Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2263/2022 06.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında 06 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları: İddiaçı cavabdeh «Azərsu" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2017-2019 və 2020-ci ilin iyul ayınadək hesablanmış su sərfiyyatına görə qanunsuz olaraq ondan tələb olunan 147,45 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır və məcburi köçkündür. xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən evində su sayğacı quraşdırılmışdır. Lakin, ona "xxxx" ASC-nin 5 nömrəli Regional Sukanal idarəsinin X9 tərəfindən təqdim edilmiş "X10-dan məlum olmuşdur ki, sudan istifadəyə görə 2017-2018-ci ilin sonunadək 75.25 manat, 2019-cu ilin sonunadək 50.70 manat, 2020-ci ilin yanvar ayından iyul ayınadək 21.50 manat olmaqla 147.45 manat qalıq borcu olmuşdur. Halbuki, su sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmasına baxmayaraq abonent kartında 2017-2018-2019 və 2020-ci ilin iyul ayınadək olan dövr üçün su sərfiyyatının 147,45 manat borc qeyd olunması heç bir məntiqə sığmır, su sayğacı olmadığı halda su sərfiyyatına görə 147,45 manat borc əsassız hesablanmışdır. Həmin yaşayış evində ümumiyyətlə içməli su xətti çəkilməmiş, su sayğacı quraşdırılmamışdır. Yenə də evdə su xətti olmadığı halda yuxarıda qeyd olunan dövrlər üçün su sərfiyyatı qeyd edilmişdir. Qeyd olunanlara əsasen iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, borc yazılan dövrdə onun evində su sayğacı olmayıb və o, suyu öz vəsaiti hesabına gətirərək istifadə etmiş və buna baxmayaraq su sərfiyyatına 147,45 manat borc əsassız hesablanmışdır. Cavabdeh ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsi ilə (Hakim: Y.Həşimov), iddia tələbinin təmin olunması, İddiaçı yaşadığı ünvan 3 ünvanında Cavabdeh ASC tərəfindən 2017-2019 və 2020-ci ilin avqust ayınadək su sərfiyyatına görə qanunsuz olaraq hesablanmış 147,45 manat məbləğində borcun silinməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 560.1, 560.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh ASC-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi və dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh ASC-nin nümayəndəsi X7 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi və dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. X6 Məhkəməsinə ərizə ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsini qüvvədə saxlanmasını xahiş etmişdir. Odur ki, MPM-nin 376.2ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə cavabdehlərin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya vəəxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 -ci maddəsinin tələbinə görəöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanlarıvə məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Füzuli rayon İHB-nin Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 952 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2017 və 2018-ci illərdə içməli su xətti olmamışdır. xx.xx.2022-ci il tarixli X10ndan görünür ki, Füzuli rayonu, Horadiz şəhərində yaşayan İddiaçı 2017-2019 və 2020-ci ilin avqust ayına qədər, yəni su sayğaçı quraşdırılanadək 3 nəfər ailə üzvünə görə cəmi 147.45 manat borc hesablanmışdır. Göründüyü kimi, İddiaçı evində su xətti olmadığı halda cavabdeh təşkilat tərəfindən əsassız olaraq sudan istifadəyə görə 147,45 manat borc hesablanmışdır. Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarının 7.4-cü bəndində deyilir ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində su techizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyəta keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı göstərmişdir ki, su sayğacı olmayan evələrə suyun verilməsi su maşınları ilə çatdırılmış və bu barədə müvafiq talonlara qeyd aparılmış, sonra isə ailə üzvlərinin sayı nəzərə alınmaqla su sərfiyyatına görə ödənilməli olan pul vəsaiti hesablanmışdır. Göründüyü kimi cavabdehin nümayəndəsi təsdiq edir ki, həqiqətən Füzuli rayonu, Horadiz şəhərində heçdə bütün əhalinin su sayğacları mövcud olmamışdır. Bu isə ona əsas verir ki, iddiaçı iddiasında qeyd etdiyi kimi onun yaşadığı evə su xətdi çəkilmədiyi halda qanunsuz olaraq sudan istifadəyə görə borc hesablanmışdır. Belə olan halda cavabdeh sübut etməlidir ki, həqiqətən ünvan 3 ünvanını su ilə təmin etmişdir. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nədə apellyasiya icraatı zamanı bu halın təsdiqi barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəmsəinin “Beləliklə İddiaçı Cavabdeh ASCyə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsaslı olduğundan və sübut olunduğundan təmin edilməli, İddiaçı yaşadığı ünvan 3 ünvanında Cavabdeh ASC tərəfindən 2017-2019 və 2020-ci ilin avqust ayınadək su sərfiyyatına görə qanunsuz olaraq hesablanmış 147,45 manat məbləğində borc silinməlidir” qənaətinə gəlməsi qanuni və əsaslı hesab edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqni tapmayan formal mülahizədən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(064)950/2022 saylı qətnaməsi Cavabdeh ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2263/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2263/2022
06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver