Məhkəmə qərarları › İş №2(106)-249/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-249/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-249/2025 15.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X67 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(049)-2528/2024 saylı qətnaməsindən (hakim A.Pənahov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 85520 manat (səksən beş min beş yüz iyirmi manat) pulun və ödənilmiş 347.52 manat (üç yüz qırx yeddi manat 52 qəpik) dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonunun Maşlıq kəndində yaşamaqla, kənd təsərrüfatı ilə məşğul olur. Ailənin ərzaq təminatı və digər ödəniş xərclərinin təmin edilməsi məqsədi ilə özünə məxsus olan torpaq sahələrində kartof məhsulu yetişdirir və həmin kartofun bir hissəsini ailənin ərzaq təminatı üçün saxlanılmaqla, bir hissəsini satışa çıxarır. 2023-cü ilin aprel-may aylarında Lənkəran rayonunun Şağlaser kənd sakinləri Cavabdeh və onun oğlu X78 təsərrüfatda becərdikləri kartof məhsulunu ondan nisyə alıb sonradan bir neçə gün keçdikdən sonra gətirib pulunu ödəmişdir. Beləliklə, onlar onun etibarını qazanmışlar. 2023-cü ilin may ayında Cavabdeh və onun oğlu X78 yaşadığı ünvana gələrək, onun özündə olan kartof məhsulunu və tanığı digər şəxslərdə də kartof olarsa həmin şəxslərlə də danışıq aparıb onların da məhsullarını nisyə almalarına köməklik göstərməyini xahiş etmişlər. O da, həmkəndliləri olan X47, X16, X17, X24, X34, X25, X68, X83, X26. X84, X27, X48, Şahid1, X69, X7, X35, X8, X55, X56, X79, X18, X57, X70, X49, X19, X50, X36, X58 ilə görüşüb bu barədə danışmış və həmin şəxləri öz həmkəndliləri ilə də tanış etdikdən sonra, həmkəndliləri onu hazırki iş üzrə cavabdehi tanıdığı üçün öz kartof məhsullarını onun vasitəçiliyi ilə cavabdehə nisiyə vermişlər. Cavabdeh yuxarıda adlarını qeyd etdiyi şəxslərin pulunun bir hissəsini gətirib ayrı-ayrı vaxtlarda ona vermiş və o da, həmkəndlilərinə pulu vermişdir. Beləliklə, cavabdeh hər dəfə nisyə kartof məhsulu götürəndə pulu ödəmək istədikdə onun vasitəsi ilə həmkəndlilərinə ödəyirdi. Cavabdeh ümumilikdə götürülən kartof məhsulunun dəyərinin bir qismini ödəsə də, ödənilməmiş pulu bir neçə günə qaytaracağı vədini verməklə aparmış və sonradan həmin pulu heç bir əsas gətirmədən onları aldadaraq kartof məhsulunun dəyərini ödəməkdən imtina etmişdir. Həmin 85520 manat ümumi vurulmuş ziyan aşağıdakı kimidir: 1) X28 -1675 manat, 2) X9 - 290 manat, 3) X10 - 720 manat, 4) X12 - 3526 manat, 5) X20 - 3569 manat, 6) X13 - 3359 manat, 7) X51 - 3339 manat, 8) X71 - 2952 manat, 9) X14 - 2977 manat, 10) X72 - 2530 manat, 10) X15 - 3319 manat, 11) X29 - 931 manat, 13) Şahid1 - 3497 manat, 14) X52 -4710 manat, 15) X3 - 7040 manat, 16) X21 - 653 manat, 17) X4 - 3636 manat, 18) X37 - 2636 manat, 19) X38 - 2327 manat, 20) X53 - 2707 manat, 21) İddiaçı -12312 manat, 22) X6 - 2489 manat, 23) X39 - 889 manat, 24) X40 - 1444 manat, 25) X30 - 2994 manat, 26) X11 - 1931 manat, 27) X31 - 2763 manat, 28) X22 - 598 manat, 29) X41 - 4507 manat. Həmin pulları onlardan tələb etsələr də, ata və oğul olan Lənkəran rayon sakinləri onların pullarını mənimsəmiş və ümumilikdə onlara 85520 manat məbləğində ziyan vurmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddia tələbində adlarını qeyd etdiyi özündən başqa 28 nəfər Cəlilabad rayonunun Maşlıq kənd sakinləri ilə Cavabdeh, becərdikləri kartof məhsullarını almaq üçün o tanış etmişdir. Bundan sonra Cavabdeh özü şəxsən bir-bir həmin şəxslərlə görüşmüş, becərdikləri kartof məhsulunun qiymətini onlarla razılaşmış və kartof məhsullarını onlardan təhvil almışdır. Sonradan kartof məhsulu aldığı şəxslərə həmin məhsulların dəyərini Cavabdeh şəxsən ödəmişdir. Onun özünə də şəxsən Cavabdeh 12312 manat borcu vardır. Belə ki, həmin borcun 1512 manat olan hissəsi ondan şəxsən aldığı kartof məhsuluna görə yaranmmışdır. Borcun digər hissəsi isə kənd sakinlərindən alınan kartof məhsullarının yük maşınlarına yüklənməsi üçün Cavabdeh əvəzinə ödədiyi ödənişlərə dair yaranmışdır. O, bu barədə polis orqanına da müraciət etmişdir. Məhkəməyə sübut kimi təqdim etdiyi CD diskdə olan səs yazısında da polis sahə rəisi Ağazadə Fərasətlə Cavabdeh arasında olan danışıqdan da cavabdehin ona borcu olduğu təsdiqlənir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, qardaşı olan Cavabdeh iddiaçı Vüsal Alışanovla aralarında 10 ilə yaxın kartof alveri olub. Hazırda Cavabdeh Vüsal Alışanova heç bir borcu qalmamışdır. Əksinə qardaşı Cavabdeh Vüsal Alışanova 40 ton toxumluq kartof vermişdir ki, Vüsal Alışanov hal-hazıradək həmin kartofun pulunu İqbala borclu qalmışdır. İddia tələbi tamamilə əsassız olmaqla, heç bir sübuta əsaslanmır. Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(049)-2528/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.1-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin ona borcunun olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bundan başqa iddiaçının razılaşma tərəfi olmadığı halda, cavabdehlə iddia tələbində adı çəkilən 28 nəfəri tanış etməsinə istinad edərək, sonuncular arasındakı razılaşmaya əsasən cavabdehin 28 nəfərə yaranmış (yaranması ehtimal edilən) borclarına görə həmin borcların cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək dəyişdirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərzizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsi düzgün huquqi nəticəyə gəlinməmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh satılan kartof məhsulları adları çəkilən kənd sakinlərinə məxsus olsa da, həmin məhsulların Cavabdeh satilması, yəni alqı-satqı müqaviləsi İqaballa onun arasında bağlanmışdır. Beləki, öhdəlik huquq münasibətləri İqballa aralarında yaranmışdır. Qanunvericiliyin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və hazırkı şikayətdə qeyd olunan dəlillər düzgün araşdırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. Lənkəran Rayon Məhkəməsi 2(049)-2528/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini təqdim etdiyi sübut və dəlillərini, ifadəsini, vəsatətlərini dinlənilmədən birtərəfin diqtəsinə əsasən qəbul etmişdir. İşin obyektiv və düzgün məhkəmə araşdırılması üçün hüquqları pozulmuş və mötəbər sübutları nəzərə alınmadan qarşı tərəfin diktəsi əsasında qətnamə qəbul edilməklə, konustitusion hüquqları kobud şəkildə pozulmuşdur. Tərəfimdən verilmiş kartof məhsullarının cavabdehdə qalması və onun tərəfindən pullarının ödənilməməsi, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər və cavabdehin nümayəndəsi də etiraf etmişdir. Yəni, cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir ki, İqbalın həqiqətən ona borcu olmuşdur. Belə olan halda, bundan sonrakı sübut etmə yükü onun deyil, cavabdeh tərəfin üzərinə düşür. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İqabala 1512 manat dəyərində öz kartof məhsulunu satıb pulunu almamışdır. Yerə qalan pulu isə İqbalın tapşırığı ilə kartof məhsullarını fura maşınlarına yükləməyə görə 5 fəhləyə öz şəxsi pulundan vermişdir. 35 fura maşın kartof yüklənilib, fəhlələr 1 fura maşınını 300 manata yükləyirdilər, əlavə 300 manat da İqabla əlbəəl pul vermişdir. Kənd camaatının pulunu ona görə istəyir ki, İqbalı onun vasitəsi ilə tanıyırlar, İqbalı kənd camaatının qapısına o aparmışdır. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, aınan malların pulu tam şəkildə iddiaçıya ödənilmişdir, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın təmin olunmasını xahiş etsə də, məzmun etibarı ilə apellyasiya şikayəti qətnamənin ləğvinə və iddianın tam təmininə yönəlik olmaqla, qətnamə tam mübahisələndirilmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə sübutetmə yükünün bölüşdürülməsi baxımından düzgün olmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X85 ifadəsində bildirmişdir ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh onun qapısına X59 gətirmişdir. O, həyətyanı sahəsində becərdyi kartofu satmaqla əlaqadar Cavabdeh ilə şəxsən razılaşaraq, qiyməti də onunla razılaşmışdır. Bundan sonra kartof məhsulunu sahəsindən toplayaraq İqbala təhvil vermişdir. Hazrda Cavabdeh ona nisyə verdiyi 197 kisə kartof məhsuluna dair 3497 manat borcu qalıb. Həmin kartofu iki ilə yaxındır ki, İqbala vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Vüsal Alışanov həmkəndlisidir. X2 qapısına gətirib kartof alıcısı kimi təqdim etmişdir. Sonradan İqballa aralarında qiyməti razılaşıb və ona nisyə olaraq 150 kisə kartof vermişdir. Satdığı nisyə kartofdan İqbalın ona 2707 manat borcu qalmışdır. Apellyasiya baxışı zamanı iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etmiş olduğu səs yazısı dinlənilmişdir. Səs yazısı Cəlilabad rayonu Maşlıq kənd sakinləri X55 və digərlərinin şikayətləri əsasında aparılan araşdırma zamanı Göytəpə polis bölməsinin sabiq polis sahə rəisi, polis mayoru Fərasət Azadə ilə barəsində şikayət olunan Cavabdeh arasında baş tutan telefon danışığıdır. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi (qardaşı) səsin Cavabdeh məxsus olduğunu təsdiq etmişdir. Səs yazısında cavabdeh Ağayev X44 rayonu Maşlıq kənd sakinlərindən, həmin kənd sakini Vüsal Alışanov vasitəsi İlə hər kiloqramını 1 (bir) manatdan olmaqla təxminən 400000 (dörd yüz min) manat dəyərində kartof məhsulunu nisiyə şəkildə aldığını, məhsulun pulunun bir qismini ödədiyini, Ukrayna bazarında qiymətlərin aşağı enməsi, eyni zamanda Rusiyanın Krasnodar kartof məhsulunun bazara çıxması səbəbilə təxminən qalan 70-80 min manat borc pulu qaytarmaqda çətinlik çəkdiyini, həmin borcu qısa müddət ərində çalışıb qaytaracağını bildirir. Cəlilabad rayonu Maşlıq kənd sakinləri X55 və digərlərinin şikayətləri əsasında toplanmış HK-1-423 nömrəli təhqiqat materialı üzrə Cəlilabad rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rasim Hünbətovun 19 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aşağıdakılar müəyyən olunur: Cəlilabad rayonu Maşlıq kənd sakinləri X55 və qeyriləri 21 may 2023-cu ıl tanxdən 13 iyun 2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə, Cəlilabad rayon polis şöbəsinə, Göytəpə polis bölməsinə və digər dovtat orqanlarına kollektiv qaydada rəsmi müraciətlər edərək, Lənkəran rayonu Şağlaser kənd sakini Cavabdeh adlı şəxsə 2023-cü ilin aprel-may aylarında müxtəlif çəki və miqdarda, umımmılıkdə 104000 (yüz dörd min) manat dəyərində kartof məhsullarını nisiyə olaraq vermələri və pullarını ala bilməmələri barədə şikayət etmişlər; Material üzrə izahat vermiş İddiaçı göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır, özü kənddə kartof əkinçiliyi və alqı-satqısı ilə məşğul olur. Maşlıq kənd sakinlərindən bir qrup şəxslərin onun haqqında kollektiv şikayət ərizələri ilə tanış olmuş bununla əlaqədar aşağıdakıları göstərə bilər. Beləki, uzun müddətdir əkinçi olduğu üçün kartof məhsulunun və toxumlarının alqı-satqısı ilə məşğul oduğuna görə təxminən 2015-ci ildən Lənkəran rayonu Şağlaser kənd sakini Cavabdeh tanımış və onunla bu sahədə əlaqəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı kənddə atası Barat Alışanovun həyətinə gəlib kartof almaq istədiyini ona bildirmiş, İqbalın xahişi ilə ona qoşulub həmin ərəfədə və daha sonrakı tarixlərdə Maşlıq kənd sakinləri X47, X55 və ərizələrdə adları qeyd edilmiş digər şəxslərin həyətinə onunla, daha sonra İqbalın oğlu Kazımla gedərək, İqbalın həmin şəxslərdən kartof alacağını bidirmişdir. Bundan sonra ərizələrdə adları qeyd edilmiş şəxslərdən 2023-cü ilin aprel-may aylarında aldığı kartof məhsulunun aparılması üçün İqbal iri fura yük avtomaşınlarını atası Barat Alışanovun həyətinin yanına gətirib orada saxlayır, kartof sahibləri kisələrə doldurulmuş kartofu gətirib həmin furalara yığırdılar, çox vaxtı İqbal özü orada olmadığı üçün onun gənc oğlu X78 həmin kartof məhsulunu kənd sakinlərindən qəbul edib aparırdı. İlk əvvəl olaraq İqbal və oğlu Kazım Ağayev 3-4 maşın kartofu nisiyə yığıb kəndə gəlib camaatın pulunu hər gün paylayırdılar. İnsanların inamını qazandıqdan sonra Cavabdeh may ayında yığdığı kartof pullarını sahiblərinə verməmiş və üst-üstə 104000 (yüz dörd min) manata yaxın onun üstündə borc yığılmışdır. İqbal borcların əlindən yayınmağa baılamış, kənd camaatı onu tanıdıqları üçün qapısına gəlib İqbalı və oğlu Kazımı ondan soruşurmuşlar ki, hər dəfə onlara bildiririmişdir ki, "onlara borcu yoxdur, kartofun hamısını İqbal və oğlu Kazım götürüb, borclarını onlardan tələb etsinlər, onun öz kartof məhsulu da gedib, İqbalın onada borcu vardır". Onun sözü ilə razılaşmayan borc sahibləri 2023-cü ilin iyun ayından başlayaraq ondan və İqbaldan 102-yə şikayət etməyə başlamışlar. Əvvəlcə bu şikayətlər sabiq sahə rəisi, polis mayoru Azadə Fərasət adlı əməkdaş tərərəfindən araşdırılmış, sonra onun tərəfindən toplanmış material Göytəpe polis bölməsində təhqiqatçı Əflatun Məmmədova verilmiş, şikayətlərlə bağlı onu Göytəpə polis bölməsinə dəvət etmişlər. Orada həmin şikaytlə bağlı ətraflı izahat vermiş, izahatında bildirdmişdir ki, Maşlıq kənd sakinləri kartof məhsullarını Cavabdeh və onun oğlu Kazım Ağayevə atası Barat Alışanovun evinin yanında dayanmış furalara yükləyib nisiyə vermişlər, həmin kartof məhsulları ona çatmayıb, bu işdə onun heç bir xeyri yoxdur, kartof məhsullarını Cavabdeh şəxsən özü əvvəl nisiyə götürüb, pulun bir qismini verib, sonra isə insanların etibarını qazanıb və qalan kartof məhsullarının pullarını insanlara verməyib. Sadəcə olaraq İqballa tanışlığı olduğu üçün kənd sakinlərinin bir qismi şikayətlərində onun adını hallandırıblar. Qeyd edir ki, özü də, Cavabdeh şikaytçidir. Çünkü bu ilin may ayında İqbal həmçinin onun 12312 manat məbləğində kartof məhsullarını nisiyə alıb, borcunu verməyib, bu səbəbdən Maşlıq kənd sakinlərindən 29 nəfər şəxslərlə birlikdə xx.xx.2023-cü il tarixdə DİN-in rəhbərliyi ünvanına kollektiv şikayət etmişdir. Beləlikə, Lənkəran rayonu Şağlaser kənd sakini Cavabdeh adları qeyd edilmiş şikayətçilərə borclu qaldığı 104000 (yüz dörd min) manat borcun 18480 manatını hissəvi şəkildə ödəmiş, lakin 85520 (səksən beş min beş yüz igirmi) manat borcu bu günə kimi qalmışdır ki, həmin borcun tərkibində Cavabdeh ona 12312 (on iki min üç yüz on iki) manat kartof pulu borcu vardır. Araşdırma ilə bağlı Cavabdeh dəfələrlə Göytəpə polis bölməsinə çağırlsada, çağırışlara gəlib çıxmamış, çağırışdan yayınmışdır. Əlavə olarq qeyd etmək istəyir ki, Cavabdeh kənd sakinlərinin,o cümlədən onun tərəfindən nisiyə olaraq satmaq üçün verilmiş kartof məhsulları tam yararlı olmuş, onların daxilində bir ədəd belə çürük kartof olmamışdır ki, sonradan İqbal kartofun çürük olmasını bəhanə etməsin. Hətta onda İqbalın səs yazısı var ki, kartof məhsulunu qəbul etdikdən sonra pullarını sahiblərinə vaxtında çatdırmağa söz verir və orada kartofun çürük olması barədə bircə kəlmə yoxdur; Araşdırma zamanı dindidirlmiş şikayətçilər, Cəlilabad rayon Maşlıq kənd sakinlərindən X55, X60, X61 və X1 Vüsal Barat oğlunun göstərdiyi xüsusuatlan izahatlarında eyni ilə təsdiq etmişlər; Araşdıma zamanı dindirilmiş Cavabdeh izahatında göstərmişdir ki, Lənkəran rayonu Şağlaser kəndində yaşayır, haqqında Cəlilabad rayon Maşlıq kənd sakinlərindən bir qrup vətəndaşların DİN-nə və digər dövlət orqanlarına kollektiv şikayət xarakterli müraciətləri ilə tanış olmuşdur. Özü rəsmi heç bir yerdə işləmir, uzun müddətdir ki, kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşqul olur. Bu işlə əlaqədar təxminən 2015-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kənd sakini X59 ilə tanış olmuş və onunla uzun müddət kartof məhsullarının alqı-satqısı ilə məşqul olmuşdur. Vüsal həmin illər ərzində yaşadığı kənd sakinlərindən onun üçün kartof məhsullarını axtarıb tapır, özü isə gedib məhsula baxıb onu qəbul edərək çox vaxtı pullunu nağd verib məhsulu Rusiya və Ukrayna Respublikasına göndərib satdırmış, yerdə qalan borcları qısa müddət ərzində həmişə ödəmişdir. Maşlıq kəndində çox insanlar onu tanıyır və bu günə qədər heç kimin pullunu mənimsəməyib. Sonuncu dəfə 2023-cü ilin aprel-may aylarında X33 vasitəsi ilə Cəlilabad rayonu Maşlıq kəndində X42 və qeyrilərini qiyabi tanımış, beləki, həmin ərəfədə Vüsal onlardan müxtəlif çəki və məbləğlərdə kartof məhsulunu yığıb atası Barat Alışanovun yaşadığı evin qabağına gətirib ona təhvil verirmiş, o da, fəhlələr vasitəsi ilə həmin kartofu kağız kulyoklarda olmaqla orada furalara yüklətdirib, yükü Rusiya və Ukrayna Respublikasına göndərib satdırmışdır. Həmin kartof məhsulunun hər kiloqramını 1 manatdan qəbul etmiş, qiymətin sonradan düşməsinə baxmayaraq, kartof sahiblərinin əksəriyyətinin pulunu öz ziyanına hər kilosuna 1 manatdan vermişdir. Həmin ərəfədə Vüsal Alışanovun vasitəçiliyi ilə Maşlıq kənd sakinlərindən bir qrup şəxslərdən ümumilikdə 300-400 min manat arasında kartof məhsulu almış, çoxunun pulunu nağd vermiş, qalan şəxslərin pulunu isə məhsulu satdığca uzağı bir həftə ərzində vermiş, yerdə cəmisi təxminən 50000 manata yaxın məhsulun pulu qalmışdır ki, həmin məhsul Rusiya və Ukrayna Respublikasında tez xarab olub yararsız hala düşdüyü üçün, həmin məhsulu sata bilməmiş, ayağında qalmışdır. İndi həmin kartofun sahibləri ondan şikayət edirlər. Vüsal Alışanova bildirdimişdir ki, kartofun müəyyən hissəsi ölkə ərazisini keçəndən sonra tərkibində çoxlu azot və su olduğu üçün tez çürüyüb yararsız olduğuna görə həmin zay məhsulun pulunu verə bilməyəcək, lakin kartof sahibləri və Vüsal Alışanov başda olmaqla zay kartofun pulunu ondan tələb edirlər və bildirirlər ki, həmin qalmış kartofun pulunu onlara verməlidirlər. Onun isə buna imkanı yoxdur, bu hadisəyə görə o qədər maddi cəhətdən müflis olmuşdur ki, hətta yaşadığı kənddə evini Rabitə Bankda girov qoymuş, ona görədə ondan şikayət edən şəxslərə onların tələb etdiyi 85000 manat maddi ziyanı ödəməyə heç cür imkanı yoxdur. Ərizədə adları qeyd edilmiş və ondan şikayət etmiş Maşlıq kənd sakinlərinin heç birini tanımır, həmin şəxslərə çatası pulları hissəvi şəkildə, məhsulu satdıqca Vüsal Alışanova əlbə-əl vermişdir, çünkü həmin şəxslər Vüsalı tanıyırdılar və onun üçün həmin şəxslərdən kartofu Vüsal yığırdı. Həmin ərəfədə elə vaxt olub ki, Vüsal Alışanova 34 - 80000 manat arası nağd pulları hissəvi şəkildə vermişdir ki, oda həmin pulları kartof sahiblərinə versin. Heç kimə borclu qalmamış, sadəcə olaraq sonuncu kartof partiyasında çoxlu azot olduğu üçün kartof Rusiya və Ukraynada xarab olduğu üçün, həmin mallar atılmış, oda maddi ziyana düşmüş və bu pulları Vüsala çatdıra bilməmişdir. Səbəbini Vüsala izah etmişdir ki, mal xarab olduğu üçün ziyana düşüb, təmiz məhsulun pulunu isə vermişdir. Vüsal isə bunu kartof sahiblərinə vaxtında bildirmədiyi üçün ortada narazılıq yaranmışdır. Həmin məhsulu qəbul edərkən məhsul sağlam olub, lakin təxminən 10 günə yük maşını kartofu ölkədən kənara apardığı üçün kartofun bir qismi tez xarab olub ki, bu da, kommersiya münasibətlərində mülki qanunvercilikdə "fos-major" vəziyyət kimi nəzərə alınmışdır. 20 yaşlı övladı X5 yükləməsində özünə köməkçi kimi aparmış, bu söhbətlərə onun heç bir aidiyyəti yoxdur. Bütün haqq-hesabı və alqı-satqını özü İddiaçı vasitəsilə etmiş, uşağının bu işlərə heç bir aidiyyəti yoxdur. 2023-cü ildə aprel-may-iyun aylarında dəfələrlə Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Asif İmanovun qəbulunda olmuş, onunla səmimi şifahi söhbətlər etmişdir. Ona izahat verməyi deməmiş, bu vaxta qədər heç kim rəsmi təhqiqata çağırmamışdır; Barəsində şikayət edilmiş Cavabdeh övladı X43 Cəlilabad rayonu Maşlıq kənd sakinləri İddiaçı və qeyriləri ilə kartof-alqı satqısı sahəsində kommersiya fəaliyyəti ilə məşğul olması və mülki münasibətlərdən irəli gələn yaranmış borcların ödəməsindən imtina etməsi faktı araşdırma zamanı təsdiqini tapmamışdır; Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü, Lənkəran rayonun Şağlaser kənd sakini, Cavabdeh kommersiya fəaliyyəti ilə məşqul olduğu zaman Rusiya Federasiyası və Ukrayna Respublikasına kartof məhsulunu göndərmək məqsədi ilə 2023-ci ilin aprel-may aylarında tanışı, Cəlilabad rayonu Maşlıq kənd sakini X33 vasitəsi ilə həmin kənd sakinləri X55 və digərlərindən ümumilikdə 300-400000 (üç yüz - dörd yüz min) manat dəyərində müxtəlif çəkilərdə kartof məhsullarını qəbul edərək, məhsul pulunun bir qismini nağd yolla İddiaçı vasitəsi ilə həmin şəxslərə hissəvi şəkildə ödəmiş, lakin sonuncu 104000 (yüz dörd min) manat dəyərində kartof məhsulu ölkə hüdudlarından Rusiya Federasiyası və Ukrayna Respublikası ərazisinə ixrac edildiyi zaman tranzit yolda yararsız hala düşməsi nəticəsində kənd sakinlərinə yaranmış 85520 (səksən beş min beş yüz igirmi) manat borcun ödənilməsi ilə bağlı mübahisə yaranmışdır; Cinayət təqibi orqanı Cinayət Prosessual Məcəllənin 86, 39.1.1, 207 və 212-ci maddələrinə istinadla material üzrə cinayəti işinin başlanmasını rədd etmiş, aralarında yaranmış mülki münasibətlərdən irəli gələn məsələlərin tənzimlənməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarını tərəflərə izah etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1 - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 448.1 - Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; Maddə 567 - Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1 - Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir; Maddə 427.2. - Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 427.3. - Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 777.1. - Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. - Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 778.1. - Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; Maddə 783.1. - Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; Maddə 783.2. - Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; Maddə 783.3. - Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.3 - Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir; Maddə 218.3. - Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz müəyyən olunan faktiki hallarına əsasən İddiaçı yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində kartof məhsullarının becərilməsi, alışı və satışı ilə məşğul olan şəxsdir. Cavabdeh isə kartof məhsullarını kənd camaatından alaraq Rusiya və Ukraynanın bazarlarında satışını təşkil etməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tərəflər arasında 2015-ci ildən kartof məhsullarının alqı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. İddiaçı Cavabdeh şifahi tapşırıqları əsasında yaşadığı kənddə kartof satan sakinləri axtarıb tapmış, İqbalın özü isə gedib məhsula baxıb onu qəbul edərək, çox vaxtı pullunu nağd verib məhsulu Rusiya və Ukrayna bazarlarına göndərib satdırmış, yerdə qalan borcları qısa müddət ərzində həmişə ödəmişdir. 2023-cü ildə Cavabdeh İddiaçı vasitəçiliyi ilə Maşlıq kənd sakinlərindən ümumilikdə 300000-400000 manat arasında kartof məhsulu almış, çoxunun pulunu nağd vermiş, qalan şəxslərin pulunu isə məhsulu satdığca uzağı bir həftə ərzində vermişdir. Tərəflər arasında mübahisə sonuncu dəfə 2023-cü ilin aprel-may aylarında İddiaçı vasitəçiliyi ilə kənd sakinlərindən alınan kartofun dəyərinin ödənilməməsi ilə bağlı yaranmışdır. İddiaçı bildirir ki, iddia tələbində adlarını qeyd etdiyi özündən başqa 28 nəfər Cəlilabad rayonunun Maşlıq kənd sakinləri ilə Cavabdeh, becərdikləri kartof məhsullarını almaq üçün o tanış etmişdir. Bundan sonra Cavabdeh özü şəxsən bir-bir həmin şəxslərlə görüşmüş, becərdikləri kartof məhsulunun qiymətini onlarla razılaşmış və kartof məhsullarını onlardan təhvil almışdır. Sonradan kartof məhsulu aldığı şəxslərə həmin məhsulların dəyərini Cavabdeh şəxsən ödəmişdir. Onun özünə də şəxsən Cavabdeh 12312 manat borcu vardır. Belə ki, həmin borcun 1512 manat olan hissəsi ondan şəxsən aldığı kartof məhsuluna görə yaranmmışdır. Qalanı isə kənd sakinlərindən alınan kartof məhsullarının İqbalın tapşırığı əsasında fura maşınlarına yüklənməsi üçün beş fəhləyə verdiyi şəxsi vəsaitidir. 35 fura maşın kartof yüklənilib, fəhlələr 1 fura maşınını 300 manata yükləmişlər. Bundan başqa İqbala 300 manat da, əlbə-əl pul vermişdir. Cavabdeh ona ödəməli olduğu 12312 manat daxil olmaqla, onun vasitəçsiliyi ilə kənd camaatından aldığı kartofa görə 85520 manat borcu yaranmışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdeh nə onun pulunu, nədə ki, camaatın pulunu ödəməmişdir. Kənd sakinləri İqbalı onun vasitəçiliyi ilə tanıdıqlarına görə satdıqları kortofun pulunu ondan tələb edirlər. Bununla bağlı kənd sakinləri və onun tərəfindən polisə şikayətlər edilmiş, müvafiq araşqdırmalar aparılmışdır. Cavabdeh polisdə aparılan araşdırma zamanı verdiyi izahatında aldığı kartof məhsullarına görə 50000 manata yaxın pulun ödənilməmiş qaldığını bildirib, səbəbini belə izah etmişdir ki, aldığı son partiya kartofun tərkibində çoxlu azot və su olduğu üçün Rusiya və Ukraynada tez xərab olub yararsız hala düşmüş, sata bilməmişdir. İddiaçı məlumat verərək bildirmişdir ki, zay məhsulun pulunu verə bilməyəcək. İşin mübahisəli halı ilə bağlı kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh almış olduğu məhsulun tez xərab olduğunu bildirsə də, bunu təsdiq edə biləcək hər-hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa Cəlilabad rayonu Maşlıq kənd sakinləri X55 və digərlərinin şikayətləri əsasında aparılan araşdırma zamanı Göytəpə polis bölməsinin sabiq polis sahə rəisi, polis mayoru Fərasət Azadə ilə barəsində şikayət olunan Cavabdeh arasında baş tutan telefon danışığında sonuncu Cəlilabad rayonu Maşlıq kənd sakinlərindən, həmin kənd sakini İddiaçı vasitəsi İlə hər kiloqramını 1 (bir) manatdan olmaqla təxminən 400000 (dörd yüz min) manat dəyərində kartof məhsulunu nisiyə şəkildə aldığını, məhsulun pulunun bir qismini ödədiyini, Ukrayna bazarında qiymətlərin aşağı enməsi, eyni zamanda Rusiyanın Krasnodar kartof məhsulunun bazara çıxması səbəbilə təxminən qalan 70-80 min manat borc pulu qaytarmaqda çətinlik çəkdiyini, həmin borcu qısa müddət ərzində çalışıb qaytaracağını bildirmişdir. Göründüyü kimi cavabdeh ziddiyyətli izahlar verərək, aldığı kartof məhsullarının dəyərini ödəməməkdə özünə bəraət qazındırmağa çalışmış, bununla bələ Vüsal Alışanovun vasitəçiliyi ilə almış olduğu kartof məhsullarına görə 80000 manat borcunun (səs yazısında) yarandığını etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində adları çəkilən kənd sakinləri becərdikləri kartof məhsullarını Cavabdeh tapşırığı əsasında hərəkət edən İddiaçı vasitəçiliyi ilə bilavasitə cavabdehə satdıqlarından və İddiaçı həmin alqı-satqı müqaviləsinin tərəfi olmadığından, birinci instansiya məhkəməsi sonuncunun kənd sakinlərinin adından çıxış etməyə hüquqi ixtiyara, yəni cavabdehə qarşı pul tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə iddianı həmin hissədə rədd etməkdə tam haqlı olmuşdur. Bununla belə alqı-satqı müqaviləsinin tərəfi olan hər bir kənd sakini müstəqil şəkildə öz adından satdığı kartof məhsulunun dəyərinin ödənilməsi tələbini irəli sürmək hüququnu saxlayır. İddiaçının bilavasitə özü tərəfindən satılan kartof məhsullarına görə ödənilməmiş qalan 1512 manat, cavabdehin kənd sakinlərindən almış olduğu kartof məhsullarının fura maşınlarına yüklətdirməsi ilə əlaqədar çəkmiş olduğu xərclər daxil olmaqla ümumilikdə tələb etdiyi 12312 manat pul tələbinə dair hissədə işin müəyyən olunan hallarına münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının cavabdehin tapşırığı əsasında hərəkət etməsi, cavabdehin kənd camaatından həmin ərəfədə aldığı kortof məhsullarını yığıb atası Barat Alşanovun yaşadığı evin qabağına gətirib cavabdehə təhvil verməsi, fəhlələr vasitəsi ilə həmin kartofun kağız torbalarda olmaqla orada furalara yüklənməsi işin mübahisəsiz hallarıdır. İddiaçı cavabdehin ona olan borcu daxil olmaqla kənd camaatına ümumilikdə 85520 manat borcunun olduğunu bildirsə də, sübut kimi təqdim etmiş olduğu səs yazısında cavabdeh onun vasitəçiliyi ilə almış olduğu kartof məhsullarına görə 70-80 min manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən başqa sübut verilmədiyindən, cavabdehin etirafı əsas götürülərək qeyd olunan alış-verişdən iddiaçı və digər kənd sakinləri qarşısında icra edilməmiş öhdəyinin həddi 80000 manat müəyyən edilməlidir. Belə olan halda isə iddiaçının ümumi tələbinin 12312 manat təşkil etdiyi, sübuta yetirilən ümumi məbləğin (85520-80000=5520) 5520 manat azalması nəzərə alınsa, cavabdehin iddiaçı qarşısında yaranan öhdəliyi (12312-5520=6792) 6792 manat təşkil edəcək ki, həmin məbləğin 1512 manat hissəsi iddiaçı tərəfindən satıcı kimi cavabdehə satılan və dəyəri ödənilməmiş kartof məhsullarının pulu, 5280 manat hissəsi isə iddiaçının vəkalət alan olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərcdir. Yuxarıda sadalanan maddi hüquq normaları baxımından iddiaçı həm satıcı olaraq cavabdehə satmış olduğu malın dəyərinin ödənilməsi, həmdə vəkalət alan şəxs olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı bilavasitə özü tərəfindən satılan kartof məhsullarına görə ödənilməmiş qalan 1512 manat pulun, vəkalət alan olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərclər daxil olmaqla 12312 manat pul tələbinə dair iddiasının təmin olunmayan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia qaldırılarkən ödənilmiş 347 manat dövlət rüsumunun, həmçinin apellyasiya şikayəti verilərkən ödənilmiş 175 manat dövlət rüsumunun iddianın təmin olunmuş (6792:85520X100=7.94) 7.94% hissəsinə mütənasib olan (347+175=522; 422 X 7.94 : 100=41.44) 41.44 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(049)-2528/2024 saylı qətnaməsi İddiaçı bilavasitə özü tərəfindən satılan kartof məhsullarına görə ödənilməmiş qalan 1512 manat, vəkalət alan olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərclər daxil olmaqla ümumilikdə 12312 manat pul tələbinin təmin olunmaması hissədə ləğv olunsun və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 8312 (səkkiz min üç yüz on iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumlarının iddianın təmin olunan hissəsinə mütənasib olan 41.44 manat (qırx bir manat 44 qəpik) hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar