Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-218/2024 04.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-730/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1836,42 manat və 3163,58 manat olmaqla, ümumilikdə 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsus “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 13 mart 2020-ci il tarixindən 13 mart 2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktlarına əsasən, “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4100 manat məbləğində, “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 2380 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 3163,58 manat məbləğində sığorta ödənişi X4 bank hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 1836,42 manat məbləğində sığorta ödənişi X2 bank hesabına ödənilmişdir. Nərimanov rayon DYPŞ-nin YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2020-ci il tarixli, XP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsində aşağıdakılar qeyd olunur: “bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur”. İş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, vurduğu ziyan iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdehə qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması tələbi tamamilə əsaslıdır. Lakin iş üzrə icraata xitam verilməsi iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranmamasına səbəb olmur. Belə ki, həmin qərarda da cavabdehin idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü, 25.1.3-cü və 23.1.6-cı maddələrinə istinad etmişdir. Astara Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(018)-730/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə” iddiası iddia müddətinin ötürülməklə verilməsi səbəbindən rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(018)-730/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə subroqasiya hüququ sığortaçı tərəfindən sığortalıya və sığorta olunana qarşı istifadə olunur. PXA ********** saylı icbari sığorta müqaviləsindən göründüyü kimi, icbari sığorta müqaviləsi X6 ilə "xxxx" ASC arasında bağlanmış, “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta qaydasında sığortalanmışdır. Qeyd etmək zəruridir ki, cavabdehlə iddiaçı arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan - deliktdən yaranan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə mövcud deyil. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir (AR Ali Məhkəməsi Bülleteni 2019; №1). Halbuki, birinci instansiya məhkəməsi dəymiş zərərə görə sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi ilə bağlı iddia müddəti məsələsinə düzgün şəkildə hüquqi qiymət verməmiş, nəticədə, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İcbari sığorta növü üzrə subroqasiya hüququnun yaranması üçün zərərlə yanaşı, əlavə şərtlərin mövcudluğu (idarə etmə hüququnun olmaması, yol-nəqliyyat hadisəsi yerindən yayınma, sərxoş (spirtli içki, narkotik vasitə, psixotrop maddədən istifadə) vəziyyətdə avtomobil idarə etmə) əsasdır. Birinci instansiya məhkəməsi bildirmişdir ki, “Mülki işə əlavə edilmiş 23 aprel 2020-ci il tarixli, XP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan məlum olur ki, Cavabdeh barəsində tərtib edilmiş 24 aprel 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında müddət başa çatmasına görə Cavabdeh barəsində tərtib edilmiş 24 aprel 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir”. Daha sonra birinci instansiya məhkəməsi buna əsaslanaraq qeyd etmişdir ki, “22 aprel 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsirindən baş verməsi məhkəmə iclasında iddiaçının təqdim etdiyi sübutlarla öz təsdiqini tapmamışdır”. Bununla əlaqədar olaraq, Nərimanov rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, XP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsində aşağıdakılar qeyd olunur: “bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur”. İş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, vurduğu ziyan iddiaçı tərəfindən dəymiş zərərə mütənasib şəkildə zərərçəkənlərə ödənilmişdir. Lakin, iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranmamasına səbəb olmur. Cavabdehin qeyd olunan səbəbdən inzibati tənbeh olunmaması yaranmış mülki məsuliyyətini istisna etmir. Belə ki, cavabdehin idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi Nərimanov rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, XP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçının nümayəndəsi Nümayəndə 01 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək, Astara Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(018)- 730/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə 20 fevral 2024-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarının 7-ci vərəqində olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 13 mart 2020-ci il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan PXA ********** seriya nömrəli müqavilə üzrə sığortaçı "xxxx" ASC, sığortalı X6, avtonəqliyyat vasitəsi “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Nərimanov rayon DYPŞ bildirir ki, xx.xx.2020-ci il tarixdə, saat 19:30 dəqiqədə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, X8 məxsus olan “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində olan və onun tərəfindən idarə olunan “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X4 mülkiyyətində olan və onun tərəfindən idarə olunan “Mercedes Benz E250” markalı, **-KA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan Nərimanov rayon DYPŞ YNH inspektoru, polis baş leytenantı X7 tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 aprel 2020-ci ildə saat 19:30-da “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə surəti olan Bakı şəhər DYPİ polis polkovniki X10 tərəfindən 23 aprel 2020-ci ildə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP ******* seriya nömrəli qərardan görünür ki, Cavabdeh barəsində başlanılmış İXP ******* seriya nömrəli inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddəti başa çatdığından xitam verilmişdir. İşdəki AR DİN Bakı şəhər Baş Polis İdarəsi X18 İdarəsinin 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 23 aprel 2020-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə Nərimanov RPİ DYPŞ YNH inspektoru polis baş leytenantı X7 tərəfindən 24 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəmə orqanına göndərilmiş, material məhkəmə orqanı tərəfindən geri qaytarıldığı üçün 14 aprel 2022-ci il tarixdə Cavabdeh barəsində başlanılmış İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddətinin başa çatmasına görə xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP ******* nömrəli qərarın tarixi texniki səhv olaraq 23 aprel 2020-ci il kimi göstərilmişdir. İş materiallarının 14-cü vərəqində olan “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid 23 aprel 2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, həmin avtomobilə ümumilikdə 4100 manat məbləğində zərər dəymişdir. İş materiallarının 15-ci vərəqində olan “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid 23 aprel 2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, həmin avtomobilə ümumilikdə 2380 manat məbləğində zərər dəymişdir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA62875 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 məxsus “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X5 3163,58 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA62876 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X3 1836,42 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İş materiallarının 18-19-cu vərəqlərində olan sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktının surətindən və cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X5 məxsus hesaba 07 may 2020-ci ildə 3163,58 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarının 20-21-ci vərəqlərində olan sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktının surətindən və cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X3 məxsus hesaba 07 may 2020-ci ildə 1836,42 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində sorğulanmış sürücülük vəsiqəsi məlumatından görünür ki, ona sürücülük vəsiqəsi 30 iyun 2022-ci ildə verilmişdir. İşdəki 21 fevral 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticəni iddianın iddia müddəti ötürülməklə verilməsi və cavabdehin iddia müddətinin tətbiq edilməsini tələb etməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi məsələsində səhvə yol vermişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Hazırkı iş üzrə mübahisəyə sığorta müqaviləsindən yaranan 3 illik iddia müddətini tətbiq edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, icbari sığorta müqaviləsi üzrə münasibətlər iddiaçı və cavabdeh arasında deyil, iddiaçı ilə sığortalı şəxs Baxış Cavadov arasında mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini icra etmiş, yəni ümumilikdə 5000 manat sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Göründüyü kimi, sığortalı B.Cavadov və Cavabdeh arasında isə zərərvurmadan (deliktdən) əmələ gələn öhdəlik münasibətləri meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, iddiaçı sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərərvurmadan (deliktdən) əmələ gələn öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə nəzərə alınmalı olan iddia müddətinin növünü düzgün müəyyən etməməklə yanaşı, iddia müddətini həm də əsassız olaraq tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Hazırkı iş materiallarından isə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə yalnız sonuncu – 29 sentyabr 2023-cü il tarixli iclasında Cavabdeh izahatına onun iddia müddətinin tətbiq edilməsi barədə şifahi tələb irəli sürməsini qeyd edərək, iddia müddətini tətbiq etmiş, bununla da, MM-in 375.2-ci maddəsinin də tələbini pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə nəzərə alınmalı olan iddia müddətinin növü düzgün müəyyən edilmədiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyindən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, 2020-ci ilin aprel ayında Bakı şəhəri, Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsus “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 13 mart 2020-ci il tarixindən 13 mart 2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktlarına əsasən, “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4100 manat məbləğində, “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 2380 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədlərindən göründüyü kimi, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 3163,58 manat məbləğində sığorta ödənişi X4 bank hesabına, 1836,42 manat məbləğində sığorta ödənişi isə X2 bank hesabına ödənilmişdir. Nərimanov rayon DYPŞ YNH inspektoru, polis baş leytenantı X7 tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verən zaman “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin sonradan həmin inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddətinin başa çatmasına görə xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, cavabdehin İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunsa da, sonradan inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, şəxsin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməsi onun həm də mülki qaydada yaranmış məsuliyyətinin aradan qalxmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İXM-in istinad olunan 332.4-cü maddəsi göndərici xarakterli norma olub İXM-in 332.2-ci maddəsindən irəli gəlir, həmin Məcəllənin 332.2-ci maddəsi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Cavabdehin barəsində İXM-in 332.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata digər əsaslarla deyil, məhz müddətin keçməsi əsası ilə xitam verilməsi isə sığorta hadisəsinin baş verdiyi vaxt həqiqətən də cavabdehin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını göstərir. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxslərə 1836,42 manat və 3163,58 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə Cavabdeh icra edilmiş 5000 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddiaçının subroqasiya hüququ cavabdehin icbari sığorta müqaviləsində göstərilən “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadığı halda yarana bilər. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi isə cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman həmin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, hətta bununla bağlı olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin sonradan həmin icraata müddətin keçməsi əsası ilə xitam verilmişdir. Qeyd edilənlər iddiaçının cavabdehə qarşı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun subroqasiya hüququnun yarandığını təsdiq edir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1836,42 manat və 3163,58 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(018)-730/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1836,42 manat və 3163,58 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-218/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-218/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver