Məhkəmə qərarları › İş №2(106)-268/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-268/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-268/2024 16.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan İmişli rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə X4 İstismarı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 fevral 2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən abonent hesabına əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində qaz sərfiyyatının dövrü olaraq hesablanmasını təmin etmək üçün qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB Salyan Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 fevral 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Akta görə, sayğacdan kənar istifadə halı müəyyən edilmişdir. Lakin həmin aktın tərtib edilməsi barədə onun məlumatı olmamış və aktın surətini almamışdır. Hesab edir ki, akt qanunsuzdur, bunun əsasında ona əsassız borc hesablanmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (Ü.Qənbərov) 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 fevral 2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilmiş və həmin akta əsasən İddiaçı abonent (kod: **********01090) hesabına əlavə edilmiş debitor borcun silinməsi, Cavabdeh İB Salyan Regional Qİİ-nin hesabından 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, İddiaçı yaşadığı İmişli şəhəri, H.Əliyev prospektində quraşdırılmış sayğacdan kənar rezin boru ilə qeyri-qanuni istifadə etməsi halı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək, təyin edilmiş məhkəmə iclasına maddi imkanı olmadığından gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdehin təmsilçisi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə edildiyinə görə 27 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. 27 fevral 2023-cü il tarixli akta görə, İddiaçı yaşadığı İmişli rayonu, H.Əliyev prospektində quraşdırılmış sayğacdan (Abonent kodu: **********01090; Sayğacın zavod nömrəsi: **********7) rezin boru ilə qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, abonentə öz hesabına yeni sayğac quraşdırılması qərara alınmış və qazişlədici qurğulara uyğun dəymiş maddi ziyan hesablanmışdır. Akt üzrə xx.xx.2023-cü il tarixli qərarla 180 gün müddət üzrə İddiaçı 17280 m3 qaz sərfiyyatı və 2073 manat borc hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin maddəniun 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sayğacdan kənar xəttin aşkar edilməsi sübuta yetirilmir. Akta görə, sayğacdan kənar qoşulma halı müəyyən edilsə də bu barədə hər-hansı sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Əvvəla, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları ilə bağlı materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Bundan başqa, müəyyən edilir ki, 180 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, akt tərtib edilməzdən əvvəl 180 gün müddətində abonent sayğac üzrə qaz sərfiyyatına görə borcunu ödəmişdir. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Abonentin adına açılmış hesabdan çıxarışdan görünür ki, akt üzrə borc hesablanan müddətdə iddiaçının sayğacına görə onun adına borc hesablanmış və sayğac hesablaması üzrə borc ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(036)-2037/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar