Məhkəmə qərarları › İş №2(106)-1887/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1887/2025

19.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1887/2025 19.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı X12, X10 və X9 iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasdan imtina haqqında ərizənin etibarsız sayılması və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasdan imtina haqqında ərizənin etibarsız sayılması və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mirasdan imtina haqqında ərizəsi etibarsız hesab edilməsi, X1nun qanuni varisi kimi ona varislik hüququnun tanınması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İ qrup əlildir. X1 27 iyul 2016-cı il tarixdə vəfat etdikdən sonra o, Masallı regional “ASAN xidmət” Mərkəzinə müraciət edərək varislik hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin müraciət zamanı ona bildirilib ki, guya o, atası tərəfindən qalmış mirasdan imtina etmişdir. Bu məlumat onun üçün tam gözlənilməz olmuşdur. İddiaçı qeyd edir ki, həmin imtina ərizəsini könüllü şəkildə yazmamış, sənədin hüquqi nəticələrini dərk etməmiş və ona sənədin mahiyyəti barədə ətraflı izahat verilmədən imza atmışdır. Notariat orqanı isə onun hüquqi vəziyyətini - İ qrup əlil olmasını nəzərə almadan, sənədin mahiyyətini tam şəkildə izah etmədən bu sənədi qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən şəxs əgər öz iradəsini dərk etmədən, aldadılaraq və ya təzyiq altında hər hansı bir sənədi imzalamışsa, həmin sənəd hüquqi baxımdan etibarsız sayılır. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, X12 və X10 qardaşı, X9 anasıdır. O, kiril qrafikası ilə yazıb-oxuya bilir, lakin latın əlifbası ilə yazmağı bacarmır. Oxuya bilir, ancaq tam başa düşmür, bəzi hərfləri tam tanımır. Torpaqdan su borusu keçdiyinə görə kompensasiya verilməli olmuş və bu səbəbdən qardaşları və anası ilə birlikdə notariat ofisinə getmişdir. Həmin vaxt onlara 2000 manatdan artıq kompensasiya verilmiş, pulu bankdan götürərək aralarında bölmüşlər. 12 iyul 2025-ci ildə vərəsəlik şəhadətnaməsi üçün müraciət edərkən mirasdan imtina barədə ərizədən məlumat əldə etmişdir. Bakı şəhəri Çobanzadə küçəsində yerləşən mənzil və Masallı şəhəri Qarabağ küçəsində yerləşən ev vərəsəlik qaydasında anası tərəfindən qəbul edilmişdir. Sonradan Qarabağ küçəsində yerləşən ev satılaraq onun əməliyyatına verilmişdir. Hazırda miras əmlakdan imtina barədə ərizənin etibarsız sayılmasını, Masallı rayonu, Banbaşı kəndində yerləşən, atasından miras qalmış ata evinə və mağazaya dair vərəsəlik hüququnun tanınmasını istəyir. Kənddə yerləşən evə və mağazaya dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, sovet dövründən qalan sənədlər mövcuddur və sənədlər qardaşı Rəşaddadır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 bildirmişdir ki, qardaşı Nicatın notariusda yazdığı ərizədən xəbəri yoxdur. Özü də, oxumadan ərizəyə imza etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 bildirmişdir ki, iddiaçı özü bilərək və öz xoşu ilə gələrək notariusda əmlakdan imtina etmiş, ona heç kəs tərəfindən təzyiq göstərilməmişdir. İddiaçı bu barədə könüllü şəkildə razılıq vermişdir. Qarabağ küçəsi və Çobanzadə küçəsində yerləşən evlər anasının adına keçirilmiş, lakin 2019-2020-ci illərdə Qarabağ küçəsi yerləşən ev satılmış və əldə olunan pul iddiaçının əməliyyat olunması üçün ona verilmişdir. Anası da, buna razılıq vermiş və o, evi etibarnamə əsasında satmışdır. Təxminən 4000–5000 manat məbləğində vəsait iddiaçının əməliyyatına xərclənmiş, qalan məbləği isə iddiaçı özü götürmüşdür. Həmçinin iddiaçı atasına məxsus “Mercedes” markalı avtomobili 10000 manata satmışdır. Masallı rayonu, Banbaşı kəndində yerləşən ata evi və mağaza ilə bağlı vərəsəlik işləri hələ başa çatmayıb, proses davam edir. Həmin evdə hər iki ailənin birgə yaşaması mümkün deyildir. Ona görə də, mağaza satıldıqdan sonra ya ev alınıb özü oradan çıxacaq, ya da, Nicata ev alınacaq və o, evdən çıxmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, imkanı olmadığı üçün oğlu Nicat ona müraciət etmiş, o, da razı olmuş və Qarabağ küçəsi yerləşən ev 18000 manata sataraq pulu oğluna vermiş və oğlu ürək əməliyyatı olunmuşdur. Cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov 14 oktyabr 2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədikləri üçün işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elşən Hüseynov), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X12 apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslər X10 və X9 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etdilər. Cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsi iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat: 18-ci maddəyə əsasən notarius əqdlərin iştirakçılarının, şahidlərin (vəsiyyətnamənin təsdiqi zamanı) və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini (videoyazı, “Elektron ədliyyə köşkü”, “Mobil notariat qovluğu” proqram təminatı vasitəsilə aparılan notariat hərəkətləri istisna olmaqla) yoxlayır. Bu zaman əqd iştirakçıları, şahidlər və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslər özlərinin yazı xətti ilə soyadını, adını, atasının adını yazdıqdan və imza etdikdən sonra həmin sənədlər notariat qaydasında təsdiq olunur. 19-cı maddəyə görə əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. 22-ci maddəyə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 807943 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 iyul 2016-cı il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 avqust 2016-cı il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemi Pensiya haqqında arayışın surətindən görünür ki, xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı İ-ci dərəcəli əlilliyə görə 365,12 manat məbləğində pensiya təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemin pensiya haqqında arayışın surətindən görünür ki, İddiaçı ümumi xəstəliyə görə 250 manat məbləğində pensiya təyin edilmişdir. İş materiallarında olan Masallı regional “ASAN xidmət” mərkəzində Notariat kontorunun xüsusi notariusu Əlövsət İbrahimov tərəfindən təsdiq edilmiş 24 oktyabr 2017-ci il tarixli ərizənin surətində qeyd edilmiş mətndən görünür ki, “mən, İddiaçı, bildirirəm ki, atam X11 27 iyul 2016-ci ildə vəfat etməsindən və ona məxsus olan əmlakın miras qalmasından xəbərdaram. Həmin əmlakdan mənə çatası miras payı qəbul etməmişəm, bu barədə heç bir iddia və tələbim yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəyəm və bu barədə heç bir mübahisə qaldırmayacağam”. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin RX seriyalı ******* nömrəli 31 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09-05101-093030 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 49.4 kv.m təşkil edən mənzil X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin MA seriyalı ******* nömrəli 12 fevral 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08-05101-093025 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 44,6 kv.m təşkil edən mənzil X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin RX seriyalı ******* nömrəli 15 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Banbaşı kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 0,2198 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X7, İddiaçı, X8 və X5 ümumi birgə mülkiyyətindədir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı, Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət edərək X1ndan ona çatası miras payı qəbul etmədiyini, bu barədə heç bir iddia və tələbi olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəyini və bu barədə heç bir mübahisə qaldırmayacağını bildirmiş və ərizə notariat kontorunda 24 oktyabr 2017-ci il tarixdə, 7E-29720 nömrə ilə reyestrdə qeydə alınmışdır. İddiaçı bu ərizənin etibarsızlığını irəli sürərkən ona istinad edir ki, imtina ərizəsini könüllü şəkildə yazmamış, sənədin hüquqi nəticələrini dərk etməmiş və ona sənədin mahiyyəti barədə ətraflı izahat verilmədən imza atmışdır. Notariat orqanı isə onun hüquqi vəziyyətini - İ qrup əlil olmasını nəzərə almadan, sənədin mahiyyətini tam şəkildə izah etmədən bu sənədi qəbul etmişdir. Əvvəla qeyd edilməlidir ki, hazırkı işdə iddiaçının istinad etdiyi hal və onun əsas dəlili mirasdan imtina ərizəsini imzalanarkən onun aldadıldığı, əsl niyyətinin mirasdan imtina ərizəsində əks olunmadığı yönündədir. Kollegiya qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Notariat kontorunda təsdiq edilmiş ərizə də, tərəflərin mübahisəni məhkəmədən kənar qaydada həll etməsinə yönəlik, tərəflər üçün ayrıca hüquq və öhdəliklər yaradan iradə ifadəsi olmaqla müstəqil əqddir. Bu baxımdan ərizənin hüquqi mahiyyəti onun doğurduğu nəticəyə görə müəyyən olunur. Ona görə də vərəsəliyin qəbulu və ya mirasdan imtina haqqında ərizə birtərəfli əqd kimi qiymətləndirilməli və onun etibarsızlığı ilə bağlı iddialar da əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin normalarına uyğun qiymətləndirilməlidir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Vərəsəlik işindən görünür ki, mirasdan imtina ərizəsi iddiaçının imzası və notariusun möhürü ilə təsdiqlənmiş, ərizə, şəhadətnamə və qəbz tərəflərə təqdim edilmiş, həm iddiaçı, həm üçüncü şəxslər imza etməklə sözügedən sənədləri təhvil almışlar. Adı çəkilən mirasdan imtina ərizəsindən göründüyü kimi mirasdan imtina etmə barədə ərizə təşəbbüskarın dediklərinin əksinə olaraq özü könüllü olaraq vərəsəlik işi açılmamışdan əvvəl Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş və ərizəni öz imzası ilə təsdiq edilmişdir. Bütün bu proseslərin iddiaçının iradəsinə zidd olaraq həyata keçirilməsi, ərizənin əsl mahiyyətinin ondan gizlədilməsi faktını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir, məhkəmə araşdırması ilə də, etibarsızlığa əsas olan hallar müəyyən edilməmişdir. Ərizənin etibarsızlığı üçün əsaslar olmadığı halda vərəsəlik hüququnun tanınmasından söhbət gedə bilməz. Hazırki işin hallarında iddiaçının iradə ifadəsinin zədələnməsinə rast gəlinmir. Bundan əlavə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş iddiaçı öz xətti ilə soyadını yazdıqdan və imza etdikdən sonra həmin ərizə notariat qaydasında təsdiq olunmuşdur. Eyni zamanda ərizə təsdiq edilərkən iddiaçının fəaliyyət qabiliyyəti aydınlaşdırılmışdır. İddiaçı ərizəni fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədiyi təqdirdə ərizəni onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilərdi. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Lakin hazırkı işin halları baxımından bu hal öz təsdiqini tapmır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən həmçinin əqdin etibarsızlığını mübahisələndirmə üçün qanunla müəyyən müddət ötürülmüşdür. İddiaçı ərizəni imzalayarkən aldadıldığını iddia etdiyindən, aldatma yolu ilə bağlanmış əqdlərə münasibətdə bir illik müddət şamil edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mirasdan imtina barədə ərizəsi 24 oktyabr 2017-ci il tarixdə təsdiq edilmişdir. İddiaçının hüquqlarının pozulduğu gün də məhz, həmin gündən – 24 oktyabr 2017-ci il tarixdən başlayaraq hesablanmalıdır. İddiaçı imtina ərizəsini könüllü şəkildə yazmadığını, sənədin hüquqi nəticələrini dərk etmədiyini və ona sənədin mahiyyəti barədə ətraflı izahat verilmədən imza atdığını, bu barədə 12 iyul 2025-ci ildə vərəsəlik şəhadətnaməsi üçün müraciət edərkən məlumatı olduğunu bildirsə də, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, hazırki iddianı qaldırmağa səbəb qardaşı X7 atalarından miras qalan ticarət mağazasının satmaq istədiyini, satışdan əldə ediləcək pul məbləğindən ona hər hansı məbləğdə pul mirasdan imtina etdiyinə görə verməyəcəyini bildirməsi olmuşdur. İddiaçı həmçinin göstərmişdir ki, qardaşı X10 tərəfindən atalarından miras qalan ticarət mağazasının satılmayacağı təqdirdə o, Masallı regional “ASAN xidmət” mərkəzində Notariat kontorunun xüsusi notariusu Əlövsət İbrahimov tərəfindən təsdiq edilmiş 24 oktyabr 2017-ci il tarixli mirasdan imtina barədə ərizənin etibarlılığını iddia etməyəcəkdi. Göründüyü kimi iddiaçı qeyd olunan (mirasdan imtina barədə ərizə) ərizənin mahiyyətindən məlumatlı olmuş və həmin ərizənin hüquqi nəticələrini dərk etməklə keçən 8 ilə yaxın müddət ərzində həmin ərizənin etibarlılığnı mübahisələndirməməklə bir illik kəsici müddəti ötürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi əsassız olduğundan rədd edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununun hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2647/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar