Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1926/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onların azyaşlı uşaqları X1, X2 ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüququna 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1122/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X1, X2 ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüququna 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 18 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2010-cu ildə xaricdən qayıdan qardaşı Cavabdeh2 müvəqqəti olaraq həmin mənzildə yaşamaq üçün imkan vermişdir. Hal-hazırda həmin mənzildə qardaşı Cavabdeh2, onun həyat Cavabdeh1 və onların azyaşlı uşaqları X3, X5 yaşayırlar. Mən mülkiyyətində olan mənzildən özü istifadə etmək istədiyinə görə cavabdehlərə mənzili boşaltmağı xahiş etsə də, onlar mənzildən çıxmırlar. Cavabdeh2 Şirvan şəhərində özünə məxsus həyət evi inşa edərək təmir etmiş və yaşamaq üçün tam şəraitlidir. Cavabdeh2 ünvan 2 ünvanında, Cavabdeh1 ünvan 3atdadırlar. iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2 və ailə üzvlərini mülkiyyətində olan Şirvan şəhəri, L-nt İbrahimov küçəsində istifadədə olan 0,0831 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 18 nömrəli mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) cavabdehlər Cavabdeh2, X6 və onların azyaşlı uşaqları X1 X2 Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 20, 18 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsniə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, cavabdehlərin göstərilən ünvanda yaşamaları, şəxsi əşyalarının olması, mütəmadi olaraq kommunal xərclərin onlar tərəfindən ödənilməsi, bu faktı işdə olan sənədlərlə bərabər iddiaçı tərəfinin özünün də etiraf etməsi, həmçinin münasibətlərin yarandığı dövrdə tətbiq edilməli qanunvericilik normaları bir daha onu təsdiq etdi ki, cavabdehlərin sözügedən mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqları var, həmin hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olan istifadə hüququ olduğundan hazırkı iddia cavabdehləri yaşadıqları mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır göstərilən şərtlər daxilində isə Cavabdeh2, X6 və onların azyaşlı uşaqları X1, X2 ünvan 5 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin oluna bilməz. Şirvan şəhər Məhkəməsinin 2(032)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X12 və X15) 2(106)-1171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmədi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1171/2023 xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə mindi. Qeyd etdiyi məhkəmə qətnamələri ilə cavabdehlərin Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 20, 18 nömrəli mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqlarının olduğu müəyyən edildiyinə görə cavabdehlərə 5000 manat məbləğində kompensasiya verilməklə onların Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 20, 18 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin yaşayış sahəsindən çıxarılmasını istəyir. Bir mülkiyyətçi olaraq qardaşının onun xüsusi mülkiyyətində olan mənzildə yaşamasını istəmir, çünki özünün başqa yaşayış yeri yoxdur. Cavabdeh onun qardaşı olsa da, onun iradəsinin əleyhinə onun xüsusi mülkiyyətində olan mənzildə yaşaması mülkiyyət hüququnu kobud şəkildə pozur. Cavabdeh özünə fərdi yaşayış evi inşa etmiş, hal-hazırda yaşayış üçün tam əlverişlidir. Lakin buna baxmayaraq ona kompensasiya ödəməyə hazırdır. Mübahisəli mənzilin yerləşdiyi ərazidə 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqı bir ay üçün təqribən 150-180 manat təşkil edir. Həm də mübahisəli mənzil tam təmirli deyildir. Buradan belə nəticə çıxarmaq olar ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi müqabilində 5000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1122/2024 saylı qətnaməsi ilə (hakim C.Mustafayev) iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat kompensasiya ödənilməklə ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X3, X2 həmin mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnun pozulmasına gətirib çıxarır. Mülki qanunvericiliyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qanunvericiliyə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnun pozulmasına gətirib çıxarır. Mülki qanunvericiliyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərindən göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir Həmçinin məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin göstərilən qərarından da aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfin vermiş olduğu izahatında onun Şirvan şəhəri, M.Əsədov küçəsi ev 100 saylı mənzildə qeydiyyatda olduğu, lakin həmin mənzildə təmir işləri yekunlaşmadığından yaşamağın qeyri-mümkün olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təklif edilən 5000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216 və 220-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etmişdir. Ona görə ki, İddiaçı onun kiçik qardaşıdır, həminmənzil onun atasından qalmış, uzun müddətdir ki, qardaşı Rusiyada yaşayır, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Özü Şirvan şəhəri, M.Əsədov küçəsiev 100 saylı mənzildə qeydiyyatdadır, lakin həmin mənzildə təmir işləri yekunlaşmadığından yaşamaq qeyri-mümkündür. Həmçinin, mübahisəli mənzildə ailəsiilə birgə yaşadığı vaxt da evin təmirini özü etdirmişdir. O, təklif olunan kompensasiya məbləğini qəbul etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. ünvan 1 dən başqa yaşayış yeri yoxdur. Həmin mənzil valideyinlərindən qalma evdir. Ona görə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1122/2024 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, çıxarışın ləğvi barədə reyestrə müraciət etmişlər və yeni iddia qaldıracaqlar. Qeyd edir ki, birinci instansiya məhkəməsinin kompensasiyanın məbləğini hansı əsasla müəyyən etməsi aydın deyildir. Bugünki gün Şirvan şəhərində şəraitsiz evin aylıq kirayə haqqı təxminən 250 manat təşkil edir. 6000 manat kompensasiya məbləği ilə razı deyillər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, qiymətləndirmə keçirmişlər və hesab edirlər ki, 5000 manat kompensasiya ağlabatan məbləğdir. İddiaçı hazırda Rusiyadadır, lakin öz evinə gəlmək istəyir. Cavabdehlərin isə ayrıca evi var. Yekun olaraq cavabdeh tərəfə kompensasiyanın məbləği kimi 6000 manat təklif edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh X8 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ bəndində əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1122/2024 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1122/2024 saylı qətnaməsini Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmişdir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləğinə münasibətdə səhv nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1122/2024 saylı qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə kompensasiyanın məbləğnə aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X1 X2 Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 20, 18 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(032)-104/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə tərkibi iddia tələbi və apelyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir; Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır Apellyator apellyasiya şikayətində bildirmişdir ki, özü Şirvan şəhəri, M.Əsədov küçəsiev 100 saylı mənzildə qeydiyyatdadır, lakin həmin mənzildə təmir işləri yekunlaşmadığından yaşamaq qeyri-mümkündür. Həmçinin, mübahisəli mənzildə ailəsi ilə birgə yaşadığı vaxt da evin təmirini özü etdirmişdir. O, təklif olunan kompensasiya məbləğini qəbul etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Şikayətin dəlilləri ilə qismən razılaşan, məhkəmə tərkibi qeyd edir ki, cavabdeh iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razılaşmadıqlarından apelyasiya şikayəti vermiş və apelyasiya icraatı zamanı iddiaçı tərəf təklif edilən kompensasiyanın məbləğini 6000 manat həddində təklif etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə ilə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edir. Yəni, həm mülkiyyətçi, həm də işə baxan məhkəmələr apellyasiya icraatı mərhələsində də kompensasiyanın məbləğini müəyyən edə, artıra bilərlər. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Məhkəmə tərkibi, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi vacib hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddətdə eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. İş materiallarında olan arayışdan görünür ki, ünvan 1 də yerləşən mənzilin və oxşar mənzzillərin dəyəri 36000-40000 manat, kirayə dəyəri isə 150-160 manat təşkil edir. Mübahisəli mənzilə dair ikrayə haqlarının daha yüksək məbləğdə olmasına dair cavabdeh tərəf hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Ona görə də məhkəmə təkibi iddiaçının cavabdehə təklif etdiyi 6000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə tərkibi iddiaçının nümayəndəsinin də məhkəmə tərkibinə təqdim etdiyi ərizəsini nəzərə alaraq 6000 manat kompensasiyanın cavabdehə verilməsini məqsədə müvafiq hesab edir. Yəni cavabdeh tərəf təklif edilən 6000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Beləliklə şikayətin dəlilləri ilə qismən razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmişdir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləğinə münasibətdə səhv nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 1122/2024 saylı qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1122/2024 saylı qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6000 (altı min) manat kompensasiya ödənilməklə ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X3, X5 həmin mənzildən çıxarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1926/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1926/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver