Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-305/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrası” tələbinə dair iddiası üzrə Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(073)-2520/2022 saylı qərardadından (hakim Q.Paşayev) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(073)-2520/2022 saylı qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinadla işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi hesab etmidir ki, Cavabdeh sahibkar statusuna malikdir (VÖEN **********) və mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir və ümumi məhkəmədə baxıla bilməz. Qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək ləğv edilməsini və işin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh sahibkar statusuna malik deyil. Tərəflər arasında bağlanmış müqavilənin sonununda Cavabdeh aid "VÖEN" (**********) göstərilsə də, onun faktiki olaraq, VÖEN-i mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi İdarəsinin "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" ilə bağlı açıq internet səhifəsində (https://www.e-taxes.gov.az/ebyn/payerOrVoenChecker.jsp) fiziki şəxslərin VÖEN-ləri üzrə axtarış aparılarkən ********** VÖEN nömrəsinin mövcud olmadığı görünür. Eyni zamanda, həmin internet səhifəsində fiziki şəxslərin adları üzrə axtarış aparılarkən Cavabdeh məxsus VÖEN-in mövcud olmadığı məlum olur (skrinşotlar şikayətə əlavə olunur). Göründüyü kimi, iddia ərizəsi Cəlilabad Rayon Məhkəməsinə göndərilərkən məhkəmə aidiyyəti pozulmamış, məhkəmə əsassız olaraq, lazimi sübutlara əsaslanmadan cavabdehin sahibkar olması qənaətinə gəlmişdir. Cəlilabad Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(073)-2520/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsini Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinadla işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Kollegiya işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında 5 iyun 2015-ci il tarixdə bağlanmış "kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə" 923-GL/15 saylı müqavilədən görünür ki, ümumi məbləği 11296 manat təşkil edən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi müqavilənin predmetini təşkil etmişdir. Lizinq alan Cavabdeh müqaviləni sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunda (VÖEN- **********) bağlamışdır. Hazırki halda iddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin sonununda Cavabdeh aid "VÖEN" (**********) göstərilsə də, onun faktiki olaraq VÖEN-i mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi İdarəsinin "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" ilə bağlı açıq internet səhifəsində (https://www.etaxes.gov.az/ebyn/payerOrVoenChecker.jsp) fiziki şəxslərin VÖEN-ləri üzrə axtarış aparılarkən ********** VÖEN nömrəsinin mövcud olmadığı görünür. Eyni zamanda, həmin internet səhifəsində fiziki şəxslərin adları üzrə axtarış aparılarkən Cavabdeh məxsus VÖEN-in mövcud olmadığı məlum olur. Cavabdehin şikayətinin dəlilini yoxlamaq məqsədilə Dövlət Vergi Xidmətinin İnternet vergi İdarəsinin "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" ilə bağlı açıq internet səhifəsindən edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, Cəlilabad rayonu Üç Təpə kənd sakini Cavabdeh 04 avqust 2011-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh vergi ödəyicisi olmaqla, tərəflər arasında yaranan mübahisə də məhz predmet və hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozüntusuna yol verilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(073)-2520/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-305/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-305/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver