Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-244/2024 07.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, mülki iş üzrə qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2(049)-3726/2023 saylı qərardadı (hakim X1) ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, əmlakın geri qaytarılması və borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinadən göstərilmişdir ki, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddia ərizəsində cabadehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatlarışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, həmçinin iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı, yəni iddianın nə ilə sübuta yetirildiyi iddia ərizəsində göstərilməmiş, habelə iddianın predmeti və qiyməti ilə bağlı məlumatlar ərizədə göstərilməmişdir. İddiaçı Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2(049)- 3726/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğvini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təsdiq edən sübutların siyahısının iddia ərizəsində göstərilmədiyini əsas gətirərək iddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardad qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinin sonunda sübutların siyahısı və iddia ərizəsinə əlavə olunmuş sənədlərin qoşması da əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2(049)-3726/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdır. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci və 153-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddianın nə ilə sübuta yetirildiyi iddia ərizəsində göstərilməməsini, habelə iddia ərizəsində tələb edilən əmlakların qiymətləri ilə bağlı sübutların iddia ərizəsinə əlavə edilməməməsini qeyd etsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin sonunda sübutların siyahısı və iddia ərizəsinə əlavə olunmuş sənədlərin qoşması göstərilmişdir. Habelə işin mahiyyəti üzrə həll edilməsi baxımından qiymətləndirilməsi hər hansı əhəmiyyət kəsb edən iş üzrə zəruri sübutlar, habelə cabadehin eyniləşdirmə məlumatları-şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi belə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanan Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli e-2(049)-3726/2023 saylı saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRAR VERDİ: Şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli e-2(049)-3726/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-244/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-244/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver