Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-207/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun vəkili Hacızadə Novruz Xudadat oğlunun, cavabdeh Astara Pedoqoji Kollecinin nümayəndəsi – direktoru İbrahimov Ağababa Bayram oğlunun, cavabdehin vəkili Qədirov Ağabba İntiqam oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Astara Pedoqoji Kollecinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqı tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsindən cavabdeh Astara Pedoqoji Kolleci tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zamin İbrahimov) iddia təmin edilərək İddiaçı şöbə müdiri vəzifəsindən çıxarılmasına dair Cavabdeh direktorunun 20 dekabr 2019-cu il tarixli 408 saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehndə şöbə müdiri vəzifəsinə bərpa olunması və ona şöbə müdiri kimi məcburi iş buraxma müddəti üçün tam olaraq əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh Astara Pedoqoji Kolleci tərəfindən Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 31 avqust 2000-ci il tarixli 84 saylı əmri ilə Cavabdehnə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilmiş və Kollecin 14 sentyabr 2005-ci il tarixli 115 nömrəli əmri ilə işdən azad olunmuşdur. Sonradan Cavabdeh 14 sentyabr 2011-ci il tarixli 124 saylı əmri ilə kollecə riyaziyyat müəllimi kimi yenidən işə qəbul edilmişdir. Kollecin 01 iyun 2014-cü il tarixli 129 sayı əmri ilə Cavabdehndə qiyabi şöbə müdiri vəzifəsinə keçmişdir. İddiaçı 14 sentyabr 2017-ci il tarixli ərizəsinə əsasən Cavabdeh 15 sentyabr 2017-ci il tarixli 333 saylı əmri ilə əmək müqaviləsinə dəyişiklik edilmiş və müəllim kimi əmək fəaliyyətini davam etmişdir. İddiaçı ilə Cavabdeh arasında 14 sentyabr 2018-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı kollecə şöbə müdiri vəzifəsinə qəbul edilmiş və həmin tarixdən İddiaçı əmək funksiyalarının icrasını həyata keçirmişdir. Bundan sonra işəgötürən Cavabdeh 20 dekabr 2019-cu il tarixli 408 saylı əmri ilə İddiaçı 20 dekabr 2019-cu il tarixdən şöbə müdiri vəzifəsindən azad edilmişdir. İddiaçı onun işdən azad olunması barədə işəgötürənə hər hansı bir ərizə verməmişdir. İşəgötürən onun ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bundan əlavə, guya İddiaçı ilə Cavabdeh arasında 20 dekabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanılır və tərəflər onu imzaladığı andan hüquqi qüvvəyə minir. Cavabdeh ilə İddiaçı arasında hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Buna baxmayaraq, İddiaçı tərəfindən imzalanmamış “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişin”dən görünür ki, Cavabdeh tərəfindən 25 dekabr 2019-cu il tarixdə sistemə daxil edilmişdir. Elektron İnformasiy sistemindən alınan çıxarışdan görünür ki, cavabdeh tərəfindən saxtakarlığa yol verilərək həmin sistemdə müqavilənin həm Cavabdeh tərəfindən, həm də İddiaçı tərəfindən imzalandığı göstərilmişdir. İşəgötürən əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsinin bildirişlərinin elektron informasiya sisteminə daxil etdiyi əmək müqaviləsi bildirişində iddiaçının vəzifəsinin tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən şöbə müdiri vəzifəsindən riyaziyyat müəllimi vəzifəsinə dəyişdiyini göstərmişdir. Cavabdeh ilə İddiaçı arasında guya bağlanılmış əmək müqaviləsi barədə iddiaçının heç bir məlumatı olmamışdır. İddiaçı 2022ci ilin may ayında medisiya xidmətinə müraciət etdikdən sonra həmin əmr və müqavilə ona təqdim edilmişdir. Bundan sonra İddiaçı qanunsuz işdən çıxarılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” çağrı mərkəsinə müraciət etmişdir. Onun bu müraciətinə əsasən Dövlət Əmək Müfətişliyinin Lənkəran regional ərazi şöbəsi onun şikayətini yoxlamış və qeyd olunan qanunsuz əməllər həmin yoxlamanın nəticəsi ilə bir daha təsdiq olunmuşdur. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam vermədən, əmək müqaviləsinə dəyişiklik etmədən və İddiaçı ərizəsi olmadan onun işdən azad olunması barədə əmr vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri, sərəncamı, qərarı onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödənişlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşəgötürən qanunun bu tələbinə əməl etməmiş və əmrin surətini müxtəlif bəhanələrlə ona verməmişdir. İddiaçı əri kapitan Fərəcov Kamran Qılman oğlu 44 günlük Qarabağ müharibəsi zamanı şəhid olmuş, iki azyaşlı uşağı ilə ağır depressiya yaşadığı üçün həmin məsələ ilə bağlı üzrlü səbəbdən məşğul ola bilməmişdir. Uzun sürən şikayətlərdən sonra onun tələbi ilə 2022-ci ilin may ayında əmrin surəti ona verilmiş və yalnız bundan sonra bağlamadığı əmək müqaviləsindən xəbəri olmuş və İddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Hazırkı dövrə də İddiaçı son haqq-hesabı ona verilməmişdir. Bununla da, işəgötürən Əmək Məcəlləsinin 83.2 -ci maddəsinin tələblərini pozmuşdur. O, 19 dekabr 2019-cu ildən etibarən tutduğu şöbə müdiri vəzifəsindən qanunsuz olaraq mərhum olmuş və buna görə də, işə bərpa olunan günə qədər ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Astara Pedoqoji Kolleci apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 31 avqust 2000-ci il tarixli 84 saylı əmri ilə Cavabdehnə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilmişdir. Həmin Kollecin 14 sentyabr 2005-ci il tarixli 115 nömrəli əmri ilə işdən azad olunmuşdur. Cavabdeh 14 sentyabr 2011-ci il tarixli 124 saylı əmri ilə kollecə riyaziyyat müəllimi kimi yenidən işə qəbul edilmişdir. Sonradan xx.xx.2014cü il tarixdə 129 sayı əmrlə Cavabdehndə qiyabi şöbə müdiri vəzifəsinə keçmişdir. 14 sentyabr 2017-ci il tarixli ərizəsinə əsasən 15.09 2017-ci il tarixli 333 saylı əmrlə əmək müqaviləsinə dəyişiklik edilmiş və o, müəllim kimi əmək fəaliyyətini davam etmişdir. Cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən o, kollecə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir. İşəgötürən Cavabdeh Pedaqoji şuranın xx.xx.2019-cu il tarixli qərarını əsas götürərək onu xx.xx.2019-cu il tarixli 408 saylı əmri ilə şöbə müdiri vəzifəsindən azad etmişdir. Cavabdeh ştat cədvəlində 2017-ci ildən 2020-ci ilədək edilmiş dəyişikliklər həm kollecin idarə edilməsi ilə, həm də dövlət büdcəsinə qənaət məqsədi ilə edilmişdir. 2017-ci ildən 2020-ci ilədək olan dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının 5.2-ci bəndini rəhbər tutaraq kollecin ştat cədvəlində aşağıdakı dəyişiliklər edilmişdir: 2017-ci ildə 4 ştat vahidi gözətçi vəzifəsi və 1 ştat vahidi arxiv müdiri vəzifəsi ləğv edilmişdir. 2018-ci ildə 3 ştat vahidi laborant vəzifəsi, 1 ştat vahidi anbar müdiri vəzifəsi və 1 ştat vahidi dəyişək xidmətçisi vəzifəsi ləğv edilmişdir. 2017-ci ildən 2020-ci ilədək olan dövrdə Azərbaycan 2019-cu ildə 1 ştat vahidi şöbə müdiri vəzifəsi və 1 ştat vahidi kitabxanaçı vəzifəsi ləğv edilmişdir. 01 yanvar 2020-ci il tarixindən 1 ştat vahidi şöbə müdiri vəzifəsi və 1 ştat vahidi bağban vəzifəsi ləğv edilmişdir. Yuxarıda qeyd olunan ləğv edilmiş 14 ştat vahidi kollecin ştat cədvəlindən çıxarılmışdır. Həmin ştat vahidlərinin yerinə 8 ştat vahidi tyutor vəzifəsi daxil edilmişdir. 2019-cu ildə Kollecdə təhsil alan tələbələrin sayının 900 nəfərə yaxın olduğunu nəzərə alıb şöbə müdiri ştatlarının da sayı da azaldılmışdır. Ştat sayının müəyyən edilməsi kollecin idarə edilməsinə aid işdir. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 30.9-cu maddəsində deyilir ki, “Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünü idarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Cavabdeh bir ştat vahidi şöbə müdiri ştatı 20 dekabr 2019-cu ildə Pedaqoji Şuranın qərarı ilə ləğv olunduğu üçün elektron informasiya sistemində dəyişiklik edilməklə riyaziyyat müəllimi İddiaçı şöbə müdiri vəzifəsindən azad edilmiş və ona 756 saat dərs yükü verilməklə o, riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Onun bir gün də olsun iş buraxma günü olmamışdır və eləcə də, onun əmək haqqında azalma olmamışdır. İddia ərizəsində göstərilir ki, guya əmək kitabçası və son hesab Nurana Fərəcovaya verilməmişdir. Əmək kitabçası işçiyə o zaman verilir ki, onun əmək fəaliyyətinə xitam verilir. Nurana Fərəcova kollecdə müəllim kimi fəaliyyətini davam etdirdiyinə görə onun əmək kitabçası da, digər işçilərdə olduğu kimi kollecdə saxlanılır. Şöbə müdiri ştatının ləğvi Cavabdeh Pedaqoji Şuranın 20 dekabr 2019-cu il tarixli qərarı ilə edilmişdir. Pedaqoji Şuranın qərarı olanda işçidən ərizə tələb olunmur. Pedaqoji Şuranın qərarı ilə şöbə müdiri vəzifəsi ləğv olunduğundan, dərs saatları artırılmaqla, İddiaçı müəllim kimi fəaliyyətini davam etdirmişdir və onun əməkhaqqı əvvəlki məbləğdə saxlanılmışdır. İddiaçı nə 2019cu ildə, nə də 2020-ci ildə şöbə müdirliyindən azad olunmasına etiraz etməmişdir, müəllim kimi dərslərini demiş və əmək haqqı almışdır. İddia ərizəsində göstərilir ki, elektron məlumat sistemində İddiaçı haqqında məlumat “şöbə müdiri və riyaziyyat müəllimi kimi daxil etmişik”. Əvvəla elektron məlumat sisteminin funksiyalarını Cavabdeh müəyyən etmir. İkincisi, İddiaçı riyaziyyat müəllimidir, şöbə müdiri olmamışdan da kollecdə riyaziyyat fənnindən dərs deyirdi, şöbə müdiri olanda da, eləcə də şöbə müdiri vəzifəsi ləğv olunandan sonra da riyaziyyat fənnindən dərslərini tədris etməkdə davam etmiş və halhazırda da dərs deyir. Cavabdeh Astara Pedoqoji Kollecinin nümayəndəsi – direktoru İbrahimov Ağababa Bayram oğlu və cavabdehin vəkili Qədirov Ağabba İntiqam oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Cavabdeh Astara Pedoqoji Kollecinin direktoru İbrahimov Ağababa Bayram oğlu əlavə olaraq qeyd etmişdir ki, əvvəllər iddiaçıya Kollecdə vəzifə təklif edilmiş, lakin o, əvvəlki vəzifəsinə bərpa olunmqda maraqlıdır. Hazırda Kollecdə Əyani şöbəsinin müdiri vəzifəsi üzrə 2 ştat mövcuddur ki, həmin ştatlar da vakant deyildir. İddiaçı əgər razılaşsa, ancaq cari ilin sonunda əvvəlki vəzifəsinə bərabər vəzifəyə təyin edilə bilər. Cavabdeh Astara Pedoqoji Kollecinin vəkili Qədirov Ağabba İntiqam oğlu əlavə olaraq bildirmişdir ki, mübahisəli əmrdə göstərilməsə də, İddiaçı Astara Pedoqoji Kollecində şöbə müdiri vəzifəsindən azad edilərkən onun ərizəsi alınmamışdır. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, yəni ştatların ixtisar edilməsi əsası ilə işdən olunmuşdur. Habelə, İddiaçı işlədiyi ştatın ləğvi barədə Cavabdehndə Pedoqoji Şuranın müvafiq qərarı həm kollecin idarə edilməsi, həm də dövlət büdcəsinə qənaət məqsədi ilə qəbul edilmişdir. Bundan başqa, İddiaçı şöbə müdiri vəzifəsindən azad edilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması zamanı texniki qüsurlar baş vermişdir. İddiaçı və onun vəkili Hacızadə Novruz Xudadat oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin iş üzrə 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı Astara şəhəri 181 saylı hərbi şəhərcik ev 2 mənzil 27-də yaşayır. İş materiallarında olan Cavabdeh direktoru Ağababa İbrahimovla İddiaçı arasında bağlanılmış 14 sentyabr 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehndə şöbə müdiri vəzifəsinə qəbul edilmiş, bu barədə hər iki tərəf arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və imzaları ilə təsdiq edilmişdir. İşdə olan İddiaçı məxsus ******* saylı əmək kitabçasından görünür ki, Cavabdeh direktoru Ağababa İbrahimovun 12 sentyabr 2019-ci il tarixli, 279 saylı əmri ilə tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2018-ci il tarixdən Kollecdə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. İşdə olan Cavabdeh direktoru Ağababa İbrahimovun 20 dekabr 2019-cu il tarixli 408 saylı əmrindən görünür ki, Cavabdeh riyaziyyat müəllimi İddiaçı 20 dekabr 2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilmişdir. İşə əlavə edilmiş Cavabdeh direktoru Ağababa İbrahimov tərəfindən birtərəfli qaydada imzalanmış 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ilə Astara Pedaqlji Kolleci arasında müəllim peşəsinə işə qəbulla bağlı əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin “tərəflərin imzaları və ünvanları” adlanan 11-ci paraqrafından görünür ki, işçi kimi İddiaçı göstərilsə də, onun qarşısında olan “imza” qrafası İddiaçı tərəfindən imzalanmamış, bir sözlə müqavilə birtərəfli qaydada, yalnız işəgötürən şəxs tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildiriş”inin sistemə daxil edilməsinə dair 25 dekabr 2019-cu il tarixli, 36XGXQ000107 saylı bildirişdən görünür ki, Cavabdeh direktoru Ağababa İbrahimov tərəfindən birtərəfli qaydada imzalanmış və işçi kimi İddiaçı tərəfindən imzalanmamış 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsi 25 dekabr 2019-cu il tarixdə sistemə daxil edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli 22/30250373 saylı cavab məktubundan görünür ki, İddiaçı qanunsuz işdən azad olunması barədə müraciəti onlar tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsi İddiaçı tərəfindən imzalanmamışdır. Lənkəran regional ərazi şöbəsi bu nəticəyə gəlmişdir: “… Sizin 14 sentyabr 2018-ci il tarixli müddətsiz əmək müqavilənizə xitam verilən zaman Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələbinin pozulması halı İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuş, ancaq həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Sizin qanunsuz işdən çıxarılması halı inzibati xətanın törədildiyi gündən ən geci 3 aydan çox müddət ötdüyü üçün Cavabdeh işəgötürəni barəsində inzibati tənbeh tədbiri görülməsi qanuna müvafiq sayılmadı”. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin faktiki hallarına apellyasiya şikayətinin dəlilləri və maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) q) bəndinə görə əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq kimi əsas hüququ vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh direktoru Ağababa İbrahimov və İddiaçı arasında bağlanılmış 14 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehndə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir. Cavadeh Cavabdeh direktoru Ağababa İbrahimovun 12 sentyabr 2019-ci il tarixli 279 saylı əmri ilə İddiaçı 15 sentyabr 2018-ci il tarixdən Kollecdə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. Habelə, Cavabdeh direktoru Ağababa İbrahimovun 20 dekabr 2019-cu il tarixli 408 saylı əmri ilə Cavabdeh riyaziyyat müəllimi İddiaçı həmin tarixdən şöbə müdiri vəzifəsindən azad edilmişdir. Həmin əmrdə Əmək Məcəlləsinin hər hansı bir maddəsinə və ya müddəsına əsaslanmamış, əmrdə Əmək Məcəlləsinin heç bir maddəsi göstərilməmiş və işçinin nəyə görə işdən çıxarılması ilə bağlı maddi hüquq norması qeyd olunmamışdır. Eyni zamanda, iş materiallarına əsasən Cavabdeh direktoru Ağababa İbrahimov tərəfindən birtərəfli qaydada 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsi imzalanmış, İddiaçı ilə Cavabdeh arasında müəllim peşəsinə işə qəbulla bağlı əmək müqaviləsi bağlanılmışdır. Həmin Əmək müqaviləsinin “tərəflərin imzaları və ünvanları” adlanan 11-ci paraqrafı ilə müəyyən edilmişdir ki, işçi kimi İddiaçı göstərilsə də, onun qarşısında olan “imza” qrafası İddiaçı tərəfindən imzalanmamışdır. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildiriş”inin sistemə daxil edilməsinə dair 25 dekabr 2019-cu il tarixli 36XGXQ000107 saylı bildirişdən görünür ki, Cavabdeh direktoru Ağababa İbrahimov tərəfindən birtərəfli qaydada imzalanmış və işçi kimi İddiaçı tərəfindən imzalanmamış 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsi 25 dekabr 2019-cu il tarixdə sistemə daxil edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli 22/30250373 saylı cavab məktubundan görünür ki, İddiaçı qanunsuz işdən azad olunması barədə müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsi İddiaçı tərəfindən imzalanmamış və onun işdən azad olunması zamanı bir sıra qanunsuzluqlar baş vermişdir. Bununla yanaşı, kollegiya diqqətə çatdırır ki, Cavabdeh direktoru Ağababa İbrahimovun 20 dekabr 2019-cu il tarixli 408 saylı əmrində mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Həmçinin, işəgötürən - Cavabdeh 20 dekabr 2019-cu il tarixli 408 saylı əmrini ümumiyyətlə əsaslandırmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdehndə həm şöbə müdiri, həm də riyaziyyat müəllimi kimi fəaliyyət göstərərək əmək haqqı almışdır ki, onunla yenidən riyaziyyat müəllimi kimi müqavilə bağlamağın hər hansı əhəmiyyəti yox idi, çünki İddiaçı riyaziyyat müəllimi kimi saxlanılmasına dair 15 sentyabr 2017-ci il tarixli 333 saylı əmr mövcud olmuşdur. Qeyd edilənlərlə bərabər diqqətə çatdırılmalıdır ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə işdən azad olunduğu təqdirdə əmək müqaviləsinə xitam verilərkən İddiaçı işçi olaraq adıçəkilən Məcəllənin 77-ci maddəsində nəzərdə tutulan təminatları həyata keçirilməmişdir. Qeyd edilən ştatın ləğvi barədə Cavabdehndə Pedoqoji Şuranın müvafiq qərarı həm kollecin idarə edilməsi, həm də dövlət büdcəsinə qənaət məqsədi ilə qəbul edilmişdir. Göstərilənlərlə yanaşı, Cavabdehndə Pedoqoji Şuranın Əmək Məcəlləsinin 77-ci maddəsindəki təminatlara əməl etmədən və həmin məcəllənin 80-ci maddəsinin tələblərini gözləmədən ştatın ləğvi barədə müvafiq qərar qəbul etmək səlahiyyətinin mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Habelə, İddiaçı şöbə müdiri vəzifəsindən azad edilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması ilə əlaqədar məhkəmə kollegiyası diqqətə çatdırır ki, ƏM-in 49-cu maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə daxil edilmiş 25 dekabr 2019-cu il tarixli əmək müqaviləsi bildirişində İddiaçı vəzifəsi şöbə müdiri və riyaziyyat müəllimi kimi göstərilmişdir. Sonrakı tarixlərdə yeni müqavilə və ya əmr mövcud olmadan elektron informasiya sistemində əmək müqaviləsi bildirişində hər hansı dəyişikliyin olması isə heç bir hüquqi əhəmiyyət kəsb etməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı işləmiş olduğu və hal-hazırda bərpa olunmaq istədiyi şöbə müdiri ştatının hazırda mövcud olmaması barədə dəlilinə dair qeyd edir ki, İddiaçı əvvəllər işlədiyi və qanunsuz olaraq ləğv edilən şöbənin hazırda mövcud olmaması onun işə bərpa edilməsi üçün maneə deyildir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bununla bərabər, iddiaçının əvvəllər işlədiyi şöbə müdiri ştatının ləğvi barədə Pedoqoji Şuranın iclasında özünün iştirak etməsi, habelə iddiaçı tərəfindən hazırda əvvəlki ilə eyni miqdarda əmək haqqının alınmasına dair cavabdehin apellyasiya şikayətinin əsassız dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin hazırkı qətnaməsinin ləğv edilməsi üçün rəhbər tutula bilməz. ƏM-in 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ƏM-in 49-cu maddəsinin 1 və 3-cü bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə də ləğv edilə bilər. ƏM-in 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. ƏM-in 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. ƏM-in 83-cü maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-in 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hazırkı iş üzrə iddia müddətinin keçməsi ilə bağlı cavabdeh Astara Pedoqoji Kollecinin direktoru İbrahimov Ağababa Bayram oğlunun ərizəsinə əsaəsən diqqətə çatdırır ki, ƏM-in 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu Maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləcə, işəgötürən əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərini müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozmuş, yəni işçi tərəfindən imza edilməyən əmək müqaviləsinə istinad etmişdir ki, bu da İddiaçı iş materiallarına əsasən 2022-ci ilin may ayında məlum olmuş və digər müddət barədə isə cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin məhkəməyə iddiaçının şöbə müdiri vəzifəsindən azad olunmasına dair əmrin surətinin iddiaçıya hansı tarixdə verilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Habelə, cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, əmək kitabçası işçiyə o zaman verilir ki, onun əmək fəaliyyətinə xitam verilir və iddiaçı kollecdə müəllim kimi fəaliyyətini davam etdirdiyinə görə onun əmək kitabçası da, digər işçilərdə olduğu kimi kollecdə saxlanılır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Qeyd edilməlidir ki, məhkəmə prosesində iştirak etməsinə rəğmən cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin keçməsi barədə ərizə verilməmişdir. Belə ki, iş materiallarına əsasən cavabdehin səlahiyyətli nümayəndəsi olmuş Şabanov Şükran Əmənulla oğlu birinci instansiya məhkəməsində iştirak etmişdir. Bununla bərabər, kollegiya bildirir ki, cavabdehin mübahisə predmeti üzrə iddia müddətinin tətbiqinə dair ərizəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən o zaman qəbul oluna və tətbiq edilə bilər ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatsız olsun və iddia müddətinin tətbiqinə dair ərizə apellyasiya baxışı zamanı verilsin, yaxud birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə versin, lakin məhkəmə tərəfindən təmin edilməsin. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçını intizmalandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” İddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. ƏM-in 12-ci maddəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. ƏM-n 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri və cavabdeh Astara Pedoqoji Kolleci tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçının əvvəl işlədiyi şöbə müdiri ştatının hazırda mövcud olmaması, iddiaçının şöbə müdiri ştatının ləğvi barədə Pedoqoji Şuranın iclasında iştirak etməsi, iddiaçı tərəfindən hazırda əvvəlki ilə eyni əmək haqqının alınması barədə dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və formal xarakter daşımaqla şikayətdə sadalanmışdır, buna görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, işin müəyyən edilmiş halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Ona görə də, cavabdeh Astara Pedoqoji Kolleci tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)- 1096/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Astara Pedoqoji Kolleci tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(018)-1096/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-207/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-207/2023
07.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver