Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-302/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nisyə satdığı mallara görə, Cavabdeh1 1351 manat, Cavabdeh2 920 manat, Cavabdeh3 500 manat və Cavabdeh4 333 manat, ümumilikdə 3104 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı birinci cavabdehə qarşı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhərində yerləşən, icarə müqaviləsi əsasında sahibliyində olan “Galaxy” adlı mağazada xırda sahibkarlıqla məşğul olmaqla telefon və aksesuarlarının satışı ilə məşğul olur. Bir qayda olaraq, nağd şəkildə alqı-satqı əməliyyatları aparsa da, bəzən müştərilərin maddi vəziyyətini və təkidli xahişini nəzərə alıb həmin malları nisyə də satır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə onun fəaliyyət göstərdiyi mağazaya yaxınlaşmış, “Samsung A 50” markalı mobil telefonu ona nisyə satmasını xahiş etmişdir. O da Cavabdeh1 uşaq poliklinikasında tibb bacısı işləməsini nəzərə alıb ona inandığı üçün həmin mobil telefonu 430 manata, eləcə də, telefonun aksesuarlarını 31 manata nisyə olaraq satmışdır. Cavabdeh1 həmin telefonu alarkən, yəni 2020-ci ilin may ayında 20 manat ilkin ödəniş etmiş, daha sonra 2020-ci ilin iyun ayında 90 manat, iyul ayında 90 manat, 2021-ci ilin mart ayında 60 manat, aprel ayında isə 50 manat, ümumilikdə 310 manat pul ödəmişdir. “Samsung A 50” markalı mobil telefonun satışından Cavabdeh1 ona 151 manat borcu qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixində mağazaya yaxınlaşmış və yenə də “Samsung A 50” markalı mobil telefon almışdır. Öz dediyinə görə Cavabdeh1 birinci dəfə aldığı “Samsung A 50” markalı mobil telefonu bacısına vermiş, ikinci dəfə aldığı mobil telefonu isə özü üçün almışdır. Cavabdeh1 ikinci dəfə ondan aldığı mobil telefonun qiyməti 480 manat olmuş, həmin mobil telefon əvvəlki ilə eyni markalı olsa da, yaddaş tutumu çox olduğuna görə nisbətən baha olmuşdur. Həmin mobil telefona görə xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, ümumilikdə 240 manat pul ödəmişdir. Həmin mobil telefonun dəyərindən 240 manat ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə yenidən mağazaya yaxınlaşmış və bu dəfə Arzu adlı qohumu üçün mobil telefon almaq istədiyini bildirmişdir. Bu dəfə isə o, “Samsung A 20” markalı mobil telefonu almaq istədiyini demiş və o, Cavabdeh1 həmin mobil telefonu 350 manat məbləğində nisyə olaraq satmışdır. Həmin mobil telefonla bağlı heç bir ilkin ödəniş edilməmişdir. Bununla da “Samsung A 20” markalı mobil telefonun alqısatqısından 350 manat ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə mağazaya yaxınlaşmış və yenidən mobil telefon almaq niyyətində olduğunu bildirmişdir. “Samsung S 8” markalı mobil telefonu nisyə alan Cavabdeh1 heç bir ilkin ödəniş etməmiş və bildirmişdir ki, yaxın zamanlarda birdəfəlik ödəniş edəcəkdir. O, həmin mobil telefonu Cavabdeh1 470 manata nisyə olaraq satmış, lakin indiyədək həmin telefonun dəyəri olan 470 manat ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə mağazaya gələrək “Huawei Y 3” markalı mobil telefon da istəmiş, o da həmin telefonu nisyə olmaqla 140 manata satmışdır. “Huawei Y 3” markalı mobil telefonun dəyəri olan 140 manat ödənilməmiş qalmışdır. Onun həmin vaxtadək aldığı telefonlarla görə ödənilməmiş borcu cəmi 1351 manat olmuşdur. Dəfələrlə Cavabdeh1 ilə telefon əlaqəsi saxlasa da, o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. İddiaçı ikinci cavabdehə qarşı tələbini belə əsaslandırmışdır: Cavabdeh2 xx.xx.2020-ci il tarixdə mağazaya gəlmiş və “Redmi Note 8” markalı mobil telefon istəmiş, o da həmin mobil telefonu aksesuarları ilə birlikdə nisyə olmaqla 360 manata ona satmışdır. Cavabdeh2 ilkin ödəniş etməmiş, hər ay hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Lakin o, 3 ay sonra xx.xx.2020-ci il tarixdə cəmi 40 manat pul ödəmiş, sonrakı tarixlərdə heç bir ödəniş etməmişdir. Bununla da, “Redmi Note 8” markalı mobil telefonun dəyərindən Cavabdeh2 ona 320 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə arvadı ilə birlikdə mağazaya gəlmiş və bu dəfə iki ədəd mobil telefon istəmişdir. O da 190 manat dəyərində olan “Samsung J3” markalı və 410 manat dəyərində “Redmi 6” markalı mobil telefonu Cavabdeh2 nisyə olaraq satmışdır. Cavabdeh2 aldığı telefonlardan heç bir ödəniş etməmişdir. Bununla da Cavabdeh2 ona olan borcu cəmi 920 manat olmuşdur. İddiaçı üçüncü cavabdehə qarşı tələbini belə əsaslandırmışdır: Cavabdeh3 xx.xx.2021ci il tarixdə mağazaya gələrək ondan “Samsung A 52” markalı mobil telefonu nisyə almaq istədiyini bildirmişdir. O da həmin mobil telefonu 750 manata nisyə olaraq Cavabdeh3 satmışdır. Cavabdeh3 aldığı telefona görə ilkin ödəniş olaraq 150 manat, xx.xx.2022-ci il tarixdə isə 100 manat, cəmi 250 manat ödəniş etmişdir. Bundan sonra ona dəfələrlə zəng etsə də və yaşadığı evə getməklə xəbərdarlıq etsə də, müxtəlif bəhanələrlə üzləşmişdir. Bundan sonra Cavabdeh3 Bakı şəhərinə getmiş və mobil telefonunun nömrəsini dəyişmişdir. Bununla da Cavabdeh3 “Samsung A 52” markalı mobil telefonun dəyərindən ona 500 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı dördüncü cavabdehə qarşı tələbini belə əsaslandırmışdır: Cavabdeh4 xx.xx.2020-ci il tarixdə mağazaya gəlmiş və “Samsung A 30” markalı mobil telefonu nisyə olaraq almaq istəmişdir. O da həmin mobil telefonu 390 manata nisyə olaraq Cavabdeh4 satmışdır. Cavabdeh4 ilkin ödəniş etməmiş, lakin bundan sonra 5 dəfəyə olmaqla cəmi 237 manat ödəniş etmişdir. Həmin mobil telefonun dəyərindən Cavabdeh4 ona 153 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh4 xx.xx.2020-ci il tarixdə “Samsung A 20 S” markalı mobil telefonu da nisyə olaraq almaq istəmiş, o da həmin telefonu nisyə olmaqla 180 manata satmışdır. Cavabdeh4 həmin mobil telefonla bağlı heç bir ödəniş etməmiş və 180 manat ödənilməmiş qalmışdır. Bununla da Cavabdeh4 ona olan borcu cəmi 333 manat olmuşdur. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirak etmədiklərindən onların iddiaya dair mövqeləri bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 1351 manat, Cavabdeh2 920 manat, Cavabdeh3 500 manat və Cavabdeh4 333 manat, ümumilikdə 3104 manat pul tələbinə dair iddiasının təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, hazırki iş üzrə kifayət qədər sübutlar olsa da məhkəmə əsassız qətnamə çıxarmışdır. İzahatlar Psosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya mülki işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı hazırda nisyə verdiyi mallara görə cavabdehlərdən borcunu tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601, 600.2, 600.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya qeyd edir ki, tərəflər arasında müvafiq müqavilə mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, hazırkı halda sübut etmə yükü iddiaçının üzərindədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı onunla cavabdehlər arasında əşyaların nisyə satışı barədə razılaşmalar olduğunu iddia etsə də, belə bir alqı-satqı müqavilələrinin (yazılı və ya şifahi), həqiqətən də, mövcud olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Nisyə satılan əşyaların dəyərinin hissəhissə ödəniləcəyi barədə tərəflər arasında tərtib edilmiş hər hansı ödəniş cədvəli, cavabdehlərin öz üzərlərinə öhdəlik götürdüklərini təsdiq edə biləcək yazılı qəbz və sair sənəd də iş materiallarına əlavə edilməmişdir. İddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi, onunla cavabdehlər arasında olması iddia edilən telefon danışıqlarında və telefon yazışmalarının bir hissəsinə aid çıxarış vərəqəsində dialoq şəklində olan danışıqlarda 50 manat, 60 manat və 100 manat kimi müxtəlif məbləğlər səsləndirilsə də, həmin məbləğlərin və ya daha artıq miqdarda (iddiaçının hazırki iddia tələbində hər bir cavabdehə qarşı tələb irəli sürdüyü miqdarlarda) pulun kim tərəfindən, nə vaxt və hansı əşyaya görə verilməli olduğu, satılmış əşyanın ilkin dəyəri, hazırda borcun ümumi miqdarı, başqa sözlə tələbin hansı əsasdan yarandığı da qeyd olunan danışıqlardan müəyyən edilmir. Ümumiyyətlə, həmin danışıqlarda qarşı tərəfin məhz hazırki iş üzrə cavabdehlər qismində işə cəlb edilmiş şəxslər olub-olmadığı da bəlli deyildir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf telefon danışıqları ilə bağlı səs yazılarını təqdim etsə də həmin səs yazılarında borcun mövcudluğu ilə bağlı hər hansı məlumat yoxdur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(049)-3114/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-302/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-302/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver