Məhkəmə qərarları › İş №2(106)-2034/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2034/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2034/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxs) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)2736/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxsə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə tərtib edilmiş ******* saylı əmək kitabçasının və xx.xx.2022-ci il tarixli aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)2736/2023 saylı qərardadı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxs) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi, dövlət rüsumu qismində ödənilmiş 100,00 manat məbləğində pulun Ərizəçi qaytarılması, ərizəçiyə səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilməsinin izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)2736/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarını riayət etməsini yoxlayır. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materaillarına əlavə edilmiş doldurulduğu tarix kimi xx.xx.1996-cı qeyd edilmiş ******* saylı əmək kitabçasının üz hissələrindən görünür ki, əmək kitabçasının üz hissəsində bir yerdə rus dilində “X6”, digərində isə “Ərizəçi” qeyd edilmiş, doğum tarixləri və işçinin vəzifələri eynidir. İşçinin əmək faliyyətləri ilə bağlı əmək kitabçasında qeydiyyat aparılmışdır. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli aktda göstərilir ki, Ərizəçi əmək kitabçasının surətində göstərilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “1 May” və xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cu il tarixədək “Hüseynhacılı” sovxozlarında işləməsi Masallı Rayon Dövlət Arxivində saxlanılan sənədlərə əsasən araşdırıldı. Araşdırma zamanı Masallı Rayon Dövlət Arxivində saxlanılan “1 May” adına sovxozun əmrlər və əmək haqqında uçotu kitablarına, əmək haqqı cədvəllərinə baxış keçirilərkən xx.xx.1978-ci il tarixdə 193 saylı əmrlə (1978-ci ilin əmrlər kitabı rus dilində tərtib edilib) X2 (xx.xx.1978-ci il tarixli 193 saylı əmrdə vətəndaşın adı, familiyası və ata adı X1 qeyd edilmişdir.) xx.xx.1978-ci il tarixdən sovxozun 4 №-li briqadasına fəhlə qəbul edilməsi və xx.xx.1989- cu il tarixdə 211 saylı əmrlə Ərizəçi yeni yaradılmış “Hüseynhacılı” sovxozuna keçirilməsi (4№-li briqada, sıra 16), 1978-ci il X-Xİİ (xx.xx.1978- ci ildən əmək haqqlarının uçotu kitabında vətəndaşın adı Şəhla göstərilib. səh 1382), 1979-cu ilin İ-Xİİ (səh 186), 1980cı ilin İ-Xİİ (səh 156), 1981-ci ilin İ-Xİİ (səh 165), 1982-ci ilin İ-Xİİ (səh 160), 1983-cü ilin İ-Vİİİ (səh 196), 1984-cü ilin İ-Vİİİ (səh 176) (xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək bülleten pulu alması qeyd olunub) aylar üzrə əmək haqqı alması, xx.xx.1984-cü il tarixdə 187 saylı əmrlə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək haqqı qismən məzuniyyətə buraxılması, yenidən 1985-ci ilin İİİ-Xİİ (səh 1173), 1986-cı ilin İ-Xİİ, 1987-ci ilin İ-Xİİ, 1988-ci ilin İ-Xİİ (səh 146), 1989-cu ilin İ-V,İX (səh 154) aylar üzrə əmək haqqı alması müəyyən edilmişdir. Rus dilində doldurulmuş 254802 saylı nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 arasında xx.xx.1978-ci ildə nigah bağlanmışdır, nigah bağlandıqdan sonra ərə (arvada) “Mamedov (a)” soyadı verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası MPM-nin MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 13.2 və 13.3-cü bəndlərində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir kii, ərizəçini əmək stajını təsdiq edən sənəd əmək kitabçası mövcuddur. Əmək kitabçasında işçinin əmək fəaliyyətləri əks olunmuşdur. Doldurulduğu tarix kimi xx.xx.1996-cı qeyd edilmiş ******* saylı əmək əmək kitabçasının üz hissələrinin bir yerində rus dilində “X6”, digərində isə “Ərizəçi” qeyd edilməsi işə hüquqi əhəmiyyətli fakt kimi baxılmasına əsas vermir. Belə yanaşma məntiqi baxımından o, deməkdir ki, vaxtı ilə SSRİ dövründə işləmiş və əmək kitabçası rus dilində doldurulmuş bütün şəxslər hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. xx.xx.2022-ci il tarixli akta münasibətdə isə məhkəmə bildirilir ki, həmin aktın tərtib edilməsinə əsas ərizəçinin pensiya təyin edilməsi ilə bağlı müraciəti əsasında aparılmış araşdırma olmuşdur. Aktda qeyd edilən iş dövrləri ******* saylı əmək əmək kitabçasında əks olunmuşdur. Həmin sənədlərin birində ərizəçinin soyadının “X3” kimi qeyd edilməsi aktın şəxşə məxsus olmasının hüquqi əhəmiyyətli fakt şəkildə tanınması üçün əsas deyildir. Belə ki, “Qəmbərova” soyadı ərizəçinin qızlıq soyadıdır, rus dilində yazılmışdır, o, nikah bağladıqdan sonra “Mamedov (a)” soyadını qəbul etmişdir. İşə inzibati icraat qaydasında baxılmalı olması barədə mövqe maraqlı şəxsin etirazında da göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 2, 3.1, 5.1, 15.4-cü bəndlərində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.; inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.; inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)2736/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi və ərizəçiyə səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilməsinin izah edilməsi prosessual qanunvericiliyə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 153.2-ci maddəsinə əsasən Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə 153.3-ci maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)2736/2023 saylı qərardadı maddi və prosessual hüquq normalarına riayət olunmaqla çıxarılmışdır və əsaslıdır. Ərizəçi şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1, 153.3, 308, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin olunmasın. Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(050)2736/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar