Məhkəmə qərarları › İş №2(106)-1892/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1892/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1892/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Masallı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli göndəriş məktubu ilə Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsinin surəti tərəflərə göndərilmişdir. İş materiallarının 155-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsinin surəti İddiaçı 04 iyul 2023-cü il tarixində təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı 25 iyul 2023-cü il tarixində apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(106)-1417/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilməməsi və imzalanmaması, apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməməsi, şikayətin MPM-in 363.1.5-ci maddəsinə uyğun olmamaqla MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib olunmaması səbəbilə qeyri-mümkün hesab edilmiş, mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı 06 oktyabr 2023-cü il tarixində yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə əlavə edilmiş, ərizədə Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunmuşdur. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ona göndərilmiş və qətnaməni vaxtında alıb qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti vermişdir. Verilmiş apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1417/2023 saylı, 22 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün sayılmış və Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. O, ilk dəfə apellyasiya şikayəti verərkən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Ancaq apellyasiya şikayəti elektron qaydada verilmədiyindən və apellyasiya şikayətinin bütün punktları doldurulmadığından apellyasiya şikayəti geri qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Zeynal Zeynalov) Masallı Rayon Məhkəməsinin 2(050)- 913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı ərizəsinin təmin edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh4 şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadının ləğv edilməsini, müddətin bərpasına dair ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini, əks halda işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh4 şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf şikayətin elektron qaydada verilməli olduğunu bilmədiyinə əsaslanmış, müddəti bərpa edən məhkəmə də bununla razılaşmışdır. İddiaçının ona peşəkar hüquqi yardım göstərən vəkili olmuşdur və apellyasiya şikayəti məhz vəkil tərəfindən mülki prosessual qanunvericiliyə uyğun tərtib edilməyərək məhkəməyə göndərilmişdir. Qanunu bilməmək isə məsuliyyətdən azad etmir. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Hazırkı halda da əgər iddiaçının özü tərəfindən bu pozuntular baş vermiş olsaydı, hardasa başa düşmək olardı. Amma qanunu bilməmək peşəkar hüquqşünas olan vəkili məsuliyyətdən azad etmir. İddiaçı tərəf apellyasiya şikayətini birinci dəfə verəndə artıq bir neçə şərti pozduğu üçün (qanunla müəyyən edilmiş forma və məzmuna riayət edilməmiş, qanunla müəyyən edilmiş qaydada verilməmişdir) onun apellyasiya şikayəti düzgün olmamışdır. Bu hal isə peşəkar vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına əsas ola bilməz. Məhkəmə qərardadını haqlı göstərmək üçün həm də ona əsaslanmışdır ki, məhkəmə təcrübəsinə əsasən müəyyən dövrlərdə elektron qaydada verilməmiş şikayətlərə də baxılmışdır və buna görə də müddət üzrlü hesab edilə bilər. Məhkəmənin bu mövqeyi əsassızdır. Çünki “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmağa başladığı ilk dövrlərdə belə hallar ola bilərdi. Artıq neçə müddətdir ki, bu təcrübə birmənalı olaraq tətbiq edilmir. Son dövrlərdə yuxarı məhkəmələrin birmənalı mövqeyi bundan ibarətdir ki, birinci dəfə qanunla müəyyən edilmiş qaydada verilməmiş şikayətlərlə bağlı sonradan bu hal müddətin bərpası üçün əsas ola bilməz. Masallı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə Cavabdeh4 və onun nümayəndəsi (vəkil) Vəkil1 şikayəti təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının Masallı Rayon Məhkəməsinin 2(050)-913/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(106)-1417/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş, Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı ilə isə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, iddiaçı 06 oktyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yenidən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizə əlavə etmişdir. Birinci instansiya məhkəməsi isə ərizəni təmin edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq bildirir ki, iddiaçı tərəfindən ilk dəfə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, lakin apellyasiya şikayəti əvvəlcə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş, sonra isə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Mülki prosessual qanunvericilikdə isə apellyasiya şikayəti geri qaytarıldıqda nöqsanlar aradan qaldırılmaqla şikayət vermiş şəxsin yenidən məhkəməyə müraciət edə bilmək imkanı nəzərdə tutulmuşdur. Cavabdeh4 şikayətində qeyd etmişdir ki, apellyasiya şikayəti peşəkar hüquqşünas olan vəkil tərəfindən verildiyindən onun düzgün tərtib olunmamasına görə məsuliyyəti vəkil daşıyır və bu səbəbdən də buraxılmış müddət bərpa edilə bilməz. Lakin məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmayaraq bildirir ki, belə olan halda iddiaçının hüquqları əsassız və ağır şəkildə pozulmuş olacağından buna yol verilə bilməz. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddiaçı MPM-in 133.3-cü maddəsinə uyğun olaraq müddətin bərpasına dair ərizəsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini də əlavə etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan Cavabdeh4 şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 16 oktyabr 2023-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar