Məhkəmə qərarları › İş №2(106)-2317/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2317/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2317/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-566/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 211 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC- 16 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh iddiaçıdan “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 40021,52 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 5648 manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 34373 manat məbləğində pulun hissə-hissə olmaqla, 48 ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra iddiaçı üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, sonradan gecikmələrə yol vermiş və 2021-ci ilin yanvar ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi, ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də, cavabdeh nə öhdəliklərini icra etmiş, nə də nəqliyyat vasitəsini iddiaçıya geri qaytarmışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi, cavabdeh həm də qeyri-qanuni yolla iddiaçının mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və cəmiyyətə geri qaytarmaqdan imtina edir. Bununla da, cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozur. Tərəflər arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-566/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 saylı avtomobilin satışı üzrə müqaviləyə xitam verilməsi, Cavabdeh “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin alınaraq İddiaçı MMC-yə verilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 211 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-566/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 18 noyabr 2016-cı il tarixli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən o, iddiaçıdan “Chevrolet Cruze” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Aralarında olan razılaşmaya əsasən, nəqliyyat vasitəsinin satış dəyəri 40021,52 manat məbləğində müəyyən edilmiş və həmin məbləğdən 5648 manat məbləğində olan hissəni cavabdeh ilkin ödəniş kimi ödəmişdir. Qalan 34373 manat məbləğində pulun hissə-hissə olmaqla, 48 ay müddətinə ödənilməsi haqqında razılıq əldə etmişlər. Əvvəllər ödəniş cədvəlində göstərilmiş qaydada ödənişləri davamlı olaraq etmişdir. Həmin vaxtlarda avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilə ziyan dəymişdir. Lakin avtomobil satılarkən sığorta olunmasına baxmayaraq, iddiaçı şirkət tərəfindən cavabdehə heç bir sığorta ödənişi edilməmişdir. İddiaçı tərəfindən cavabdehə vəd edilmişdir ki, avtomobilə dəymiş ziyanı özü ödəsin və əvəzində avtomobilin aylıq ödənişindən cavabdehə güzəşt ediləcəkdir. Lakin iddiaçının nümayəndələri verdiklərə vədə əməl etməmişlər. Birinci instansiya məhkəməsi yalnız iddiaçının ərizəsinə və nümayəndəsinin izahatına uyğun olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. Nəticədə Mülki Prosessual Məcəllənin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh hesab edir ki, işin faktiki halları dərindən araşdırılmalı və cavabdeh tərəfindən avtomobilin təmir xərclərinə çəkilmiş xərclər və digər xərclər çıxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına və həmçinin, SMS xəbərdarlığının göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki AC 692637 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PC-*** qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir. İşdəki İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilənin surətindən görünür ki, satıcı müqavilənin 01 nömrəli əlavəsində göstərilmiş texniki spesifikasiyasına uyğun olaraq “Chevrolet Cruze” markalı avtomobili texniki saz halda satır, alıcı isə bunun müqabilində razılaşdırılmış məbləği satıcıya ödəyir və avtomobili qəbul edir. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən, müqaviləyə 02 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilmiş müqavilənin dəyərini alıcı tam ödədikdən sonra satıcı avtomobili alıcının mülkiyyətinə vermək öhdəliyi daşıyır. Həmin müqavilənin 3.2.4-cü bəndinə əsasən, satıcının alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququ vardır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən, alıcı aldığı avtomobili öz hesabına tam sığorta etdirməlidir. Avtomobilin dəyərinin tam şəkildə ödənilməsi başa çatana qədər baş vermiş hər bir sığorta hadisəsindən sonra alıcı avtomobilin yenidən tam sığortasını öz hesabına təmin etməlidir. İşdəki K-190A-PCC-16 saylı, xx.xx.2016-cı il tarixli avtomobilin müddətli satışı üzrə müqaviləyə 02 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək aylıq ödənişlər şəklində avtomobilin dəyərini İddiaçı MMC-yə ödəməli idi. İşdəki xx.xx.2016-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı avtomobil müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh texniki baxımdan saz vəziyyətdə təhvil verilmişdir. İşdəki İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 12 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncuya müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə MMC-nin müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququna malik olması barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubu 16 yanvar 2022-ci il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. İşdəki ********* nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia ərizəsinin verilməsinə görə 211 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(073)-566/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 602.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində satıcının və ya alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında bağlanmış avtomobilin müddətli satışı müqaviləsi mahiyyəti etibarilə avtomobilin nisyə alğı-satqısı müqaviləsidir. Bu müqaviləyə əsasən, cavabdeh satış məbləğini xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək aylıq ödənişlər şəklində ödəməyi öhdəsinə götürsə də, “pacta sunt servanda” prinsipinə uyğun olaraq müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icranın həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə müqavilənin 3.2.4-cü maddəsinə əsasən, öhdəliyin icrasından birtərəfli qaydada imtina edərək, müqaviləyə xitam verilməsini və avtomobilin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti olan avtomobilin mülkiyyətçisi olduğundan və cavabdeh müqavilənin şərtlərini pozduğundan, eləcə də, tərəflər arasında müqavilə azadlığı prinsipi çərçivəsində müəyyənləşdirilmiş müqavilənin 3.2.4-cü maddəsinə uyğun olaraq iddiaçı avtomobilin cavabdehdən alınaraq geri qaytarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına, eləcə də, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, avtomobil satılarkən sığorta olunmasına baxmayaraq, iddiaçı şirkət tərəfindən ona heç bir sığorta ödənişi edilməmişdir və yol-nəqliyyat hadisəsi törətdikdən sonra dəymiş zərərin əvəzini özü ödəyəcəyi təqdirdə iddiaçının nümayəndələri tərəfindən avtomobilin aylıq ödənişindən ona güzəşt ediləcəyi barədə vəd verilsə də, bu vədə əməl edilməmişdir. Tərəflər arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli müqavilənin 4.1.7-ci bəndindən görünür ki, tərəflər alıcının aldığı avtomobili öz hesabına tam sığorta etdirməsi barədə razılığa gəlmişlər. MM-in 390.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası bildirir ki, cavabdeh müqavilənin bağlanması ilə həmin şərtlə də razı olduğunu ifadə etmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən ona hər hansı sığorta ödənişinin edilməməsi ilə bağlı cavabdehin bildirdikləri əsassızdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə avtomobilin aylıq ödənişindən güzəşt ediləcəyi barədə vədin verilməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmin dəlili birinci instansiya məhkəməsinin icraatı zamanı da qeyd etmiş cavabdeh həmin zaman da hər hansı mötəbər sübuta istinad edərək həmin halı təsdiq edə bilməmiş, hazırkı apellyasiya şikayətinə də bununla bağlı hər hansı sübut əlavə etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası cavabdehin etirazının əsası kimi istinad etdiyi həmin halı sübut etmək vəzifəsi daşıdığını nəzərə alaraq sözügedən dəlilin də əsaslı olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə, MPM-in 107-ci və 119.1-ci maddələrinə uyğun olaraq, birinci instansiya məhkəməsi iddia tələbi tam təmin edildiyindən ödənilmiş 211 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı da düzgün nəticəyə gəlmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-566/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar