Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1961/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Neftçala rayon notariat ofisinə, Cavabdeh3, üçüncü şəxslər X2, X3, X4, X7, X5, X1, X6 və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin e-2(053)-451/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2(053)-451/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Qədimov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e- 2(053)-451/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Nümayəndə 08 aprel 2019cu il tarixdən elektron kabineti mövcuddur. Lakin iş materiallarına qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi ilə bağlı məlumatı əks etdirən sənəd əlavə edilməmişdir. Bununla yanaşı, iş materiallarının 234-cü vərəqində olan məktubdan görünür ki, Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2(053)-451/2024 saylı qətnaməsi tərəflərə, eləcə də iddiaçının nümayəndəsi və vəkili Nümayəndə 20 sentyabr 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi ilə bağlı məlumatı olmadığından apellyasiya şikayətini onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başa çatmasından sonra verib-vermədiyini müəyyən etmək mümkün deyil. Məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetində yerləşdirilməsi 20 sentyabr 2024-cü il tarixdə olduğu halda, iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti 08 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Belə olduğu halda, iddiaçı tərəf apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müddətin ötürülməsinə baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə olunmamışdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, ödəniş qəbzindən görünür ki, xx.xx.2024cü il tarixində icra edilmiş 50 manat məbləğində dövlət rüsumu Şirvan Apellyasiya Məhkəməsinə deyil, Neftçala Rayon Məhkəməsinə ödənilmişdir. Odur ki, həmin dövlət rüsumunun hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin e-2(053)-451/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Neftçala Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1961/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1961/2024
28.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver