Məhkəmə qərarları › İş №2(106)-211/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-211/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-211/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh və eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-41/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 8534 manat əsas lizinq borcu, 1460 manat lizinqdən istifadəyə görə faiz borcu, 970 manat hesablanmış penya, cəmi 10964 manat borcun, həmçinin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-nin direktoru X4 ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 16000 manat olan 1 ədəd “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə öz növbəsində 11200 manat məbləğində borcu illik 30 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 lizinq müqaviləsinə 2 nömrəli əlavəyə görə (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 30 faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, Cavabdeh1 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında 02 noyabr 2018-ci il tarixli, 1801/0479/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla əlaqədar, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bugünə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 8534 manat əsas lizinq borcu, 1460 manat lizinqdən istifadəyə görə faiz borcu, 970 manat hesablanmış penya, cəmi 10964 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin 14.1-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: “14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib;”. Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)-41/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, “Ekolizinq MMC” ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsindən yaranmış 8518,44 manat əsas, 1654 manat faiz borcu və 10 manat cərimə (dəbbə) borcu, ümumilikdə isə 10182,44 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı MMC-yə ödənilməsi, 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nişanlı (ban: WVWMP7AN0CE528533, buraxılış ili: 2011, rəngi: qara metalik, tip: sedan) avtomobilin İddiaçı MMC-yə geri qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/3265 saylı ekspertiza tədqiqatının dəyəri 100 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)-41/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tələb olunan məbləğlə razı olmadığı üçün vəsatət verərək ekspertiza təyin edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1244/2020 saylı qərardadına əsasən mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 9/3265 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan çıxarış məlumatları, 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 sual üzrə 07 iyul 2020-ci il tarixə İddiaçı MMC-yə olan cəmi borcu 10172,44 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc (lizinq məbləği) üzrə 8518,44 manat və faiz borcu (lizinq mükafatı) üzrə 1654 manat təşkil edir. Halbuki, rəydə hesablanan məbləğ düzgün hesablanmamışdır. Belə olan halda təkrar ekspertizanın təyin edilməsi zəruridir. Bundan başqa, İddiaçı MMC ilə bağlanan 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 16000 manat olan 1 ədəd “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə öz növbəsində 11200 manat məbləğində borcu illik 30 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 xx.xx.2019-cu il tarixində saat 21 radələrində Sabirabad rayonu, Kürkəndi kəndində sərxoş vəziyyətdə idarə etdiyi “Volkswagen Passat CC” sport-minik markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirərək, yolun kənarında olan piyada zolağını keçmiş və işıq dirəyinə dəyərək yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Sabirabad RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(056)-673/2019 saylı qərarına əsasən o, İXM-in 332.1 və 333.3-cü maddələri ilə təqsirli bilinmiş və həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nömrəli avtomobil isə yararsız hala düşmüş və onun təmirinin əlverişli olub-olmaması mübahisələnməmişdir. Belə olan halda sözügedən avtomobilin qiymətləndirilməsi barədə əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Ona görə də həmin avtomobilin iddiaçıya qaytarılması halında iddia tələbinin qalmaması zəruridir. Əlavə olaraq da bildirir ki, avtomobilə 4500 manat pul müəyyən edilmişdir. Halbuki, həmin məbləğ çox aşağı qiymətlə müəyyən edilmişdir. Odur ki, işə yenidən baxıb ədalətli qətnamə çıxarılması zəruridir. Bundan başqa, məhkəmə faizlə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli, 2(106)-925/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)- 41/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsindən yaranmış 3841 manat əsas borc, 1460 manat mükafat, 50 manat cərimə (dəbbə) borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 5371 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli, 2(106)-925/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və Sabirabad Rayon Məhkəməsinin 2(056)-41/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(102)-4862/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-925/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin rədd olunan hissələrində ləğv edilmiş və mülki iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına əsasən tərəflər arasında lizinq müqaviləsi bağlanmış, cavabdeh – lizinq alan Cavabdeh1 müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, onun borcu yaranmışdır. Birinci instansiya məhkəməsi əsas və faiz borcunu ekspertiza rəyində göstərilən məbləğdə təmin etmiş, tələb edilən dəbbə pulunu əsas borca tənasübsüz yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsini əsas götürərək dəbbə pulunu 10 manata azaltmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən 3841 manat əsas borc, 1460 manat mükafat, 50 manat cərimə (dəbbə) borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 5371 manat pulun tutulmasını qət etmiş, lakin məhkəmə həmin məbləğin hansı qaydada hesablandığını, əsas borcun və mükafat məbləğinin nəyə görə məhz həmin məbləğlərdə tutulmasını qətnamədə əsaslandırmamışdır. Bundan başqa, məhkəmə birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyini nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Baxılan işdə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edilən hissəsində mübahisələndirilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin mübahisələndirilməyən hissəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmış, qətnaməni bütövlükdə ləğv etmiş və yeni qətnamə qəbul edərək iddia tələbini dəbbə pulu hissəsində qismən təmin edərək dəbbə pulunu 50 manata artırmışdır. Bununla da, məhkəmə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi lizinq obyektinin qaytarılması hissəsində tələbi rədd edərkən, iddiaçının məhkəməyə müraciət edərkən müqavilənin vaxtının hələ bitməməsini, iddiaçının müqavilənin ləğv olunması barədə tələb irəli sürməməsini göstərmişdir. Lakin məhkəmə Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4cü maddələrinin tələblərini nəzərə almamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işə baxarkən tərəflər arasında bağlanmış müqavilənin vaxtı bitmişdir. Bundan başqa, cavabdeh ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişlərini etmədiyi üçün iddiaçının pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ artıq yaranmış və iddiaçı bu tələblə artıq məhkəməyə müraciət etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu iradəsini müqavilənin ləğvi tələbini özündə ehtiva edib-etməməsinə hüquqi qiymət verməmişdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdehlər də müqavilənin icrası ilə bağlı heç bir addım atmamış, müqavilə münasibətləri artıq faktiki olaraq xitam edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməyərək iddia tələbinin rədd edilən hissələrini mübahisələndirməmişdir. Ona görə də apellyasiya baxışının hədlərini iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunan hissələri təşkil edir. Hazırkı iş üzrə Cavabdeh1 apellyasiya şikayətini və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmiş göstərişləri nəzərə alan məhkəmə kollegiyası sözügedən qərarla Ali Məhkəmənin Mülki X2 Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli, 2(106)-925/2022 saylı qətnaməsini yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin rədd edilmiş hissələrində ləğv etdiyindən və həmin hissədə yenidən baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borca və lizinq obyektinin qaytarılmasına aid hissələrinin yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək qeyd etmişdir ki, özü qəza barədə iddiaçıya məlumat vermiş, onun əməkdaşlarını dəvət etmiş və iddiaçının əməkdaşları gələrək maşına baxış keçirmişlər. O, maşının əzilməsi barədə məlumat vermiş, üstəlik, maşının satışa çıxarılıb məbləğinin müəyyən edilməsini və həmin məbləğdə satılıb borcdan silinməsini də təklif etmişdir. Lakin iddia ərizəsində tələb edilən borc həddən artıq şişirdilmiş şəkildə hesablanmışdır. Cavabdeh verilmiş suallara cavab olaraq bildirmişdir ki, qəza təxminən 2020-ci ildə baş vermişdir. Maşın sığortalanmış olsa da, qəza baş verən zaman sığorta müddəti başa çatmışdır. Cavabdehlər sığorta müddəti başa çatanadək bütün borcu ödəməli olsalar da, son ödənişlərdən sonra təxminən 8000 manat borc qalmışdır. O, Şirvan Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)-41/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti baxılan hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada 8518,44 manat əsas borcun iddiaçının xeyrinə tutulması və lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin (bundan sonra – müqavilənin) 1.1-ci bəndindən görünür ki, lizinq verən öz mülkiyyətinə satıcıdan (İldes Muratın verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X5) alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini (lizinq obyektini) təqdim edir, lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, lizinq obyekti lizinq müqaviləsi əsasında lizinq verən tərəfindən bu müqavilə üzrə tərəf olan satıcıdan öz mülkiyyətinə alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 16000 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən, lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. Müqavilənin 3.3-cü bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin, onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Müqavilənin 5.3-cü bəndinə əsasən, bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, bir illik faiz dərəcəsi 30 faiz təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. Müqavilənin 5.4-cü bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. Təyinatına uyğun olaraq lizinq obyektinə sahiblik və istifadə hüququ bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə lizinq alana məxsusdur. Müqavilənin 7.1-ci bəndinə əsasən, lizinq alan hər ayın 02-si tarixində bərabər miqdarda olmaqla 02 noyabr 2021-ci il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəsinə götürür (ödəniş – lizinq müqaviləsinə 2 saylı əlavədə olan ödəniş cədvəlinə uyğun müəyyən olunur). Müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan avtomobilin 30 faizini – 4800 manat məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.2.1-ci bəndinə əsasən, alınan lizinq məbləği avtomobilin dəyərinin 70 faizini – 11200 manat təşkil edir. Müqavilənin 7.9-cu bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Müqavilənin 14.1.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmədikdə və ya iki dəfə ödənişi gecikdirdikdə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin 14.2-ci bəndinə əsasən, lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Müqavilənin 14.4-cü bəndinə əsasən, lizinq obyektinin lizinq alanın sahiblik və istifadəsindən geri alınması lizinq alanın müqavilə üzrə öhdəliklərinin ləğvinə səbəb olmur. Müqavilənin 15.1-ci bəndinə əsasən, bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “Volkswagen Passat CC” markalı, qiyməti 16000 manat olan nəqliyyat vasitəsi lizinq verən İddiaçı MMC tərəfindən lizinq alan Cavabdeh1 təhvil verilmiş, təhvil verilən avtomobil üzrə texniki qüsurlar və çatışmamazlıqlar müəyyən olunmamışdır. İşdəki AD 357710 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PV-*** qeydiyyat nişanlı, “Volkswagen Passat CC Sport minik” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir. İşdəki lizinq verən İddiaçı MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479/ZM-01 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC qarşısında 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin Cavabdeh2 və lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi lizinq müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. İşdəki İddiaçı MMC-nin borclu Cavabdeh1 ilə 02 noyabr 2018-ci il tarixində İddiaçı MMC arasında bağlanmış 1801/0479 saylı daxili lizinq müqaviləsi üzrə 10 iyun 2020-ci il, 06 avqust 2020-ci il və 09 aprel 2021-ci il tarixə lizinq borcu haqqında arayışlarından görünür ki, lizinq müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2019-cu il olmuşdur. Ödənilmiş əsas lizinq məbləğləri 2666 manat təşkil edir. Müqavilə üzrə ödənilməli olan əsas lizinq məbləğinin borcu 8534 manat təşkil edir. İşdəki məhkəmə-mühasibatlıq ekspertizasının 18 iyun 2021-ci il tarixli, 9/3265 nömrəli rəyindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları, 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 07 iyul 2020-ci il tarixə İddiaçı MMC-yə olan əsas borcu (lizinq məbləği) 8518,44 manat, faiz borcu (lizinq mükafatı) 1654 manat, cəmi borcu 10172,44 manat məbləğində müəyyən edilir. Həmçinin, rəydən daxili lizinq müqaviləsi üzrə sonuncu ödəniş tarixinin xx.xx.2019-cu il olması müəyyən edilir. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 02 noyabr 2018-ci il tarixində daxili lizinq müqaviləsi bağlamış, həmin lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin icrasının təminatı olaraq isə Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Lizinq alan Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, xx.xx.2019-cu il tarixindən sonra isə müqavilə üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində müəyyənləşdirilmiş əsas borc məbləği olan 11200 manatın 8518,44 manat hissəsi ödənilməmiş qalmışdır. Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə baxmayaraq, lizinq obyekti olan avtomobil lizinq verənə qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində əsas borc üzrə 8534 manat tələb edilsə də və əsas borc məbləğinin təsdiqi üçün isə iddiaçının özü tərəfindən tərtib edilmiş maliyyə arayışları təqdim edilsə də, birinci instansiya məhkəməsi haqlı olaraq əsas borc məbləğinə dair hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 18 iyun 2021-ci il tarixli, 9/3265 nömrəli rəyinə əsaslanaraq, əsas borc tələbinə dair hissədə iddianı qismən – yəni 8518,44 manat olaraq təmin etmişdir. Cavabdeh1 apellyasiya şikayətində ekspert rəyi ilə borc məbləğinin düzgün müəyyən edilməməsini və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olduğunu bildirsə də, ekspertizanın zəruriliyini əsaslandıra bilməmiş və sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Halbuki, ekspert rəyi ilə borc məbləği müəyyənləşdirilərkən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına və daxili lizinq müqaviləsinin şərtlərinə əsaslanılmışdır. Odur ki, məhkəmə kollegiyası məhkəməmühasibatlıq sahəsində xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş həmin rəylə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin əsas borca dair hissəsində 8518,44 manat məbləğində təmin edildiyindən və bu məbləğ mötəbər ekspert rəyi ilə təsdiq edildiyindən, lizinq alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada icra edilməsi üçün zamin Cavabdeh2 lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıdığından, əsas borca dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması tələbinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri sayır: Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsinin 14.1.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmədikdə və ya iki dəfə ödənişi gecikdirdikdə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. İş materialları ilə lizinq alanın xx.xx.2019-cu il tarixindən etibarən müqavilə üzrə lizinq ödənişlərini ümumiyyətlə həyata keçirmədiyi müəyyən edildiyindən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına birtərəfli qaydada xitam verilməsi ilə bağlı lizinq verənin müqaviləyə əsaslanan subyektiv hüququ yaranmışdır. İddiaçının sözügedən subyektiv hüququ həm də Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsaslanır. Belə ki, həmin maddəyə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd edilən normanın da mənasından göründüyü kim, lizinq müqaviləsi üzrə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququna əsaslanaraq məhkəmə qaydasında iddia irəli sürməsinə dair lizinq verənin iradəsi müqavilənin ləğvi tələbini də özündə ehtiva edir. Bu halı MM-in 748-1.12.4-cü maddəsinin mətnində istifadə edilmiş “bununla da” ifadəsi də təsdiq edir. Belə ki, həmin ifadə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququnun irəli sürülməsinin əslində müqavilənin vaxtından əvvəl ləğvinin tələb edilməsi mənasına gəldiyini göstərir. Bundan əlavə, nəzərə alınmalıdır ki, hazırkı mülki iş əvvəlki apellyasiya baxışında olarkən, yəni 02 noyabr 2021-ci il tarixində bağlanmış daxili lizinq müqaviləsinin vaxtı bitmişdir. Sonuncu ödəniş tarixi olan 14 noyabr 2019-cu il tarixindən etibarən cavabdehlər tərəfindən də müqavilənin icrası ilə bağlı heç bir addımın atılmaması, tərəflər arasındakı müqavilə münasibətlərinin artıq faktiki olaraq xitam edildiyini göstərir. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lakin Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixində saat 21 radələrində Sabirabad rayonu, Kürkəndi kəndində sərxoş vəziyyətdə idarə etdiyi “Volkswagen Passat CC” sport-minik markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarə etməni itirərək, yolun kənarında olan piyada zolağını keçmiş və işıq dirəyinə dəyərək yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Sabirabad RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(056)-673/2019 saylı qərarına əsasən o, İXM-in 332.1 və 333.3-cü maddələri ilə təqsirli bilinmiş və həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Avtomobil isə yararsız hala düşmüşdür. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, daxili lizinq müqaviləsinin 5.4 və 6.1-ci maddələrinə müvafiq olaraq, müqavilə üzrə öhdəliklər tam icra edilənədək lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. Lakin müqavilə üzrə müəyyənləşdirilmiş ümumi lizinq müddəti ərzində lizinq alan öz öhdəliklərini tam icra etmədiyindən lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqda davam etmişdir və halhazırda da lizinq verənin mülkiyyəti hesab edilir. Mülki Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 04 iyun 2021-ci il tarixli Qərardadında qeyd edilir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq öhdəlikləri icra edilmədikdə lizinq obyektinin geri qaytarılması lizinq verənin mülkiyyətçi hüquqlarından irəli gəlir və bu hüquq qanunla müdafiə edilir. Lizinq obyekti olan avtomobilin qəza nəticəsində yararsız hala düşməsini irəli sürməklə cavabdeh tərəf lizinq obyektinin mülkiyyətçi olan lizinq verənə qaytarılmasından imtina edə bilməz. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, avtomobilin iddiaçıya qaytarılması halında hər hansı digər tələbin qalmaması zəruridir. Halbuki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 14.4-cü bəndinə əsasən, lizinq obyektinin lizinq alanın sahiblik və istifadəsindən geri alınması lizinq alanın müqavilə üzrə öhdəliklərinin ləğvinə səbəb olmur. Mülki Məcəllənin lizinq alanın məsuliyyətini nəzərdə tutan 750-ci maddəsində qeyd olunur ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin lizinq obyekti olan avtomobilin qaytarılmasına dair hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək, 02 noyabr 2018-ci il tarixli, 1801/0479 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Volkswagen” markalı, “Passat CC” modelli, **-PV-*** qeydiyyat nişanlı (ban: WVWMP7AN0CE528533, buraxılış ili: 2011, rəngi: qara metalik, tip: sedan) avtomobilin İddiaçı MMC-yə geri qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulmasını qət etmişdir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əsas borcun qismən – 8518,44 manat məbləğində təmin edilməsi və lizinq obyektinin onun mülkiyyətçisi olan iddiaçıya qaytarılmasına dair gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən baxılan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamənin baxılan hissəsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmişdir. Beləliklə, yuxarıda sadalananlara uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətini baxılan hissədə təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti baxılan hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada 8518,44 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması və lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılan hissədə təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(056)-41/2021 saylı qətnaməsi cavabdehlərdən müştərək qaydada 8518,44 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması və lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar