Məhkəmə qərarları › İş №2(106)-298/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-298/2025

22.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-298/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı Notariat ofisinə qarşı vəsiyyətnamənin ləğv olunması və onun vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 1 may 2023-cü il tarixli (saat 15:00), 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunmasına və onun, yəni İddiaçı vərəsə kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, bacısı X2 21 may 2023- cü ildə Cəlilabad rayonunda naməlum səbəblərdən və naməlum şəraitdə vəfat etmişdir. O, bacısı mərhum Səmayə Musayeva ilə birlikdə yaşamış və 1-ci dərəcəli qohumluq əlaqəsindən əlavə ən yaxın dostu olmuşdur. Bacısı mərhum Səmayə Musayeva ilə çox sıx münasibətləri olmuş, bacısı hər sözünü və hər işini onunla məsləhətləşməmiş icra etmirmiş. İllərdir ki, güclərini birləşdirib ev almaq üçün pul yığmışlar. Bacısı mərhum Səmayə Musayeva son illər Cəlilabad rayonu ərazisində işləmiş və bütün xərclərini minimuma endirib yalnız pul toplamışlar. Hətta bacısı onun adına olan torpaq sahəsini satmış ki, üstünü də düzəldib ev məsələsini həll etməyi düşünmüşlər. Bacısı mərhum Səmayə Musayevanın sağlamlığında ciddi problem olmamışdır. Valideyinlərini itirmiş, əziyyətlə böyütdükləri digər mərhum bacısının oğlu Cavabdeh bacısı mərhum Səmayə Musayevadan pul tələb edirdi, onu məcbur qohumlarımızın evinə aparırdı və onlardan harda olduğunu gizlətmişlər. Vəfat etməmişdən bir neçə gün öncə onlara xəbər vermişlər ki, bacısının vəziyyəti ağırdı. Onlar da dərhal oraya getmişlər və görmüşlər ki, artıq mərhum Səmayə Musayevanın vəziyyəti o qədər ağırdır ki, danışa bilmir, acı çəkdiyini gözlərindən anlamışdır. Dəfələrlə Cəlilabad Rayon Prokurorluğuna və Cəlilabad Rayon polis şöbəsinə getmiş və bu məsələnin araşdırılması üçün müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh vəfat etməmişdən bir neçə gün əvvəl mərhum Səmayə Musayevadan vəsiyyətnamə almışdır. Bacısı mərhum Səmayə Musayeva sağlığında Bakı şəhərində yerləşən evini Cavabdeh adına keçirmiş, düşünmüş ki, bununla artıq xala borcunu yerinə yetirər və Cavabdeh ondan əl çəkər. Lakin Cavabdeh onda pul olduğunu bilirmiş və əl çəkməmişdir. Bacısı mərhum Səmayə Musayevanın Notariat ofisinə getdiyində vəziyyətinin ağır olduğunu ona bildirmişlər. Bu məsələyə dair şahidləri vardır. Onun evi bankdan müsadirə olduqdan sonra o, özünə məxsus (30 qram tros sep, 10-luq qızıl, tarakan üzük, 3 ədəd üzük, 2 koplekt, 20 qramlıq sep, qızıl saat brilliant, 5-lik qızıl, 4 ədəd qədimi xalça, servizlər, 32 000 AZN pul vəsaiti) əşyaları Cəlilabad rayonunda yerləşən evlərinə aparıb qoymuşdur. Evdə bacısı mərhum Səmayə Musayevanın 120000 manat pulu olmuşdur. Lakin bacısı vəfat etdikdən sonra adı çəkilən əşyaların və pulların heç biri evdə tapılmadı. Cavabdeh evi tamamilə boşaltmışdır. Cavabdeh heç yerdə işləməmiş, maddi durumu çox zəif olmuş, gündəlik xərclərini belə onlardann almış, Rusyadan qayıtdıqdan sonra əyninə paltarı belə onlar almışdır. Hal-hazırda qohumların onlara verdiyi məlumata əsasən Yasamal Rayon ərazisində ev və ferma almışdır. Bunları almağa maddi imkanı olmadığı dəqdirdə, ona məlum olur ki, Cavabdeh onlara məxsus evdən əmlakları, ölmüş bacısına və ona məxsus pul vəsaitini oğurlayaraq əldə etmişdir. Cavabdeh harada olduğunu bilmir, çünki Cavabdeh onlardan gizlənir. Cavabdeh o və digər bacıları böyütmüşlər, bu səbəbdən hər zaman yaxın münasibətdə olmuşlar, onlara qarşı belə vicdansızlıq edəcəyini düşünməmişlər. Cavabdeh bu əməlləri tək başına həyata keçirməmiş, onu bu məsələdə digər bacısının ailəsi də köməklik göstərmişdir. X4 vəsiyyətnamə verəndə anlaqsız vəziyyətdə olmuş və bu vəziyyətdə olduğunu şahidlər təsdiq edə bilərlər. Şahidlər məhkəmə prossesində iştirak edəcəklər. Vəsiyyətnamədə açıq aşkar görünür ki, X4 vəsiyyətnaməni imzalamış, lakin bacısı savadsız olmasa da, vəsiyyətnaməni yazacaq güc və düşüncədə olmamışdır. Məlum məsələdir ki, həmin vəsiyyətnamə bacısı mərhum Səmayə Musayevanın istəyi ilə yazılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (Hakim: Elxan Əmirəliyev) ilə, İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 01 may 2023-cü il tarixli, 8T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunması və onun vərəsə kimi tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1159,1180 və 1193-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fərid ondan vəfat etməmişdən bir neçə gün əvvəl vəsiyyətnamə almışdır. Bacısı sağlığında Bakıda yerləşən evinin onun adına keçirmişdi. Düşündü ki, bununla artıq xala borcunu yerinə yetirər və Cavabdeh ondan əl çəkər. Lakin Fərid onda pul olduğunu bilirdi və əl çəkmirdi. Notariata getdiyində vəziyyətinin ağır olduğunu söylədilər. Cavabdeh heç yerdə işləmir, maddi durumu yox idi, gündəlik xərclərini belə ondan alırdı, Halhazırda qohumların verdiyi məlumata əsasən Yasamal Rayon ərazisində ev və Ferma almışdır. Fəridin harada olduğunu bilmirəm. Bacısı Fəridə vəsiyyətnamə verəndə anlaqsız vəziyyətdə olub və bu vəziyyətdə olduğunu şahidlər təsdiq edə bilər. Şahidlər Məhkəmə prosesində öz iştirak edəcəklər. Vəsiyyətnamədə açıq aşkar görünür ki, bacısı onu imzalayıb. Bacısı savadsız olmayıb, lakın vəsiyyətnaməni yazacaq güc və düşüncədə deyildi. Məlum məsələdir ki, o vəsiyyətnamə bacısının istəyi ilə yazılmayıb. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir, həmçinin o, mərhum X1 ölümündən sonra vərəsə kimi məcburi pay almaq üçün vərəsələr sırasına daxil deyildir. Bu halda iddiaçı iddia predmeti üzrə iddia tələbini irəli sürmək üçün subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan X2 tərəfindən Cəlilabad rayon 1 saylı notariat ofisində Cavabdeh vermiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamədən görünür ki, X2 bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 1220/12 saylı ölüm haqqında arayışdan görünür ki, X2 21 may 2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 03 iyun 2023-cü il tarixdə, 438 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, bacısı X2 21 may 2023- cü ildə Cəlilabad rayonunda naməlum səbəblərdən və naməlum şəraitdə vəfat etmişdir. O, bacısı mərhum Səmayə Musayeva ilə birlikdə yaşamış və 1-ci dərəcəli qohumluq əlaqəsindən əlavə ən yaxın dostu olmuşdur. Bacısı mərhum Səmayə Musayeva ilə çox sıx münasibətləri olmuş, bacısı hər sözünü və hər işini onunla məsləhətləşməmiş icra etmirmiş. İllərdir ki, güclərini birləşdirib ev almaq üçün pul yığmışlar. Bacısı mərhum Səmayə Musayeva son illər Cəlilabad rayonu ərazisində işləmiş və bütün xərclərini minimuma endirib yalnız pul toplamışlar. Hətta bacısı onun adına olan torpaq sahəsini satmış ki, üstünü də düzəldib ev məsələsini həll etməyi düşünmüşlər. Bacısı mərhum Səmayə Musayevanın sağlamlığında ciddi problem olmamışdır. Valideyinlərini itirmiş, əziyyətlə böyütdükləri digər mərhum bacısının oğlu Cavabdeh bacısı mərhum Səmayə Musayevadan pul tələb edirdi, onu məcbur qohumlarımızın evinə aparırdı və onlardan harda olduğunu gizlətmişlər. Vəfat etməmişdən bir neçə gün öncə onlara xəbər vermişlər ki, bacısının vəziyyəti ağırdı. Onlar da dərhal oraya getmişlər və görmüşlər ki, artıq mərhum Səmayə Musayevanın vəziyyəti o qədər ağırdır ki, danışa bilmir, acı çəkdiyini gözlərindən anlamışdır. Dəfələrlə Cəlilabad Rayon Prokurorluğuna və Cəlilabad Rayon polis şöbəsinə getmiş və bu məsələnin araşdırılması üçün müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh vəfat etməmişdən bir neçə gün əvvəl mərhum Səmayə Musayevadan vəsiyyətnamə almışdır. Bacısı mərhum Səmayə Musayeva sağlığında Bakı şəhərində yerləşən evini Cavabdeh adına keçirmiş, düşünmüş ki, bununla artıq xala borcunu yerinə yetirər və Cavabdeh ondan əl çəkər. Lakin Cavabdeh onda pul olduğunu bilirmiş və əl çəkməmişdir. Bacısı mərhum Səmayə Musayevanın Notariat ofisinə getdiyində vəziyyətinin ağır olduğunu ona bildirmişlər. Hesab edir ki, bacısı tərəfindən qoyulmuş vəsiyyətnamə onun iradəsini ifadə etmir və bu vəsiyyətnamənin qoymağa məcbur edilib. Odur ki, 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin” 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət vasitəsilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması özözlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçının bacısı vəsiyyətnamə verən şəxs X2 tərəfindən Cəlilabad rayon 1 saylı notariat ofisində Cavabdeh vermiş 01 may 2023-cü il tarixli, 8T-4458 reyetr nömrəli vəsiyyətnamədən görünür ki, X2 bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 1220/12 saylı ölüm haqqında arayışdan görünür ki, X2 21 may 2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 03 iyun 2023-cü il tarixdə, 438 nömrə ilə qeydiyyat aparılmışdır. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1., 1225.2. və 1225.3. maddələri). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks ətdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Belə olan halda əqdin etibarsızlığını tələb edən şəxs, əqdin etibarsızlığa əsas olan halları sübut etmə öhdəliyi daşıyır. Qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə kollegiyası işin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini tərəflərin izhatları və işdə olan digər sübutlarla müqayisəli tədqiqini aparmaqla hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, mərhum X2 vərəsəsi deyil və onun məcburi pay almaq hüququ da yoxdur. Verilmiş vəsiyyətnamə onun hüquqlarının və qanunla qorunan mənafeyinin pozmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunması və onun vərəsə kimi tanınması tələbinə dair iddiası təmin edilməməlidir” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)1288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar