Məhkəmə qərarları › İş №2(106)-270/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-270/2025

05.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-270/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı4, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kürdəmir regional “Asan xidmət” Mərkəzinin Notariat ofisi, “X8 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(041)-1001/2024 saylı qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş JN-0027 KOD 90611048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli 12 nömrəli qərarına əsasən İddiaçı4, İddiaçı1, İddiaçı2, X3 və X1 Kürdəmir rayonunun Xınıslı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları üçün 3,95 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən İddiaçı4 və qeyrilərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3165/613-S-406/23 nömrəli məktuba əlavə edilmiş Kürdəmir rayon Dövlət Notariat ofisinin Torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair 4Ə/50 nömrəli işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilə Kürdəmir rayonunun Xınıslı kəndində yaşayanlar İddiaçı4, İddiaçı1, X4, İddiaçı3 və "xxxx" MMC-nin direktoru Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh arasında bağlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Notariat Kontorunun 4Ə/50 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Kürdəmir rayonunun Xınıslı kəndində yaşayanlar - İddiaçı4, İddiaçı1, X4, İddiaçı3 birgə mülkiyyətlərində olan və Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən 3,95 hektar pay torpağından 2.10 hektarını "xxxx" MMC-nin direktoru Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh 5000 manata satmışlar. Həmin notariat işinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsi tərəfində İddiaçı4 verilmiş xx.xx.2007-ci il tarixli, 27/203 nömrəli Məhdudiyyət (yüklülük) haqqında arayışdan görünür ki, Kürdəmir rayonunun Xınıslı kəndində yerləşən JN-0027 №-li Dövlət Aktı (Pay torpaq sahəsi) Kod 90611048 əsasında mülkiyyəıtdə olan 3,95 ha torpaq sahəsi üzərində hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumt Ucar rayon Ərazi İdarəsində qeydə alınmamışdır. Arayış Dövlət Notariat kontoruna özgəninkiləşdirmə əqdinin rəsmiləşdirilməsi üçün verilmişdir. Həmin notariat işinə əlavə edilmiş və Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini, Qəyyumluq və Himayəçilik komissiyasının sədri Ə.M.Mikayılov tərəfindən Kürdəmir rayon Dövlət Notariat kontorunun notariusu Ramiz Umudova ünvanlanmış xx.xx.2007-ci il tarixli, 2/102 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Xınıslı kənd sakini İddiaçı4 ərizə ilə Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət edərək rayonun Xınıslı kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 2.10 hektar pay torpaq sahəsinin azyaşlı uşaqlarının payı ilə birlikdə satılmasına razılıq verilməsini xahiş etmişdir. Ərizə ilə əlaqədar araşdırma aparılarkən müəyyən edilmişdir ki, İddiaçı4 25 yanvar 1994-cü il təvəllüdlü qızı Günəş Soltanova və 08 dekabr 1992-ci il təvəllüdlü oğlu Bilal Soltanov hazırda valideynlərinin himayəsi altında yaşayırlar, valideynləri tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Hər iki azyaşlı uşaq təhsilə cəlb edilmiş və hazırda Xınıslı kənd orta məktəbində təhsil alırlar. Araşdırma zamanı izahatları alınmış hər iki azyaşlı uşaq pay torpaqlarının ataları İddiaçı4 tərəfindən satılmasına etiraz etmədiyini bildirmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Kürdəmir rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komsissiyası İddiaçı4 azyaşlı uşaqlarının payı ilə birlikdə xüsusi mülkiyyətində odlan 2.10 hektar pay torpaq sahəsinin onun tərəfindən satılmasına etiraz etmir. Həmin notariat işinə əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi S.Məmmədovun xx.xx.2006-cı il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, 10 dekabr 2007-ci il tarixdən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. 10 dekabr 2006-cı il tarixli Öhdəlikdən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorluğunun maddi məsul şəxs olaraq üzərinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi-nin 16 saylı Ucar Ərazi İdarəsindən alınıb iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xınıslı kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin sənədlərə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,59 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,10 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh (Final LTD MMCnin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli 12 nömərəli qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonunun Xınıslı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,95 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə onlara JN-0027 KOD 90611048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Mülkiyyətlərinə verilən torpaq sahəsində Şirvanşahı üzüm sortu əkilib becərilmişdir. Onların həmin üzüm sortunu becərməyə maddi imkanları olmadığı üçün 2007-ci ildə ailə üzvlərini becərmə işlərinə cəlb edib əmək haqqı verilməsi şərti ilə torpaq sahəsini həmin vaxt rayonda fəaliyyət göstərən Cavabdeh rəhbərlik etdiyi Final LTD MMC-nin istifadəsinə (icarəsinə) vermişlər. Sonradan Cavabdeh verdiyi sözə əməl etməyərək onları işçi kimi qəbul etməmiş və onlara əmək haqqı verməmişdir. Onlar mülkiyyətlərində olan həmin torpaq sahəsindən bu günə kimi istifadə etməklə həmin torpaq sahəsinin becərilməsi ilə əlaqədar Dövlət tərəfindən ayrılan subsidiyanı da 2022-ci ilin sonuna kimi özləri almışlar. 2022-ci ildə birgə mülkiyyətlərində olan və yaşadıqları Xınıslı kəndi ərazisində yerləşən 3,95 ha torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. Lakin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən onların müraciətlərinə baxılması barədə xx.xx.2022-ci il tarixdə 27/1627 nömrəli məktubla cavab verilərək JN-0027 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surəti onlara göndərilmiş və həmin məktubda onlara verilən 3,95 hektar torpaq sahəsinin 1,09 ha və 1,05 ha olan konturlarının özgəninkiləşdirilməsi qeyd edilmişdir. Həmin qeyd Dövlət aktında da əlyazma ilə qeyd edilmişdir. Onlar birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 2,14 ha hissəsinin hansı qaydada özgəninkiləşdirilməsinin səbəbi ilə maraqlananda onların Cavabdeh arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin olduğunu bildirmişlər. Bundan sonra Dövlət Notariat Arxivinə müraciət edib birgə mülkiyyətlərində olan 3,95 ha torpaq sahəsindən 2,10 hektar hissəsinin 5000 manata Cavabdeh satılmasına dair xx.xx.2007-ci il tarixli müqavilənin surətini əldə etmişlər. Həmin müqavilənin sonunda ailə üzvləri və guya torpaq sahəsini onlardan satın alan Cavabdeh imzaladığını görmüşlər. Ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsini ümumiyyətlə heç kimə satmamışlar, həmin torpaq sahəsini becərməyə maddi imkanları olmadığına görə Cavabdeh müvəqqəti istifadəyə vermişlər. Onların alqı-satqı müqaviləsindən heç bir məlumatları olmamış, yalnız həmin müqaviləni 2023-cü ilin aprel ayında əldə edəndən sonra bundan məlumatları olmuşdur. Kürdəmir rayon Dövlət notariat kontorunun saxtakarlığı nəticəsində Cavabdeh onların birgə mülkiyyətlərində olan torpaq sahəsinin 2,14 ha hissəsini sənəd üzərində özününküləşdirməsinə baxmayaraq, bu gün də 3,95 ha torpaq sahəsi faktiki olaraq onların mülkiyyətlərində və istifadələrində olmaqla, bu gün də həmin torpaq sahəsindən istifadə edib dövlət tərəfindən verilən subsidiyanı da tam məbləğdə 2022-ci ilin sonuna kimi özləri almışlar. Hətda o, cavabdehlə şəxsən görüşərkən onların birgə mülkiyyətlərində olan torpağın alqı satqısı ilə bağlanan müqavilədən heç bir məlumatının olmadığını və özünün də Final LTD MMC-nin direktoru işləmədiyini bildirmişdir. Göründüyü kimi xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi saxta tərtib olunmuş və onların həmin müqavilədən müqaviləni Dövlət Notariat arxivindən alandan sonra, yəni 2023-cü ildə məlumatları olmuşdur. Birgə mülkiyyətlərində olan torpaq sahəsinin satılması ilə bağlı ailə üzvlərinin heç birindən buna razılıq verilməmişdir. Ona görə də ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,10 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh (Final LTD MMCnin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 İddiaçı4 ilə eyni məzmunda izahat verib iddia tələbini müdafiə etdiyini bildirib ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,10 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh (Final LTD MMC-nin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Kürdəmir Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Xaliq İmanov) 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Azərbayan Respublikası Mülki Məcəllənin 157.2, 567, 646.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80-ci, 217.4-cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçılar İddiaçı4 və İddiaçı1 məhkəmədə izahat verərkən onlar birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən bu günə kimi istifadə etməklə həmin torpaq sahəsinin becərilməsi ilə əlaqədar Dövlət tərəfindən ayrılan subsidiyanı 2022-ci ilin sonuna kimi özləri aldıqlarını göstərsələr də, onlar bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı4 apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, göstərmişdir ki, Kürdəmir rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2(041)-1001/2024 nömrəli qətnamə qəbul edilərkən onun iddia ərizəsinə əlavə etdiyi sübutlar lazımi qaydada tədqiq edilməmiş, cavabdehin məhkəməyə gəlmədiyi halda xx.xx.2007-ci il tarixli müqavilənin tərtib edilməsi zamanı qanunvericiliyin kobud surətdə pozulmasına heç bir hüquqi qiymət verməmiş və həmin ziddiyyətli məqamlar işə baxan hakim tərəfindən tam araşdırılmamışdır. b. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı4 apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçılar İddiaçı4 və İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(041)-1001/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh və üçüncü şəxslər Kürdəmir regional “Asan xidmət” Mərkəzinin Notariat ofisi, "X8 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya qətnaməsini İddiaçı4 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1.-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-cü Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını və göstərilən hüquq normalarının tələblərini nəzərə alaraq bildirir ki, birinci instansiya məhkəməsi işə baxan zaman prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, müqavilənin etibarsızlığına dair hazırki iddia müqavilə tərəflərinin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda bütün müqavilə tərəfləri üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının iddiasına ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Cavabdeh isə məhkəmənin istinad etdiyi mülki qanunvericilik norması çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Bununla belə kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; çünkü iddiaçının cavabdeh qismində göstərdiyi fiziki şəxs Cavabdeh "xxxx" MMC-nin direktoru kimi alqı-satqı müqaviləsini bağlamışdır. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığına dair hazırki iddia hüquqi şəxs "xxxx" MMC-nin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda həmin hüquqi şəxsin üzvləri üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da hazırda baxılan iş üzrə müqavilə tərəfi olan "xxxx" MMC-nin hüquqi şəxs kimi mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi zəruridir. Mövcud prosessual qanunvericilik məhkəməyə şəxsi işə cavabdeh kimi cəlb etmək səlahiyyəti verməmişdir. Şəxsin işə cavabdeh kimi cəlb edilməsi yalnız iddiaçının bu barədə ərizə verməsi ilə mümkündür. Beləliklə, hazırki iddia tələbinin təmin edilməsi mülki prosessual qanunvericliyə ziddir, iddia tələblərinin yönəldiyi şəxs işə cavabdeh qismində cəlb olunmamışdır. Gəldiyi nəticəyə uyğun kollegiya, iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə qiymət verməyi zəruri hesab etmir və bu mövqeyini prosessual qənaət prinsipi ilə əlaqələndirir. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı4 apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(041)-1001/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh və üçüncü şəxs Kürdəmir regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar