Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-279/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin İddiaçı ASC ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09/01276 saylı Kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə Müqavilədən yaranmış 3.500 (üç min beş yüz ) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat, ümumilikdə 3550 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, kreditor İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09/01276 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd SR-2065 markalı taxılyığan kombaynı borcluya istifadəyə verilmişdir. Aqroservis» ASC ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borclu tərəfindən 7000 manat öhdəlikdən 3500 manat ödəniş aparılmış, 3500 manat ödənilməmiş borc qalmışdır. Borclunun hazırda cəmiyyətə xx.xx.2021-ci il tarixli 09/01276 saylı müqavilə üzrə 3500 manat ödənilməmiş borcu yaranmışdır. Lakin borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından, kreditor yaranmış borcun ödənilməsini dəfələrlə tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələr gətirərək üzərində olan borcunu ödəməkdən yayınmışdır. Həmçinin Cavabdeh - İddiaçı ASC-ə qarşı “dəymiz zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat İddiaçı ASC tərəfindən vurulmuş maddi zərərin kompensasiyası olaraq, 10000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat pul vəsaitinin cavabdeh təşkilatdan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Aqroserviz ASC-ilə həqiqətəndə xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsi bağlamışlar və ondan mübahisə predmeti olan buraxılış ili 2019, qeydiyyat nömrəsi 54AB 114 olan taxılyığan kombaynı 2021-ci ilin taxıl yığımı mövsümündə işlətmək üçün götürmüşdür. Cavabdehin müqavilə üzrə öhdəliyi ona tam saz vəziyyətdə olan taxılyığan kombaynı vermək olmuşdur. Mövsüm başlayan zaman o, kombaynı cavabdeh təşkilatdan götürmüş və işləməyə başlamışdır. Lakin bir müddət keçdikdən sonra kombayn xarab olmuşdur. Aqroservis ASC-nin baş mütəxəssisi X6, baş mühəndisi X3 və onun iştirakı ilə xx.xx.2021-ci il tarixində kombaynın samanaparan valflarının tez tez sınması nəticəsində (5 dəfə sınmışdı) boşdayanmalar olmuşdur. Həmin AKT-da həm də qeyd edilmişdir ki, 2019-cu il buraxılışlı SR-2065 tipli kombaynlarda samanaparan valfların sınması kütləvi hal almışıdır. Buna səbəb samanaparan valfların taxtalarının zəif olması və standartlara uyğun olmamasıdır. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı təşkilat İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək ilk iddia tələblərin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi (Hakim: N.Bağırov) ilə, ilkin iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli 09/01276 saylı lizinq müqaviləsindən yaranmış 3500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat, ümumilikdə 3550 (üç min beş yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh - İddiaçı ASC-ə qarşı “dəymiz zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 442, 747.1, 748-1.8, 748-1.12, 748-7.1, 748-7.11, 750, 427.3 və 465.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əliyev X4 Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edirək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Lakin teleqram ünvanlayaraq mövsümi qripnən bağlı iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyini təmin etmək məqsədi ilə iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə əsasən Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 465.2-ci maddəsinin əsasən görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09/01276№-li nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləndən görünür ki, 1 ədəd SR-2065 markalı taxılyığan kombaynı Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş texniki vəziyyət haqqında xx.xx.2021-ci il tarixli 09/01276№-li AKT 1-dən görünür ki, 1 ədəd SR-2065 markalı 701262 şassi nömrəli, F48037 mühərrik nömrəli, dövlət qeydiyyat nömrəsi 54AB034 olan taxılyığan kombaynı İddiaçı ASC tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş texniki vəziyyət haqqında xx.xx.2021-ci il tarixli 09/01276№-li AKT 2-dən görünür ki, 1 ədəd SR-2065 markalı 701262 şassi nömrəli, F48037 mühərrik nömrəli, dövlət qeydiyyat nömrəsi 54AB034 olan taxılyığan kombaynı Cavabdeh tərəfindən mühərrik saz, akumlyator yararsız vəziyyətdə İddiaçı ASC-yə təhvil vermişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli 09/01276 nömrəli lizinq müqaviləsi üzrə 3500 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09/01276 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd SR-2065 markalı taxılyığan kombayn borcluya müvəqqəti istifadəyə verilmişdir. xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinə əsasən borclu tərəfindən taxılyığan kombaynın istifadəsi ilə bağlı ödəməli olduğu 7000 manat puldan ümumilikdə 3500 manat ödəniş aparmış və hazırda 3500 manat ödənilməmiş borc qalmışdır. İddiaçı ASC (sonradan adı İddiaçı ASC-yə dəyişdirilmişdir) borclu Cavabdeh taxılyığan kombaynın istifadəsi ilə bağlı yaranmış borcunu ödəməsi ilə bağlı dəfələrlə müraciət edilib tələb etsə də, borclu bu günədək müxtəlif bəhanələrlə üzərində olan borcunu ödəməkdən yayınmışdır. İddiaçı tərəf iddianı müdafiə edir, cavabdeh isə iddianı qəbul etmir və qarşılıqlı iddia verərək iddiasında o, Aqroserviz ASC-ilə həqiqətəndə xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsi bağladığını, və ondan mübahisə predmeti olan buraxılış ili 2019, qeydiyyat nömrəsi ** AB *** olan taxılyığan kombaynı 2021-ci ilin taxıl yığımı mövsümündə işlətmək üçün götürdüyünü, iddiaçı tərəfindən ona müqavilə tam saz vəziyyətdə olan taxılyığan kombaynı vermək əvəzinə nasaz vəziyyətdə olan taxılyığan kombaynı verməklə üzərinə düşən öhdəliyi vicdanla yerinə yetirməmiş, mövsüm başlayan kimi kombayını işlədən zaman kombayn xarab olmuş, nəticədə o, 10.000 manat ziyana məruz qalmışdır. Odur ki, iddianın rədd edilməsini, ona dəymiz ziyan olaraq 10.000 manat pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə Müqavilədən əmələ gəlmiş və Mülki Məcəllənin 386-cı maddəsinə əsasən tərəflərin həmin müqavilələrdən irəli gələn öhdəlikləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinin mənasına görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh lizinq müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, lizinqə götürmüş olduğu texnikaların istifadəsi ilə bağlı razılaşdırılmış pul vəsaitini İddiaçı ASC-yə tam həcmdə ödəməmiş və bununla da xx.xx.2021-ci il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, 3550 manat pulun ondan alınıb iddiaçıya verilməsi əsassızdır belə ki, texnika saz vəziyyətdə olmamış və texnikadan istifadə edə bilməməsi səbəbindən də ona 10000 manat məbləğində zərər dəymişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh texnikanın nasaz vəziyyət olmamasını təsdiq edən hər hansı bir sübut nə birinci instansiya məhkəməsi nə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında münasibət lizinq müqaviləsindən irəli gəlmişdir. Belə ki, xx.xx.2021-ci il rixli lizinq müqaviləsinin şərtlərini müəyyən edən 2.2.5 və 2.2.9-cü bəndlərində qeyd olunur ki, görə texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avandanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir, texnikanı Lizinqə (istifadəyə) verənin razılığı olmadan texnikanı rayon ərazisindən kənarda istifadə etməməyi öhdəsini götürür. Göründüyü kimi, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “ilkin iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilələr üzrə yaranmış ümumilikdə 3500 manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməl, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia isə təmin edilməməlidir” barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)266/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-279/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-279/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver