belə ki, xx.xx.2021-ci il tarixli ******* №-li, xx.xx.2021-ci il tarixli ******* №-li və xx.xx.2021-ci il tarixli ******* №-li alqı-satqı müqavilələri cinayətin predmeti olduğunda və yuxarıda da qeyd edilən hökmlərlə X4 və X2 təqsiri nəticəsində "xxxx" MMC-yə 170546 manat 46 qəpik ziyan vurulduğu və həmin ziyanın məhkum edilmiş şəxslərin, yəni X7 və X2 təqsirli hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirildiyindən iddiaçı həmin ziyanı adı çəkilən şəxslərdən tələb edə bilər. Lakin qeyd olunan cinayət işi üzrə təqsiri müəyyən edilməmiş Cavabdeh qarşı cinayət işindən əmələ gələn maddi ziyan tələbinin irəli sürülməsi yol verilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı ümumilikdə 10698.35 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 2(038)-143/2025 saylı, 16 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar