Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4764/2025 04.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızının və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızına qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızına qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızının onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X5 iş üzrə cavabdeh olan Cavabdeh ilə 22 sentyabr 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Nikah Zaqatala rayonu, Mazıx ərazi nümayəndiliyi tərəfindən qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)- 1049/2023 saylı qətnaməsinə əsasən, X5 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh hal-hazırda Zaqatala rayonu, Qəbizdərə kəndində qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən hazırki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında, 0.03 ha torpaq sahəsində yerləşən, sahəsi 86.7 kv.m olan fərdi yaşayış evi, qeyd edilən torpaq sahəsi ilə birlikdə İddiaçı xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır. İddiaçı tərəfindən sozügedən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edildikdən sonra oğlu X5 2017-ci ildə işlə bağlı ailəsi ilə birlikdə Xırdalan şəhərinə köçmüş və anası İddiaçı məxsus sözügedən fərdi yaşayış evinə köçmüşdür. X3, nə də ki Cavabdeh sözügedən fərdi yaşayış evində qeydiyyatda deyillər. X5 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh nikaha xitam verilməsinə və İddiaçı ailə üzvü olmadığına baxmayaraq, keçmiş qaynanasına məxsus sözügedən fərdi yaşayış evində qeydiyyatda olmasa da belə, yaşamağa davam edir. İddiaçı keçmiş gəlini Cavabdeh xüsusi mülkiyyətində olan fərdi aşayış evində yaşadığına görə əmlakından tam isitifadə edə bilmir, bir sözlə cavabdehin ona məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşaması iddiaçı tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir. İddiaçı tərəfindən evdən çıxması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh sərt münasibət nümayiş etdirmiş və müraciətlərin nəticəsi olmamışdır. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızı və onun vəkili-nümayəndəsi Nümayəndə iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Onlar bildirdilər ki, sözügedən fərdi yaşayış evi iddiaçının oğlu ilə cavabdehin birgə nikahları dövründə onların vəsaiti hesabına inşa edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsi, 24 nömrəli ev və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2015-ci il tarixli 920 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-1049/2023 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə Tosova (Məmmədova) Zümrüd Yusif qızı arasında Zaqatala rayonu Mazıx ərazi nümayəndəliyində bağlanmış xx.xx.2005-ci il tarixli, 08 saylı nikah pozulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev və torpaq sahəsi xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının oğlu Əli Tosovla xx.xx.2005-ci il tarixdə nikaha girmiş, 2015-ci ildən sonra mübahisəli evə köçmüşdür. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Tosova (Məmmədova) Zümrüd Yusif qızının onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2015-ci ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, Cavabdeh uzun müddət mübahisəli evdə yaşasa da, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onunla evin mülkiyyətçisi İddiaçı arasında notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. İşdən, həmçinin görünür ki, Cavabdeh iddiaçının oğlu ilə nikahı pozulmuşdur və o, mübahisəli evdə yaşamaqda davam edir. Bundan başqa, mübahisəli əmlakla bağlı tərəflər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin iddiaçının oğlu Əli Tosovla əvvəllər nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər». Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyrimümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev və torpaq sahəsi hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Tosova (Məmmədova) Zümrüd Yusif qızı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Tosova (Məmmədova) Zümrüd Yusif qızından tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tosova (Məmmədova) Zümrüd Yusif qızı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın və həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Tosova (Məmmədova) Zümrüd Yusif qızından tutulub İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4764/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4764/2025
04.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver