Məhkəmə qərarları › İş №2(106)-2358/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2358/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2358/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər idarəsinin Mərkəzi Arxivində saxlanılan N () saylı hərbi hissə komandirinin X3 aid olan xx.xx.1992-ci il tarixli, 151 saylı əmrinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində saxlanılan N () saylı hərbi hissənin şəxsi heyətin əmrlər kitabında yazılmış, xx.xx.1992-ci il tarixli (paraqraf-1, səhifə-102, sıra-3) 151 saylı əmrin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının torpaqlarını işğal etməsi ilə əlaqədar, Füzuli Rayon Hərbi Komissarlığının çağırışı ilə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N () saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək hər cür təchizatla təmin olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 151 saylı əmri ilə «Hərbi Xidmət Haqqında» Qanunun 17-ci maddəsinə əsasən evdə tək övlad olduğu üçün, tərxis olunmuş, bütün növ təminatlardan və xx.xx.1992-ci il tarixdən pul təminantından çıxarılaraq Füzuli Rayon Hərbi Komissarlığına göndərilmiş və xx.xx.1992-ci ildən qeydiyyata alınmışdır (bütün əmrlər hərbi biletdə qeyd olunmuşdur). O, savadsızlığından həmin vaxt döyüşlərdə iştirak etməsi barədə vəsiqə üçün müraciət etməmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının apardığı 44 günlük müharibədə iştirak etdikdən sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvfiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, lakin sənədləri ona qaytarılmış, qaytarılma səbəbi olaraq onun Müdafiə Nazirliyinin arxivində saxlanılan N saylı hərbi hissənin şəxsi heyətinin əmrlər kitabında onun soyadının səhvən «Fərəciyev» qeyd olunması olmuşdur. Arxivdə saxlanılan 848(702) saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 151 saylı əmrinin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Birinci instansiya məhkəməsində maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək, mülki iş üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxsin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi xahiş edilir. Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. Şikayətə görə, şəxsin sənəddə göstərilən adının şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olmasının məhkəmə qaydasında müəyyən edilməsi göstərilsə də, hərbi sənədlər burada istisna təşkil edir. Prosessual məsələlər Ərizəçi və maraqlı şəxsin nümayəndəsi apellyasiya baxışına iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində saxlanılan N () saylı hərbi hissənin şəxsi heyətinin əmrlər kitabında yazılmış, xx.xx.1992-ci il tarixli (paraqraf-1, səhifə-102, sıra-3) 151 saylı əmrin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi müharibə veteranı adının və vəsiqəsinin alınması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin qeyd olunan əmrdə ərizəçinin soyadının səhvən Fərəciyev qeyd oluması səbəbindən ona imtina verilmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Əsasnamənin 1-ci bəndinin 8-ci hissəninə əsasən müharibə veteranı adı- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müəyyən edilir ki, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvfiq vəsiqələrinin verilməsi üzrə kommisiyaya müraciət etmiş, lakin sənədləri ona qaytarılmış, qaytarılma səbəbi, onun Azərbayxcan Respublikası Müdafiə Nazirliyi işlər idarəsi arxivindən aldığı xx.xx.2021-ci il tarixli, 4/2-9N saylı arxiv arayışında qeyd olunduğu kimi, arxivdə saxlanılan N saylı hərbi hissənin şəxsi heyətinin əmrlər kitabında onun soyadının «Fərəcov» olduğu halda, səhvən «Fərəciyev» qeyd olunması olmuşdur. Ona görə, arxivdə saxlanılan, 848(702) saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 151 saylı əmrinin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi N () saylı hərbi hissənin komandirinin xx.xx.1992-ci il tarixli (paraqraf-1, səhifə- 102, sıra-3) 151 saylı əmrinin ona məxsus olmasını xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, ərizəçiyə məxsus hərbi biletdə hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1992-cı ıl tarixdən hərbi hissəyə göndərilməsi, N saylı hərbi hissədə atıcı kimi qeydə alınması, N №-li hərbi hissə komandirinin xx.xx.1992-cı ıl tarixli, 151 №- lı əmri ilə "Hərbi xidmət haqqında” Qanunun 17-ci maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması, Füzuli Rayon Hərbi Komissarlığına göndərilməsi barədə qeydlər vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi işlər idarəsi Mərkəzi arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4/2-9N saylı arxiv arayışından görünür ki, həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 62 №-li əmrilə (əsas: sıra-2) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək hər cür təchizatla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 151 №- li əmrində (əsas: §-

1. səh-102 sıra-3 əmrdə soyadı “Fərəciyev” yazılmışdır) N №-li hərbi hissənin əsgəri X1 "Hərbi xidmət haqqında” Qanunun 17-ci maddəsinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan və xx.xx.1992-ci il tarixdən pul təminatından çıxarılaraq Füzuli RHK-nın sərəncamına göndərilmişdir. Ərizəçinin hərbi biletinin ona məxsus olunması mübahisə edilmir. Onun biletindəki qeydlər də mübahisə edilmir. Mübahisəli hal əmrdəki soyadın sonluğu (-ov və -yev) ilə bağlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilir ki, döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 151 nömrəli əmrində qeyd olunan soyadla “Fərəciyev” soyadı uyğun gəlmədiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd olunan əmrlərdə həmin qeydlərin sizə aid olması barədə məhkəmə qərarı aldıqdan sonra təkrar təqdim olunarsa sənədlərə komissiyada yenidən baxıla bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivində saxlanılan əmrin surətində xx.xx.1992-cı ıl tarixli, 151 №- li əmrində onun soyadı “Fərəciyev” yazılmışdır. Lakin ərizəçiyə məxsus digər sənədlərdə, o cümlədən hərbi biletində onun soyadı isə “Fərəcov” -dur. İş üzrə dindirilmiş şahidlər X6 və X4 ifadələrində bildirmişlər ki, İddiaçı onlarla birlikdə N () saylı hərbi hissənin tərkibində 1992-ci ildə Azərbaycan Respublikasının əraz bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onlar hərbi bilet və arxiv arayışlarında aparılan qeydlər əsasında müharibə veteranı vəsiqəsini alsalar da, İddiaçı bəzi sənədlərdə soyadı “Fərəciyev” qeyd olunduğuna görə müharibə veteranı vəsiqəsini ala bilməmişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndidə deyilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Mübahisəli hal soyaddakı sonluqla bağlıdır. Kollegiya hesab edir ki, ərizəçi öz tələbini əsaslandıra bilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci intstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(064)-1450/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əsədov

Hakimlər: Samir Mayılov

Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar