Məhkəmə qərarları › İş №2(106)-1921/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1921/2024

05.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1921/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-339/2024 saylı qətnaməsindən Cavabdeh2 İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X2 və Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent saldosu əsasında hesablanmış 2199 manat 77 qəpik borcun silinməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri Şimal sənaye qovşağında (F.X.Xoyski küçəsində) fərdi yaşayış evi inşa eləmişdir. xx.xx.2017-ci il tarixdə abonent (**********00400) kimi qeydiyyata alınmışdır. Qanuni əsaslarla təbii qazdan istifadə etmiş, istifadə etdiyi qazın dəyərini ödəmişdir. Cavabdeh1 tərəfindən ona ünvanlanmış məktubda onun qazdan istifadəyə görə 1964 manat borcu olduğu qeyd edilmişdir. Cavabdeh orqan təbii qazdan istifadəyə görə 2199 manat 77 qəpik borcun necə yaranması barədə heç bir açıqlama verməmişdir. O, təbii qazdan istifadəyə görə aylıq ödənişləri hər ay vaxtında ödəmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-339/2024 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın təmin edilməsi, 22 dekabr 2023-cü il tarixə qaz sərfiyyatına görə 2199 manat 77 qəpik məbləğində hesablanmış borc məbləği abonent İddiaçı **********00400 saylı abunə hesabından silinmiş, məhkəmə xərcləri cavabdehə aid edilmiş, Cavabdeh2ndən dövlət rüsumu hesabına 42 manat tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilmişdir. Ekspertiza tədqiqatının dəyəri - 50 manat məbləğində pul Cavabdeh2ndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh tərəfindən iddiaçıya bildiriş verilərək 2199 manat 77 qəpik borcu olduğu bildirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının qalıq borc məbləği 0 manat təşkil edir. Bu hal ekspert rəyi ilə bir daha təsdiq olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya bildiriş verilərək 2199 manat 77 qəpik borcu olduğu bildirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının qalıq borc məbləği 0 manat təşkil edir. Bu hal ekspert rəyi ilə bir daha təsdiq olunur. Ona görə də iddia təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119-cu maddələri və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-87/2023 saylı qətnaməsi ilə İddiaçı məxsus Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən fərdi yaşayış evinə qaz sayğacı olmadığı müddət ərzində - 2018-ci ilin dekabr ayında artıq hesablanmış 1201 manat, 2019-cu ilin fevral ayı üçün 2379,20 manat, 2019-cu ilin mart ayı üçün 533,60 manat, 2019-cu ilin aprel ayı üçün 888 manat, cəmi 5001,80 manat borcun silinməsi qət edilmişdir. Qeyd olunmuş məhkəmə qətnaməsi 2022-ci ilin may ayında Cavabdeh2 İB tərəfindən icra edilərək 5001,80 manat borc İddiaçı hesabından silinmiş və xx.xx.2022-ci il tarixə 1877,27 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı tərəfindən 953,75 manat dəyərində qazdan istifadə olunmuş 360 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə borc məbləği 2471,02 manat olmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1552,10 manat məbləğində qazdan istifadə edilmiş 1694 manat ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə 2341,27 manat borcu qalmışdır. 2024-cü ilin yanvar ayında iddiaçı tərəfindən 224,16 manat məbləğində qazdan istifadə edilmiş, xx.xx.2024-cü il tarixə 2618,87 manat borcu yaranmışdır. İddiaçı tərəfindən 2024-cü ilin fevral ayında 250 manat ödəniş edilmiş və fevral ayı üzrə qaz sərfiyyatı nəzərə alınmadan 2368,87 manat borcu vardır. Qeyd olunan qaz sərfləri, ödənişlər və qalıq borc abonent saldosunda öz əksini tapmışdır. İddiaçı tərəfindən mübahisələndirilən borc məbləği sayğac göstəricisinə əsasən hesablanmış borcdur və təbii qazdan istifadəyə görə aylar üzrə istifadə olunmuş təbii qazın dəyərinin tam və mütəmadi ödənilməməsi səbəbindən yaranmışdır İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli rəyindən görünür ki, birinci sual üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı tərəfindən may 2019-cu il tarixdən dekabr 2023-cü il tarixədək ümumilikdə 6.588,35 manat dəyərində qaz sərf edilib və 15.580,88 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən, 15 yanvar 2024-cü il tarixə abonentin qaz sərfiyyatına görə mövcud borcu olmadığı müəyyən edilir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş İddiaçı Şirvan şəhəri F.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilin iyun ayına kimi qaz sərfiyyatına görə (Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 717/2019 saylı, xx.xx.2019-cu il tarixli,2(032)-258/2019 saylı, xx.xx.2022-ci il tarixli,2(032)- 87/2022 saylı qətnamələr üzrə silinmələr nəzərə alınmaqla) artıq ödənişlər edilmişdirmi sualına cavab vermək mümkün olmamışdır. Lakin Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin birinci sual üzrə olan hissəsini əsas götürərək İddiaçı tərəfindən artıq ödənişlər etməsi qənaətinə gəlmişdir. Ona görə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 339/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh2 İB-nə qarşı əsassız olaraq hesablanmış 2199,77 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş (təmsil olunmamış), səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-339/2022 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh2 İB-nə qarşı əsassız olaraq hesablanmış 2199,77 manat borcun silinməsi barədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-339/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-339/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Şirvan şəhəri Şimal sənaye qovşağında (F.X.Xoyski küçəsində) fərdi yaşayış evi inşa etmişdir. xx.xx.2017-ci il tarixdə abonent (**********00400) kimi qeydiyyata alınmışdır. Qanuni əsaslarla təbii qazdan istifadə etmiş, istifadə etdiyi qazın dəyərini ödəmişdir. Cavabdeh1 tərəfindən ona ünvanlanmış məktubda onun qazdan istifadəyə görə 1964 manat borcu olduğu qeyd edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının qalıq borc məbləği 0 manat təşkil edir. Bu hal ekspert rəyi ilə təsdiq olunur. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, İddiaçı tərəfindən mübahisələndirilən borc məbləği sayğac göstəricisinə əsasən hesablanmış borcdur və təbii qazdan istifadəyə görə aylar üzrə istifadə olunmuş təbii qazın dəyərinin tam və mütəmadi ödənilməməsi səbəbindən yaranmışdır İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli rəyindən görünür ki, birinci sual üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı tərəfindən may 2019-cu il tarixdən dekabr 2023-cü il tarixədək ümumilikdə 6.588,35 manat dəyərində qaz sərf edilib və 15.580,88 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən, 15 yanvar 2024-cü il tarixə abonentin qaz sərfiyyatına görə mövcud borcu olmadığı müəyyən edilir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş İddiaçı Şirvan şəhəri F.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilin iyun ayına kimi qaz sərfiyyatına görə (Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 717/2019 saylı, xx.xx.2019-cu il tarixli,2(032)-258/2019 saylı, xx.xx.2022-ci il tarixli,2(032)- 87/2022 saylı qətnamələr üzrə silinmələr nəzərə alınmaqla) artıq ödənişlər edilmişdirmi sualına cavab vermək mümkün olmamışdır. Lakin Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin birinci sual üzrə olan hissəsini əsas götürərək İddiaçı tərəfindən artıq ödənişlər etməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkib cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi əsaslı, apelyasiya şikayəti isə əsassızdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli rəyindən görünür ki, birinci sual üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı tərəfindən may 2019-cu il tarixdən dekabr 2023-cü il tarixədək ümumilikdə 6.588,35 manat dəyərində qaz sərf edilib və 15.580,88 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən, 15 yanvar 2024-cü il tarixə abonentin qaz sərfiyyatına görə mövcud borcu olmadığı müəyyən edilir. İkinci və üçüncü suallar üzrə iş materiallarında olan İddiaçı “Abonentin Saldosu” vərəqi məlumatlarından göründü kimi, abonent tərəfindən aparılan ödənişlər ümumi borcdan silinir və ödənişlərin qarşısında təyinatları əks edilmir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş İddiaçı Şirvan şəhəri F.Xoyski küçəsində yerləşən fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilin iyun ayına kimi qaz sərfiyyatına görə (Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-717/2019 saylı, xx.xx.2019-cu il tarixli,2(032)-258/2019 saylı, xx.xx.2022-ci il tarixli,2(032)- 87/2022 saylı qətnamələr üzrə silinmələr nəzərə alınmaqla) artıq ödənişlər edilmişdirmi sualına cavab vermək mümkün olmamışdır. Göründüyü kimi iddiaçının qalıq borc məbləği 0 manat təşkil edir. Bu hal ekspert rəyi ilə bir daha təsdiq olunur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə öz etirazını sübut edə bilməmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-339/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-339/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar