Məhkəmə qərarları › İş №2(106)-1861/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1861/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1861/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2193/2023 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2193/2023 saylı qətnaməsi ilə (Hakim: H.Bəhmənov), iddia tələbinin təmin edilməsi, Cavabdeh Lənkəran X6 İdarəsinin İddiaçı adına tərtib etdiyi 15 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləğinin silinməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gəlməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»-na, və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iddia tələbinin əsaslı olması və sübut olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2193/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1861/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinə əsasən apellyasiya icraatına qəbul edilmiş və məhkəmə baxışı iclasına təyin edilmişdir. 11 dekabr 2023-cü il tarixdə məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 apellyasiya şikayətindən imtina barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək, Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2193/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası Cavabdeh İB-nin nümayəndəsi X1 apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh İB-nin nümayəndəsi X1 apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2193/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin nümayəndəsi X1 Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2193/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar