Məhkəmə qərarları › İş №2(106)-245/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-245/2023

25.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-245/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X18, Cavabdeh və onun nümayəndəsi X19 iştiraklarıı ilə, İddiaçı Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(020)-942/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 1932-ci ildə Ermənistan SSR-də doğulmuş, 13 mart 2007-ci il tarixdə Beyləqan rayonu, 1- ci Şahsevən kəndində vəfat etmiş X16 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 yanvar 2019-cu il tarixli əqdin və Azərbaycan Respublikası ƏN Sabirabad regional “Asan Xidmət” Mərkəzinin notariusunun 4Ə-1139 saylı 27 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında reyestrdən çıxarış verilməsi barədə əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək mərhum nənəsi X16 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair 8 saylı “Səyyar-Asan Xidmət” mərkəzinin xüsusi natariusu tərəfindən təsdiq edilmiş X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeyd edilmiş əqdin, yəni alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad “Asan Xidmət” Mərkəzinin natariusu tərəfindən təsdiq edilmiş X6 nümayəndəsi X27 ilə Cavabdeh arasında bağlanmış 4Ə-1139 nömrə ilə qeyd edilmiş 27 dekabr 2018-ci il tarixli əqdin, yəni alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında mərhum X16 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 yanvar 2019-cu il tarixli əqdin, yəni Dövlət reyestrindən RX1475277 seriyalı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 01 noyabr 1989-cu il tarixdə ünvan 2ində doğulmuş və hal-hazırda ünvan 2ində qeydiyyatdadır. X9 20 noyabr 2003-cü il tarixdə ünvan 2ində vəfat etmişdir. X10 1925-ci ildə Ermənistan SSR-nin Oktemberyan rayonu, Baxçalar kəndində doğulmuş, 30 iyun 1994-cü il tarixdə ölmüşdür. X3 1932-ci il tarixdə Ermənistan SSR-də doğulmuş, 26 oktyabr 1976-cı il tarixdən ünvan 2ində qeydiyyata alınmış, 13 mart 2007-ci ildə ünvan 2ində ölmüşdür. X10 ilə nənəsi X12 nikahı 18 iyun 1958-ci il tarixdə 3 nömrə ilə Ermənistan SSR-nin Oktemberyan rayonu, Baxçalar kənd sovetliyində qeydiyyata alınmışdır. Birgə nikahlarından 4 övladları olmuşdur; X21 20 iyun 1952-ci il tarixdə Jdanov (indiki Beyləqan) rayonu, Əhmədli kəndində doğulmuşdur, oğlu, yəni onun X9 (20 noyabr 2003-cü ildə vəfat edib), digər oğlu, yəni onun X11(vəfat edib) və qızı, yəni onun bibisi X20. X35 doğulduğu gündən əqli cəhətdən qüsurludur və oğulduğu gündən ünvan 2ində yerləşən nənəsi X16 məxsus fərdi yaşayış evində yaşamışdır. X11 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh 23 aprel 1958-ci il tarixdə Xaçmaz rayonu, Yalama stansiyasında doğulmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. X36 13 mart 2007-ci il tarixdə ünvan 2ində vəfat etdikdən sonra, X11nun arvadı Cavabdeh nənəsinə məxsus Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Füzuli rayon notariat ofisinə müraciət edərək, 07 oktyabr 2017ci il tarixdə psixi cəhətdən xəstə olan X7 adından vərəsə kimi vərəsəlik işinin açılmasına nail olmuşdur. Füzuli rayonu notariat ofisində 07 oktyabr 2017-ci il tarixdə miras qoyan X16 məxsus ünvan 2ində fərdi yaşayış evini və həyətyanı torpaq sahəsi olan miras əmlakın vərəsə kimi X7 adına rəsmiləşdirilməsi ilə bağlı 78 nömrəli vərəsəlik işi açılmasına baxmayaraq, sonuncuya vərəsəlik şəhadətnaməsi təqdim edilməmişdir. Bundan sonra Cavabdeh həmin fərdi yaşayış evinin ələ keçirilməsi üçün psixi xəstə bibisi X6 anlaqsızlığından istifadə edərək bibisinin adına rəsmiləşdirərək başqa adama satmağa hazırlaşır. Sonradan müəyyən etmişdir ki, 27 dekabr 2018-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional “Asan Xidmət” Mərkəzinin notariusunda 4Ə-1139 saylı müqavilə imzalanmasına və 29 yanvar 2019-cu il tarixdə öz adına ünvan 2i ünvanında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasına nail olmuşdur. Hesab edir ki, hər iki əqd etibarsız hesab edilməli və ondan doğan bütün hüquqi nəticələr ləğv olunmalıdır. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdəı və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda, iradə ifadəsi etibarsızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddiaçının “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin dəlilləri əsassız hesab edilməli və iddia rədd olunmalıdır. İş üzrə təqdim olunmuş təsdiq edici sənədlərdən biri olan Beyləqan rayon X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən 10 dekabr 2004-cü il tarixdə 1249 qeydəalma nömrəsi ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən ümumi sahəsi 92.5 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X6 adma rəsmiləşdirmişdir. Hansı ki, o zaman qanun üzrə vərəsəlikdə pay hüququ olan digər vərəsələr və o cümlədən mübahisəli mülkin sahibi olmuş X23 da sağ olmuş və qeyd olunan fərdi yaşayış evinin D.B.Əliyevanın adma rəsmiləşdirilməsinə etiraz etməmişlər. Uzun illər anası ilə birlikdə mübahisəli mülkdə yaşayan və ona qulluq edən Dürdanə Əliyeva anasının ölümündən sonra da ev təsərrüfatını və həyətyanı torpaq sahəsini faktiki olaraq idarə etmiş və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun əldə edilməsi məqsədi ilə anası X26ma məxsus mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 02 avqust 2018-ci il tarixli 2(020)-1625/2018 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. İstər mirasqoyan X16 məxsus fərdi yaşayış evinə, istərsə də, sonradan həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun X6 adına tanınması həmin mülki hüquq münasibətlərini tənzimləyən müvafiq hüquq normalarının tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh ilə X20 arasında 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquqa malik olmamış və iddia tələbini hüquqi əsası olmayan formal mühazirələrlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı AR Mülki Məcəlləsinin 346-cı maddəsinə istinad edərək tərəflər arasında bağlanmış əqd üzrə əqdi bağlayan fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi nəticəsində hüququalrının və qanunla qorunan mənafelərinin pozulduğunu əsaslandırmağa çalışmışdır. Lakin əslində bağlanmış əqdlərin iddiaçının hüquqalrınm pozulması ilə nəticələnmiş hansı hüquq və vəzifələrinə dair məsələni həll etməsi təsdiqini tapmayan əsassız dəlillərdən ibarətdir. Halbuki, iddiaçı qanun üzrə vərəsəlikdə mirasdan pay almaq hüququna malik olan şəxs kimi tanınmamış və bununla bağlı uzun illərdən bəri vərəsəliklə bağlı hüquqa dair mübahisə olmamışdır. Digər tərəfdən, tərəflər arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq sərbəst iradə ifadəsinə əsaslanmaqla imzalanmış və müqaviləni təsdiq edən notariat orqanı tərəfindən satıcı qismində müqaviləni imzalayan X6 şəxsiyyəti müəyyən edilərək, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. ünvan 2ində yerləşən və X16 məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 10 dekabr 2004-cü il tarixdən Dürdanə Əliyevanın xüsusi mülkiyyətində olmasına baxmayarq, İddiaçı həmin fərdi yaşayış evinin anlaqsız vəziyyətdə olan bibisi D.Əliyevanın adına rəsmiləşdirilməsini hazırkı iş üzrə Cavabdeh tərəfindən həyata keçirilmiş qanunsuz əməl kimi təqdim etmişdir. Əslində isə sözügedən mübahisəli mülkün sahibi olmuş X13 və digər vərəsələrin sağlığında həmin fərdi yaşayış evinin Dürdanə Əliyevanın adına rəsmiləşdirilməsinə ümumi razılıq verilmişdir. Beləliklə, X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli alqı-satqı müqavilələri forma və məzmun baxımından Mülki Məcəllənin 389.1, 390.1, 390.2 və 390.3-cü maddələrinin tələblərinə uyğun şəkildə tərtib edilmiş və tərəflərin azad iradə ifadəsinə əsasən notariat orqanı tərəfindən təsdiq edilmişdir. Alqı-satqı müqavilələrinin bağlanması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi şərtlərində müqavilə üzrə satıcı qismində təmsil olunan X2 fərdi yaşayış evində ömürlük yaşamaq imkanı alıcı Cavabdeh razılığına əsasən təmin edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından bir müddət (beş-altı ay) sonra Dürdanə Əliyevanın səhhətində psixi qüsurların əmələ gəlməsi müşahidə olunmuş və 11 aprel 2019-cu il tarixdə keçirilmiş tibbi müayinənin nəticələrindən asılı olaraq müalicə olunmuşdur. Hal-hazırda Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh qızma məxsus və hazırki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaqla ev və həyətyanı təsərrüfat işlərini idarə etməklə məşğul olur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək, iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, təmin olunmamasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(020)-942/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, mərhum X16 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair 8 saylı “Səyyar - Asan Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeyd edilmiş əqd, yəni alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad “Asan Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş X6 nümayəndəsi X27 ilə Cavabdeh arasında bağlanmış 4Ə-1139 nömrə ilə qeyd edilmiş 27 dekabr 2018-ci il tarixli əqd, yəni alqı-satqı müqaviləsi və həmin müqavilələr əsasında mərhum X16 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 yanvar 2019-cu il tarixli əqd, yəni Dövlət reyestrindən RX1475277 seriyalı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli ev əvvəllər idddiaçının nənəsi mərhum Şüdə İsmayılovanın adına olmuş, Şüdənin birinci növbə vərəsəsi olan oğlu, yəni iddiaçının atası Nadir Şüdədən əvvəl ölmüşdür. Həmin vaxt və eləcə də, Şüdə İsmayılova 2007-ci ildə öldüyü vaxt iddiaçı və onun qardaşı yetkinlik yaşına çatmamışlar. İddiaçı həmin vaxt mübahisəli evdə yaşamış, lakin yetkinlik yaşına çatmadığına görə qanun üzrə vərəsə kimi çıxış edə bilməmişdir. Lakin o, həmin evdə qeydiyyatda olmuşdur. Qanunun tələblərinə görə də, onun atası miras qoyan nənəsindən əvvəl öldüyünə görə iddiaçının həmin mirasdan atasına çatan pay bərabərində payı olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, X20 iddiaçının bibisi, iş üzrə Cavabdeh isə iddiaçının əmisi arvadıdır. Yəni idddiaçının bibisi Dürdanə ilə iş üzrə Cavabdeh iddiaçının X36nın başqa vərəsələrinin olmasını bilmişlər. Çünki, iddiaçının atası, sonra isə nənəsi öldüyü vaxt iddiaçı azyaşlı olmuş və həmin evdə yaşamışdır. Hətta həmin evdə qeydiyyatda olmaqla ailə qurana kimi həmin evdə yaşamağa davam etmiş və bundan sonra da, həmin evə gedib gəlmişdir. Cavabdeh bütün bunları bildiyi halda, həmin evin iddiaçının bibisi ilə alqı-satqı qaydasında mülkiyyətinə keçirilməsinə nail olmuşdur. İddiaçı bibisi Dürdanənin anadangəlmə psixi xəstə olduğunu, heç bir əqd bağlamaq iqtidarında olmadığını göstərmiş, cavabdehin onun anlaqsızlığından istifadə edərək evi onun adına rəsmiləşdirməklə ələ keçirməsini bildirmişdir. Mülki iş materiallarında Dürdanə Əliyevanın fəaliyyət qabiliyyətsiz elan olunması ilə bağlı məhkəmə qərarı olmasa da, daxil olmuş sənədlərdə onun “şizofreniya paranoid forma, faziləsiz gedişli, paranoid qüsur halı” diaqnozu ilə xəstə olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işi mahiyyəti üzrə araşdıran birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş rəsmi sənədlərlə müəyyən edilmiş halları hüquqi cəhətdən düzgün qiymətləndirməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan 10 dekabr 2004-cü il tarixdə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilərək təsdiq olunmuş fərdi yaşayış evinin Texniki pasportu və eyni tarixdə X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən hazırlanmış 1249 nömrəli inventar işi əsasmda reyestr kitabının 45-ci səhifəsində 7/1 nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2ində yerləşən mübahisəli fərdi yaşayış evi bütövlükdə X6 adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. İddiaçının mərhum nənəsi X1 onunla bir yerdə yaşayan ailə üzvü X6 adına münahisəli fərdi yaşayış evinin ilkin sənədlər əsasında özəlləşdirilməsi onu deməyə əsas verir ki, münahisəli fərdi yaşayış evi miras qoyan X13 öldüyü məqamadək onun əmlak hüquqalrının və vəzifələrinin toplusuna daxil olmamışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi mübahisəli fərdi yaşayış evi 2004-cü ildə X6 adına bütövlükdə mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınanadək mərhum X13 mülkiyyətində olmamış və miras qoyanın adına dövlət reyestrində qeydə alınmamışdır. Məlum olduğu kimi miras qoyanın qanun üzrə və ya vəsiyyət üzrə vərəsələri miras əmlakdan o vaxt pay almaq hüququna malik olur ki, miras əmlak mükiyyət hüququ ilə miras qoyana məxsus olmuş olsun. Hazırki iş üzrə iddiaçının “əqdlərin etubarsız hesab edilməsi” tələbinin qanun üzrə vərəsəlikdən pay almaq hüququ ilə bağlı olduğu nəzərə alınsa, o halda münahisəli fərdi yaşayış evinin miras qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olmasi təsdiq edilməli və miras qoyanın adına Dövlət reyestrindən çıxanş olmalı idi. Lakin, ünvan 2ində yerləşən ümumi sahəsi 92.5 kv.metr, yaşayış sahəsi 31.5 kv.metr, yardımçı sahəsi 61 kv.metrdən ibarət olan 2 otaqlı fərdi yaşayış evi 2007-ci ildə vəfat etmiş mərhum X17 ölümündən 3 il əvvəl, yəni 2004-cü ildə mirasqoyanın adına rəsmiləşdiriİmədən birbaşa ilkin sənədlər əsasında digər ailə üzvü X6 adına özəlləşdirilmişdir. Qeyd olunan təsdiqedici və hüquqmüəyyənedici sənədlərin məhkəmənin iş materiallarında olmasına baxmayaraq, birinci instansiya məhkəməsi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edərkən nədənsə bunu nəzərə almamış, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmənin iş materiallarına əlavə edilmiş sənədlər əsasən məlum olur ki, mübahisəli yaşayış evinə hələ 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş X20 anası X13 ölümündən sonra da, mülkiyyətində olan evlə yanaşı həyətyanı torpaq sahəsini də faktiki olaraq idarə etmiş, həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi məqsədi ilə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş və həyətyanı torpaq sahəsinə aid olan hissədə daşınmaz əmlakın miras qoyan X16 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 24 oktyabr 2017-ci il tarixdə qeydə alınmış RX №1149216 seriyalı Çıxarış verilmişdir. Mübahisə predmeti üzrə iddiaçı həqiqəti əks etdirməyən əsassız dəlillər irəli sürərək iş üzrə Cavabdeh Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən və mirasqoyan X16 məxsus olan fərdi yaşayış evini ələ keçirmək məqsədi ilə mirasqoyanın ölümündən sonra psixi xəstə Əliyeva Dürdanənin adına rəsmiləşdirdiyini və sonra alqısatqı qaydasında öz adına keçirdiyini, bununla da miras qoyanın nəvəsi olaraq onun qanun üzrə vərəsə kimi mirasdan pay almaq hüququnun cavabdeh tərəfindən pozulduğunu bildirmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evi X5 ikən ilkin olaraq Əliyeva Dürdanənin adına 2004-cü ildə özəlləşdirilmiş və 2007-ci ildə vəfat etmiş X13 öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının dairəsinə aid edilməmişdir. Ona görə də, ünvan 2ində yerləşən mübahisəli fərdi yaşayış evinə aid hissədə X20 ilə Cavabdeh arasında 14 mart 2018-ci il tarixli 4Ə-42 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsini etibarsız hesab etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. İddia tələbi ilə bağlı məhkəmə araşdırmasının digər məqamı ondan ibarətdir ki, Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(020)-1625/2018 saylı qətnməsinə əsasən X6 mirasın həyətyanı torpaq sahəsinə aid hissədə qəbul edilməsi faktı müəyyən edilmişdir. Mübahisəli mülkün həyətyanı torpaq sahəsinə aid olan hissədə miras qoyana məxsus olması faktının müəyyən olunması ilə miras əmlaka vərəsəlik açılan zaman İddiaçı doğulub boya-başa çatdığı və birinci Şahsevən kəndində yerləşən mübahisəli yaşayış evində qeydiyyatda olduğunu iddia etməklə əslində 2018-ci ildə mübahisəli mülkün həyətyanı torpaq sahəsinin miras qoyana məxsus olması faktının müəyyən olunması barədə açılmış vərəsəlikdən ona çatası miras payın qanunla müəyyən edilmiş müddət ərzində üzürsüz səbəbdən qəbul etmədiyini təsdiq etmiş olur. Beləliklə, iddia tələbi ilə bağlı işi mahiyyəti üzrə araşdıran Beyləqan Rayon Məhkəməsi tərəfindən X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin, həmçinin 29 yanvar 2019-cu il tarixli Dövlət reyestrindən RX ******* seriyalı Çıxarışın etibarsız hesab edilməsi barədə 20 sentyabr 2022-ci il tarixli qətnamə Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh, onun nümayəndəsi X27 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını, birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, psixi qüsurlu olduğu bildirilən Dürdanə Əliyeva xəstəliyi olsa da, sərbəst şəkildə özünü idarə edir, sərbəst qərarlar verir və məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Hətta ailə quraraq bir müddət ərinin yaşadığı Gürcüstan Respublikasında yaşamış, sonradan ayrılaraq öz kəndlərinə qayıtmışdır, hal-hazırda da kənddəki evdə tək yaşayır. Məhkəmədə İddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi X30 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instaniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Ermənistan SSR, Oktenberyan rayonu, Baxçalar kənd sovetliyi tərəfindən 18 iyul 1958-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 1925-ci ildə Ermənistan SSR, Oktenberyan rayonu, Baxçalar kəndində doğulmuş X31 ilə 1930-cu ildə Ermənistan SSR, Oktenberyan rayonu, Baxçalar kəndində doğulmuş X24 arasında bağlanmış nikah 18 iyun 1958-ci il tarixdə qeydiyyata alınmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada İsmayılova soyadları verilmişdir. İş materiallarına doğum haqqında şəhadətnamələr əlavə edilməsə də, tərəflərin izahatlarından işin mübahisəsiz halı kimi müəyyən olunur ki, X31 ilə X13 birgə nikahlarından 4 övladları olmuşdur; X21, X28(hazırki iddiaçının atası-vəfat edib), X29(cavabdehin əri-vəfat edib) və X20. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X31 30 iyun 1994-cü ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X31 20 noyabr 2003-cü ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2ində yerləşən iki otaqdan ibarət yaşayış evi bütövlüklə X6 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır(1249 nömrəli inventar işi 45-ci səhifə). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş 1249 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən evin bütövlükdə sahibi X14r. Evin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.metr, faktiki 1256.6 kv.metrdir. Ev 1969-cu ildə inşa edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X24 13 mart 2007-ci ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş satıcı X20 ilə alıcı Cavabdeh arasında 14 mart 2018-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunmuş AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Beyləqan TİB tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş 1249 qeydə alma nömrəsi ilə 7/1 nömrəli kitabın 45-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 92.5 kv.metr sahədən ibarət 2 otaqlı fərdi yaşayış evini 5300 manata sataraq alıcının mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunan iddiaçı X6 cavabdehlər X25 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(020)- 1625/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq, iddiaçı X6 13 mart 2007ci ildə ölmüş mərhum anası X16 məxsus miras əmlakları qəbul etməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 20 noyabr 2018-ci ildə verilmiş **********84 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X6 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hüququn tqeydə alınmasına əsas Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(020)- 1625/2018 saylı qətnaməsi olmuşdur. İş materiallarına əlavə edilmiş satıcı X20 ilə alıcı Cavabdeh arasında 27 dekabr 2018-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunmuş AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 06 dekabr 2018-ci il tarixdə verilmiş ********** reyestr, **********84 qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 0.12 ha torpaq sahəsini 2300 manata sataraq alıcının mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 yanvar 2019-cu ildə verilmiş **********50-10301 reyestr, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 92.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh tam pay üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X43 23 iyul 2022-ci il tarixli məlumatından görünür ki, 05 yanvar 1965-ci il təvəllüdlü, Beyləqan rayonu, Şahsevən kəndində qeydiyyatda olan X20 arxiv məlumatına əsasən 11 aprel 2019-13 may 2019-cu il tarixdə xəstəxanada gündüz stasionarı şöbəsində “şizofreniya paranoid forma, fasiləsiz gedişli, paranoid qüsur halı” diaqnozu ilə ambulator müalicədə olub. Məktuba əlavə olunan Tibbi Sosial Ekspert Komissiyasına göndərişdə xəstəliyinin başlanma tarixi kimi 23 noyabr 1990-cı il qeyd olunub. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir, 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir, 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir, 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır, 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). İddiaçı Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evinin və 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum nənəsi X16 məxsus olduğunu, nənəsinin 13 mart 2007-ci ildə ölümü ilə mirasa açıldığını, həmin əmlakların cavabdeh tərəfindən psixi cəhətdən xəstə olan bibisinin adına rəsmiləşdirilərək sonradan alqı-satqı qaydasında öz mülkiyyətinə keçirildiyini bildirərək, bibisi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il və 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakların alğı satqı müqavilələrinin və həmin müqavilələr əsasında cavabdehin adına daşınmaz əmlakın reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini xahiş edir. Göründüyü kimi iddiaçı atasının nənəsindən qabaq ölməsi və nənəsindən atasına çatası paydan miras almaq hüququnun olduğunu bəyan edərək, nənəsindən miras qalan əmlaklar kimi yuxarıda qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi barəsində cavabdehlə bibibsi arasında bağlanmış daşınmaz əmlakların alqı-satqı müqavilələrinin etibarsızlığı məsələsini qoymuşdur. Kollegiya hesab edir ki, mübahisənin düzgün, obyektiv və ədalətli həllinə nail olmaq üçün ilk növbədə qeyd olunan əmlakların miras kütləsinə daxil olan əmlaklar olubolmamasına, sonradan isə həmin əmlaklar üzərində sərəncam verilməsinə dair əqdləri mübahisələndirmək üçün iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasına aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi bibisi X20 ilə Cavabdeh arasında bağlanmış 14 mart 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən iki otaqdan ibarət yaşayış evi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadast İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən bütövlüklə satıcı X6 mülkuiyyətində olmuşdur(1249 nömrəli inventar işi 45-ci səhifə). İddiaçının nənəsi X24 isə 13 mart 2007-ci ildə ölmüş və öldüyü məqamadək onun mülkiyyətində belə bir əmlakı olmamışdır. Odur ki, qeyd olunan əmlak X13 miras aktivinə daxil olmadığından, iddiaçının həmin əsasla əmlakın özgəninkiləşdirilməsi barədə əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur. İddiaçının etibarsız hesab olunmasını tələb etdiyi bibisi X20 ilə Cavabdeh arasında bağlanmış digər 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mirasqoyan X16 məxsus olmasını təsdiq edən hər hansı bir sübutun iş materiallarında olmamasına rəğmən, üzrərində satıcı X6 hüquqlarının dövlət qeydiyyatına alınmasının əsasını Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(020)-1625/2018 saylı qətnaməsi təşkil etmişdir. Həmin qətnamə ilə X6 mərhum anası X8 miras qalmış əmlakları qəbul etməsi faktı müəyyən edilmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən 10 dekabr 2004-cü ildə verilmiş 1249 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna əsasən Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən evin bütövlükdə sahibi X20 olmuş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.metr, faktiki 1256.6 kv.metr təşkil etmişdir, ev 1969-cu ildə inşa edilmişdir. Mövcud durumda iddiaçının 27 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsini mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olduğu qəbul olunsa belə, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qətnamə və qətnamə əsasında torpaq sahəsi üzərində bibisi X6 qeydə alınmış hüquqları mübahisələndirilmədən, həmin hüquq üzrə reallaşdırılan əqdi mübahisələndirməsi nəticə verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(020)-942/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar