Məhkəmə qərarları › İş №2(106)-260/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-260/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-260/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(049)-613/2022 saylı qətnaməsindən (hakim T.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Nürəddin qızı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19 noyabr 2018-ci il tarixdə doğulmuş X6 atası olmasının müəyyən edilməsi və Cavabdeh 19 noyabr 2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində olmaqla 200 manat, uşaq 3 yaşına çatanadək 19 noyabr 2021-ci il tarixədək ona qulluq etdiyi üçün hər ay 100 manat alimentin sabit pul məbləğində tutulub xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 02 sentyabr 2017-ci il tarixdə qeyrirəsmi ailə qurmuş və həmin münasibətdən 19 noyabr 2018-ci il tarixdə Abbas adlı bir oğulları doğulmuşdur. Onlar bir müddət birlikdə yaşamışlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hal-hazırda birgə yaşamırlar. Uşaq onun himayəsindədir. Oğlu Abbasa doğum haqqında şəhadətnamə verilərkən şəhadətnaməsinin ata qrafasında “X8” yazılmışdır. Cavabdehlə ayrıldıqları vaxtdan hal-hazıradək cavabdeh uşaqla bir dəfə də olsun maraqlanmamış və onun saxlanması üçün könüllü olaraq aliment ödəməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, oğlu Cavabdeh hazırda Rusiya Federasiyasındadır. X18 Gülsəma Nürəddin qızı ilə 2017-ci ildə qeyri rəsmi nikahla ailə qurmuşlar və 19 noyabr 2018-ci il tarixdə Abbas adlı bir uşaqları olmuşdur. 19 noyabr 2018-ci il tarixdə doğulmuş Abbas adlı uşaq İddiaçı Nürəddin qızı ilə onun oğlu Osmanın faktiki nikahından doğulmuşdur. Nikahlarını rəsmiləşdirmədikləri üçün uşağın doğum şəhadətnaməsində Osmanın soyadı yazılmamışdır. Cavabdeh öz övladının atalığını qəbul edir, uşağın saxlanması üçün hər ay 100 manat aliment ödəməyə razıdır. Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(049)-613/2022 saylı saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 19 noyabr 2018-ci il tarixdə doğulmuş X6 atasının Cavabdeh olması müəyyən edilmiş, Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən qeydlər aparılmaqla X7 yeni doğum haqqında şəhadətnamənin və ata soyadının verilsməsi, 19 iyun 2019-cu il tarixdən başlayaraq Cavabdeh 19 noyabr 2018-ci il tarixdə doğulmuş Abbasın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Nürəddin qızına ödənilməsi, iddianın qalan hissədə təmin olun6maması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək alimentin tutulması hissədə dəyişdirilərək, Cavabdeh 19 iyun 2019-cu il tarixdən başlayaraq 19 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün har ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mülki işə baxarkən, cavabdehin Rusiya Federasiyasında işləməklə maddi cəhətdən imkanlı olmasına, ünvan 1i ünvanında yerləşən evinin həyətyanı sahəsində meyvə ağacları yetişdirməklə yaxşı qazanc əldə etməsinə, onun kirayədə yaşamaqla heç bir yerdəişləmədiyini, cavabdehin ona uşağın saxlanılması üçün ödəyəcəyi aliment pulundan başqa heç bir yerdən qazanc əldə etmədiyini, hər ay uşağın normal şəraitdə yaşaması üçün ən azından zəruri ehtiyacların ödənilməsi məqsədi ilə çəkiləcək xərclərin 150 manatla qarşılanmayacağını və 2022-ci il üçün “Yaşayış minimumu" haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimunun 193 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, ən azından oğlu Abbasın saxlanılması üçün cavabdehdən hər ay ödəniləcək alimentin məbləğini 193 manat sabit pul məbləğində müəyyən etməli olduğu halda, bunu etməmişdir. Düzdür, məhkəmə yetkinlik yaşına çatmayan Abbasın saxlanılması üçün cavabdehdən tələb etdiyi sabit pul məbləğində alimentin iddia qaldırdığı vaxtdan ödənilməsini qət etmiş olsa da, hansı səbəbdən tələb etdiyi həddə deyil, az məbləğdə aliment təyin etməsini qətnamədə əsaslandırmamışdır. Məhkəmə 19 noyabr 2018-ci il təvəllüdlü Abbasın yetkinlik yaşına çatanadaək Cavabdeh alınaraq verilməsi üçün alimentin məbləğini müəyyənləşdirərkən onun və cavabdehin yaşayış şəraiti, cavabdehin daha yüksək məbləğdə aliment ödəmək imkanının olmasına dair olan faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə cavabdehlə faktiki nikahlaırndan 19 noyabr 2018-il tarixdə doğulmuş Abbas adlı uşağının atasının X9 olmasını müəyyən etmiş olsa da, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tərəfindən iddia edilmiş 200 manat sabit pul məbləğində alimentin hansı səbəbdən ən azından bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumu həddindən də az, yəni 150 manat müəyyən edilməsi üçün cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyi halda, demək olar ki, cavabdehin fikrinə üstünlük verilmişdir. Halbuki indiyənədək də azyaşlı oğlu Abbasın saxlanılması üçün cavabdeh ona nə maddi, nə də ki, mənəvi dəstək olmadığı üçün uşağın bütün xərclərini də təkbaşına çəkmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz və sonradan ona edilmiş əlavə belə əsaslandırılır ki, iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, guya cavabdeh Lənkəran rayonunun Pensər kəndində yerləşən evinin həyət sahəsində də meyvə ağacları yetişdirir. Lakin iddiaçı buna dair heç-bir sübut şikayətinə əlavə etməmişdir.İddiaçının bu yaoanını ifşa etmək məqsədilə Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən arayış alaraq məhkəmə kollegiyasına təqdim edir. Arayışda qeyd olunur ki, Cavabdeh Astara rayonunun Pensər kəndində özünəməxsus fərdi yaşayış evi yoxdur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh X10 şəhərində yaşayaraq, taksi fəaliyyəti ilə məşğuldur. O özü də uşaq doğulana kimi cavabdehlə birlikdə Rusiyada yaşamışdır. Rusiyada cavabdehlə birlikdə yaşadıqları dövrdə Azərbaycan manatı ilə cavabdehin hər ay 2000 manat qazancı olurdu. Cavabdeh taksi fəaliyyətindən savayı Rusiyada dönərxana da işlədirdi. Məhkəmədə iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunui bildirib təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmənin ünvanına teleqram vuraraq səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, iştirakı olmadan qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini alimentin tutulması hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə alimentin tutulması hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ididaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Lənkəran rayon Hirkan qəsəbə İƏD nümayəndəliyi tərəfindən 24 may 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 207275 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 noyabr 2018-ci il tarixdə Astara rayonu, Pensər kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019cu ilin may ayının 24-cü günündə 08 nömrə ilə qeyd edilmişdir. X2, anası isə İddiaçı Nürəddin qızıdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Nürəddin qızının Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası üzrə Cavabdeh axtarışı elan edilmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi X1 05 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 19 noyabr 2018-ci il tarixdə doğulmuş Abbas adlı uşağın atası olmasını qəbul edir və hər ay 100 manat aliment ödəməyə razıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəliləri qismən əsaslıdır və qətnamə ilə sabit pul məbləğində müəyyən olunan alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Qanunverici sabit pul məbləğinin miqdarını, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsindən asılı etdiyindən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarından, iddiaçının işləməməsi, cavabdehin isə Rusiyada yaşayaraq fərdi əmək fəaliyyəti ilə məşğul olaraq qazancının olması, yaşayış minimumunun müəyyən edilməsi əsas götürülərək, cavabdehdən tutulacaq alimentin məbləği yaşayış minimumuna uyğun dəyişdirilrək hər ay üçün sabit pul məbləğində 193 manat müəyyən edilməlidir. Qanunverici alimentin miqdarı müəyyən olunduqdan sonra, onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasından asılı etmişdir. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Apellyasiya şikayətini iddianın təmin olunmayan uşaq 3 yaşına çatanadək 19 noyabr 2021-ci il tarixədək ona qulluq etdiyi üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hissədə tədqiq edən kollegiya hesab edir ki, həmin hissədə şikayət əsaslı hesab edilə bilməz. Ümumiyyətlə iddiaçının apellyasiya şikayətində qeyd olunan hissədə tələblə bağlı hər-hansı bir dəlil qeyd edilməsə də, iddiaçı qətnaməni alimentin tutulması hissədə mübahisələndirərək, iddianın tam təmin olunmasını xahiş etdiyindən, kollegiya qeyd olunan hissədə də apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Göründüyü kimi ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yarandığından, hazırki mübahisə tərəflərinin rəsmi nikahları olmadığından və Ailə Məcəlləsinin 14-cü fəsilində yalnız ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəliklərindən bəhs edildiyindən, iddiaçının yuxarıda qeyd olunan hissədə tələbinin maddi-hüquqi əsası yoxdur. Odur ki, birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Hazırki iş üzrə alimentin alınması haqqında iddianın mübahisələndirilən hissədə qiyməti (200X12=2400; 193X12=2316; 2400-2316=84, 100X12=1200, 84+1200-1286) 1286 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 1286 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(049)-613/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin məbləği dəyişdirilsin. Cavabdeh 19 noyabr 2018-ci il tarixdə doğulmuş Bayramov (İrşadov) Abbas Osman oğlunun 19 iyun 2019-cu il tarixdən başlayaraq başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirnilən digər hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar