Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1913/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1314/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 684,59 manat əsas borcun, 228,41 manat cərimənin, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 943 manat borcun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 125 manat (sonuncu ay 129 manat) ödəməyi öhdəsinə götürməklə ümumi qiyməti 2254 manat olan bir ədəd 1738 manat dəyərində “BOYALİ” adlı mətbəx mebeli, bir ədəd 316 manat dəyərində “EUROLUX” markalı qaz sobası və bir ədəd 200 manat dəyərində “EUROLUX” markalı aspirator və 28 oktyabr 2023-cü il tarixli ,003- DFM-0884-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 165 manat (sonuncu ay 167 manat) ödəməyi öhdəsinə götürməklə qiyməti 2972 manat olan “Məişət əşyası” adlı mal almışdır. Cavabdeh 02 avqust 2023-cü il tarixli, 002-DFM0264-23 saylı müqavilə üzrə ümumilikdə 2278 manat ödəniş etmiş, lakin həmin ödənişləri ödəniş cədvəli ilə müəyyən edilmiş vaxtda ödəmədiyinə görə, yəni ödənişləri gecikdirdiyinə görə cavabdehə dəbbə pulu hesablandığından ödənilmiş məbləğin 2215,46 manatı əsas borca, 62,54 manatı dəbbə puluna silinmişdir. 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0884-23 saylı müqavilə üzrə ümumilikdə 2569 manat ödəniş etmiş və bu məbləğin 2325,95 manatı əsas borca, 243,05 manatı isə dəbbə puluna silinmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçıya 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı müqavilə üzrə 38,54 manat, 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0884-23 saylı müqavilə üzrə isə 646,05 manat olmaqla ümumilikdə 684,59 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 02 avqust 2023-cü il tarixli, 002-DFM0264-23 saylı müqavilə üzrə 27,75 manat, 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0884-23 saylı müqavilə üzrə isə 199,29 manat olmaqla ümumilikdə 228,41 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 684,59 manat əsas borcun, 228,41 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 943 manatın alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1314/2025 saylı qətnaməsi (hakim: İxtiyar Abuşov) iddia qismən təmin edilmiş, Cavabdeh 684,59 manat əsas borc, 20 manat cərimə, cəmi 704 (yeddi yüz dörd) manat 59 (əlli doqquz) qəpiyin alınaraq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə cavabdeh (alıcı) Cavabdeh iddiaçı (satıcı) İddiaçındən 2254 manat dəyərində mətbəx mebeli və məişət əşyaları almış və həmin malın dəyərini 18 ay müddətinə hər ay 125 manat (sonuncu ay 129 manat) olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2023-cü il tarixli, 002-DFM-0884-23 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə cavabdeh (alıcı) Cavabdeh iddiaçı (satıcı) İddiaçındən 2972 manat dəyərində məişət əşyası almış və həmin malın dəyərini 18 ay müddətinə hər ay 165 manat (sonuncu ay 167 manat) olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 02 avqust 2023-cü il və 28 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh 2254 manat və 2972 dəyərində məişət əşyalarını İddiaçındən təhvil almışdır. İşdə olan 01 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə ödənilməmiş 38,54 manat əsas borcu, 27,75 manat cərimə öhdəliyi vardır. Cavabdeh məişət əşyasının dəyərindən, yəni əsas borcdan 2215,46 manat, dəbbə pulundan 62,54 manat ödəmişdir. İşdə olan 01 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2023-cü il tarixli, 002-DFM-0884-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə ödənilməmiş 646,05 manat əsas borcu, 199,29 manat cərimə öhdəliyi vardır. Cavabdeh məişət əşyasının dəyərindən, yəni əsas borcdan 2325,95 manat, dəbbə pulundan 243,05 manat ödəmişdir. İşdə olan 01 may 2025-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı 02 avqust 2023cü il tarixli, 002-DFM-0264-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 002-DFM-0884-23 saylı nisyə alqı-satqı müqavilələri üzrə Cavabdeh öhdəliklərinin yerinə yetrilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 125 manat (sonuncu ay 129 manat) ödəməyi öhdəsinə götürməklə ümumi qiyməti 2254 manat olan bir ədəd 1738 manat dəyərində “BOYALİ” adlı mətbəx mebeli, bir ədəd 316 manat dəyərində “EUROLUX” markalı qaz sobası və bir ədəd 200 manat dəyərində “EUROLUX” markalı aspirator və 28 oktyabr 2023-cü il tarixli 003- DFM-0884-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 165 manat (sonuncu ay 167 manat) ödəməyi öhdəsinə götürməklə qiyməti 2972 manat olan “Məişət əşyası” adlı mal almışdır. Cavabdeh 02 avqust 2023-cü il tarixli, 002-DFM0264-23 saylı müqavilə üzrə ümumilikdə 2278 manat ödəniş etmiş, lakin həmin ödənişləri ödəniş cədvəli ilə müəyyən edilmiş vaxtda ödəmədiyinə görə, yəni ödənişləri gecikdirdiyinə görə cavabdehə dəbbə pulu hesablandığından ödənilmiş məbləğin 2215,46 manatı əsas borca, 62,54 manatı dəbbə puluna silinmişdir. 28 oktyabr 2023-cü il tarixli 003-DFM-0884-23 saylı müqavilə üzrə ümumilikdə 2569 manat ödəniş etmiş və bu məbləğin 2325,95 manatı əsas borca, 243,05 manatı isə dəbbə puluna silinmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçıya 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı müqavilə üzrə 38,54 manat, 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0884-23 saylı müqavilə üzrə isə 646,05 manat olmaqla ümumilikdə 684,59 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 02 avqust 2023-cü il tarixli, 002-DFM0264-23 saylı müqavilə üzrə 27,75 manat, 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0884-23 saylı müqavilə üzrə isə 199,29 manat olmaqla ümumilikdə 228,41 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 684,59 manat əsas borcun, 228,41 manat cərimənin cəmi 913 manat borcun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 02 avqust 2023-cü il tarixli, 002-DFM-0264-23 saylı müqavilə üzrə 38,54 manat əsas borcun, 27,75 manat cərimənin və 28 oktyabr 2023-cü il tarixli, 002-DFM- 0884-23 saylı müqavilə üzrə 646,05 manat əsas borcun, 199,29 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ödədiyi məbləğlərin bir hissəsi dəbbə puluna tutulduğundan, həmçinin, sonradan hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən tələb olunan hər iki müqavilə üzrə cəmi 228,41 manat olan cərimə (dəbbə pulu) 20 manatadək azaldılmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh 684,59 manat əsas borc, 20 manat cərimə, cəmi 704,59 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab etmişdir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.2, 467, 601.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə əvvəllər də əməkdaşlıq etmiş və götürdüyü malların dəyərini vaxtı-vaxtında ödəmişdir. Sonuncu dəfə 165 manat aylıq ödəniş etmək şərti ilə mebel dəsti və qızıl-zinət əşyaları götürmüşdür. Lakin keçirdiyi qəza hadisəsi və maddi səbəblərlə bağlı son iki ayın ödənişini edə bilməmişdir. İddiaçı MMC-nin əməkdaşları, ondan 684,59 (altı yüz səksən dörd manat, əlli doqquz qəpik) manat əsas borc tələb edir. Həmin məbləğ müqavilə öhdəlikləri üzrə dörd ay ərzində ödənilməlidir. O isə müqavilə öhdəlikləri üzrə, son iki ayın kredit borcunu ödəməmişdir. Hesab edir ki, iddiaçı "xxxx" MMC-nin ona qarşı tələbi əsassız və ədalətsizdir. İki ay ərzində İddiaçı MMC-yə müqavilə öhdəliyi üzrə olan borcu, cəmi 332 (üç yüz otuz iki) manat edir. İddiaçı MMC-yə ödədiyi pulları isə, sözügedən təşkilatın əməkdaşları dəbbə pulu adı altında silmişdirlər. İddiaçı təşkilata olan əsas kredit borcundan isə silməyiblər. Məhkəmə bu halı nəzərə almalıdır. İddiaçı MMC məhkəmədə qaldırdığı iddia tələbində ona məişət əşyaları verdiyini göstərmişdir. Halbuki, həmin əşyaların bir hissəsi məişət əşyalarıdır. Lakin aldığı əşyaların digər hissəsi isə qızıl-zinət əşyalarıdır. İddiaçı təşkilatın aidiyyəti dövlət orqanından qızıl-zinət əşyalarının alqısatqısını həyata keçirmək üçün lisenziyası olmadığından, məhkəməyə verdiyi iddia ərizəsində qızıl-zinət əşyalarını, məişət əşyaları kimi göstərmişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Odur ki, Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(055)-1314/2025 saylı qətnaməsinin ləğv edilərək, cəmi 332 (üç yüz otuz iki) manat pulun ondan alınıb, İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız və formal hesab edilir. Belə ki, iş materiallarından aydın görünür və birinci instansiya məhkəməsinin araşdırması ilə təsdiqini tapmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməyərək pozuntulara yol verilmiş və bu səbəbdən iddiaçı müqavilə üzrə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma obyektiv aparılmış və apellyasiya şikayətində də birinci instansiya məhkəməsi qətnaməsinin əsassızlığına dəlalət edən hər hansı tutarlı dəlil göstərilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.2-ci maddəsinə əsasən öhdəliyin iştirakçısı öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(055)-1314/2025 saylı qətnaməsinin ləğv edilərək, cəmi 332 (üç yüz otuz iki) manat pulun ondan alınıb, İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)- 1314/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 684,59 manat əsas borcun, 228,41 manat cərimənin, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 943 manat borcun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinad edərək iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. Nisyə alqı-satqı müqaviləsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasında 02 avqust 2023-cü il və 28 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmış, cavabdeh həmin müqavilələr əsasında müvafiq malları təhvil almış və üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış müqavilələr, ödəniş cədvəlləri, təhvil-təslim aktları və maliyyə arayışları hərtərəfli araşdırılmış, bu sübutlar əsasında cavabdehin iddiaçı qarşısında 684,59 manat məbləğində ödənilməmiş əsas borc öhdəliyinin mövcud olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 448.2-ci maddəsində nəzərdə tutulduğu kimi öhdəliyin iştirakçısı öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülən “borcun məbləğinin 332 manat təşkil etməsi” barədə dəlillər iş materiallarında olan rəsmi maliyyə sənədləri ilə təkzib olunmaqla mötəbər sübutlarla təsdiq edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən iddia edilən malların bir hissəsinin qızıl-zinət əşyaları olması və iddiaçı təşkilatın bu fəaliyyət üzrə lisenziyaya malik olmaması barədə dəlillər də iş üzrə sübutlarla təsdiqlənməmişdir. Bununla yanaşı, qeyd edilən dəlil hazırkı mübahisənin predmetinə aid olmayaraq tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin mövcudluğunu və həcmini dəyişə bilməz. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)- 1314/2025 saylı qətnaməsi Cavabdehnın apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1314/2025 saylı qətnaməsi Cavabdehnın apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1913/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1913/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver