Məhkəmə qərarları › İş №2(106)-247/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-247/2024

07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-247/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Abdulfəz oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Abdulfəz oğluna qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 mart 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh Abdulfəz oğluna qarşı (DƏDRX-in 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 və X3 miras qalmış Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahəsindən ibarət olan fərdi yaşayış evinin 2/3 hissəsi olan, 107.666667 kv.m ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində 1.18 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin, 2/3 hissəsi olan, 0,78666667 ha torpaq sahəsinin ½ hissələrdə iddiaçının, digər ½ hissəsində isə cavabdehin vərəsə kimi pay hüquqlarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi, İddiaçı həmin hissələrdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində andan olmuşdur. X1, anası X11 olmuşdur. Onların rəsmi nikahlarından o, bacısı Həqiqət və qardaşı Fərhad anadan olmuşdur. Bacısı Həqiqət 1980-cı ildə vəfat etmişdir. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 26 aprel 1998-ci il tarixdə, 05 saylı qərarı ilə Hacıqabul rayon 2-ci Udulu kəndində 0,24 hektar həyətyanı torpaq sahəsi atası X9, anası X13 və o İddiaçı Abdulfəs oğlunun mülkiyyətinə verilmişdir. (Bunu JN – 034 F, KOD 91008068 nömrəli Şəhadətnamədən görmək olar) Daha sonra Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 12 oktyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsi atası X9, anası X13 və onun, yəni İddiaçı Abdulfəs oğlunun mülkiyyətinə verilmişdir. (Bunu JN – 0210, KOD 91008058 nömrəli Dövlət aktından görmək olar) Qeyd edir ki, Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsi iddiaçının, onun mərhum ata və anasının birgə mülkiyyətindədir. İş üzrə Cavabdeh Abdulfəz oğlunun həmin yaşayış məntəqələrinin yerləşdiyi torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və kənd təsərrüfat təyinatlı torpaq sahəsində mülkiyyət hüququ yoxdur. Əlavə olaraq bildirir ki, iddiaçının anası X11 xx.xx.2016-cı il tarixdə, X1 isə xx.xx.2016-cı ildə vəfat etmişlər. Onların dəfnində iş üzrə İddiaçı Abdulfəs oğlu iştirak etmiş və onlardan sonra qalan əmlaklara faktiki olaraq iş üzrə İddiaçı Abdulfəs oğlu sahib çıxmış və onları idarə etmişdir. Bütün bunlardan sonra tərəflər arasında bu əmlaklar üstündə məhkəmə mübahisələri olmuş və bunlara dair müvafiq qanuni qüvvəsini almış qətnamələr vardır. Halhazırda Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsindən iş üzrə İddiaçı Abdulfəs oğlu birgə mülkiyyətçi kimi və miras əmlakdan qanun üzrə vərəsə olaraq istədiyi kimi istifadə edə bilmir ona görə ki, iş üzrə Cavabdeh Abdulfəz oğlu buna imkan vermir. Ona görə də iddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 və X3 miras qalmış Hacıqabul rayonunun İkinci Paşalı kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsi olan 80,75 kv.m ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Birinci Paşalı kəndində 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi olan 0,6586 ha torpaq sahəsinin ½ hissəsində İddiaçı, digər ½ hissəsində isə Cavabdeh Abdulfəz oğlunun vərəsə kimi paylarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi əsas hesab edilərək, iddiaçının həmin hissələrdən sərbəst istifadəsinə maneçilik edilməsinin iş üzrə cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı və onun valideynlərinin birgə mülkiyyətində Hacıqabul rayonu İkinci Paşalı kəndində yaşayış 0,240870 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə tərəflərin mərhum atasının mülkiyyətində olmuşdur. Tərəflərin valideynləri 2016-cı ildə vəfat etdikdən sonra iddiaçı valideynlərinin dəfnində iştirak etmiş, həmin fərdi yaşayış evində iddiaçı yaşamış, əmlaka faktiki sahiblik etmiş və idarə etmişdir. Bu səbəbdən hesab edir ki, həmin fərdi yaşayış evinin ½ hissəsində, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin isə miras əmlak hesab edirən 2/3 hissəsinin yarısında vərəsə kimi iddiaçının payı vardır. Bundan başqa, Hacıqabul rayonunun Birinci Paşalı kəndi ərazisində iddiaçı və onun valideynlərinin birgə mülkiyyətində olan 0,9879 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 1/3 hissəsi iddiaçının mülkiyyəti, qalan 2/3 hissəsi isə onun valideynlərinin mülkiyyəti sayılır. Bu səbəbdən hesab edir ki, qeyd edilən torpaq sahəsinin 2/3 hissəsi də miras əmlak hesab edildiyindən, torpaq sahəsinin 2/3 hissəsinin yarısı üzərində də iddiaçının vərəsə kimi payı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, iddiaçı uzun illər Ukrayna Respublikasında yaşamışdır. Cavabdeh qardaşı olan iddiaçını televiziya verilişi vasitəsi ilə tapıb Azərbaycan Respublikasına gətirmişdir. Tərəflərin anası 2016-cı ilin mart ayında, atası isə 2016-cı ilin dekabr ayında vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra tərəflərin heç biri mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər. İddiaçı valideynlərinin dəfnində iştirak etsə də, valideynlərindən miras qalmış əmlakları miras əmlak kimi faktiki qəbul etməmiş, həmin əmlakları idarə etməmişdir. Elşən Fərhadın xəbəri olmadan uzun müddət keçdikdən sonra mirasın qəbulu ilə bağlı notariusa müraciət edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsa da, sonradan məhkəmənin qətnaməsinə əsasən həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Valideynlərindən miras əmlakı vərəsə kimi yalnız Fərhad qəbul etmişdir. Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində də qeyd olunmuşdur. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, Elşən valiydenlərindən miras qalmış əmlakı qəbul etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirdi ki, cavabdeh onun qaynatasıdır. İddiaçı anası vəfat etməmişdən bir neçə ay əvvəl Azərbaycana gəlmişdir. Cavabdehin valideynləri vəfat edən ərəfədə iddiaçı valideynlərinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. İddiaçı ilə cavabdeh əvvəllər mehriban olsalar da, sonradan münasibətləri pozulmuş və təxminən iki ildən sonra iddiaçı atasına məxsus evdən çıxmışdır. İddiaçının atasına məxsus evdə təmir işləri aparmasını görməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi (Hakim: Zaur Hüseynov) ilə, İddiaçı Cavabdeh Abdulfəz oğluna qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilərək iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1151, 1159 və 1243-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı xx.xx.1968-ci ildən bu günə kimi Hacıqabul rayonu, 2-ci Paşalı kəndində qeydiyyatda olmaqla, 2016-cı ildən 2018-ci ilə kimi həmin fərdi yaşayış evində yaşamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evində anasının vəfatından bir neçə gün əvvəl həmin fərdi yaşayış evinə gəlmiş, sonra isə atası vəfat edənə kimi mübahisəli fərdi yaşayış evində yaşamış, bundan sonra isə mülkiyyətçi Abdulfəz Vəliyevin vəfatından sonra həmin fərdi yaşayış evində 2018-ci ilə kimi yaşamışdır. İddiaçı bildirdiyinə görə mərhum atası Abdulfəz Vəliyevin mülkiyyətində olan torpaq sahəsinin üzərində iş üzrə Cavabdeh inşa etdiyi fərdi yaşayış evi mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsinin üzərində 2 (iki) fərdi yaşayış evi vardır. İkincisi, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirdi ki, cavabdeh onun qaynatasıdır. İddiaçı anası vəfat etməmişdən bir neçə ay əvvəl Azərbaycana gəlmişdir. Cavabdehin valideynləri vəfat edən ərəfədə iddiaçı valideynlərinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. İddiaçı ilə cavabdeh əvvəllər mehriban olsalar da, sonradan münasibətləri pozulmuş və təxminən iki ildən sonra iddiaçı atasına məxsus evdən çıxmışdır. İddiaçının atasına məxsus evdə təmir işləri aparmasını görməmişdir. Üçüncüsü, buna qədər qət edilmiş məhkəmə qətnaməsi və iş üzrə Cavabdeh bildirdiyinə görə İddiaçı anaları vəfat etməmişdən əvvəl gəlmiş, anası vəfat edəndən sonra həmin fərdi yaşayış evində yaşayaraq yasda iştirak etmiş, daha sonra İddiaçı atası Abdulfəz Vəliyevdə vəfat edəndə yas mərasimində iştirak etməklə həmin fərdi yaşayış evində yaşamışdır. Odur ki, kollegiyadan Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Abdulfəz oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdeh İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan reyestr nömrəsi **********63-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsi X10, İddiaçı və X6 birgə mülkiyyətində olmuş, həmin torpaq sahəsi üzərində yerləşən 161,50 kv.m sahəsi olan fərdi yaşayış evi isə X4 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan reyestr nömrəsi **********86, qeydiyyat tarixi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X11 və X4 ümumi birgə mülkiyyətindədir. İş materialarında olan AZ-İİ 029649 nömrəli xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Hacıqabul rayonu, Paşalı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixli 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materialarında olan AZ-İİ 029644 nömrəli xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Hacıqabul rayonu, 2-ci Paşalı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci il tarixli 02 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-56/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Abdulfəz oğlunun cavabdehlər İddiaçı və Hacıqabul rayon Notariat Kontoruna, ƏMDK-nın yanında DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik işinin nömrəsi 177/2019 olan və reystrdə 2V-253 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63- 10301 olan çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(106)-219/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-56/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 219/2022 saylı qətnaməsində işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları kimi qeyd edilmişdir ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində 0,24 ha ibarət həyətyanı sahə iş üzrə tərəflərin atası X2, anası X6 və İddiaçı ümumi birgə mülkiyyəti kimi, həmin həyətdə yerləşən 161,5 kv.m yaşayış evi isə ata X2 mülkiyyəti kimi ilkin qeydiyyatdan keçmişdir. X5 xx.xx.2016-cı ildə, ata X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Miras açılandan sonra iki nəfər vərəsə - Cavabdeh Abdulfəz oğlu və İddiaçı qalmışdır. Miras açılandan təxminən 3 il sonra İddiaçı vərəsəliyin qəbulu üçün notariat orqanına müraciət etmiş, bu zaman o, ərizəsində vərəsə kimi yalnız özünü qeyd etmiş, valideynlərindən miras qalmış əmlaka (yaşayış evinə və torpaq sahəsinə) dair onun adına xx.xx.2019-cu il tarixdə müvafiq olaraq 2V-253 və 2V-154 reyestr nömrələri ilə qeydiyyatdan keçmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmiş, bunların əsasında İddiaçı əmlakın tam mülkiyyət hüququ ilə ona məxsus olduğuna dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Halbuki müəyyən edilir ki, mirasın açılmasından sonra qanunla müəyyən edilmiş müddətdə vərəsələrdən heç biri notariat orqanına müraciət etməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh Abdulfəz oğlu tərəfindən qəbul edilmişdir. Belə ki, miras açılan vaxtdan o, əmlaka faktiki olaraq sahiblik etmiş və əmlakı idarə etmişdir. Sözügedən həyətdə onun ailəsi yaşayır. Lakin, digər vərəsə İddiaçı münasibətdə mirasın qəbul edilməsi müəyyən edilmir. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 26 aprel 1998-ci il tarixdə, 05 saylı qərarı ilə Hacıqabul rayon 2-ci Udulu kəndində 0,24 hektar həyətyanı torpaq sahəsi atası X9, anası X13 və o İddiaçı Abdulfəs oğlunun mülkiyyətinə verilmişdir. (Bunu JN – 034 F, KOD 91008068 nömrəli Şəhadətnamədən görmək olar) Daha sonra Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 12 oktyabr 2001-ci il tarixli, 10 saylı qərarı ilə Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsi atası X9, anası X13 və onun, yəni İddiaçı Abdulfəs oğlunun mülkiyyətinə verilmişdir. (Bunu JN – 0210, KOD 91008058 nömrəli Dövlət aktından görmək olar) Qeyd edir ki, Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsi iddiaçının, onun mərhum ata və anasının birgə mülkiyyətindədir. İş üzrə Cavabdeh Abdulfəz oğlunun həmin yaşayış məntəqələrinin yerləşdiyi torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və kənd təsərrüfat təyinatlı torpaq sahəsində mülkiyyət hüququ yoxdur. Əlavə olaraq bildirir ki, iddiaçının anası X11 xx.xx.2016-cı il tarixdə, X1 isə xx.xx.2016-cı ildə vəfat etmişlər. Onların dəfnində iş üzrə İddiaçı Abdulfəs oğlu iştirak etmiş və onlardan sonra qalan əmlaklara faktiki olaraq iş üzrə İddiaçı Abdulfəs oğlu sahib çıxmış və onları idarə etmişdir. Bütün bunlardan sonra tərəflər arasında bu əmlaklar üstündə məhkəmə mübahisələri olmuş və bunlara dair müvafiq qanuni qüvvəsini almış qətnamələr vardır. Halhazırda Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1.18 hektar torpaq sahəsindən iş üzrə İddiaçı Abdulfəs oğlu birgə mülkiyyətçi kimi və miras əmlakdan qanun üzrə vərəsə olaraq istədiyi kimi istifadə edə bilmir ona görə ki, iş üzrə Cavabdeh Abdulfəz oğlu buna imkan vermir. Ona görə də iddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə etirazından görünür ki, iddiaçı uzun illər Ukrayna Respublikasında yaşamışdır. Cavabdeh qardaşı olan iddiaçını televiziya verilişi vasitəsi ilə tapıb Azərbaycan Respublikasına gətirmişdir. Tərəflərin anası 2016-cı ilin mart ayında, atası isə 2016-cı ilin dekabr ayında vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra tərəflərin heç biri mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər. İddiaçı valideynlərinin dəfnində iştirak etsə də, valideynlərindən miras qalmış əmlakları miras əmlak kimi faktiki qəbul etməmiş, həmin əmlakları idarə etməmişdir. Elşən Fərhadın xəbəri olmadan uzun müddət keçdikdən sonra mirasın qəbulu ilə bağlı notariusa müraciət edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsa da, sonradan məhkəmənin qətnaməsinə əsasən həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Valideynlərindən miras əmlakı vərəsə kimi yalnız Fərhad qəbul etmişdir. Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində də qeyd olunmuşdur. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, Elşən valiydenlərindən miras qalmış əmlakı qəbul etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarının tədqiqindən müəyyən edilir ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsi X10, İddiaçı və X6 birgə mülkiyyəti kimi, həmin torpaq sahəsi üzərində yerləşən 161,50 kv.m sahəsi olan fərdi yaşayış evi isə X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda, Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X11 və X4 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. X11 xx.xx.2016cı il tarixdə, X9 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Miras açılandan sonra iki nəfər vərəsə - Cavabdeh Abdulfəz oğlu və İddiaçı qalmışdır. Hazırki iddia tələbi ilə iddiaçı mərhum valideynlərindən miras qalmış Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsinin valideynlərinə məxsus 2/3 hissəsinin yarısı və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin yarısı, eləcə də Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin valideynlərinə məxsus 2/3 hissəsinin yarısı üzərində vərəsə kimi payının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, Cavabdeh Abdulfəz oğlunun cavabdehlər İddiaçı və Hacıqabul rayon Notariat Kontoruna, ƏMDK-nın yanında DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı adına verilmiş xx.xx.2019cu il tarixli vərəsəlik işinin nömrəsi 177/2019 olan və reystrdə 2V-253 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63- 10301 olan çıxarış etibarsız hesab edilmişdir. Daha sonra həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 219/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həm birinci instansiya məhkəməsinin həm də apelyasiya instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, miras açıldıqdan təxminən 3 il sonra İddiaçı vərəsəlik şəhadətnaməsinin qəbulu üçün notariat kontoruna müraciət etmiş, bu zaman o, ərizəsində vərəsə kimi yalnız özünü qeyd etmiş, valideynlərindən miras qalmış əmlaka əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) dair onun adına 29 dekabr 2019-cu il tarixdə müvafiq olaraq, 2V-253 və 2V-154 reyestr nömrələri ilə qeydiyyatdan keçmiş, qanun üzrə vərəsəlik şəhadətnamələri verilmiş, bunların əsasında İddiaçı əmlakın tam mülkiyyət hüququ ilə ona məxsus olduğuna dair 27 yanvar 2020-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Məhkəmələr iddia tələbinin təmin edilməli olması qənaətinə gələrkən hesab etmişlər ki, vərəsələrdən Cavabdeh mirası faktiki qəbul etmiş, digər vərəsə İddiaçı isə mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Notariat ofisinə müraciət edərək özünü yeganə vərəsə kimi təqdim edərək digər vərəsə Cavabdeh vərəsəlikdən kənarda saxlamaqla onun hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşlar. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 219/2022 saylı qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Kollegiya sübutlara qiymət verərək belə hesab edir ki, vərəsələrdən Cavabdeh mirası faktiki qəbul etmiş sayılır. Lakin digər vərəsə İddiaçı münasibətdə mirasın qəbul edilməsi müəyyən edilmir. Buna baxmayaraq, müəyyən edilir ki, hazırki iş üzrə vərəsə İddiaçı mirasın açılmasından təxminən 3 il sonra ərizə ilə notariat kontoruna müraciət etmiş, ərizəsində vərəsə kimi yalnız özünü göstərmiş, qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, mirasın qəbul edilməsi müddəti bərpa edilmədiyi halda onun adına vərəsəlik şəhadətnamələri verilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbinə görə, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Ona görə də İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik işinin nömrəsi 177/2019 olan və reystrdə 2V-253 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63- 10301 olan çıxarış etibarsız hesab edilməlidir. Kollegiya yaranmış hüquq münasibətinə həm MPM-nin 82.3-cü maddəsi, həm də subyektiv hüququnun olmaması əsası ilə qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il Qərarında Kontitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarının preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktlarının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsini, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə, İddiaçı atası X12 anası X7 miras qalmış əmlakın vərəsə olaraq qanunla müəyyən edilmiş müddətdə qəbul edilməməsi müəyyən edilmiş və həmin qətnamələr qanuni qüvvəsini almışdır. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(106)- 219/2022 saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan iş üçün preyudisiyallığı mövcud olmuşdur. Belə olan halda isə Cavabdeh tərəfindən qəbul edilmiş miras əmlak üzrə İddiaçı həmin əmlaka dair payının müəyyən edilməsinə dair iddia qaldırması əsaslı sayıla bilməz, çünki İddiaçı həmin iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmamışıdr. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü iddia tələbi, yəni “miras əmlakda payların müəyyən edilməsi” tələbi üzrə subyektiv hüququnun olmaması Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 219/2022 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hazırkı vəziyyətdə İddiaçı tərəfindən adı çəkilən əmlaklara vərəsə kimi hüququn irəli sürülməsi və həmin hüququn məhkəmə qaydasında təsdiqi üçün subyektiv hüququnun olmaması, onun iddiasının əsaslı sayılaraq təmin edilməsini istisna edir. Kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı valideynlərindən miras qalmış əmlaklarda (həmin əmlakların müvafiq hissələrində) vərəsə kimi payının müəyyən edilməsi və həmin hissələrdən sərbəst istifadəsinə cavabdeh tərəfindən maneçilik edilməsinin qadağan edilməsinə dair iddia tələbi təmin edilə bilməz.” mövqeyi ilə razılaşır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinin heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibraət olması qənaətinə gəlir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)703/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar