Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-315/2023 20.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, iddiaçı “X6 Kompleksi” MMC-nin nümayəndəsi X1 və Cavabdeh Mövlud oğlunun iştirakları ilə, İddiaçı “X6 Kompleksi” MMC-nin Cavabdeh Mövlud oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)39/2022 saylı qətnaməsindən iddiaçı “X6 Kompleksi” MMC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: «X6 Kompleksi» MMC - Cavabdeh Mövlud oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2443,22 manat əsas borcun, 488,64 manat cərimə məbləğinin, cəmi 2931,86 manat borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X6 Kompleksi» MMC-nin «X4 və Tədarükü Məntəqəsi» filialı ilə Cavabdeh Mövlud oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 033 saylı müqaviləyə əsasən cavabdeh 12 hektar sahədə pambıq əkməyi və hər hektardan 24 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 11144,35 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıq məhsulu ilə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh 8701,13 manat borcunu xam pambıqla ödəmişdir. Beləliklə cavabdehin 2019-cu il mövsümü üzrə xam-pambığın alqısatqısına dair xx.xx.2019-cu il tarixli 033 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərinin tələblərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Cavabdehin ödənilməmiş 2443,22 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh Mövlud oğlu iddiaya etiraz edərək, etirazının əsası kimi bildirmişdir ki, o, lazımı qaydada pampıq təhvil vermiş və onun iddiaçı təşkilata borcu qalmamışdır. Belə ki, iddiaçı təşkilat olan «X6 Kompleksi» MMC onun (cavabdehin) 2443,22 manat əsas borcunun, 488,64 manat cərimə borcunun, ümumilikdə isə 2931,86 manat borcunun yaranması hallarına istinad edərək, iddia tələblərinin əsası kimi xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Üzləşmə AKT-larına istinad etmişdir. Lakin həmin müqavilədən yaranmış avans xidmətlərin hansı həcmdə təmin olunması, “Fermer” qismində Cavabdeh tərəfindən avans xidmətlərin hansı həcmdə əvəzinin qaytarılması və hazırda Cavabdeh nə qədər borcunun mövcud olmasını əks etdirən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Üzləşmə AKTlarından onun xəbəri olmamış və həmin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Üzləşmə AKTlarında əks olunmuş imza ona məxsus deyildir. Qeyd olunanlaraq əsasən iddianın rədd edilməsi xahiş olunur. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)39/2022 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddiaçı «X6 Kompleksi» MMC-nin - Cavabdeh Mövlud oğluna qarşı «pul tələbi» barədə iddiası rədd edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)39/2022 saylı qətnaməsindən iddiaçı “X6 Kompleksi” MMC-nin nümayəndəsi X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətinin iddia tələbinin dəlilləri ilə əsaslandıraraq qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)39/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mövlud oğlu apellyasiya şikayətini qəbul etməyərək Sabirabad Rayon Məhkəməsinin 2(056)39/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Sabirabad Rayon Məhkəməsinin 2(056)-39/2022 nömrəli 21 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə iddiaçı hüquqi şəxs olmaqla, Cavabdeh Mövlud oğlu isə (VÖEN:**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Kollegiya hesab edir ki, mübahisə fərdi sahibkar statusu olan şəxslər arasında yaranmaqla kommersiya xarakterlidir, birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə, bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “ …nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. İş materiallarında olan AZE№13331822 nömrəli (FİN xxxxxxx)şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Məmmədəliyev X2 rayonu, Əhmədabad kəndində qeydiyyatdadır. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 saylı Qərarının 23.18-ci bəndinə əsasən Sabirabad rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 387.2.9 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X6 Kompleksi” MMC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)39/2022 saylı qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-315/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-315/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver