Məhkəmə qərarları › İş №2(106)-274/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-274/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-274/2024 25.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC-yə) qarşı abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(055)-1016/2023 saylı (hakim Mirlətif Sadıqov) qətnaməsindən cavabdeh "Azərsu” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 601913 saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır və həmin evdə su xəttinə quraşdırılmış su sayğacının sərfiyyatına uyğun ödənişlər edərək sudan istifadə edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun istifadəsində olmayan, mülkiyyət hüququ əsasında arvadı X4 məxsus olan və X1 istifadə etdiyi, təxminən 20 kv.m sahəsi olan çayxanaya görə 2052 manat cərimə onun adına olan sayğaca yazılmışdır. Aktın yazılması barədə ona məlumat verilməmiş, aktı imzalamamışdır. Bundan başqa, həmin çayxana təxminən saat 08-dən 17-ə kimi işləyir. Çayxananın aylıq su sərfiyyatı da təxminən 3-5 manat təşkil edir. Belə olan halda, hətta qanunsuz olaraq sudan istifadə edilsə belə, itirilmiş su sərfiyyatı 2052 manat təşkil edə bilməz. Ona görə də göstərdiklərini nəzərə alaraq idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(055)-1016/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktı ləğv edilmiş və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən işin məhkəmə və ərazi aidiyyəti qaydalarını pozmuşdur. Elektron xidmətlərin vergi ödəyiciləri barədə məlumat bazasında İddiaçı adına ********** nömrəsi ilə vergi uçotuna qeydə alındığı görünür. Beləliklə iddiaçı fiziki şəxs olmaqla fərdi sahibkar statusuna malik şəxsdir və hazırkı mübahisə bilavasitə onun sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bundan başqa MPM-in tələbinə əsasən iddia hüquqi şəxsin hüquqi ünvanı üzrə verilir. Məlumat üçün bildirirlər ki, Cavabdeh ASC-nin hüquqi ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67-dir. Belə olan halda işə Bakı Kommersiya Məhkəməsində baxılmalı idi. Lakin işi icraatına qəbul edən məhkəmə işin hazırlıq mərhələsində işi nəzərdə keçirib qeyd olunan əsaslar üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, qeyd edilən “Çayxana”-nın su sayğacı onun adınadır. Həmin sayğacın onun adına rəsmləşdirilməsindən xəbəri olmamışdır. Əgər xəbəri olsaydı sayğacın onun adına rəsmləşdirilməsinə imkan verməzdi. Çayxana müqavilə əsasında arvadının adınadır. Arvadı isə həmin çayxananı X2 icarəyə vermişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və göstərmişdir ki, hazırkı mülki iş aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsində düzgün baxılmışdır. İddiaçının VÖEN-ni olsa da bu “Çayxana” işlətməsi üçün deyil, dənli (çəltik istisna olmaqla) bitkilərin istehsalı üçün olmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 601913 saylı aktdan görünür ki, baxış keçirilən zaman obyektin sayğacdan kənar birləşmə vasitəsilə qanunsuz olaraq sudan istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin abonent kartından görünür ki, istehlakçı (abonent) İddiaçı adına 2052 manat borc əlavə edilmişdir. Məhkəmə kollegiyası iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 36.11-ci maddəyə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 nömrəli qərarında qeyd edilmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin: 2.2. Qərara aşağıdakı məzmunda 28-ci bənd əlavə edilsin: “28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı vergi ödəyici olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Hazırkı halda kollegiya hesab edir ki, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Saatlı Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh "Azərsu” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(055)-1016/2023 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar