Məhkəmə qərarları › İş №2(106)-314/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-314/2023

09.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-314/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X22 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun vəkili X8 və Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işi üzrə Salyan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(057)-229/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu 2 saylı Notariat ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli, AN-1№ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, həmkəndlisi Cavabdeh1 toy etmək üçün 3 il müddətinə 5000 manat borc almışdır. Lakin Qafar girov kimi ona məxsus torpağı istəmiş və onun və ailə üzvlərinin adından etibarnamə tələb etmişdir. 5000 manat pulu 3 ilə, yəni 2020ci ilin sonuna qədər qaytarmağı öhdəliyini öz üzərinə götürmüşdür. 15 dekabr 2017-ci il tarixdə Salyan rayon 2 saylı Notariat ofisində özü və ailə üzvlərinə məxsus 4.3655 ha torpaq sahəsinə dair ailə üzvlərinin adından Cavabdeh1 etibarnamə vermişlər. 2020-ci ilin yay aylarında Qafara borcunu qaytarmaq istədiyini demiş, lakin Qafar artıq torpağı satdığından, pulu istəmədiyini bildirmişdir. Bu məsələni araşdirmiş və məlum olmuşdur ki, Cavabdeh1 etibarnamə əsasında 29 dekabr 2017-ci il tarixdə 4.3655 ha torpaq sahəsinə onun və ailə üzvlərinin adına çıxarış almış, 26 fevral 2020-ci il tarixdə isə torpağı qardaşı Cavabdeh2 adına alğı-satqı yolu ilə rəsmiləşdirmişdir. Etibarnamə 15 dekabr 2017-ci ildə verilmiş, oktyabr 2020-ci ildə isə ləğv olunmuşdur. Qafardan toy adı ilə borc almışdır. Pulu oktyabrda almış, etibarnamə isə dekabrda verilmişdir. 2020-ci ilin yazında torpağın satılmasından məlumatı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instasniya məhkəmsində İddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi X15 iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlarda izahatlar verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instasniya məhkəməsində cavabdehlərin vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, tərəflər arasında borc müqaviləsi olmamış, aralarında torpağın alğı-satqısı olmuşdur. Torpağın çıxarış sənədi olmadığından, Mirsəhhət və ailə üzvləri Qafara torpağa dair etibarnamə vermiş və həmin vaxt Qafar onlara torpağa görə 5000 manat pul ödəmişdir. 15 dekabr 2017-ci il tarixdə Qafar Mirsəhhətin adına çıxarış almış və sonra 26 fevral 2020-ci il tarixdə torpağı Cavabdeh2 alğı-satqı ilə yolu satmışdır. Mirsəhhət və ailə üzvləri tərəfindən verilmiş etibarnamə 2020-ci ilin oktyabr aylarında ləğv edilmişdir. Qafar torpağa görə ola bilsin ki, 5000 manat deyil, 10000-15000 manat yuxarı ödəmişdir. Hazırda iddiaçı yenidən pul tələb etmiş, lakin qarşı tərəf pul verməkdən imtina etdiyi üçün, qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(057)-229/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və tərəfindən irəli sürülmüş iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırlmış, əlavə olaraq qeyd edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(057)-229/2021 saylı qətnaməsi əsassızdır və ləğv olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində birinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(106)-1889/2021 saylı qətnaməsi (hakimlər T.Kərimov, T.Heydərov və İ.Əhmədov) ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(057)- 229/2021 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması" tələbinə dair iddiasının təmin olunması, mübahisəli Salyan rayonu, Sarvan kəndində yerləşən 4.3655 ha torpaq sahəsinə dair satıcılar İddiaçı, X7, X9, X12, X10, X2 adından 15 dekabr 2017-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 26 fevral 2020-ci il tarixdə bağlanaraq notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 4.3655 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq iddiaçı X11 və ailə üzvlərinin sahiblik və istifadəsinə qaytarılması, ödənilmiş dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi qət edilmişdir. d) Kassasiya instansiya məhkəməsində birinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(106)-1889/2021 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər: Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və İlqar Xələfov) 2(106)-6571/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1889/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. e) Apellyasiya instansiya məhkəməsində ikinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(106)-623/2022 saylı qətnaməsi (hakimlər İ.Əsədov, S.Mayılov və N.Mirzəyev) ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(057)-229/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Salyan rayonu, Sarvan kəndində yerləşən 4.3655 ha torpaq sahəsinə dair satıcılar İddiaçı, X7, X9, X12, X10, X2 adından 15 dekabr 2017-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə alıcı Cavabdeh2 tərəfindən imzalanmış 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əqd üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsinin mülkiyyəçilərin sahibliyinə verilməsi, ödənilmiş dövlət rüsumuna görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 manat müştərək qaydada tutulub İddiaçı ödənilməsi, qət edilmişdir. ə) Kassasiya instansiya məhkəməsində ikinci icraat. Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(106)-623/2022 saylı qətnaməsindən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Z.Əliyev, A.Abbasov, E.Şamayev) 2(102)-4179/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-623/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. f) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apelyasiya şikayətini müdafiə etmiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, onun torpağın alqı-satqısı və pulların verilməsi ilə bağlı bütün söhbətləri cavabdehlərdən Mərdanla olub, Qafarla heç-bir işi olmayıb. Toy etmək üçün təcili pul lazım olduğundan Mərdandan borca pul istəmişdir. O, özü torpağını Mərdana borc pul müqabilində təklif etmişdir. Mərdandan 5000 manat borca pul alaraq torpağı 3 il ərzində əkməsi üçün ona vermişdir. Lakin Mərdanla aralarında nə yazılı borc nə də icarə müqaviləsi bağlanmamışdır. O, torpağı Mərdana satmamışdır. Mərdan ona demişdi ki, arada etibar olması ailə üzvləri ilə notariata gedib ona etibarnamə verməlidirlər. Buna görə də torpaq aktında adları olan bütün ailə üzvlərini götürüb notariusa getmiş və etibarnamə vermişlər. Həmin etibarnamədəki imzalar ona və ailə üzvlərinə məxsusdur, onu mübahisələndirmirlər. Məradandan pulu 2017-ci ildə almışdır. Notariatda olarkən nə Mərdan, nədə ki, Qafar orada olmuşlar. Notariusda demişdir ki, etibarnamə verməyə gəliblər. Notarius onlara bir blank vermiş və demişdir ki, imzalasınlar, onlar da hamısı etibarnaməni imzalamışlar. Lakin elə zənn etmişlər ki, etibarnaməni Mərdana verirlər. Bundan sonra notariusdan çıxıb evə gəlmişlər. Torpağı Mərdana vermişdi ki, 3 il istifadə etsin, buna görə ona 5000 manat pul versin. 3 ilin tamamında isə 5000 manatı Mərdana qaytarmalı və torpaqdan 3 illik istifadə üçün əldə edilən qazanc Mərdana aid olmalı idi. 3 ildən sonra Bankdan 5000 manat pulu düzəldib aparıb Mərdana vermək istəmişdir. Lakin sonucu demişdi ki, torpağı satıb başqasına. Mərdanın onun torpağını satmasından 2020-ci ilin yanvar ayında xəbər tutmuşdur. Bütün bu müddət ərzində Mərdana borcundan pul qaytarmamışdır. Bu müddətdə həm qızına həm də oğluna toy etmişdir. O, iddia ərizəsində Qafardan 5000 manat borc pul almasına dair suala məntiqli cavab verməmiş, göstərmişdir ki, iddia ərizəsini tərtib edən vəkil səhvə yol vermişdir. Məhkəmədə iddiaçının vəkili Nəsrulla Ağayev apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmədə Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil apelyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə cavabdehin adına torpaq sahəsi üzərində bütün hərəkətləri özündə ehtiva edən etibarnamə vermişdir, iddia ərizəsinin məzmunu ilə hazırda iddiaçının dedikləri ziddiyətlidir. Əslində iddiaçı torpağın qiyməti artdığından hazırki iddianı verərək, torpağı qaytarmaq istəyir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. g) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh "xxxx" BOKT MMCnə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. ğ) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının vəkili və eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-401 KOD80910018 saylı dövlət aktının surətindən görünür ki, Salyan rayonu Sarvan kəndində yerləşən 4.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli 08 saylı qərarı cizgidə göstərilən sərhəd daxilində İddiaçı Uzeyir oğlu və onun ailə üzvləri X7, X9, X12, X10, X2 birgə müliyyətinə mülkiyyətində olmuşdur. İş materiallarında olan 15 dekabr 2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Uzeyir oğlu, X7, X9, X12, X10, X1 Qafar Xudaqulu oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onların bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq, ipotekanı qəbul etmək, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyə və yaxud ondan imtina etməyi, vərəsəlik işlərini aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə onlara çatası əmlakların, əmanətlərin, qiymətli kağızları, eləcədə sənədləri almağı və sair hüquqları həyata keçirməyi etibar etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 dekabr 2017-ci ildə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Salyan rayonu Sarvan kəndi ərazisində yerləşən 4.3655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Uzeyir oğlu, X7, X9, X12, X10, X2 xüsusi mülkiyyət hüququ ümumi birgə pay hüququ üzrə Dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş (satıcılar) İddiaçı, X7, X9, X12, X10, X2 adından 15 dekabr 2017-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 26 fevral 2020-ci il tarixdə bağlanaraq notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcılara məxsus Salyan rayonu, Sarvan kəndində yerləşən 4.3655 ha torpaq sahəsi təmsilçi tərəfindən 5400 manata satılaraq alıcının mülkiyyətinə verilmişdir. İş materiallarında olan “Elektron notariat” AİS-in çıxarışından görünür ki, 15 dekabr 2017-ci il tarixli etibarnaməyə 29 oktyabr 2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Belə ki, İddiaçı iddia ərizəsində tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, Cavabdeh1 üç il müddətinə 5000 manat borc almış və Cavabdeh1 girov kimi ona məxsus torpağı istəmiş, onun və ailə üzvlərinin adından etibarnamə tələb etmişdir. Bu məqsədlə həmin cavabdehə etibarnamə vermişlər. Cavabdeh1 həmin etibarnamə əsasında 29 dekabr 2017-ci il tarixdə torpaq sahəsinə onun və ailə üzvlərinin adına çıxarış almış, 26 fevral 2020-ci il tarixdə isə torpağı alğı-satqı yolu ilə qardaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Lakin apellyasiya baxışında İddiaçı bildirmişdir ki, onun Cavabdeh1la heç bir işi olmayıb, bütün söhbətləri Cavabdeh2la olub. Belə ki, o, Cavabdeh2 borca pul istəmiş və borc pulun müqabilində özlərinə məxsus torpaq sahəsini özü Cavabdeh2 təklif etmişdir. Cavabdeh2 onlardan etibarnamə istəmiş və onlar ailəlikçə notariusa gedərək etibarnamə vermişlər. X27 notariusda olmamışdır. Həmin etibarnamyə imza atsalar da kimə etibarnamə vermələrini bilməmişlər. Cavabdeh2 aldığı pulla ayrı-ayrı vaxtlarda oğluna və qızına toy etmişdir. Göründüyü kimi iddiaçı Qafara qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlər verməklə onu təmsil etməsi üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında Qafar torpağa dair çıxarış almış və həmin torpağı Cavabdeh2 satmışdır. Belə ki, iddiaçı və ailə üzvlərinin Cavabdeh1 adına tərtiblədikləri 15 dekabr 2017-ci il tarixli etibarnamədə əmlaka sərəncam vermək, alqı-satqı da daxil olmaqla bütün əqdləri bağlamaq səlahiyyətinin verildiyi açıqca qeyd olunmuşdur. Yəni torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada bağlanmış 26 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı münasibətləri iddiaçı və ailə üzvləri ilə Cavabdeh2 arasında olmuş, Cavabdeh1 isə həmin müqavilə bağlanarkən satıcıları etibarnamə əsasında təmsil etmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehlə borc münasibəıtində olduğunu iddia edir, cavabdeh isə iddiaçı ilə alqı-satqı münasibətində olduğunu bildirir. Lakin iddiaçı cavabdehlə borc münasibətində olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə sübut təqdim etmələri zəruridir. Lakin sübutetmə yükü iddiaçının üzərinə düşsə də o nə birinci nə də apellyasiya instansiyasında cavabdehlə borc münasibətlərində olmasına dair hər hansı dəlil təqdim etməmişdir. Bundan başqa qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (etibarnamənin) həqiqiliyi qəbul edilir. Müqavilənin tərəfi bağladığı əqdin etibarlı olmasını sübut etməyə borclu deyil. Əksinə, əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını iddia edən öz iddiasını sübuta yetirməlidir. Hazırda tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız olmasını iddiaçı tərəf iddia etdiyi üçün bu halı sübut etmək vəzifəsi də onun üzərinə düşür. Həmçinin qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir. Bundan əlavə, aldığı vəkalət üzrə hansı hüquqi hərəkətləri yerinə yetirdiyini vəkalət verənə bildirmək, yaxud vəkalət üzrə aldıqlarını (satış pulunu və s.) ona təqdim etmək və digər bu kimi vəzifələr müqavilənin qarşı tərəfinin yox, təmsilçinin vəzifəsidir. Təmsilçinin təmsil olunan qarşısında göstərilən öhdəliklərini yerinə yetirməməsi, onlar arasındakı daxili hüquqi münasibətə aid olmaqla, qarşı tərəflə bağlanmış müqavilənin etibarsızlığına səbəb olmur. Təmsilçi vasitəsilə bağlanmış əqdin etibarsız sayılması üçün əsaslardan biri MM in 359.3-cü maddəsində nəzərdə tutulan “Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz” qaydasının pozulmasıdır. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir (əqdi imzalayır), digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulan qaydadan istisna, belə təmsilçiliyə əvvəlcədən verilən icazə və ya əqdin təmsil edilən tərəfindən sonradan bəyənilməsi hallarıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(057)-229/2021 saylı qətnaməsi iddiaçı X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar