Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2021/2025 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3427 (üç min dörd yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, B-052-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsini Satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş edilməsi nəzərdə tutulmamışdır, nəqliyyat vasitəsinin dəyərini təşkil edən 71.340,00 (yetmiş bir min üç yüz qırx) manat məbləğində pul vəsaitinin isə xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1189.00 (bir min bir yüz səksən doqquz) manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ilk 2 ay ərzində ödəniş öhdəliklərini vaxtında icra etsə də, 3-cü ayda ödənişi gecikmə ilə həyata keçirmiş, növbəti aylarda isə heç bir ödəniş edilməmişdir (Maliyyə arayışı əlavə olunur). Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir. Öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL732 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. Bununla bağlı Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə), xx.xx.2024-cü il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli, B-052-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirir ki, tərəflərindən əsas borc, dəbbə məbləği və təmir aktının borcludan tutulması ilə bağlı Salyan Rayon Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(057)-1241/2025 nömrəli qətnaməsi ilə tələblərindən 2365 manat təmin edilmişdir. Lakin bu məbləğ Şirkətlərinə dəymiş real zərəri bağlamamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, B-052-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 24535 km yürüşü olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B124-SA-24 nömrəli müqaviləyə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 61,980.00 (altmış bir min doqquz yüz səksən) manat müəyyən edilmişdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobil X1. xx.xx.2024-cü il tarixli, B-052-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Mülki Məcələnin 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Odur ki, Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli, B-052-SA-24 saylı müqavilənin dəyəri 71.340,00 (yetmiş bir min üç yüz qırx) manat, xx.xx.2024-cü il tarixli, B-124-SA-24 nömrəli ikinci əqdin dəyəri isə 61,980.00 (altmış bir min doqquz yüz səksən) manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən ümumilikdə 3568 manat aylıq ödəniş edilmiş, o cümlədən məhkəmə tərəfindən 2365 manatın cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər və qətnamə ilə tutulan məbləğ də iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 71340 manat-ikinci müqavilə dəyəri 61980 manat = 9360 manat – ümumi ödənişlər 3568 + 2365 manat = 3427 manat) Cavabdeh İddiaçı MMC-yə 3427 (üç min dörd yüz iyirmi yeddi) manat borcu qalmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edirlər ki, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (1-ci müqavilə dəyəri 71340 manat-ikinci müqavilə dəyəri 61980 manat = 9360 manat – ümumi ödənişlər 3568 + 2365 manat = 3427 manat) 3427 (üç min dörd yüz iyirmi yeddi) manat iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsi (hakim Rüstəm Alıyev) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 3427 (üç min dörd yüz iyirmi yeddi) manat pul vəsaiti və 54.27 (əlli dörd manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3481.27 (üç min dörd yüz səksən bir manat iyirmi yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqısatqısı üzrə B-052-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. 28 mart 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı, (VİN:TMBGC6NW2P3195100), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 3567 manat gecikdirilmiş borc, 1070 manat cərimə borcu vardır. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-124-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1033 manat ödəmək şərti ilə ümumi dəyəri 61980 manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. 25 noyabr 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı, (VİN:TMBGC6NW2P3195100), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən X4 təhvil verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 726 manat cərimə borcu, 1376,72 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 262 manat olmaqla, ümumilikdə 2364,72 (iki min üç yüz altmış dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 31,27 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 54.27 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddianın hazırkı hüquqi əsasını Mülki Məcəllənin 645.2-ci maddəsinin tələbləri çıxış edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülən iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu norma satıcı və alıcı arasındakı satış müqaviləsinin ləğvindən sonrakı vəziyyəti tənzimləyir. Yəni, Əgər alıcı öz öhdəliyini (məsələn, pulu vaxtında ödəməyi) pozarsa, satıcı bu səbəbdən müqaviləni ləğv edərsə və sonra malını başqa şəxsə, lakin daha aşağı qiymətə sata bilərsə, onda satıcı əvvəlki alıcıdan qiymət fərqinə uyğun zərərin əvəzini tələb edə bilər. (hazırkı mülki mübahisədə də bu hallar sübutlarla öz təsdiqini tapmışdır). Bu maddə satıcını ədalətsiz zərərdən qorumaq məqsədi daşıyır. Əgər alıcının pozuntusu ucbatından satıcı bazarda malını ucuz satmağa məcbur qalırsa, o zaman bu itki satıcının deyil, müqavilə öhdəliyini pozan alıcının üzərinə qoyulur. Beləliklə, Mülki Məcəllənin 645.2-ci maddəsi ümumlikdə tərəflər arasında bağlanan müqavilə intizamını möhkəmləndirir, bazar münasibətlərində ədalətli iqtisadi balansı qoruyur, zərərin real, ağlabatan ölçüdə kompensasiyasını təmin edir. Məhkəmə həmçinin hazırkı iddia tələbinin təmin olunması üçün mülki qanunvericiliyin müvafiq normasından irəli gələn şərtlər dairəsini müəyyən etməyi vacib hesab etmişdir. Belə ki, Birinci şərt tərəflər arasında alqı-satqı müqaviləsi mövcud olmalıdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqısatqısı üzrə B-052-SA-24 saylı müqaviləsinin bağlanması ilkin şərtin mövcudluğunu təsdiq edir. İkinci şərt alqı-satqı müqaviləsi alıcının pozuntusu səbəbindən ləğv olunmalıdır ki, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra ilk 2 ay ərzində ödəniş öhdəliklərini vaxtında icra etsə də, 3-cü ayda ödənişi gecikmə ilə həyata keçirmiş, növbəti aylarda isə heç bir ödəniş edilməmişdir. Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi təmin edilməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən iddiaçı tərəfindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL732 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli, B-052- SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Üçüncü şərt satıcı tərəfində müqavilə predmeti olan məshul başqa şəxsə satmalıdır ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-124-SA-24 saylı müqavilədən görünür ki, alıcı ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1033 manat ödəmək şərti ilə ümumi dəyəri 61980 manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW2P3195100) avtomobili texniki saz halda satıcıdan almışdır. Dördüncü şərt yeni satış ağlabatan müddətdə baş verməlidir ki, Üçüncü şərt satıcı tərəfində müqavilə predmeti olan məshul başqa şəxsə satmalıdır ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqısatqısı üzrə B-124-SA-24 saylı müqaviləsi məhz həmin müqavilənin predmeti sayılan nəqliyyat vasitəsi Cavabdeh alındıqdan 2 ay sonra digər alıcı X2. Beşinci şərt yeni qiymət əvvəlkindən daha aşağı olmalıdır ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-124-SA-24 saylı müqavilənin dəyəri 61900 manat təşkil edir. Bu da Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli B052-SA-24 saylı müqavilə dəyəri olan 71340 manatdan 9360 manat daha aşağı qiymət hesab olunur. Qeyd olunan hər 5 şərtə əməl olunduğundan iddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülən iddia tələbinin hüquqi əsası olan Mülki Məcəllənin 645.2-ci maddəsinin tələbi tərəflər arasında olan mülki hüquqi mübahisəyə tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 54.27 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan tam təmin edilməli, Cavabdeh avtomobil satışına dair əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 3427 (üç min dörd yüz iyirmi yeddi) manat və 54.27 (əlli dörd manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.2, 425.1, 442, 567.1, 600.1, 600.4, 600.5, 601.1, 601.2, 645.1, 645.2, 645.3, 645.4, 645.5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Salyan Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bundan əvvəl Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2025 saylı, 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi təmin olunmuş və ondan iddiaçının xeyrinə 2364 manat məbləğində pulun tutulması qət olunmuş, həmin qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün Salyan Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. O, məhkəmə tərəfindən qəbul edilmiş həmin qətnamə ilə razılaşmış və ödəniş etmişdir. Hazırda iddiaçı tərəfindən yenidən eyni əsas və eyni predmet üzrə iddia qaldırmışdır. Bu hal onun maddi vəziyətinin pisləşməsinə səbəb olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndələrinin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasının təxirə salınması üçün əsaslar yoxdur və iddiaçı vəsatətini əsaslandıran sübutları ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 645.1-ci maddəsinə əsasən, əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. 645.3-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. 645.4-ci maddəsinə əsasən, malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə bilər. 645.5-ci maddəsinə əsasən, bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş tərəfi digər tərəfə vurulmuş başqa zərərin əvəzini ödəməkdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olması, alqı-satqı müqaviləsinin alıcının təqsiri səbəbindən ləğv olunması, satıcı tərəfindən müqavilə predmeti olan məshulun başqa şəxs satılması, yeni satışın ağlabatan müddətdə baş verməsi və yeni qiymətin əvvəlkindən daha aşağı olması kimi şərtlərin hazırkı mülki işdə mövcud olmasına əsaslanaraq Mülki Məcəllənin 645.2-ci maddəsinin tələbini tərəflər arasında olan mülki hüquqi mübahisəyə tətbiq etmiş və iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Mülki Məcəllənin 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən maddəyə istinad edərək iddianın təmin edilməsi nəticəsinə gəlsə də, tərəflər arasında mövcud olmuş hüquq münasibətləri üzrə artıq qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin hazırkı mübahisə üçün doğurduğu hüquqi nəticələri nəzərə almamışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 726 manat cərimə borcu, 1376,72 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 262 manat olmaqla, ümumilikdə 2364,72 (iki min üç yüz altmış dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 31,27 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin mülki iş üzrə iddia tələbinin əsaslandırıcı hissəsindən aydın olur ki, avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servistəmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tarixində təmir edilməklə 1,376.72 (bir min üç yüz yetmiş altı manat 72 qəpik) manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMCyə real zərər dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (24534 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Məhkəmə tərkibi qeyd edir ki, sözügedən qətnamə qanuni qüvvəsini almışdır və həmin qətnamə ilə müəyyən edilmiş hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə yenidən sübut edilməli olmayan hallardır. Həmin qətnamə ilə cavabdehin təqsirli davranışı nəticəsində iddiaçıya dəymiş real zərər artıq müəyyən edilmiş və əvəz olunmuşdur. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 645.2-ci maddəsinin tətbiqi üçün zəruri olan “yeni satış üzrə qiymətlə əvvəlki müqavilə qiyməti arasındakı fərq şəklində zərər” anlayışı ilə təmir xərcləri və avtomobilin dəyərdən düşməsi nəticəsində yaranmış delikt zərəri eyniləşdirilmiş, nəticədə maddi hüquq norması səhv şərh edilmiş və yanlış tətbiq olunmuşdur. Halbuki, iş materiallarından göründüyü kimi, avtomobilin təkrar satışının əvvəlki müqavilə qiymətindən aşağı olması ilə bağlı konkret sübutlar təqdim edilməmiş, habelə yeni satışın məhz əvvəlki müqavilənin ləğvi nəticəsində və ağlabatan müddətdə həyata keçirildiyi əsaslandırılmamışdır. Əksinə, qanuni qüvvəyə minmiş əvvəlki qətnamə ilə müəyyən edilmiş zərər avtomobilin istismarı və qaytarılmasından sonra yaranmış real zərər kimi qiymətləndirilmiş və artıq kompensasiya olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi eyni hüquqi faktlardan irəli gələn zərərə görə cavabdehin eyni zərərin əvəzinin ikinci dəfə ödənilməsi öhdəliyi altına salınmasına yol vermiş, bununla da maddi hüququn tələblərini və hüquqi müəyyənlik prinsipini pozmuşdur. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbi hüquqdan suiistifadə olmaqla, cavabdehin təkrar məsuliyyətə cəlb edilməsinə yönəlmişdir və bu səbəbdən hazırkı hüquq münasibəti Mülki Məcəllənin 645.2-ci maddəsinin tətbiq predmeti olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2478/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçını özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2021/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2021/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver