Məhkəmə qərarları › İş №2(106)-2264/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2264/2022

07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2264/2022 07.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)- 952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun fərdi yaşayış evinə su sayğacının quraşdırılmasından əvvəlki dövr üçün, yəni 2017-ci ildən 2020-ci ilin iyun ayınadək hesablanmış su sərfiyyatına görə cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən qanunsuz olaraq ondan tələb olunan 182,7 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və məcburi köçkündür. xx.xx.2020-ci il tarixində yaşadığı evə su sayğacı quraşdırılmışdır. Lakin iddiaçıya təqdim edilmiş “Ətraflı abonent kartı”ndan məlum olmuşdur ki, sudan istifadəyə görə 2017-2018-ci ilin sonunadək 133,5 manat, 2019-cu ilin sonunadək 36 manat, 2020-ci ilin mart ayından iyun ayınadək 13,2 manat olmaqla, cəmi 182,7 manat qalıq borc hesablanmışdır. Su sayğacının xx.xx.2020-ci il tarixində quraşdırılmasına baxmayaraq, “abonent kart”ında 2017, 2018, 2019-ci illər və 2020-ci ilin iyun ayınadək olan dövr üçün su sərfiyyatının 182,7 manat borcun qeyd olunması heç bir məntiqə sığmır, su sayğacı olmadığı halda, su sərfiyyatına görə 182,7 manat borc əsassız hesablanmışdır. Yəni, həmin yaşayış evində, ümumiyyətlə, içməli su xətti çəkilməmiş, su sayğacı quraşdırılmamışdır. Bundan başqa, qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilməlidir. Lakin abonent kartından görünür ki, qeyd olunan yaşayış evində qeydiyyatda olan şəxslərin sayı göstərilməmiş və say göstərilmədiyi halda belə iddiaçıya su sərfiyyatına görə borc hesablanmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia təmin olunmuş, İddiaçı yaşadığı ünvan 1 ünvanında Cavabdeh ASC tərəfindən 2017-2019 və 2020-ci ilin iyun ayınadək əsassız hesablanmış 182,7 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və 15 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərin dəyəri mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə hesablanmış və nəticədə iddiaçının 182,7 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən iş üzrə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu və 61.2-ci maddələri, eləcə də, “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü və 7.4-cü bəndinin tələbləri, həmçinin, Tarif Şurasının “Cavabdeh ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” xx.xx.2011-ci il tarixli Qərarının normaları tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. İstehlakçıya verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli olan vəsaitin məbləği suölçən cihazın göstəricisinə uyğun və ya hesablama yolu ilə müəyyən edilir. İş üzrə də mübahisəli borc mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə hesablanmış borc məbləğidir. Yaranmış borc iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi borc məbləğidir. Qeyd olunan faktlar öz təsdiqini məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də tapmışdır. Məhkəmə iş üzrə bu faktları araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. İddiaçı evdə yaşamayacağı üçün xidmətlərə görə hesabatın dayandırılması barədə 4 iş günü ərzində ərizə ilə müraciət etməlidir. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış, nəticədə maddi hüquq normaları pozulmuşdur. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, o bildirdi ki, iddiaçının yaşadığı evə su sayğacı quraşdırılmamasına baxmayaraq, borcun hesablandığı dövrlərdə həmin evə su xətti mövcud olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Füzuli Rayon Məhkəməsinin 2(064)-952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 2(064)-952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir), istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı Qərarının 7.4-cü bəndində deyilir ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçının yaşadığı evdə su sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. İşdəki Füzuli RİHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Horadiz şəhəri, Q.Namazəliyev küçəsi, ev 8-də yaşayır. Məcburi köçkündür. İşdəki Füzuli RİHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan Horadiz şəhəri, Q.Namazəliyev küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində 2017 və 2018-ci illərdə içməli su xətti olmamışdır. 2019-cu ilin dekabr ayında Horadiz şəhərində içməli suyun çəkilməsi ilə onun adına su sayğacı qoyulmuş və su xətti çəkilmişdir. İşdəki Füzuli RİHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda yaşadığı Q.Namazəliyev küçəsi, ev 8 ünvanında kanalizasiya xətti yoxdur və olmamışdır. Cavabdehin apellyasiya şikayətindən, həmçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, cavabdeh iddiaçının yaşadığı evə su sayğacının quraşdırılmamasına baxmayaraq, iddiaçıya su və kanalizasiya xidmətləri göstərmiş, həmin xidmətlərin dəyərini isə mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablamış və bununla da, iddiaçının 182,7 manat borcu yaranmışdır. Cavabdeh istinad etdiyi bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Bununla yanaşı, işdəki Füzuli RİHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışlarından görünür ki, iddiaçının yaşadığı evdə hal-hazırda da kanalizasiya xətti yoxdur və borcun hesablandığı 2018-2019-cu illərdə isə içməli su xətti də olmamışdır. İşdəki abonent İddiaçı məxsus abonent kartı məlumatlarından görünür ki, 2018-ci il üzrə 133,5 manat, 2019-cu il üzrə 36 manat, 2020-ci ilin iyun ayınadək isə 13,2 manat borc hesablanmışdır. Beləliklə, İddiaçı evində su xətti olmadığı halda cavabdeh müəssisə tərəfindən əsassız olaraq sudan istifadəyə görə həmin illər üzrə cəmi 182,7 manat borc hesablanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra bilmiş, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının silinməsini tələb etdiyi borcun əsassız olması faktı təsdiq olunduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 182,7 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-952/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar