Məhkəmə qərarları › İş №2(106)-303/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-303/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-303/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2397/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və Lənkəran rayon 1 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli, AN-İ №0957512 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçının mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 17 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Lənkəran rayon 1 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsinin nisyə alğı-satqı qaydasında 21000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləğində pulu satıcıya – İddiaçı ASC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 16000 manatı isə 40 ay müddətinə hər ay 400 manat olmaqla İddiaçı ASC-yə tam ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 5000 manat məbləğində vəsait iddiaçıya ödənildikdən sonra Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazımi qaydada ödəniş edilməmişdir. İddiaçı ilə cavabdeh arasında 17 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 30 iyun 2022-ci il tarixində cavabdehə poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazımi qaydada ödəniş edilməmiş, Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, onunla cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, iddiaçının mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Masallı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(050)-2397/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı iddiaçının özünə aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(050)-2397/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsində cavabdeh tərəfindən qeyd edilmiş tarixə kimi hər ay nə qədər ödəniş olunması göstərilmişdir. Buna baxmayaraq, cavabdehin aylıq ödənişlərin müqavilədə nəzərdə tutulduğu məbləğdən az olması və hər ay ödənişlərin olmaması müqavilənin pozulması deməkdir və müqavilənin ləğvi qaydası da 18-ci bənddə qeyd edilmişdir. Alğı-satqı müqaviləsində cavabdehin ödənişlərinin tarixi və müddəti dəqiq göstərilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq hər ay nəzərdə tutulan ödənişləri vaxtında etməmiş və hal-hazırda da müqavilə üzrə ödənişlərində gecikmələri var. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbin sübutu üçün bütün lazımi sənədləri təqdim etmiş, iddianın hüquqi əsasını tam əsaslandırmışdır. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və onu bildirdi ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, ödənişləri lazımınca etməmiş və gecikdirmiş, sonuncu ödənişini ötən ilin oktyabr ayında etmişdir. Cavabdeh indiyədək müqavilə üzrə 8150 manat ödəniş etmişdir. Cavabdehin ödənilməmiş borcu 12850 manat təşkil edir. Həmçinin, cavabdehlə razılığa gəlmək üçün ona vaxt verilsə də, o, banka müraciət etməmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 08 fevral 2023-cü il və 15 mart 2023-cü il tarixli iclaslarında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, o, iddiaçı ilə bağlanmış 17 avqust 2021-ci il tarixli müqavilənin ləğvini istəmir, sonuncu məhkəmə prosesindən sonra banka yaxınlaşmış, müqavilə üzrə qalan borcun aylıq qrafiklərə bölünməsini xahiş etmişdir. Lakin bankdan ona bildirmişlər ki, aylıq 400 manat ödəməsi şərtilə onunla razılaşa bilərlər. Cavabdehin hazırkı maddi durumu hər ay 400 manat ödəməsinə imkan vermir, o, aylıq 250-300 manat ödəmək qabiliyyətindədir. O, ödəniş etməsi üçün ona müəyyən qədər vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh 12 aprel 2023-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, lakin teleqrama bu halın təsdiqi üçün hər hansı sənəd əlavə olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(050)- 1127/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" İKB-nin cavabdehlər Cavabdeh və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsinə baxılmış, iddia qismən təmin edilmişdir. Həmin qətnamə ilə "xxxx" İKB-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 29 may 2014cü il tarixli, 13-SKMF-3-0-880-14 saylı əlavə kredit müqaviləsindən irəli gələn 13682,58 manat əsas borc, 271,25 manat faiz borcu, 230,26 manat dəbbə borcu, cəmi 14184,09 manat kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat müəyyənləşdirilməsi, tutmanın mülkiyyət hüququ əsasında ipotekaqoyan X1 məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (seriya MA №0002029) əsasən Masallı rayonu, Sərçuvar kəndində yerləşən mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsində yerləşən 35,8 kv.m yaşayış, 165 kv.m yardımçı, 200,8 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, ev satıldıqdan sonra X3 və onunla birlikdə yaşayan ailə üzvlərinin bir ay ərzində həmin evdən çıxarılaraq evin boşaldılması qət edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonunun Sərçuvar kəndində yerləşən 0,18 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixində "xxxx" İKB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə surəti olan satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən (bundan sonra – müqavilə) görünür ki, İddiaçı ASC Masallı rayonunun Sərçuvar kəndində yerləşən, ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,18 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə verir. İddiaçı ASC daşınmaz əmlakı 21000 manat qiymətinə satmış, Cavabdeh isə həmin qiymətə almışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı 21000 manat məbləğin 5000 manatını alğısatqı rəsmiləşən gün satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 16000 manatı isə 40 ay müddətinə hər ay 400 manat olmaqla ödəməyi öhdəsinə götürür. Müqavilənin 18-ci bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin 19-cu bəndinə əsasən, tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İşdəki İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 30 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi və ya fərdi yaşayış evinin könüllü olaraq banka təhvil verilmədiyi halda, bağlanmış 17 avqust 2021-ci il tarixli daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğvi və Masallı rayonunun Sərçuvar kəndində yerləşən, ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə sonuncuya xəbərdarlıq edilmişdir. İşdəki İddiaçı ASC-nin 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, alıcı Cavabdeh 17 avqust 2021-ci il tarixli, AN-İ ******* saylı müqavilə üzrə bugünə cəmi 8150 manat ödəniş etmişdir. Onun bugünə həmin müqavilə üzrə qalıq borcu 12850 manat təşkil edir. Həmin müqaviləyə əsasən ödənişlər aşağıdakı kimi olmuşdur: 1) xx.xx.2021 – 5000 manat; 2) xx.xx.2021 – 400 manat; 3) xx.xx.2022 – 450 manat; 4) xx.xx.2022 – 400 manat; 5) xx.xx.2022 – 400 manat; 6) xx.xx.2022 – 1500 manat. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 421.4-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hazırkı iş üzrə iddiaçının ləğv edilməsini tələb etdiyi müqavilə hissə-hissə ödəmək şərti ilə daşınmaz əşyanın nisyə alğı-satqısı müqaviləsidir. İddiaçının həmin tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Nisyə alğı-satqı müqaviləsi üzrə alıcı tərəfindən əşyanın dəyəri nəzərdə tutulan müddətdə ödənilmədiyi halda satıcı öz seçiminə görə ya verilmiş əşyanın ödənilməsini, ya da ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırkı işdə iddiaçı cavabdehlə olan müqavilənin ləğvi barədə iddia qaldıraraq müqavilənin ləğv edilməsini və verilmiş əşyanın boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair gəldiyi nəticəni əsaslandırarkən bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında borc yarandığı təqdirdə müqavilənin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququna dair iddiaçıda hər hansı bir hüquq yaranmamış, bu barədə müqavilədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. Halbuki, iddiaçının bu cür hüququ Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən yaranmış, eləcə də, müqavilənin 18-ci bəndində onun ləğv edilməsinin tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçiriləcəyi barədə müddəa nəzərdə tutulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı iddiaçının müqavilənin ləğvi barədə tələb irəli sürmək hüququnun olmaması əsası ilə rədd edərkən yanlış nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün təfsir etməmiş, onları hazırkı iş üzrə düzgün tətbiq etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilir ki, cavabdeh müqavilə şərtləri ilə və qanunla müəyyən olunmuş öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, o, müqavilə üzrə 21000 manat ödəniş etməyi öhdəsinə götürsə də, cəmi 8150 manat ödəniş etmiş, onun bugünə həmin müqavilə üzrə 12850 manat qalıq borcu qalmış, müqavilə üzrə sonuncu ödənişi isə 27 oktyabr 2022-ci il tarixində etmişdir. Belə olduqda iddiaçı MM-in 600.4-cü maddəsi ilə ona verilmiş hüquqdan istifadə edərək, müqavilənin ləğv edilməsini və ödənilməmiş malın qaytarılmasını tələb etmişdir. Mülki Məcəllənin 600.4-cü maddəsini həmin Məcəllənin 421.4-cü maddəsi ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası bildirir ki, ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ özündə müqavilənin ləğv edilməsini tələb etmək hüququnu da ehtiva edir. İşdən də göründüyü kimi, iddiaçı müqavilə öhdəliyinin icrası, əks halda müqavilənin ləğvi və daşınmaz əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərmiş, bundan sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müqavilənin 18-ci bəndində nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşma olmadığından, iddiaçı müqavilənin ləğvini məhkəmə qaydasında tələb etmişdir. İddia tələbinin əsaslılığını qiymətləndirərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca icra edilmədiyindən, bununla da iddiaçının əmlak mənafelərinə zərər vurulduğundan, iddia təmin edilərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış və Lənkəran rayon 1 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli, AN-İ №0957512 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, iddiaçının mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdehin apellyasiya məhkəməsinin iclasında bildirdiyi müqavilə üzrə borcun ödənilməsinə maddi imkanının çatmaması ilə bağlı arqumentinə dair məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iddianın təmin edilməməsinə əsas vermir. Çünki Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, iş materiallarından müəyyən edildiyi kimi, barəsində müqavilənin imzalandığı mübahisəli daşınmaz əmlak iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl cavabdehin ailə üzvü olan X1 məxsus olmuş, cavabdeh "xxxx" İKB-nin Lənkəran filialı ilə bağlanmış 29 may 2014-cü il tarixli, 13-SKMF-3-0-880-14 saylı əlavə kredit müqaviləsindən irəli gələn kredit borcunu ödəyə bilmədiyindən həmin əmlaka tutma yönəldilmiş, sonradan iddiaçının mülkiyyətinə keçmişdir. Bundan sonra isə iddiaçı mülkiyyətçi hüquqlarından istifadə edərək, Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi üzərində sərəncam verərək, onu Cavabdeh hissə-hissə ödəmək şərti ilə daşınmaz əşyanın nisyə alğı-satqısı müqaviləsi əsasında satmışdır. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən müqavilə üzrə 8150 manat ödənişin edilməsi iş materialları ilə təsdiq olunduğundan, ödənilmiş məbləğin miqdarı iddiaçı tərəfindən də qəbul edildiyindən, eləcə də iddiaçı hazırkı müqaviləni bağlayarkən cavabdehin ödəniş qabiliyyətinin şübhəli olması barədə məlumatlı olduğundan, müqavilə üzrə ödənilmiş 8150 manat İddiaçı ASC-dən alınaraq Cavabdeh qaytarılmalı, pulun qaytarılması və daşınmaz əmlakın boşaldılması eyni vaxtda icra olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırkı iş üzrə iddia ərizəsi 28 iyul 2022ci il tarixində Masallı Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin iddianın rədd edilməsinə dair qətnaməsi 20 oktyabr 2022-ci il tarixində qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya 27 oktyabr 2022-ci il tarixində, yəni qətnamə qəbul edildikdən 7 gün sonra 1500 manat məbləğində ödəniş edilmişdir. İddiaçı isə müqavilənin ləğvini tələb etməklə yanaşı, həmin ödənişi qəbul etmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh tərəfindən edilmiş ödənişlərin geriyə qaytarılmaması onun əmlak mənafelərinə ciddi zərər vuracaqdır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, iddiaçı ilə Cavabdeh arasında bağlanmış və Lənkəran rayon 1 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli, AN-İ №0957512 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, iddiaçının mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, müqavilə üzrə ödənilmiş 8150 manat iddiaçıdan alınaraq cavabdehə qaytarılmalı, pulun qaytarılması və daşınmaz əmlakın boşaldılması eyni vaxtda icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2397/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və Lənkəran rayon 1 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli, AN-İ №0957512 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən ümumi sahəsi 200,8 kv.m olan fərdi yaşayış evi və 0,18 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Müqavilə üzrə ödənilmiş 8150 manat İddiaçı ASC-dən alınaraq Cavabdeh qaytarılsın. Pulun qaytarılması və daşınmaz əmlakın boşaldılması eyni vaxtda icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar