Məhkəmə qərarları › İş №2(106)-296/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-296/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-296/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(073)-2276/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18000 manat pulun və ödənilmiş 144 manat dövlət rüsumunun, cəmi 18144 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(073)-2276/2024 saylı saylı qətnaməsi (hakim Osman Vəliyev) ilə iddianın təmin edilməsi, Cavabdeh oglundan 18000 manat pul və ödənilmiş 144 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh onun arvadının dayısıdır. Asiflə qohum olduqlarına görə münasibəti yaxşı olmuşdur. Asif özü telefon satışı ilə məşğul olmuşdur və ona bildirmişdir ki, o cavabdehə pul versə, birlikdə müəyyən məbləğdə qazanc əldə edə bilərlər. O da inandığı üçün cavabdehə 2021-ci ilin noyabr ayında 3000 manat pul vermişdir. Sonradan isə 2023-cü ilin aprel ayında cavabdeh ondan 15000 manat almışdır ki, birlikdə iş görüb iki həftə arasında qaytaracaqdır. Lakin ona heç bir pul ödəmədiyi üçün artıq cavabdehin onu aldatdığını başa düşmüş və pulunu istəmişdir. Asif hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. O bu barədə Qaradağ rayon polis idarəsinin 10-cu polis şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Asif polis idarəsində ondan müxtəlif vaxtlarda 18000 manat pul almasını etiraf etmiş və bu barədə yazılı iltizam vermişdir. Həmin iltizamında ondan aldığı 18000 manat pulun 2000 manatını xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmişdir, eyni zamanda qalan pulu isə hər ayın 1-də 1000-2000 manat qaytaracağını bildirsə də, indiyə kimi ona heç bir ödəniş etməmişdir. Dəfələrlə pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif vədlərlə borcunu qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında borc münasibətləri yox, biznes münasibətləri yaranmışdır ki, biznesin də öz riskləri vardır. Burada hər zaman qazancdan söhbət gedə bilməz. Qazanca şərik olduğu zaman, ziyana da şərik olunmalıdır. Lakin iddiaçı ondan aldığı pulları gizlətməklə guya heç zaman ona pul vermədiyini qeyd etmişdir. İddiaçı özü qeyd edir ki, Asif telefon işi ilə məşğul olurdu və pul verib qazan əldə etməyi təklif etmişdir. 2021-ci ildə 3000 manat, 2023-cü ildə isə 15000 manat verdiyini iddia etmişdir. Burada məntiqə əsasən belə bir sual meydana çıxır ki, əgər o onun 3 min manat pulunu qaytarmamışdırsa, 2 il sonra hansı səbəbdən o birdən-birə 15000 manat ona vermişdir. Buradan da aydın olur ki, cavabdeh ondan aldığı pulun müqabilində ona daim qazanc olaraq pulu vermişdir. Dəqiq olaraq hər ay 400 manat ona əlbəəl pul verib. Lakin iddiaçı özü bu faktları gizlədərək onu əsassız olaraq polisə sonra isə məhkəməyə vermişdir. Polis bölməsində olanda isə oradan çıxmaq üçün o cür məzmunda izahat yazmağa məcbur olmuşdur. İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh 2021-ci ilin noyabr ayında 3000 manat pul vermiş və onun müqabilində cavabdehdən 18 ay müddətinə hər ay 300 manat olmaqla, ümumilikdə 5400 manat pul almışdır. Amma həmin pul əsas borc olan 3000 manatdan çıxılmamış və qazanc kimi qəbul etmişdir. Buna rəğmən 2023-ci ilin aprel ayında cavabdehə yenidən 15000 manat pul vermişdir. Lakin cavabdeh hazırda borcunu qaytarmır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: Cavabdeh tərəfindən Qaradağ rayon polis idarəsinin 10-cu polis şöbəsinə verdiyi izahatdan görünür ki, Cavabdeh oglu verdiyi izahatında 2021-ci ilin noyabr ayının 4-də Fəriddən iş görmək məqsədilə 3000 manat, 2023-cü ilin aprel ayında isə 15000 manat pul aldığını, Fəriddən ümumilikdə 18000 manat pul aldığını etiraf etmiş, pulun 2000 manatını xx.xx.2024-cü il tarixdə qaytaracağına, qalan pulu isə hər ayın 1-də 1000-2000 manat qaytaracağına söz vermişdir. Cavabdeh tərəfindən Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində yazdığı iltizamdan görünür ki, Cavabdeh oglu həmin iltizamla İddiaçı olan 18000 manat borcunun 2000 manatını xx.xx.2024-cü il tarixdə 10-cu Polis Şöbəsində qaytaracağına dair öhdəlik götürmüşdür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, MPM-in 385.1-ci maddəsinə görə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Göründüyü kimi, baxılan mülki işin mübahisəsiz hallarına əsasən İddiaçı tərəfindən Cavabdeh 2021-ci ilin noyabr ayında 3000 manat, 2023-ci ilin aprel ayında isə 15000 manat məbləğdə pul verilmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdeh tərəfindən alınmış 3000 manat borcun qarşılığında ona 5400 manatın qaytarıldığını etiraf etmişdir. Lakin iddiaçı həmin məbləğin 3000 manat qarşılığında verildiyini bildirsə də, onu həmin borcdan silmədiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Nəzərə alınmalıdır ki, tərəflər arasında qeyd edilən borcun hər hansı faiz qarşılığında verilməsi barədə razılaşmanın mövcudluğu mübahisəlidir. Cavabdeh isə polis araşdırması zamanı borcunun olduuğunu bildirərək tam şəkildə qəbul etməsini isə polisdə qorxması ilə əlaqələndirmişdir. Diqqət yetirilməli və mübahisəsiz məqam həmçinin ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya verilən 5400 manat pul 3000 manat qarşılığında olmuşdur. Cavabdehə 15000 manat məbləğdə pul isə daha sonrakı dövrdə - 2023-ci ilin aprel ayında verilmişdir. Həmin borcdan isə hər hansı pulun qaytarılmasını nə iddiaçı etiraf edir, nə də cavabdeh bu barədə sübutunu təqdim etmişdir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə yalnız 2023-ci ilin aprel ayında verilmiş 15000 manat məbləğdə pul vəsaiti tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, eləcə də hazırda baxılan mülki işin bütün faktiki halları məhkəmə tərəfindən tam şəkildə araşdırılmamışdır. Beləliklə, kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(073)-2276/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(073)-2276/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar