Məhkəmə qərarları › İş №2(106)-229/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-229/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-229/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X7 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)1760/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə lizinqə verilmiş 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobilin müvəqqəti sahiblik və istifadəsinə görə xx.xx.2023-cü il tarixə hesablanmış 1162.09 manat əsas borc, 734.04 manat mükafat və 618.01 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 6644 manat məbləğində maddi zərərin Cavabdeh tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)1760/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi (X12) ilə, iddia tələbinin qismən təmin olunması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış (xx.xx.2022-ci il tarixli ALY 1037 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi ilə) xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1162.09 (min bir yüz altmış iki) manat əsas borc, 734.04 (yeddi yüz otuz dörd) manat mükafat və 50 (əlli) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 111.59 ( yüz on bir) manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 424, 747, 748-1, 750, 748-6, 748-7, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinə uğun şəkildə və Məcəlləyə zidd olmayan azad surətdə tərəflərin iradə ifadəsi ilə bağlanmışdır. Cabadeh müqavilənin Mülki Məcəlləyə uyğunsuzluğu, hər hansı bəndin etibarsız hesab edilməsi ilə bağlı heç bir iddia qaldırmamış, məhkəmə prosesində müqavilələrin şərtləri ilə bağlı etiraz irəli sürməmişdir. Həm Həmçinin Məhkəmə mövcud qətnamədə də müqavilələrin hər hansı bir bəndinin Mülki Məcəllə ilə ziddiyət təşkil etdiyini qeyd etməmişdir. Bununla da, müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi tam sübuta yetirilmişdir. Bu hal işin mübahizəsiz halıdır. Həmçinin cavabdeh məhkəmə prosesində iştirak etməmiş və lizinq obyektinə ziyan vurmadığı barədə iddiaya etirazını bildirməmişdir. Məhkəmənin prosesinin vaxdı barədə məhkəmə bildirişindən əlavə tərəfimizdən cavabdehə dəfələrlə işin məhkəmənin icraatında olduğu bildirilmiş, şirkətə dəvət olunaraq razılaşmanın əldə olunması üçün təkliflər edilmişdir. Cavabdeh təkliflə şifahi olaraq razılaşsa da sonradan qeyd edilən mübahisə ilə bağlı tərəflər arasında heç bir razılıq imzalanmamışdır. Məh Birinci instansiya məhkəməsi Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərəflər arasında tərtib olunmuş müqavilənin bəndlərini nəzərə almadığı üçün sonda yalnış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 748-1.8-ci, 748-7.1-ci maddələrini və “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci, 4.4.2-ci, 5.1-ci, 10.5-ci bəndlərinin tələbini nəzərə almamışdır. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir. Bununla da, İmişli Rayon Məhkəməsi avtomobilə dəymiş zərəri təmin etməməklə yalnış nəticəyə gəlmişdir.. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı MMC İmişli Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2(036)-1760/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2(036)- 1760/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyini təmin etmək məqsədi ilə iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)1760/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə əsasən Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 465.2-ci maddəsinin əsasən görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh iddianın təmin olunan hissəsi ilə razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən yalnız İddiaçı MMC iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı MMC-nin apelyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)1760/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini, tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı MMC İmişli Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2(036)-1760/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi yəni lizinq müqaviləsninin ləğv edilməsi və iizinq müqaviləsi üzrə borcun tutulması hissəsində düzgün nəticəyə gəlsə də, lizinqdə olan avtomobilə dəyən maddi zərərin təmin edilməməsi hissəsində işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə iddianın maddi zərər hissəsində gəldiyi nəticənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan Lizinq verən İddiaçı MMC ilə Lizinq alan X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsinin surətinə əsasən 20050,0 manat dəyərində «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 3000,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 48 ay müddətində illik 15 faizlə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 4.1.1-ci maddəsinə əsasən Lizinq alan bu müqavilə ilə müəyyən edilmiş şərtlərə riayət edərək Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə hüququ əldə edir. Müqavilənin 4.4.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektinin lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq öz vəsaiti hesabına lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamalıdır. Müqavilənin 9.1.4-cü maddəsinə əsasən Lizinq alan Lizinq ödənişlərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə ən azı 2 dəfə ardıcıl olaraq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə bu müqavilə Lizinq verənin təşəbbüsü ilə ləğv edilə bilər. İşdə olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktının surətinə əsasən Lizinq alan X1 verən İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ALY 1037 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətinə əsasən Lizinq verən İddiaçı MMC ilə Lizinq alan X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsi üzrə Lizinq alanın İddiaçı MMC qarşısındakı öhdəlikləri tam həcmdə Öhdəlikləri qəbul edən Cavabdeh ötürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli ALY 1037 nömrəli Müqaviləyə 3 saylı Əlavəyə (Lizinq ödənişlərinin qrafiki) əsasən Lizinq alan Cavabdeh xx.xx.2022-ci il tarixdə 3000,0 manat ödədikdən sonra xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 474,51 manat məbləğində lizinq haqqını ödəyərək 48 ay müddətində Lizinq verənə 20050,0 manat əsas və 5727,0 manat mükafat, cəmi 25777,0 ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktının surətinə əsasən Lizinq alan Cavabdeh Lizinq verən İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexia SX» markalı **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli Aktın surətinə əsasən «Chevrolet Nexia SX» markalı 77- PU-723 dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş vəziyyətdə ( sağ və sol güzgülər sınmış, sağ və sol faralar sınmış, sağ və sol qanadlar, kapot əzilmiş, duman faralar yoxdur və s.) evakuatorla gətirilərək İddiaçı MMC-ə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Aktın surətinə əsasən "xxxx" MMC servis mərkəzində texniki baxış zamanı «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyat hissələri 4394,0 manat, görülən işlər isə 2250,0 manat məbləğində müəyyən edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 585 saylı arayışa əsasən xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə olan əsas borcu 1162.09 manat, mükafat üzrə 734.04 manat, cərimə 618.01 manat, cəmi 2514.14 manat təşkil edir. İş materiallarında olan apelyasiya icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, . «Chevrolet Nexia» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 tərəfindən İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan apelyasiya icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında qərardan görünür ki, . «Chevrolet Nexia» markalı **- PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. İş materiallarında olan X4 tərəfindən Binəqədi RPŞ-də yazılmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə 02:20 radələrində etibarnamə əsasında idarə etdiyi «Chevrolet Nexia» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli nəqliyyat vasitələrinin hərəkət zolağı ilə hərəkət edən toyota markalı nəqliyyat vasitəsi ilə toqquşduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, İddiaçı MMC ilə Lizinq alan X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsinin surətinə əsasən 20050,0 manat dəyərində «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 3000,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 48 ay müddətində illik 15 faizlə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə 3000,0 manat ödədikdən sonra xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 474,51 manat məbləğində lizinq haqqını ödəyərək 48 ay müddətində Lizinq verənə 20050,0 manat əsas və 5727,0 manat mükafat, cəmi 25777,0 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər düzgün icra edilmədiyindən iddia tərəfi 1162.09 manat əsas borcun, 734.04 manat mükafat və 618.01 manat dəbbə pulunun və lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 6644 manat məbləğində maddi zərərin Cavabdeh tutularaq cəmiyyətin xeyrinə ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfdən iddiaya qarşı şifahi və ya yazılı formada hər hansı etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər İddiaçı MMC ilə Lizinq alan X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı Daxili Lizinq müqaviləsindən əmələ gəlmiş və Mülki Məcəllənin 386-cı maddəsinə əsasən tərəflərin həmin müqavilələrdən irəli gələn öhdəlikləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinin mənasına görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh lizinq müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, lizinqə götürmüş olduğu Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi ilə bağlı razılaşdırılmış pul vəsaitini İddiaçı MMC-yə müqavilə üzrə müəyyən edilmiş vaxtda ödəməmiş və nəqliyyat vasitəsinin lizinqə verilməsi barədə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmış, həmçinin lizinq obyekti olan avtomobili qanunsuz olaraq kənar şəxsin istifadəsinə vermiş, həmin şəxs isə yol hərəkəti qaydalarını pozmaqla qəza törətmiş və avtomobilə maddi zərər dəymişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, məhkəmə Mülki Məcəllənin 748- 1.8-ci, 748-7.1-ci maddələrini və “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci, 4.4.2-ci, 5.1-ci, 10.5-ci bəndlərinin tələbini nəzərə almamışdır. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir. Buna görə də iddiaçı iddia tələbinin tam təmin edilməsini, yəni lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 6644 manat məbləğində maddi zərərin də Cavabdeh tutularaq cəmiyyətin xeyrinə ödənilməsi xahiş edir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin apelyasiya baxışı zamanı əldə edilmiş sənədlərdən müəyyən edilir ki, X4 etibarnamə əsasında idarə etdiyi və hazırkı lizinq müqaviləsinin obyekti olan «Chevrolet Nexia» markalı **- PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2-ci maddəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsində nəqliyyat vasitəsinin dəymiş ziyanın mülki hüquq pozuntusu ilə bağlı olub-olmadığının müəyyən edilməsinin mümkün olmadığını qeyd etsə də, yuxarıda qeyd edilən sübutlarla məhz baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə ziyan dəydiyi açıq-aşkar görünür. İddiaçı iddia tələbində vurulmuş ziyanın əvəzi qismində lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 6644 manat məbləğində maddi zərərin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli Aktın surətinə əsasən "xxxx" MMC servis mərkəzində texniki baxış zamanı «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyat hissələri 4394,0 manat, görülən işlər isə 2250,0 manat məbləğində müəyyən edilmişdir. Ona görə də Aktda "xxxx" MMC servis mərkəzində texniki baxış zamanı «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyat hissələri məbləği kimi göstərilmiş 4394,0 manatın, görülən işlərə görə göstərilmiş 2250,0 manat müəyyən edilmişdir. Kollegiya «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024cü il tarixli, 9/882 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2021-ci il buraxılışlı, «Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir, o cümlədən

1. Dəyişilməli olan hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6484,00 manat, o cümlədən -dəyişdirilməli hissələrin qiyməti-4434,00 manat -təmir-bərpa işlərinin qiyməti-2250,0 manat

2. Dəyişilməli olan hissələrin qiyməti aşınma tətbiq edilməklə 6336,00 manat, o cümlədən -dəyişdirilməli hissələrin qiyməti-4086,00 manat -təmir-bərpa işlərinin qiyməti-2250,0 manat Kollegiya hesab edir ki, nəqliyyat vasitəsinin buraxılış ili, həmçinin istifadə müddəti nəzərə alınmaqla Chevrolet Nexia SX» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə dəymiş maddi zərər olaraq təmir-bərpa xərci ehtiyat hissələrin qiyməti aşınma tətbiq edilməklə 6336,00 manat müəyyən edilməlidir. Odur ki, kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)1760/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın avtomobilə dəyən ziyanın təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli, “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci olan 6336,00 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)1760/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən yəni İddiaçı MMC-nin Cavabdeh qarşı avtomobilə dəymiş maddi zərərin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. “Chevrolet Nexia” minik markalı, 77 PU-723 dövlət nömrə nişanlı avtomobilin hadisə baş verən tarixə dəymiş maddi zərər olaraq təmir-bərpa xərci olan 6336,00 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə ödənilsin Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar