Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-310/2024 10.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Saatlı rayon Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. İş materiallarının 131-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsinin surəti 19 iyul 2023-cü il tarixində İddiaçı çatdırılmışdır. Qətnamədən narazı qalan İddiaçı 18 avqust 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(106)-1572/2023 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Saatlı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, elektron kabinet vasitəsilə İddiaçı adından verilən apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs - nümayəndəsi kimi Nümayəndə1 tərəfindən imzalanmışdır. Həmin mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (Şirvan Apellyasiya Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün order əlavə edilməmişdir) vəkil Nümayəndə1 nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır. Qərardad Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli göndəriş məktubu ilə Saatlı Rayon Məhkəməsinə qaytarılmış, 23 oktyabr 2023-cü il tarixində Saatlı Rayon Məhkəməsinə daxil olmuşdur. Saatlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 06 noyabr 2023-cü ildə yenidən Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini elektron imza vasitəsilə özü imzalamış, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. O, həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti versə də, apellyasiya şikayətini onun nümayəndəsi öz asan imzasından istifadə edərək elektron məhkəmə sistemi vasitəsilə imzalamışdır. Lakin apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmışdır. Hazırda həmin qətnamədən apellyasiya şikayəti vermə müddətini ondan asılı olmayan səbəblərə görə üzrlü olaraq buraxmışdır. Ona görə də apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edir. O, ərizəsində Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin səbəbini üzrlü hesab edərək bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) ərizə təmin edilmiş, ərizəçi (iddiaçı) İddiaçı tərəfindən Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmiş, apellyasiya şikayətinin işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan üçüncü şəxs X5 şikayət vermiş, şikayətində Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadının ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizənin rədd edilməsini və Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxs Əlizaman Rəhimov şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. İddiaçı iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verərək qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Müddətin bərpa edilməsi üçün əsas kimi iddiaçının istinad etdiyi hallar ilə bağlı qeyd etmək lazımdır ki, müddətin ötürülməsinə səbəb kimi göstərilən əsaslar prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. O hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunmalı, prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizə rədd edilməli və Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük – 1 aylıq müddət müəyyən etmişdir (MPM-in 360-cı maddəsi). MPM-in 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, MPM-in 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233-cü, 234-cü və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli Qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə elmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Eyni hüquqi mövqeyi paylaşan Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Konstitusiyа Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli Qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman eyni hüquqi mövqeləri nümayiş etdirmiş və ardıcıl olaraq müdafiə etmişdir. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirdi ki, İnsan hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa Кonvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüquqi müəyyənlik prinsipidir (qərarın 22-ci bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, Кonvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, 6 Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərarlarında və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, məhkəmə həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Odur ki, istinad edilən presedentlərə söykənərək, MPM-in 133-cü maddəsi, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla iddiaçının məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən qanunla müəyyən olunmuş vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. MPM-in 360-cı maddəsi, tərəflərə heç MPM-in 133-cü maddəsinin köməyinə müraciət etmədən də qanuni qüvvəyə minmiş məhkəmə aktına təkrar baxılmanı başlatmaq imkanı verir (hər halda həmin normanın hərfi mənasından çıxış etdikdə bu cür təsəvvür yaranır). Belə ki, MPMnin 360-cı maddəsində təsbit edilir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, qətnaməni rəsmi qaydada almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə qanunvericilikdə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib səhlənkarlıqları nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində sürən belə qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Odur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad edilən qərarlarında bəyan etdiyi hüquqi mövqelərə əsaslanaraq, MPM-in 360-cı maddəsini şəxsə məhkəmə qətnaməsinin çıxarılmasından qanunla müəyyən edilmiş vaxt keçdikdən sonra belə onu mübahisələndirməyə və qətnaməyə təkrar baxılmasını tələb etməyə imkan verən norma kimi təfsir etməkdən imtina edir. Beləliklə, MPM-in 133-cü və 360-cı maddələrini, iş üzrə iştirak edən şəxslər münasibətdə məhkəmə qətnaməsinə yenidən baxılmasını şərtsiz labüd edən norma kimi qəbul etmədiyindən ümumiyyətlə qüvvəyə minmiş məhkəmə aktına apellyasiya qaydasında təkrar baxılmasından ötrü prosessual imkanların yaradılmaması məsələsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərindən hasil etdiyi, yuxarıda təsvir edilən şərtlər əsasında yanaşması zəruridir. Bu şərtlərdən əsası, iddiaçının qətnamənin qanuni qüvvəyə minməsinədək dövr ərzində məhkəmə aktını mübahisələndirməməsinin, onun öz səhlənkarlıqlarından irəli gəlib-gəlməməsidir. Hakim apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizədə qeyd edilən hallara görə ötürülmüş prosesual müddətin bərpası barədə ərizədə göstərilən halları məqbul hesab etmişdir. Qeyd olunan nəticə ilə bağlı hakim haqlı olmamışdır. İddiaçı qətnamədən qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra şikayət vermək məqsədilə məhkəməyə müraciət etməsi onun özünün öz hüquqlarına və prosessual normalara münasibətdə səhlənkarlığa yol verdiyini göstərir. Ümumiyyətlə, MPM-in 133-cü maddəsinə uyğun olaraq, müddətin bərpa edilməsi məsələsi həll olunarkən, buraxılmış müddətin nə qədər sürməsini də nəzərdən qaçırmaq olmaz. Həmin müddətin davamiyyəti, məsələyə baxan məhkəmə tərəfindən, prosessual müddətin buraxılmasına səbəb olan halın üzrlü və yaxud üzrsüz sayılmasına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməlidir. Əgər 1 ay təşkil edən prosessual müddət ötürülürsə, bu özüözlüyündə şəxsin səhlənkarlığına dəlalət edən fakt kimi qiymətləndirilməli və müddətin bərpasından imtina edilməlidir. Beləliklə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad edilən presedentlərinə və yuxarıda göstərilən hallar üzrə çıxardığı nəticələrə söykənərək belə hesab edir ki, hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mübahisələndirilməsi və apellyasiya qaydasında təkrar baxılması üçün prosessual imkanların yaradılmasına əsas verən, yəni Konvensiyanın Preambulasının və 6-cı maddəsinin əhatə etdiyi “hüquqi müəyyənlik” prinsipinin pozulmasına bəraət qazandıran müstəsna hallar olmamışdır. Bu səbəbdən, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina olunmalıdır. Saatlı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadından iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsinin surəti 19 iyul 2023-cü il tarixində iddiaçıya çatdırılmış, iddiaçı isə MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq prosessual müddət çərçivəsində 18 avqust 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin iddiaçının apellyasiya şikayəti onun səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması səbəbi ilə, yəni birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən müvafiq vəkalət almadan iddiaçının adından verilən apellyasiya şikayətini nümayəndəsi kimi Nümayəndə1 imzalaması səbəbindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(106)-1572/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş, Saatlı Rayon Məhkəməsinin 24 oktyabr 2023cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, iddiaçı cəmi 13 gün keçdikdən sonra, yəni 06 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yenidən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini elektron imza vasitəsilə özü imzalamış, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. Saatlı Rayon Məhkəməsi isə 16 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizəni təmin edərək, iddiaçı tərəfindən Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa etmiş və apellyasiya şikayətinin işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Üçüncü şəxs Əlizaman Rəhimov isə həmin qərardadla razılaşmayaraq şikayət vermiş, öz şikayətinin əsas dəlili kimi iddiaçının qeyd etdiyi halların onun apellyasiya şikayəti verilməsi üçün müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsini əks etdirmədiyini bildirmiş, eyni zamanda, MPM-in 133-cü maddəsinə uyğun olaraq, müddətin bərpa edilməsi məsələsi həll olunarkən, buraxılmış müddətin nə qədər sürməsinin də nəzərə alınmalı olduğunu, həmin müddətin davamiyyətinin məsələyə baxan məhkəmə tərəfindən prosessual müddətin buraxılmasına səbəb olan halın üzrlü və yaxud üzrsüz sayılmasına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməli olduğunu, əgər 1 ay təşkil edən prosessual müddət ötürülürsə, bunun özü-özlüyündə şəxsin səhlənkarlığına dəlalət edən fakt kimi qiymətləndirilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin şikayətinin dəlillərini əsaslı hesab etmir və bildirir ki, iddiaçının Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən ilk dəfə MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş prosessual müddət çərçivəsində (qətnamənin surətini 19 iyul 2023-cü ildə aldıqdan sonra 18 avqust 2023-cü ildə apellyasiya şikayəti ilə müraciət etməsi) şikayət verməsi iddiaçının öz hüquqlarının müdafiəsində səhlənkarlığa yol vermədiyini göstərir. İkinci şikayətin isə yalnız 06 noyabr 2023-cü il tarixində verilməsi apellyasiya şikayətinin əvvəlcə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə qeyrimümkün hesab edilməsinə və sonradan Saatlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmasına görə baş vermişdir. Buradan da aydın olur ki, iddiaçı tərəfindən ikinci dəfə apellyasiya şikayətinin 06 noyabr 2023-cü ildə verilməsi onun apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, iddiaçının ilk dəfə verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə istinad edilməklə qeyri-mümkün hesab edilmişdir. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından da göründüyü kimi, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərardadında qeyd edilən həmin nöqsanı aradan qaldıraraq yenidən apellyasiya şikayəti verərkən onu elektron imza vasitəsilə özü imzalamışdır. MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, qanunverici MPM-in 363.1.1-ci maddəsində nəzərdə tutulmuş nöqsanın aradan qaldırılmasından sonra şikayət vermiş şəxsə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ vermişdir. Qeyd edilənlər isə onu göstərir ki, iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri əsaslıdır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddiaçı MPM-in 133.3-cü maddəsinə uyğun olaraq müddətin bərpasına dair ərizəsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini də əlavə etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan üçüncü şəxsin şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 16 noyabr 2023-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(055)-368/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-310/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-310/2024
10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver