Məhkəmə qərarları › İş №2(106)-226/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-226/2023

26.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-226/2023 26.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə və X4 İdarəsinə qarşı aktın ləğvi və borcun silinməsi tələbinə dair mülki işi üzrə Lənkəran Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(049)1235/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə və X4 İdarəsinə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 918 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onların ünvan 1 ünvanda yerləşən yerləşən eviləri elektrik enerjisi ilə təmin olunmuş və onlar da hamı kimi istifadə etdiyini enerjinin dəyərini həmişə vaxtında ödəmişlər. 2018-ci ilin avqust ayında tanımadığı 3 nəfər şəxs özlərini Azərişığın əməkdaşları kimi təqdim edərək sayğaca baxış keçirməli olduqlarını, buna səbəb kimi isə sayğacın köhnəldiyini və dəyişilməli olduğunu bildirmişlər. O, da etiraz etməyib köhnə sayğacın yenisi ilə əvəz edilməsinə razılıq bildirmiş və sayğac həmin əməkdaşlar tərəfindən dəyişdiriləndən sonra akt tərtib edərək ona imzalatdırmışlar. Aktda hər şeyin qeyd edilmədiyini görəndə isə bu barədə soruşmuş və ona bildirmişlər ki, aktı idarədə tamamlayacaqlar, yeni sayğacın məlumatlarını əlavə edəcəklər. O, da idarə əməkdaşlarına inanaraq akta imza etmişdir. Növbəti ay nəzarətçi ona sayğac qəbzini verəndə onun adına 918 manat cərimə yazıldığını görmüş və bundan sonra işıq idarəsinə müraciət edərək həmin aktın suraətinin ona verilməsini və həmin cərimə məbləğinin nəyə görə yazılması ilə maraqlanmışdır. Bundan sonra ona məlum olmuşdur ki, onu aldadıb aktı imzalatdırandan sonra həmin şəxslər aktı onun iştirakı olmadan əlavələr etməklə guya kənar xəttdən istifadə etməyinin müəyyən olunması qeyd etmişlər. Bunun yalan olduğunu bir neçə dəfə idarəyə gedib bildirməklə həmin cərimə məbləğinin silinməsini xahiş etsə də idarə tərəfindən aktı özləri ləğv edə bilmədikləri üçün cəriməni də silə bilmədiklərini bildirdiklərindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddianı müdafiə edib, oxşar məzmunda izahat verərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 bildirmişdir ki, 16 avqust 2018-ci il tarixdə "xxxx" ASC-nin Cənub RETS idarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən abonent İddiaçı məxsus sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın sxemindən kənar xətt çəkilərək sayğasın avtomatına birləşdirilmişdir. Həmin xətt çəkilərkən sayğacın fazasının izolyasiyasını pozmuşdur. Belə ki, həmin abonentə məxsus 03638041 nömrəli sayğaca birləşdirilmiş kənar xətt ləğv edilmiş və izolyasiyası pozulmuş xətt yenisi ilə əvəz edilməklə sayğac özü də dəyişdirilmişdir. Bu da qanunsuz olduğundan bu barədə NDQ 004701 saylı akt tərtib edilmiş və həmin akt əsasında 918 manat cərimə hesablanmışdır. İddiaçının məhkəmə iclası zamanı qeyd etdiyi sözlər, yəni boş akta ona imza etdikləri həqiqəti əsk etdirmir. İdarə əməkdaşları tərəfindən həmin halın baş verməsi inandırıcı deyildir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(049)1235/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 16 avqust 2018-ci il tarixli NDQ seriyalı 004701 saylı nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 918 manat borcun silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti verərək ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının (EEİQ)-nın 8.33-cü bəndini tətbiq edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, qeyd edilən normadan da görünür ki, abonent tərəfindən pozuntuya yol verildiyi halda enerji təchizatı müəssisəsi onun barəsində akt tərtib edir. Həmçinin abonentin özünün də aktı imzalaması onun həmin pozuntunu törətdiyini qəbul etməsi anlamına gəldiyi üçün hal şahidlərinin olmaması aktın etibarsız sayılması üçün əsas ola bilməz. Digər tərəfdən həmin qaydaların 9.1-ci maddəsi də abonentin məsuliyyətini əhatə etməklə onun "elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə" əsaslanır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Tərəflərindən təqdim edilmiş sübutlar əsasında EEİQ-nın tələblərinin pozulması, elektrik enerjisinin oğurlanması, talanması faktlarını nəzərə alınmadan, yalnız hal şahidlərinin akta imza etməməsini əsas götürməklə səhv nəticəyə gəlməklə ədalətsiz qətnamə çıxarmaqla, bu cür neqativ əməllərlə məşğul olan digər abonentlər üçün də presedent yaratmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş və 23 və 24 yanvar 2023-cü il tarixlərində teleqramla məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(049)1235/2022 saylı qətnaməsinin qüvvədə qalmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin nümayəndəsinin və iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan "xxxx" ASC-nin, Cənub RETS idarəsinin əməkdaşları tərəfindən 16 avqust 2018-ci il tarixdə tərtib olunmuş NDQ seriyalı 004701 saylı aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda abunə kodu **********31049 olan istehlakçı İddiaçı evində sayğaca baxış zamanı müəyyən olunmuşdur ki, sayğac sxemindən xənar xətt var, kənar xətt sayğacın quraşdırıldığı xüsusi qutuda sayğacın giriş faza xəttinin izolyasiyasını pozaraq çəkilmiş, həmin kənar xətt sayğacın çıxış faza xətti üzrində quraşdırılmış avtomatın girişinə birləşdirilmişdir. Sayğacın çıxış faza xətti isə avtomatın girişindən ayrılmışdır. Ölçmə zamanı kənar xəttdən axan yük Tkən -17.7 A, Pkən=3.9 kvt (üç tam onda doqquz), Psay=0 kvt (sıfır). Qoyulmuş yük qidalandırıcı kabel xəttinə görə (S=2 k/6mm2 AL), Ppay =13.2mt təşkil edir. Akt tərtib edilərkən Azərişıq ASC-nin əməkdaşları B.Abdullayev, A.Məmmədov, A.Rəsulov tərəfindən imzalanmış, lakin aktın tərtibində hal şahidləri iştirak etməmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Həmin Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydalarının” 8.33 bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə təqdim edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin iştirakı təmin edilməmiş və bununla da Qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Buna görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 16 avqust 2018-ci il tarixdə tərtib olunmuş NDM seriyalı 004701 saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanda abunə kodu **********31049 olan istehlakçı İddiaçı evində sayğaca baxış zamanı sayğac sxemindən xənar xəttin olması müəyyən edilmiş və buna görə də, NDQ seriyalı 004701 saylı akt tərtib edilmiş və həmin akt əsasında abonentə 918 manat cərimə hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16 avqust 2021-ci il tarixli NDQ seriyalı 004701 saylı aktın ləğv edilməsini xahiş etmişdir. İşin bu cür halında mübahisələndirilən protokolların qanuna müvafiq surətdə tərtib olunduğunu sübut etmək vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə düşür. İş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən 16 avqust 2018-ci il tarixdə təsdiq olunmuş məişət abonenti (əhali) istehlakçılar qrupuna aid olan NDQ seriyalı 004701 saylı aktdan görünür ki, abonentin, yəni hazırki iş üzrə İddiaçı evində quraşdırılmış elektrik sayğacına baxış keçirilməsində yalnız cavabdehin nümayəndələri iştirak edərək protokola da həmin şəxslər imza etmişlər. Həmin vaxt orada işin nəticəsi ilə maraqlı olmayan başqa şəxslər iştirak etməmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya işin müəyyən olunan hallarını sadananan qanunvericilik aktı normaları baxımından təhlil edərək belə nəticəyə gəlir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, buna görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(049)1235/2022 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar