Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2302/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Ağaqulu oğlunun, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı «çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-634/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağaqulu oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Ağaqulu oğlu, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı «çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli seriya RX ******* saylı çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-634/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi (hakim T.Məmmədov) ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Ağaqulu oğlunun, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı «çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağaqulu oğlu birgə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçılar iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsaən, JN0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Lənkəran rayonu, Daşdatük kəndində 0.44 ha kənd təssərrüfatı istehsalı üçün ailəyə pay bəlli torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin hüdudları çinar ağacları ilə əhatələnmişdir. Həmin torpaq sahəsində 2012-ci il tarixə kimi tərəvəz, bostan bitkiləri əkib becərmişlər. Həmin ərazidə 40 ədəd kivi və 3 ədəd şaftalı ağacları əkmişlər. Hər il həmin ağaclardan, bostan bitkilərindən xeyir götürmüşlər. Həmin ərazidə yerləşən torpaq sahəsini Ağayev Mənsufulla özəlləşdirərək çıxarış almışdır. Torpaq sahəsinə 2015-ci il tarixdə Mənsufulla Abdullyevin adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin çıxarış əsası olmayan çıxarışdır. Cavabdeh2 Daşdatük kəndinin sakini deyil. Torpaq sahəsi Lənkəran rayonu, Daşdatük kəndinin ərazisidir. Torpaq sahəsi ayrılanda Aqrar İslahat Komissiyasının qərarı ilə yalnız kənd sakinlərinə, kolxozun üzvlərinə ayrıla bilərdi. Belə ki, Cavabdeh2 Daşdatük kənd kolxozunda bir gündə belə işləməmişdir. Həmin torpaq sahəsinə necə sahib olması məlum deyil. Aldıqları qeyri-rəsmi məlumatlara əsasən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında alınmışdır. Belə olan halda hesab edir ki, iddia ərizəsi mülki məhkəmədə baxılmalıdır. Çünki, çıxarışın təsdiq olunmuş surətini və ona əsas olmuş sənədlərin əldə olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət etsə də, ona cavab verilməmişdir. Hesab edir ki, mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamışdır. Çünki həmin yerə onların hüquqlarını təsdiq edən “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı vardır. Bu akt mülkiyyət hüququnu təsdiq edən sənəddir. Həmin kənddə torpaq sahəsi bu cür əldə olunmuşdur. Çünki həmin ərazi əvvəllər Daşdatük kəndinin ərazisində yerləşir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli seriya RX ******* saylı çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçılar üçüncü şəxs Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyatın aparılmasının qanuniliyini mübahisələndirərək, həmin qeydiyyatın ləğv edilməsini arzulayır və qeyd edir ki, Abdullayev X1 sakini olmaya-olmaya Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən onun mülkiyyət hüquqları əsassız olaraq qeydiyyata alınmışdır. Ona əsassız olaraq çıxarış verilmişdir. Həmin Torpaq sahəsi Daşdatük kəndinin ərazisi olduğu üçün ən azından həmin kəndin hansısa sakinindən almış olardı. Almış olsa belə həmin əvvəlki sahibinin adına hər hansı bir sənəd olmalı idi. Çıxarışın verilməsinə əsas olmuş qeydiyyat qanunsuz aparılmışdır, Ümumiyyətlə qeydiyyat düzgün aparılmamışdır. Bu isə çıxarışın verilməsi ilə əlaqədar inzibati orqan tərəfindən edilmiş hərəkətin (hərəkətsizliyin) qanuniliyinin mübahisələndirilməsini ehtiva edir. Lakin birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunmaması qənaətinə gəlməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçının iddia ərizəsinin mahiyyəti üçüncü şəxs Cavabdeh2 adına RX seriyalı ******* saylı çıxarışın verilməsinə əsas olan qeydin qanunsuz olaraq Cavabdeh2 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsindən ibarət olmuşdur. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılmasının realizəsi zamanı iddiaçılara iddia tələbi üzrə görülməli olan hərəkətlər və onların nəticələri ilə bağlı hüquqlarının real izahını etməyərək, nəticədə iddia tələbinin perspektivlərini göstərməyərək, onların əsassız məhkəmə çəkişməsinə cəlb edilməsindən çəkindirilməsi üçün prosessual hərəkətlər etməmiş, bununla da gəlinən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbə mülki icraat qaydasında baxmaqla prosessual normaların tələblərinə cavab verməyən qətnamə qəbul etməklə həmin qətnamənin apellyasya qaydasında ləğvi üçün əsas yaratmışdır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 1 RX seriyalı ******* saylı qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli tarixli reyestrdən çıxarışın qanunsuz olaraq Cavabdeh2 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə etibarsız hesab edilməsi üzrə yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqan qismində ƏMDK yanında DƏDRX-i çıxış edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 4 saylı 10 aprel 2015-ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizama salma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı iddia tələbi inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli seriya RX ******* saylı çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə yəni çıxarışın verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinici instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağaqulu oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-634/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Ağaqulu oğlunun, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh2 qarşı «çıxarışın verilməsinə əsas olmuş qeydin və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi» tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2302/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2302/2022
13.12.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver