Məhkəmə qərarları › İş №2(106)-327/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-327/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-327/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-805/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-805/2023 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilmiş, iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 58,80 (əlli səkkiz manat səksən qəpik) manat, 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının və xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin əvəzi 3880 (üç min səkkiz yüz səksən) manat pul vəsaitinin reqres qaydasında, ümumilikdə 3939,20 (üç min doqquz yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Məmmədli X2 Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)- 805/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3880 manat məbləğində sığorta ödənişinin, 58,80 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə saat 22 radələrində “Hacıqabul-Bəhrəmtəpə” avtomobil yolunun 45-ci km-də, Sabirabad şəhəri Muğan prospektində idarə etdiyi “X12 Prado minik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən törətdiyi avtonəqliyyat hadisəsi nəticədə “Shacman SX 331 yük” markalı ** OZ *** qeydiyyat nişanlı avtomaşınla toqquşaraq həmin avtomaşına 3880 manat məbləğdə maddi ziyan vurmuşdur. Hadisə nəticəsində Cavabdeh tərəfindən idarə edilən nəqliyyat vasitəsində olan sərnişinlər X7 və X4 ölmüş, özünün sağlamlığına isə az ağır zərər dəymişdir. Qeyd olunan hadisə ilə bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılmış və araşdırmanın nəticəsində Sabirabad rayon Prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli CM-in 263-1.4-cü maddəsi ilə ittiham aktı imzalanmışdır. Qeyd olunan ittiham aktında cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsini etiraf etmişdir. “Shacman SX 331 yük” markalı ** OZ *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 3880 manat məbləğ müəyyən edilmişdir. Dəymiş zərərin miqdarı 3880 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən zərərçəkənin Bank hesabına ödənilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işin faktiki hallarını araşdırmamış və hər hansı bir rəsmi sənədi mötəbər sübut kimi dəyərləndirməmişdir. Belə olan halda onun hazırkı iddia tələbinə etiraz və mülahizəsi dinlənilməmişdir. İddiaçının təqdim etdiyi dəymiş ziyan şişirdilmişdir. Ona görə də, hazırda tələb olunan ziyanın dəqiq miqdarı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bununla əlaqədar yeni apellyasiya baxışında Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına uyğun olaraq hesablanmış dəymiş ziyan məbləği məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilərək dəqiq müəyyən edilməlidir. Çünki iş üzrə qаnuni və obyektiv qətnamənin çıxаrılmаsı üçün dəymiş ziyan məbləği ilə bаğlı hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn mütəxəssis vаsitəsilə müəyyən edilməsi zəruridir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında nümayəndəsinin iştirakının mümkün olmayacağını bildirmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)- 805/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Sabirabad Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Mirzahid Abasov tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Sabirabad şəhəri Muğan prospektində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “X12 Prado minik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmaqla üfüqi nişanlanma xəttini kəsib əks hərəkət zolağına çıxıb hərəkət edərkən “Shacman SX 331 yük” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq iki nəfər şəxsin ölümünə, bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün ona CM-in 263- 1.4-cü maddəsi ilə ittiham verilmişdir. İşdə olan dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Shacman SX 331 yük” markalı ** OZ *** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin aradan qaldırılmasına tələb olunan xərclər siyahısına əsasən avtomaşına dəymiş zərərin həcmi cəmi 3880 manat həcmində müəyyən olunmuşdur. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və “sığortalı” X7 arasında xx.xx.2020-ci il tarixdə bağlanan PDS********** nömrəli sığorta müqaviləsinə əsasən “X12 Prado minik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə sığortalanmış, əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta məbləği müəyyən edilmişdir. İşdə olan Sığorta ödənişi ilə bağlı 5031 saylı və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı toqquşma nəticəsində “Shacman SX 331 yük” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin əvəzi olaraq 3880 manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtomobilin sahibi X1 ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. MM-in 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Əsaslandırma: Göründüyü kimi, yuxarıda qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh “X12 Prado minik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş, hadisə 2 nəfərin ölümünə, özünün sağlamlığına az ağır zərərin dəyməsi ilə nəticələnmiş, qarşı tərəfin idarə etdiyi “Shacman SX 331” yük markalı ** OZ *** qeydiyyat nişanlı avtomaşına isə 3880 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin əməli cavabdeh özü də etiraf etmişdir. İş materialları ilə cavabdehin hüquqazidd əməli müəyyən edilmişdir. “X12 Prado minik” markalı avtomobil icbari qaydada sığortalandığından, dəymiş maddi ziyan sığortaçı iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Bundan sonra isə iddiaçı reqress qaydasında həmin məbləği cavabdehdən tələb etməklə haqlı olmuşdur. Belə ki, cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında sığorta hadisəsinin baş verməsini, həmin hadisədə təqsirli bilinməsini etiraf etmiş və hadisədən sonra meydana gəlmiş xərclərinin artmasına istinad edərək tələb olunan məbləği ödəməkdə çətinlik çəkəcəyini bildirmişdir. Yəni cavabdeh iddia edilən məbləği maddi vəziyyətinin çətinliyi səbəbindən icra edə bilməyəcəyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, cavabdeh birinci instansiya məhkəməsi zamanı dəymiş zərər məbləğini mübahisələndirməmiş, habelə ekspertiza təyin edilməsini xahiş etməmişdir. Kollegiya iş materiallarındakı dəymiş zərərin hesablanmasına dair aktdakı məbləği məqbul hesab edir və hazırkı halda iş üzrə ekspertiza təyin edilməsinin işin lüzumsuz şəkildə uzadılmasına xidmət etdiyini hesab edərək buna zərurət görmür. Bununla da, məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-805/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 372, 384.0.1, 385.2, 389, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-805/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar