Məhkəmə qərarları › İş №2(106)-277/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-277/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-277/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tərtib olunmuş aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iş üzrə Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(020)-870/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(020)-870/2023 saylı qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddianın təmin edilməsi, İddiaçı barəsində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı Azərişıq” ASC-nin tərtib etdiyi 01 fevral 2023-cü il tarixli 289429 saylı aktın etibarsız hesab edilməsi və 630 manat ziyanın (cərimə) silinməsi qət edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunması və iddianın tamamilə rədd olunmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və təyin olunmuş cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin İmişli RETSİ-nin 01 fevral 2023-cü il tarixli 289429 saylı aktının ləğv edilməsi və akt üzrə hesablanmış 630 manat maddi ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayır, evi üçün elektrik enerjisindən istifadəyə görə işıq sayğacı quraşdırlmışdır. O, həmin sayğacdan istifadə etmiş, istifadə etdiyi enerji haqqını hər ay vaxtında ödəmişdir. "xxxx" ASC-nin İmişli RETSİ-nin əməkdaşları tərəfindən ona hazırda akt üzrə 630 manat cərimə borcu olduğu bildirilmişdir. Ona 2023-cü ilin fevral ayında verilən abonentin ödəniş saldosu haqqında cədvəldən sonra məlum olub ki, ona cərimə yazılmışdır. 01 fevral 2023-cü il tarixli 289429 saylı cərimə aktı ilə tanış olmuş və cərimə aktında cərimənin səbəbi olaraq guya onun tərəfindən EEİQ-ni pozaraq sayğacın giriş və çıxış xətləri eyni yuvada birləşdirilmişdir. O, bu göstərilənlərlə razı deyildir. Çünki ödəniş saldosuna baxarkən də görmək olur ki, onun elektrik enerjisindən aylıq ödənişində heç bir azalma yoxdur. Demək olar ki, illər boyu eyni miqdarda elektrik enerjisindən istifadə etmiş və borcunu da hər ay ödəmişdir. Həmçinin akt tərtib olunarkən onun iştirakı olmamış və o, həmin akta imza etməmişdir. Akta onun və ailə üzvlərinin iştirakı salınmamışdır. O, sayğaca müdaxilə etməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəyə dair onlar tərəfindən mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim olunmuş vidoçəkilişdən də məlum olur ki, həqiqətən abonent sayğacdan birbaşa kənar xətt vasitəsi ilə istifadə edir və bu fakt öz təsdiqini tapır. Beləliklə də, həmin mülki iş tam, hərtərəfli araşdırılmamış, sübutlar düzgün tədqiq edilməmiş, maddi və prosessual normalar pozulmaqla qətnamə qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə izahatında izahat verərək bildirmişdir ki, onların evi zirzəmidədir və orada sadəcə qaz sobası var, orada sadəcə yemək bişirilir, yuxarıda lampalar var. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsassızdır, akt tərtib edilərkən onlara heç bir fotoşəkil və videoçəkiliş verilməyib, özü xəstəxanada olub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümaəyndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(020)-870/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli 289429 saylı aktın surətindən görünür ki, istehlakçılar tərəfindən İşıqdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən fərdi yaşayış evində quraşdırlmış sayğaca (abonent kodu-**********00048) baxış keçrilərkən sayğacın giriş və çıxış fəza xətlərinin eyni yuvada birləşdirilməsi, alt qapaq möhrünün siminin kəsilməsi müəyyən olunmuşdur. İşdə olan Abonentin Saldosunun surətindən görünür ki, İddiaçı akt üzrə 630 manat məbləğində ziyan (cərimə) hesablanmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmçinin MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının hansı əməlinin hüquqa zidd olması və həmin hərəkətin nəticəsində ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildiyi halda, sənədləşmə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci ilin tarixli 18 nomrəli qərarı ilə təsdiq edilmiş ”Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əməl edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın qüvvədə olan (14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 8.17-1-ci və 8.17-2-ci bəndlər əlavə edilmişdir) 8.17 və 8.17-1-ci maddələrinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Habelə həmin Qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(020)-870/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(020)-870/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar