Məhkəmə qərarları › İş №2(106)-224/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-224/2025

22.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-224/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X10 ibarət tərkibdə, Alıyev Zaməddin Fazil oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-1043/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və anası X6 birgə mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmiş, qərar əsasında JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş, şəhadətnamədə torpaq üzərində 98,4 kvadrat metr yaşayış sahəsinin olduğu göstərilmişdir. 10 iyun 2004-cü il tarixdə Saatlı rayonu, H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi 1 yaşayış otaqlı, ümumi sahəsi 29,25 kv.m olmaqla X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsində qeydiyyata əsas kimi Saatlı Rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamı göstərilmişdir. 11 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən Saatlı şəhəri, H.B.Zərdabi küçəsi 1285,2 kvadrat metr torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş bir mərtəbəli bir otaqlı ev Məmmədova Ticarət Əzizulla qızına on milyon manata satılmışdır. Bir gün sonra - 11 iyun 2004-cü il tarixdə satılmış mənzil 4 otaqlı, ümumi sahəsi 171 kvadrat metr olan yaşayış sahəsi kimi Ticarət Məmmədovanın adına qeydiyyata alınmışdır. 29 iyun 2004-cü il tarixdə Siyarə Feyziyeva ölmüşdür. Məmmədova Ticarət Əzizulla qızı 19 avqust 2004-cü il tarixdə sözügedən mənzili 1323,3 kvadrat metr sahədə yerləşən, 1961-ci ildə tikilmiş 4 otaqlı mənzil kimi X7 on doqquz milyon manata satmışdır. Tərbiyə Fətiyeva 27 dekabr 2021-ci ildə ölmüşdür. Hazırda mənzildə sonuncunun kürəkəni Cavabdeh (bundan sonra-cavabdeh) yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsindən iddiaçıya bildirilmişdir ki, JN 1237A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə dair hər hansı əməliyyat aparılması ilə bağlı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3333 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İş materiallarında adı çəkilən- "11 iyun 2004-cü il tarixli müqaviləyə əsasən X11 tərəfindən Məmmədova Ticarət Əzizulla qızına satılmış torpaq sahəsi və "Saatlı Rayon İHB-nın 12 aprel 2004-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən X8 ayrılan torpaq sahəsi həmçinin, JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi üzərində alqı-satqı, bağışlanma və həmin torpaq sahələrinə dair Hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mövcud arxiv materialları və elektron kadastr məlumat bazasında hər hansı bir əməliyyatın aparılması ilə əlaqədar məlumat aşkar olunmamışdır. Lakin iş materiallarında adı çəkilən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin arxivində mövcud olan JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evi eynidir. Yəni sözügedən JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilən X11 və Əliyev (Feyziyev) Mübariz Qəribağa oğlunun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.04 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür və ya eyni ərazidir. Həmin şəhadətnamənin koordiatinatları və digər texniki göstəricələri elektron kadastr məlmat bazasında mövcuddur. Sənəd üzrə və faktiki koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehin Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında ona və mərhum anasına məxsus 0.04 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında olmuş və yaxın vaxtlarda Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən cavabdehin istifadə etdiyini, fərdi yaşayış evinin isə satıldığını öyrənmişdir. Cavabdeh uzun müddətdir ki, qeyd etdiyi yaşayış evini və torpaq sahəsini istifadə edir. O, həmin yaşayış evi və torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdeh yaşayış evi və torpaq sahəsini qaytarmamış, qanunsuz istifadəsini davam etdirmişdir. Fərdi yaşayış evinin satılmasından məlumatı olmamış, onun razılığı olmadığı halda yaşayış evi alqı-satqı edilmiş, nəticədə mülkiyyət hüququ pozulmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, o və ailə üzvləri, həqiqətən də, iddiaçının iddia etdiyi ünvan 1 ünvanda 0.04 hektar torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Lakin həmin evi iddiaçının mərhum anası X11 11 iyun 2004-cü ildə Məmmədova Ticarət Əzulla qızına, sonuncu isə 19 avqust 2004-cü ildə onun qayınanası X2. Tərbiyə Fətiyeva həmin evi alqı-satqı etdikdən sonra yaşamağa yerləri olmadığından ona və ailə üzvlərinə istifadəyə vermişdir. Onun və ailə üzvlərinin torpaq sahəsinə və fərdi yaşayış evinə dair hər hansı sənədləri yoxdur. Saatlı Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(055)-1043/2022 saylı qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. . Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddia tələbi iki hissədən-torpaq sahəsindən çıxarma və fərdi yaşayış sahəsindən çıxarmadan ibarətdir. Mübahisəli yaşayış sahəsi X6 adına qeydiyyatdan keçəndən sonra iki dəfə alqı-satqının predmeti olmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi X11 ilə yanaşı iddiaçının da mülkiyyətidir. Həmin şəhadətnamə hazırda da qüvvədədir. Cavabdehin isə torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də, iddiaçının mülkiyyət hüququ qanunla nəzərdə tutulan qaydada qorunmalı, yəni iddia tələbi əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni fərdi yaşayış evindən çıxarma ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 493 saylı Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum anası X8 məxsus olmuş, sonuncu Saatlı rayon Dövlət Notariat Ofisində bağlanmış 11 iyun 2004-cü il tarixli, 4Ə-83 saylı alqı-satqı müqaviləsinə əsasən həmin evi Məmmədova Ticarət Əzulla qızına, Ticarət Məmmədova isə 19 avqust 2004-cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin qayınanası mərhum X2. İddiaçı həmin evdə mülkiyyətçi olmadığından və vərəsəlik əsasında mülkiyyət hüququ yaranmadığından onun da mübahisə predmeti olan ev üzərində hər hansı hüququ yoxdur. Beləliklə, hazırki iş üzrə iddiaçının sözügedən fərdi yaşayış evinə münasibətdə subyektiv hüququ olmadığından iddia təmin edilə bilməz. Həmçinin, iddiaçının subyektiv hüququ olmadığı halda cavabdehin sözügedən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmamasının da iş üçün əhəmiyyəti olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, birgə torpaq mülkiyyətçisi X11 və mübahisə predmeti olan fərdi yaşayış evini alan cavabdehin qayınanası X9 vəfat etdiyindən məhkəmə tərəfindən onların üçüncü şəxs qismində işə cəlb olunmasının qeyri mümkünlüyü nəzərə alınmışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 213.6-cı maddələri, Torpaq Məcəlləsinin 111-ci maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmə iddianı qisməm təmin etsə də, müvafiq JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisəli fərdi yaşayış evinin 98.4 kv.m olmaqla mülkiyyətində olması aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iddianı qismən təmin edərək iddianın fərdi yaşayış evi ilə bağlı hissəsini təmin etməmişdir. Halbuki həm torpaq sahəsi, həm də torpağın üzərində olan 98.4 kv.m. fərdi yaşayış evi onun və mərhum anası Feyziyeva Səyyarənin mülkiyyətində olmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(106)- 1340/2023 saylı qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən, və məruzəçi), Tofiq Heydərov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Saatlı Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandırmış və hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci maddələrinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi, yəni cavabdehin ünvan 2 ünvanındakı 0,04 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadəsinin dayandırılaraq həmin evdən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə alqı-satqı müqavilələrini əsas tutaraq iddianı qismən təmin etsə də, həmin müqavilələrdə göstərilmiş torpağın və üzərində olan fərdi yaşayış evinin ölçülərinin onların mülkiyyətində olan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin ölçüləri ilə heç bir halda üst-üstə düşmədiyini və fərqli ölçülərdə olmasını, müqavilələrin tarixləri ilə nömrələrinin düz gəlmədiyini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2511/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1340/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Həmin əmlak onun vəfat etmiş anasının mülki olmuşdur, alqı-satqı müqavilələri saxtadır, onun razılığı olmadan satıla bilməzdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ekspert rəyi ilə deyildir, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, iddianın rədd olunması hissəsində qətnamənin ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və yabilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş üzrə toplanmış sübutları, o cümlədən tərəflərin izahatlarını hərtərəfli araşdıraraq bu nəticəyə gəlmişdir ki, iddia tələbinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi hüquqi əsasdan məhrumdur və təmin edilə bilməz. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı artıq formalaşdırdığı hüquqi mövqeyinə istinadla bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). Qərarda qeyd olunur ki, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. İşi yenidən apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur : Məhkəmələr tərəfindən işin faktiki hallarının araşdırılmasında natamamlığa yol verilmiş, istinad olunan sübutlardakı uyğunsuzluqlara əhəmiyyət verməmişdir. Məhkəmələr Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında verilmiş və JN seriyalı, 1237A nömrəli şəhadətnamədə əks olunmuş 0,04 ha torpaq sahəsinin koordinatları ilə 11 iyun 2004-cü il tarixli müqavilədə göstərilən və sonradan sahəsi artan 1285,2 kvadrat metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi, ümumiyyətlə 1285,2 kvadrat metr torpaq sahəsinin hüquqi statusuna aydınlıq gətirilməmiş, 0,04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin həqiqətən də müqavilədə göstərilən fərdi yaşayış evi ilə eyni tikili olub-olmamasını müəyyənləşdirməmiş, bu ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamını və plan-cizgisini tələb etməmiş, mübahisəli ünvana yerində müayinə keçirməmişlər, xüsusi bilik tələb etdiyi halda ekspertiza təyin etməmiş, bu iki sahənin (Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında paylı mülkiyyətə ayrılan və Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamına əsasən iddiaçının anasına ayrılan) ayrı-ayrı yoxsa eyni torpaq sahələri və ya tikili olmasına aydınlıq gətirmədiyi halda, əsassız olaraq iddiaçının fərdi yaşayış evi üzərində subyektiv hüququnun olmaması qənaətinə gəlimişlər. İşə yenidən apellyasiya qaydasında baxılarkən yuxarıda göstərilən halların araşdırılması üçün ekspertiza təyin olunmuş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, "11 iyun 2004-cü il tarixli müqaviləyə əsasən X11 tərəfindən Məmmədova Ticarət Əzizulla qızına satılmış torpaq sahəsi və "Saatlı Rayon İHB-nın 12 aprel 2004-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən X8 ayrılan torpaq sahəsi həmçinin, JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi üzərində alqı-satqı, bağışlanma və həmin torpaq sahələrinə dair Hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mövcud arxiv materialları və elektron kadastr məlumat bazasında hər hansı bir əməliyyatın aparılması ilə əlaqədar məlumat aşkar olunmamışdır. Lakin iş materiallarında adı çəkilən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin arxivində mövcud olan JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evi eynidir. Yəni sözügedən JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilən X11 və Əliyev (Feyziyev) Mübariz Qəribağa oğlunun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.04 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür və ya eyni ərazidir. Həmin şəhadətnamənin koordiatinatları və digər texniki göstəricələri elektron kadastr məlmat bazasında mövcuddur. Sənəd üzrə və faktiki koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Ekspert rəyindən və iş materiallarından göründüyü kimi, İddiaçı və mərhum anası X6 birgə mülkiyyətinə 18 may 1998-ci il tarixli, 05 saylı qərarla 0,04 ha torpaq sahəsi verilmiş və bu barədə JN-1237A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunmuşdur. Həmin şəhadətnamənin koordinat göstəriciləri və texniki parametrləri ekspert rəyinə əlavə edilmiş plan və elektron kadastr bazasındakı məlumatlarla üst-üstə düşür. Beləliklə, torpaq sahəsi üzrə ilkin hüquqmüəyyənedici sənədin mövcudluğu və bu sənədin qüvvədə olması təsdiq edilmişdir. Lakin həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 11 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə X11 tərəfindən Məmmədova Ticarət Əzizulla qızına, sonuncu isə 19 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1. Hər iki əqdin notariat qaydasında bağlandığı, dövlət qeydiyyatına alındığı və alıcılara mülkiyyət hüququnun keçdiyi iş materiallarından aydın olur. X4 ölümündən sonra mübahisəli evdə onun ailə üzvlərinin, o cümlədən cavabdeh (kürəkəni) Cavabdeh yaşadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki tikili hüquqi baxımdan fərqli mülkiyyət obyektləridir. Hazırki işdə ekspert rəyi torpaq sahəsinin eyniliyini təsdiqləsə də, bu, alqı-satqı müqavilələrinin hüquqi nəticələrini ləğv etmir. Belə ki, iddiaçı tərəfindən isə bu əqdlərin etibarsızlığı barədə tələb irəli sürməmiş, iddiaçının subyektiv marağı cavabdehin fərdi yaşayış evindən çıxarılmasına yönəlmişdir. Bundan əlavə, torpaq və fərdi yaşayış evi üzrə dövlət reyestrində hər hansı alqı-satqı əməliyyatının qeydiyyatı barədə məlumat mövcud olmasa da, bu hal alıcıların faktiki mülkiyyətini şübhə altına almır. Məhkəmə kollegiyası bu məsələdə Mülki Prosessual Məcəllənin 77-ci maddəsində nəzərdə tutulan “sübutların qiymətləndirilməsi” prinsipi, eyni zamanda hüquqi müəyyənlik və etimad prinsipini rəhbər tutur. Həmin prinsipə görə, hüquq münasibətlərinin sabitliyi və iştirakçıların qanuni etimadının qorunması məhkəmə müdaxiləsi üçün əsas amildir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçının anası X3 əmlakın mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olmuş, 10 iyun 2004-cü il tarixdə Saatlı rayonu, H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi 1 yaşayış otaqlı, ümumi sahəsi 29,25 kv.m olmaqla X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi Mülki Məcəllənin 140-ci maddəsi reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur və hər bir halda qanunverci daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını bunu iddia edənin sübut etməsi ilə əlaqələndirir. Digər tərəfdən, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri təşkil edir və həmin maddənin tələbləri mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası latınca “vimdecere”sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir və mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur. Göstərilənlərlə yanaşı, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 54, 55, 56-cı bəndlərində qeyd olunur ki,...o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. İddiaçının mübahisə predmeti olan fərdi yaşayış evi hazırda onun hüquqi mülkiyyətində olmadığından, iş üzrə alqı-satqı müqavilələrinin qüvvədə olması və bağlayıcı hüquqi nəticə doğurması nəzərə alınmaqla, hazırkı halda cavabdehdən həmin evdən çıxarılmasını tələbinin təmin edilməsini mümkünsüz edir. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək səlahiyyətlərini həyata keçirmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür (Mülki Məcəllənin 152.1-ci maddəsi). İddiaçı təqdim etdiyi sənədlər və sübutlar yalnız onun torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnu təsdiqləyir, lakin həmin torpaq üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqi mülkiyyət və ya vərəsəlik əsasında keçmiş hər hansı mülkiyyət hüququnu təsdiqləmir. Birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun mövcud olmaması barədə gəldiyi qənaət ilə Məhkəmə kollegiyası razılaşmır. Belə ki, iddiaçının subyektiv hüququ ilkin mərhələdə — torpaq və onun üzərindəki tikili birgə mülkiyyətə verildiyi zaman mövcud olmuşdur. Lakin sonradan bağlanmış alqı-satqı müqavilələri hüquqi qüvvəyə malik olmaqla, həmin əmlakın mülkiyyət hüququnu üçüncü şəxslərə keçirmişdir. Başqa sözlə, iddiaçının subyektiv hüququ itirilməmiş, sadəcə, mülkiyyətin keçirilməsi üzrə əqdlərin bağlanması nəticəsində hüquqi predmetini dəyişmiş və faktiki qüvvəsini itirmişdir. Mülki Məcəllənin tələblərinə əsasən hüquqi qüvvədə olan əqdlər tərəflər üçün bağlayıcıdır. İddiaçı bu müqavilələrin etibarsızlığı barədə ayrıca iddia irəli sürmədiyindən, həmin əqdlər qüvvədə qalmaqla mülkiyyətin keçməsi faktını təsdiqləyir. Bu səbəbdən iddiaçının hazırkı mərhələdə həmin əmlaka dair subyektiv hüququ hüquqi müdafiə predmetinə çevrilə bilməz. Eyni zamanda, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq hər bir tərəf iddia və etirazlarını sübut etməlidir. İddiaçı tərəfindən fərdi yaşayış evinin onun mülkiyyətinə daxil olduğunu sübut edən əlavə sənədlər təqdim edilmədiyindən, onun tələbi sübut olunmamış hesab edilir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onlan subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı) Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-1043/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə — yəni fərdi yaşayış evindən çıxarılma - hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən xərclər aşağıdakı qaydada iddiaçıya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 10/3333 saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-1043/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 10/3333 saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar