Məhkəmə qərarları › İş №2(106)-2054/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2054/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2054/2023 22.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(049)-4440/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06 fevral 2023-cü il tarixli ALY-1611 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 sentyabr 2023-cü il tarixə 273.53 manat gecikdirilmiş əsas, 190.90 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 312.31 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Ravon Nexia R3” minik markalı ** PL ***dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2100 manat məbləğində pulun, ümumilikdə 2875.17 manat borc və ödənilmiş 48.76 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(049)-4440/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 48.76 manatın İddiaçı MMC-yə geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2.3-cü və 152.1.1ci maddələrinə istinadən göstərilmişdir ki, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı, yəni iddianın nə ilə sübuta yetirildiyi iddia ərizəsində göstərilməmiş, habelə iddia ərizəsində tələb edilən əmlakların qiymətləri ilə bağlı sübutlar da iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı MMC Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(049)- 4440/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğvini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təsdiq edən sübutların siyahısının iddia ərizəsində göstərilmədiyini əsas gətirərək iddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardad qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinin sonunda sübutların siyahısı və iddia ərizəsinə əlavə olunmuş sənədlərin qoşması əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin iş üzrə 05 dekabr 2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci və 153-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddianın nə ilə sübuta yetirildiyi iddia ərizəsində göstərilməməsini, habelə iddia ərizəsində tələb edilən əmlakların qiymətləri ilə bağlı sübutların iddia ərizəsinə əlavə edilməməməsini qeyd etsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin sonunda sübutların siyahısı və iddia ərizəsinə əlavə olunmuş sənədlərin qoşması göstərilmişdir. Habelə işin mahiyyəti üzrə həll edilməsi baxımından qiymətləndirilməsi hər hansı əhəmiyyət kəsb edən iş üzrə zəruri sübutlar belə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(049)-4440/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(049)-4440/2023 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2(049)-4440/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar