Məhkəmə qərarları › İş №2(106)-185/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-185/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-185/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsindən iddiaçı "Yelo Bank” ASC və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 AZN borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədədn xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Nikoyl” İKB ASC (hazırkı "Yelo Bank” ASC) ilə Cavabdeh1 arasında bağlanan 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən 155000 AZN məbləğində illik 17% olmaqla 120 ay müddətinə Lənkəran rayonu, Sütəmurdov kəndində 0,1194 ha torpaq sahəsində yerləşən, ümuftli sahəsi 264.9 kv. m olan, 2 mərtəbəli fərdi yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə 0,0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m olan qeyri-yaşayış binasının, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi lizinqə verilmişdir. Lakin lizinq alan müqavilənin şərtlərini pozaraq, öhdəliyini icra etmədiyindən, "Nikoyl” İKB ASC (hazırkı "Yelo Bank” ASC) cavabdehlər X4 və X5 qarşı "lizinq müqaviləsinə xitam verilməsi, lizinq borcunun qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, "Nikoyl” İKB ASC-nin (hazırkı "Yelo Bank” ASC) Lənkəran filialı ilə X6 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 13- G4-1-01396-14 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "Nikoyl” İKB ASC-nə (hazırkı "Yelo Bank” ASC) məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 264.9 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "Nikoyl” İKB ASC-nə (hazırkı Yelo Bank” ASC) məxsus olan Lənkəran şəhəri, 4-cü məhəllədə 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.metr olan qeyr-yaşayış binası, hüquqların Dövlət qeyydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "Nikoyl” İKB ASC-yə (hazırkı "Yelo Bank” ASC) məxsus olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "Nikoyl” İKB ASC-nə (hazırkı "Yelo Bank” ASC) məxsus olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin lizinq verənə "xxxx" İKB ASC-nə (hazırkı "Yelo Bank” ASC) geri qaytarılıb, boşaldılmaqla təhvil verilməsi və X6 ilə "Nikoyl” İKB ASC (hazırkı "Yelo Bank” ASC) Lənkəran filialı arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 13-G-4- 1-01396-14 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 141926.54 manat əsas, 22585.95 manat faiz, cəmi 164512.49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X6 və X2 alınaraq "Nikoyl” İKB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tam təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 "Nikoyl” İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borc, 22,585.95 manat faiz borcu olmaqla, cəmi 164,512.49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, "Nikoyl” İKB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1-01396-14 saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi- yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasının, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin "Nikoyl” İKB-nə qaytarılması, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasmm, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin boşaldılması və "Nikoyl” İKB-nə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş apelyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borcun, 22,585.95 manat faiz borcun, cəmi 164,512.49 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilərək, 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə onunla əsalandırılmışdır ki, cavabdehdən tutulmalı olan lizinq məbləği, lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixə olan müddət götürülməklə, sadə hesablama yolu ilə hesablanmalı, alınmış məbləğ, cavabdehlərin iddiaçıya ödənilməli olduqları lizinq haqları kimi müəyyən edilməlidir. İddiaçı ASC və Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qəran ilə kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Lakin Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən icra edilməyərək, Banka məxsus olan lizinq obyektləri boşaldılıb, "xxxx" İKB-nə təhvil verilməmiş, həmçinin 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 sayh daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" ASC-nə ödənilməmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olmasına baxmayaraq Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək "xxxx" ASC-nə məxsus olan lizinq obyektlərindən istifadə edirlər. Bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1- 01396-14 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 (iki yüz altmış üç min yeddi yüz yetmiş altı manat əlli bir qəpik) AZN borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Lizinq müqaviləsinin 1.4-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin aynlmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1 %-lə cərimə ödəyir. Cavabdeh1 sonuncu dəfə 16 yanvar 2015-ci il tarixdə əsas borcdan 13073.46 manat və faiz borcdan 6205.86 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X6 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097,35 manat əsas borc, 128.681,78 manat faiz, 34.736,77 manat cərimə olmaqla ümumilikdə cəmi 223.515,9 manat borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun alınaraq "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borca dair hissədə ləğv edilərək, həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinin tələbləri pozulmuşdur. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi iddiaçının cavabdehlərdən lizinq obyektlərindən müvəqqəti sahiblik və istifadə üçün lizinq haqqı tələb etməsi tam əsaslıdır. Belə ki, cavabdehlər uzun illər müqavilə üzrə müvafiq ödənişlər həyata keçirməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələbləri pozulmuşdur. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi tərəflər arasında olan müqavilə üzrə cavabdehlərin kreditor qarşısında ödəniş etmək öhdəliyi olmuşdur. Kreditor kimi iddiaçının isə cavabdehlərdən lizinq müqaviləsinə əsasən öhdəliklərini tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbləri pozulmuşdur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehlər lizinq müqaviləsi üzrə öhdəliklərini uzun illər icra etməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbləri pozulmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Tərəflər arasında lizinq müqaviləsi mövcüd olmuşdur. Lizinq obyektlərindən müvəqqəti sahiblik və istifadə üçün hesablanmış lizinq haqq kimi faiz borcunun azaldılması hissəsində isə bildirirlər ki, - məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq, bir tək ekspertiza rəyinə əsaslanıb iddia tələbinin faiz hissəsini əsassız olaraq azaltmışdır. Qətnamədən eyni zamanda X3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsi 747.1, 748-10.1, 748-11.1, 748-11.1.1-ci maddələrini tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçı "xxxx" ASC-nin iddia tələbini təmin edərkən qanunvericiliydə nəzərdə tutulmayan əsas borc, faiz borcu və cərimə borcunun ondan alınaraq iddiaçıya verilməsini təmin etmişdir. Məhkəmə ondan qeyd olunan məbləğin tutularaq iddiaçıya verilməsini təmin edərkən lizinq müqaviləsindən yaranan borcun tutulması ilə əlaqədar qanunvericiliyin müddəalarına deyil, kredit müqaviləsindən yaranan borcun tutulması ilə bağlı qanunvericiliyin müddəalarına istinad etmişdir. Baxmayaraq ki, qeyd olunan əmlaklardan onun tərəfindən istifadə edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmamış və ancaq iddiaçı bankın iddia ərizəsində qeyd etdiklərini və iddia ərizəsinə əlavə etdiyi sənədlərə istinad edərək iddiaçı bankın maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnaməyə diqqət yetirəndə mübahisənin onunla iddiaçı bank arasında yaranan borcun lizinq müqaviləsindən doğan borcun və ya kredit müqaviləsindən doğan borcun olduğunu müəyyən etmək olmur. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış və başdansovdu iddiaçı bankın xeyrinə bir qətnamə qəbul etmişdir. Bildirir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin14 iyul 2021-ci il tarixli, 2(106)-444/2021 saylı qətnaməsi ilə iddiaçı bankın eyni tələblə bağlı ona qarşı 2015-ci ildə qaldırdığı iddia tələbinin lizinq müqaviləsi üzrə yaranmış borcun məbləğinə münasibətdə iddiaçı bankın həmin dövrdə verdiyi iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edərək lizinq müqaviləsi üzrə lizinq obyektlərindən 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9428.84 manat məbləğində lizinq ödənişi borcunun cavabdehlərdən tutularaq banka ödənilməsini qət etsə də, məhkəmə iddiaçı bankın hazırkı, iddia tələbində qeyd etdiyi hallar üzrə heç bir araşdırma aparmadan, yəni həqiqətəndə 23 sentyabr 2015-ci il tarixdən sonrakı dövr ərzində iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi lizinq obyektlərinin onun tərəfindən istifadə edilib-edilməməsi ilə bağlı heç bir araşdırma aparmamış, ancaq yuxarıda qeyd etdiyi kimi iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi hallara istinad edərək iddia tələbini təmin etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmiş, apellyasiya şikayətlərində dəqiqləşdirmə apararaq, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcuna dair hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini və iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 apellyasiya baxışında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətini faiz borcuna dair hissədə, cavabdeh tərəf isə tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunauyğunluğunu iddiaçıya münasibətdə qismən, cavabdehlərə münasibətdə münasibətdə tam, apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.3. Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-10.5. Lizinq müqaviləsində lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Nikoyl” İKB ASC (hazırkı "Yelo Bank” ASC) ilə Cavabdeh1 arasında bağlanan 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən 155000 AZN məbləğində illik 17% olmaqla 120 ay müddətinə Lənkəran rayonu, Sütəmurdov kəndində 0,1194 ha torpaq sahəsində yerləşən, ümuftli sahəsi 264.9 kv. m olan, 2 mərtəbəli fərdi yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə 0,0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m olan qeyri-yaşayış binasının, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi lizinqə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 "Nikoyl” İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borc, 22,585.95 manat faiz borcu olmaqla, cəmi 164,512.49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, "Nikoyl” İKB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1- 01396-14 saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasmm, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin "Nikoyl” İKB-nə qaytarılması, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binasının, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin boşaldılması və "Nikoyl” İKB-nə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 və Cavabdeh2 "Nikoyl” İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borcun, 22,585.95 manat faiz borcun, cəmi 164,512.49 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilərək, 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "YeloBank” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8964 nömrəli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 86.627.02 manat, mükafat üzrə borcu 128.681.78 manatdır. Ekspertiza tədqiqinin qiyməti 100 manatdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2230 nömrəli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 86.627.02 manat, mükafat üzrə borcu 128.681.78 manatdır.Ekspertiza tədqiqinin qiyməti 145 manatdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 522.21 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xəbərdalıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı daxili lizinq müqaviləsi üzrə əmlakdan faktiki sahiblik və istifadəyə görə borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı lizinq müqaviləsində qeyd edilən tələblə bağlı müqavilə şərti nəzərdə tutulmuşdur. Cavabdehlər uzun müddətdir ki, əmlaka sahiblik və ondan istifadə edirlər. Birinci instanstiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh lizinq obyektini geri qaytarmalı olduğu halda bunu etməmiş, bununla da müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi tam icra etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə ondan qeyd olunan məbləğin tutularaq iddiaçıya verilməsini təmin edərkən lizinq müqaviləsindən yaranan borcun tutulması ilə əlaqədar qanunvericiliyin müddəalarına deyil, kredit müqaviləsindən yaranan borcun tutulması ilə bağlı qanunvericiliyin müddəalarına istinad etmişdir. Baxmayaraq ki, qeyd olunan əmlaklardan onun tərəfindən istifadə edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmamış və ancaq iddiaçı bankın iddia ərizəsində qeyd etdiklərini və iddia ərizəsinə əlavə etdiyi sənədlərə istinad edərək iddiaçı bankın maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnaməyə diqqət yetirəndə mübahisənin onunla iddiaçı bank arasında yaranan borcun lizinq müqaviləsindən doğan borcun və ya kredit müqaviləsindən doğan borcun olduğunu müəyyən etmək olmur. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iddiaçının hazırkı iddia ilə müraciət etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının hazırkı maddi hüquqi əsasla borcu tələb etməsi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərdən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 AZN məbləğində yaranmış borcu tələb etməsini onunla cavabdehlər arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə istinad etmişdir. Halbuki, "xxxx" İKB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1-01396-14 saylı lizinq müqaviləsi Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borcun, 22,585.95 manat faiz borcun, cəmi 164,512.49 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilərək, 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9,428.84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı ASC və Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. MM-nin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-10.1-ci maddəsinə görə Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı daxili lizinq müqaviləsi olmadığı halda iddiaçı Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1-01396-14 saylı lizinq müqaviləsinə istinad etməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı hər hansı mülki hüquqi əsas olmadan hazırkı iddia tələbi ilə məhkəmədə cavabdehə qarşı iddia irəli sürmüşdür. Bütün şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)- 624/2023 saylı qətnaməsi ləğv edilməli, iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə borc tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Cavabdehin apellyasiya şikayəti təmin edildiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qanuna uyğundur. Eyni zamanda iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. İddia tələbi təmin edilmədiyindən ekspertiza xərcinin ödənilməsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti "Yelo Bank” ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi- 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaiti "Yelo Bank” ASC-dən tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar