Məhkəmə qərarları › İş №2(106)-310/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-310/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-310/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, öhdəlik üzrə vəzifələri yerinə yetirməmək) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)- 1142/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4661 manat əsas borc, 932 manat cərimə və 76 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5669 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 və Emalı Zavodu ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli, 114 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 11 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 10967.75 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 6306.43 manat ödəmiş və iddiaçıya 4661.32 manat borcu qalmışdır. Cavabdehin borclu qalması xam pambığın tədarükünü həyata keçirən X2 və Emalı Zavodu ilə cavabdeh arasında aparılan üzləşdirmə aktları və maliyyə arayışı ilə də təsdiq edilir. Müqavilənin 5.2- ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 932 manat təşkil edir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 21 oktyabr 2024-cü il tarixli, 2(055)- 1142/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4661 manat əsas borc və 100 manat dəbbə pulu, cəmi 4761 (dörd min yeddi yüz altmış bir) manat pul tutularaq iddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi və Cavabdeh 76 (yetmiş altı) manat dövlət rüsumu tutularaq iddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 və Emalı Zavodu ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli, 114 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 11 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 10967.75 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 6306.43 manat ödəmiş və iddiaçıya 4661 manat borcu qalmışdır. Cavabdehin borclu qalması xam pambığın tədarükünü həyata keçirən X2 və Emalı Zavodu ilə cavabdeh arasında aparılan üzləşdirmə aktları və maliyyə arayışı ilə də təsdiq edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 932 manat təşkil edir. Ona görə də, iddiaçı «X1 Kompleksi» MMC Cavabdeh 4661 manat əsas borc, 932 manat cərimə və 76 manat ödənilmiş dövlət rüsumunun alınmasını tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh oğlu əkdiyi pambığın susuzluq səbəbindən məhv olmasını əsas göstərərək iddianın rədd edilməsini xahiş etsədə, tərəflər arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli 114 saylı müqavilənin 2.1.12-ci bəndinə əsasən Cavabdeh pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyəti barədə öhdəlik götürmüşdür. Odur ki, məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh 4661 manat əsas borc, 100 manat cərimə (dəbbə pulu), cəmi 4761 manat tutularaq «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalı və iş üzrə 76 manat dövlət rüsumu iddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 385.1, 386.1, 425.1, 425.1, 442, 445.2, 448.1, 448.2, 567, 599.1, 599.3, 600.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 14.2, 77.1, 88, 384, 402.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xam pambığın alqı-satqısı müqaviləsinə əsasən o, 11 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambığı iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Üzərinə götürdüyü öhdəliyə dair yaranmış borcdan ümumilikdə 6306,43 manat ödəniş etmişdir. Məhsuldarlığın az olması və borcun yaranmasına səbəblər bir çox amillər olmuşdur. Həmin səbəblər aşağıdakılardan ibarətdir: "xxxx"MMC ilə fermer arasında müqavilənin gecikmiş qaydada bağlanması, suvarma suyunun çatışmazlığı, fermerin “Liqus” adlı zərərververici həşarat barədə məlumatlı olmaması, yəni fermerin şirkətə bu barədə müraciəti olsa da, şirkətin bu müraciətə əhəmiyyət verməməsi, fermerin əkin sahəsinə təhkim edilmiş aqronomun aqronomluq barədə təhsili olmaması və bu barədə tədbir görülməməsi, iddiaçı şirkətin cavabdehə qarşı qərəzli münasibətdə olması və s. İddiaçı şirkət ona qərəzli münasibət göstərməklə onun pambığından başqalarından təhvil aldığı pambıqdan bir neçə dəfə çox faiz tutmasıdır. O, kifayət qədər sübutlar təqdim etsə də, lakin bu hal nəzərə alınmamışdır. İddiaçı tərəfin qərəzli mövqeyinə görə ondan bu qədər məbləğ tutulmuşdur. Məqsəd də onu bu yolla iqtisadi problemə salmaqla fermer təsərrüfatının fəaliyyətini dayandırmağa nail olmaqdır. Nəticə etibarı ilə AR MM-nin 588 və 1131-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normaları pozulmuşdur. Qeyd edilən xüsusatlar, yəni pambıq məhsulunun yerləşdiyi ərazidə su ehtiyyatlarından yaranmış çətinliklər, yaranmış xəstəlik və pambığdakı zibilliyin aşkar olunmasına dair hesablama, digər fermerlərlərlə müqayisədə ondan dəfələrlə artıq faizlərin hesablanması dair hallar tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)-1142/2024 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı «X1 Kompleksi» MMC isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)-1142/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi apellyator Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)-1142/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)-1142/2024 saylı qətnaməsi Cavabdeh oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 və Emalı Zavodu ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli, 114 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən 11 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürərək müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 10967.75 manat vəsait götürmüşdür. Lakin Cavabdeh «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 və Emalı Zavodu qarşısında olan öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək ödəməli olduğu 10967.75 manatın 4661.32 manatını ödəməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçı şirkət ona qərəzli münasibət göstərməklə onun pambığından başqalarından təhvil aldığı pambıqdan bir neçə dəfə çox faiz tutmasıdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan 12 yanvar 2022-ci il tarixli 114 saylı müqavilədən görünür ki, «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 və Emalı Zavodu ilə Cavabdeh arasında 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 11 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhtəliyi yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh həmin müqavilə imzalanarkən həmin müqavilədə hər hansı bir qeyd-şərt göstərməmiş və müqavilənin şərtləri ilə razılaşmışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, suvarma suyunun çatışmazlığı baş vermiş, “Liqus” adlı zərərververici həşarat barədə məlumatlı olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəli üzrə iddiaçı tərəf hər hansı məsuliyyət daşımamış, müqavilə üzrə bu barədə hər hansı öhdəlik üzərinə götürməmişdir. Şikayətin digər dəlili, AR MM-nin 588 və 1131-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normaları pozulmasıdır. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə də razılaşmır. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İşdə olan 12 yanvar 2022-ci il tarixli 114 saylı müqavilədən görünür ki, iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə ( nağd vəsait, dərman, çiyid, gübrə və s) verilmişdir. Yəni iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İş materiallarında olan üzləşmə aktından görünür ki, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcu olduduğunu etiraf etməklə üzləşmə aktını imzalamışdır. Mülki Məcəllənin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə də razılaşmır. Belə ki, Cavabdeh oğlu əkdiyi pambığın susuzluq səbəbindən məhv olmasını əsas göstərərək iddianın rədd edilməsini xahiş etsə də, tərəflər arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli 114 saylı müqavilənin 2.1.12-ci bəndinə əsasən Cavabdeh pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyəti barədə öhdəlik götürmüşdür. Eyni zamanda cavabdeh fors-major hallarının baş verməsi barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)-1142/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(055)-1142/2024 saylı qətnaməsi Cavabdeh oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar