Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2022/2025 26.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2026-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsi üzrə qalıq 43320 manat əsas borc, xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 3260,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 46580,40 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 902 manat pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 233,47 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-333-AAE22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan CS 75 PLUS” markalı, 77-AG872 d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Eyni zamanda, avtomobilin istifadədə olduğu müddətdə müqavilənin 5-ci hissəsində nəzərdə tutulmuş zəmanət şərtləri cavabdeh tərəfindən pozulmuş, 14 aya yaxın müddət ərzində avtomobil texniki xidmət üçün təqdim olunmamış, avtomobilə servisdən kənarda qulluq olunmuşdur. Qeyd olunan məsələlərlə əlaqədar iddiaçı tərəfindən cavabdehə şifahi qaydada və xx.xx.2024- cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən müqavilə onun 3.2.6-cı bəndinin “c” yarımbəndinə əsasən birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2025- ci il tarixli məktub göndərilmişdir. Sözügedən alğı-satqı müqaviləsinin ləğv edildiyi xx.xx.2025-ci il tarixinə cavabdehin müqavilə üzrə əsas borcu 5700 manat, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün dəbbə pulu 3260 manat təşkil etmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən avtomobilin dəyəri 76345 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən 7945 manat ilkin ödəniş qismində ödənilmiş, qalıq borc hesab edilən 68400 manat pul vəsaitinin 60 ay müddətinə, aylıq 1140 manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə 7945 manat ilkin ödəniş və 25080 manat aylıq ödənişlər olmaqla, ümumilikdə 33025 manat pul vəsaitini iddiaçıya ödəmiş, 43320 manat hissəsi isə ödənilməmiş qalmışdır. Avtomobil xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus rəsmi servis müəssisəsinə gətirilmişdir. Avtomobilə cavabdehin iştirakı ilə iddiaçının nümayəndəsi tərəfindən baxış keçirilən zaman avtomobilin mühərrik hissəsinin tamamilə söküldüyü və ayrı-ayrı ehtiyat hissələrinə ayrılmış halda avtomobilin salonunda olduğu aşkar edilmişdir. Məlum olmuşdur ki, cavabdeh avtomobilin mühərrikinə özü və ya üçüncü şəxslər vasitəsilə müdaxilə etmiş və mühərriki sıradan çıxartmışdır. Cavabdeh qeyd olunan əməlləri törətməklə müqavilənin 4- cü bəndi üzrə nəzərdə tutulmuş öhdəliklərini 5.3.1, 5.3.2 və 5.4.1-ci yarımbəndləri üzrə zəmanət şərtlərinin tələblərini kobud şəkildə pozmuşdur. Keçirilmiş baxışa və tərtib olunmuş təmir aktına əsasən avtomobilin təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 41904 manat müəyyənləşdirilmişdir. Avtomobilin təmirinə çəkiləcək xərclərin avtomobilin qaytarıldığı tarixə mövcud olan real bazar dəyərini üstələdiyini nəzərə alaraq avtomobil təmirə yararsız və tamamilə məhv olmuş hesab edilir. Bu səbəbdən iddiaçının AR Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən (əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər) avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməklə verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnun realizəsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh müqavilədə göstərilən müddətlərdə ödənişləri etmiş, sonra maddi vəziyyəti ilə əlaqədar 2024-cü ilin sentyabr ayından ödənişlər edə bilməmişdir. Avtomobili idarə edərkən yolda nasaz vəziyyətə düşdükdən sonra texniki baxış üçün rəsmi servisə getmiş, lakin ona bildirilmişdir ki, avtomobilin müqavilədə qeyd edilən zəmanət şərtləri pozulmuş, avtomobilin mühərriki sıradan çıxmışdır. İddiaçı ilə yenidən ödənişlər ilə bağlı razılığa gəlməyə çalışsa da, bu mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (Cavid Cəfərov), iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli, B-333- AAE-22 nömrəli müqavilə üzrə 43320 manat əsas borc, 1160 manat dəbbə pulu, əsas borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 902 manat pul olmaqla ümumilikdə 45382 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 183,47 manat pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2026-cı il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsi üzrə qalıq (43320 -3420) manat =39900 manat əsas borc, xx.xx.2025-ci il tarixdək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 3260.04 manat dəbbə pulu, 30.012025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas borcun gecikdirildiyi vaxt üçün illik 5% hesabalanması yolu ilə 902 manat tələbi ilə bağlı hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir . Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyini 3420 manat əsas borc və 1026 dəbbə pulu olmaqla ümumilikdə 4.446 manat borcun tutulması hissəsində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.5. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 43320 manat əsas borcu yaranmış və bu məbləğ cavabdehdən tutulmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla 902 manat cavabdehdən pul tələb edir bu məbləğ də cavabdehdən tutulmalıdır. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 3260,40 manat dəbbə pulunun məbləğinin azaldılaraq 1160 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı müəyyən etmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı “Changan CS 75 PLUS” markalı, **-AG-*** d.q.n.-lı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.5-ci bəndinə əsasən, “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. -Müqavilənin 2.7-ci bəndinə əsasən, Azərbaycan manatının, bu Müqavilənin imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ Dollarına qarşı məzənnəsinin hər 5% (beş) faiz həcmində aşağı düşməsi halında, Satıcı birtərəfli qaydada borc qalığını müvafiq şəkildə yeni məzənnəyə uyğun olaraq yenidən hesablamağa haqqlıdır. Bu halda Alıcı ödənişləri yenidən hesablanmış qrafik üzrə icra etməyə borcludur -Müqavilənin 3.2.3-cü bəndinə əsasən Zəmanət müddəti ərzində Alıcı Müqavilənin 1.1. bəndində göstərilən avtomobili Müqavilənin 5-ci bəndində göstərilən şərtlər daxilində məcburi texniki xidmətdən keçirməzsə Satıcının zəmanət öhdəliklərini dayandırmağa tam ixtiyarı çatır. -Müqavilənin 3.2.4-cü bəndinə əsasən Alıcı Avtomobili təhvil aldıqdan sonra, X4 vəsaiti hesabına Kasko siğorta etdirəcəkdir. -Müqavilənin 3.2.5-ci bəndinə əsasən a) Alıcının bu Müqavilə üzrə öhdəliklərini yeirnə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil ,onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. b) Hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman X2 və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman Satıcı yalnız Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda, yerdə qalan məbləği bu Müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. d) Müqaviləyə xitam verildiyi təqdirdə, yuxarıda göstərilənlərdən başqa, Alıcıya hər hansı vəsait qaytarılmır. -Müqavilənin 3.2.6-cı bəndinə əsasən Müqavilənin digər şərtlərini, o cümlədən Satıcının Müqavilədə nəzərdə tutulan Müqaviləyə xitam vermək və ona dəyən zərərin əvəzini ödəmək hüquqlarını nəzərə almaq və bu hüquqlara xələl gətirməmək şərti ilə, yalnız Alıcı bu Müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda Satıcı, Alıcıya əvvəlcədən xəbərdarlıq etmədən Müqaviləyə xitam verə bilər və Avtomobilin Alıcını razılığı tələb olunmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görə bilər. Məsələn: Avtomobilin evakuator ilə Satıcının təyin etdiyi yerə gətirilməsi və.s. X6 imzalamaqla, bu cür tədbirlərə görə Satıcıya əvvəlcədən razılıq verdiyini bəyan edir. Əhəmiyyətli pozuntu dedikdə, həmin pozuntunun nəticəsində aşağıdakı hallardan ən azı birinin baş verməsi və Satıcının Müqavilə üzrə marağının kəskin azalması və Müqavilənin müddətinin davam etməsi üçün marağının qalmaması başa düşülür: a) Alıcının bu Müqavilə və ya Azərbaycan Respublikası qanunvericiliyinə riayət etməməsi nəticəsində Satıcı üçün hər hansı cərimə, sanksiya və ya digər oxşar ödəniş öhdəliyinin və ya Müqavilənin ləğv edilməsi üçün əsasların yaranması və ya yaranma riskinin olması; b) Alıcının bu Müqavilə və ya Azərbaycan Respublikası qanunvericiliyinə riayət etməməsi nəticəsində Satıcı üçün hər hansı üçüncü şəxs qarşısında ödəniş öhdəliyinin yaranması və ya yaranma riskinin olması; c) Alıcı Müqavilə üzrə ödənişlərini tam və vaxtında ödəmədikdə və ya ödəməkdən boyun qaçırdıqda; d) Alıcının eyni öhdəliyini 2 (iki) dəfə və ya daha çox pozması; e) Alıcının öz öhdəliyini pozması ilə bağlı Satıcının Alıcıya etdiyi xəbərdarlıqda nəzərdə tutulan qaydada və müddətdə pozuntunu aradan qaldırmaması. -Müqavilənin 3.2.7-ci bəndinə əsasən Bu Müqaviləyə yuxarıda göstərilən əsaslarla(və ya onlardan biri ilə) vaxtından əvvəl xitam verildikdə Satıcı öz mülahizəsinə uyğun olaraq, Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, Avtomobili geri götürmək, Avtomobili satışa çıxartmaq hüququna malikdir. Avtomobil satıldıqdan sonra satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda yerdə qalan məbləğ Alıcıya qaytarılır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” Məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İş materiallarında olan Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 76345 manat, kredit müqaviləsinin müddəti 60 ay, ilkin ödəniş 7945 manat olmaqla, qalıq borc 68400 manat razılaşdırılaraq, aylıq ödəniş 1140 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İş materiallarında olan Təmir aktına əsasən “Changan CS 75 PLUS” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 41904 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan Maliyyə arayışı və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli, B-333-AAE22 nömrəli alğı-satqı müqaviləsi üzrə əşyanın alğı-satqı qiyməti 76345 manat, ilkin ödəniş 7945 manat və DYP, könüllü sığorta, icbari sığorta ödənişləri 4445 manat olmaqla, aylıq 1140 manat ödəmək şərti ilə 60 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə ödənilən aylıq 25080 manat, ödənilən cərimə 673 manat, qalıq borc 43320 manat məbləğdədir. İş materiallarında olan xx.xx.20204-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqaviləyə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuş, müvafiq bildiriş Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğısatqı müqaviləsinə əsasən cavabdeh “Changan CS 75 PLUS” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, əşyanın qiyməti 76345 manat, kredit müqaviləsinin müddəti 60 ay, ilkin ödəniş 7945 manat olmaqla, qalıq borc 68400 manat razılaşdırılaraq, aylıq ödəniş 1140 manat olmaqla razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir. Cavabdeh tərəfindən bir müddət ödəniş edildikdən sonra, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmiş, iddiaçı isə 16 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərərək, əsas borcun 3420 manat, cərimə borcunun isə 1026 manat təşkil etdiyini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsi üzrə qalıq (43320 -3420) 39900 manat əsas borc, xx.xx.2025-ci il tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 3260.04 manat dəbbə pulu, 30.012025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əsas borcun gecikdirildiyi vaxt üçün illik 5% hesabalanması yolu ilə 902 manat tələbi ilə bağlı hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya həmin qərardadda qeyd etmişdir ki, iddiaçının tələbi qeyri müəyyən olmaqla tələb edilən 43320 manatın zərər kimi yaxud müqavilə üzrə əsas borc kimi tələb edildiyi bəlli deyildir. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, Changan CS 75 PLUS” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkiləcək xərclərin ümumi dəyəri 41904 manat təşkil etmişdir. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissəsi üzrə mübahisənin məhkəmədən kənar həlli qaydalarına riayət etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi xx.xx.2022-ci il tarixli, B-333-AAE-22 nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 3260,40 manat dəbbə pulu və borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 902 manat pul vəsaitinin tutulması hissəsində işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 16 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubunda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini göstərərək, həmin tarixə olan əsas borcun 3420 manat, cərimə borcunun isə 1026 manat təşkil etdiyini bildirmişdir. Bu isə iddiaçının iddia tələbinin məhz bu hissədə məhkəmə qaydasında tələb edilməsi üçün prosessual əsasları mövcud olmuşdur. Göründüyü kimi cavabdehin öhdəlik üzrə sonuncu ödənişi etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan borc üzrə-3420 manat həddində məsuliyyət daşıdığından iddia əsas borca münasibətdə həmin hissədə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, 3420 manat borca münasibətdə 1026 manat cərimə borcu cavabdehin əmlak mənafelərinə zidd olduğundan həmin məbləğ 500 manat həddində müəyyən edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 3420 manat əsas borc, 500 manat cərimə borcu ümumilikdə 3920 manat pul və dövlət rüsumu olaraq 32 (otu iki manat) alınaraq İddiaçı MMCyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2132/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 3420 manat əsas borc, 500 manat cərimə borcu ümumilikdə 3920 (üç min doqquz yüz iyirmi manat) manat pul və dövlət rüsumu olaraq 32 (otu iki manat) alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2022/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2022/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver