Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-331/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Masallı Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 19 iyul 2022-ci il tarixli, 029424 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 862.52 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır və fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X1 Qaydaları”-na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da fiziki şəxs kimi hər ay sayğac vasitəsilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun ödəmişdir. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmişlər və 19 iyul 2022-ci il tarixli, 029424 saylı akt tərtib etmişlər və həmin akta görə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması, kənar xətt 0.4 kv işıq dayaqdan açıq naqildən faza və “0” xətt götürərək işlədicilərə çəkilməsi, kənar xəttin ev kəsiyinin 3x4 mm2 təşkil etməsi qeyd edilmişdir. Buna görə də o, 862.52 manat cərimələnmişdir. Lakin, o, sayğacdan kənar hər hansı bir xətt çəkməmiş, evində sayğacdan kənar xətt olmamışdır. Bu səbəbdən aktı imza etməkdən imtina etmişdir. Sayğacın qırmızı möhürü normal vəziyyətdə olmuş, qırılmamışdır. Sözü gedən aktda sayğacın zədələnməsi və ya sayğacda hər hansı qüsurun olması barədə qeyd aparılmamışdır. Əgər sayğacın möhürü qırılmayıbsa, sayğaca xarici müdaxilə edilməyibsə, sayğacda hər hansı bir qüsur yoxdursa hansı səbəblə cərimə yazılmışdır. Sayğacda qüsur tapmadıqlarına görə ona kənar xətdən istifadə etməsini yazmışlar. Onun evinə və ümumiyyətlə kəndlərinə qoyulan elektrik sayğaclarının istismar müddəti bitmişdir. Belə olduğu təqdirdə Elektrik İdarəsinin əməkdaşları tərəfindən qanunun şərtlərinə görə vaxtı keçmiş elektrik sayğacları pulsuz olaraq dəyişdirilməlidir. Elektrik sayğaclarının vaxtı bitdiyi zaman həmin sayğaclar dövlət hesabına vətəndaşlardan heç bir pul almadan dəyişdirilir. Göründüyü kimi o, sayğaca heç bir müdaxilə etmədiyi halda EŞ-nin əməkdaşları qanunsuz və əsassız akt tərtib edərək onu cərimələmişlər. Odur ki, əsassız hesablanmış borcun silinməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz olaraq kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilmişdir. Qanunsuz qoşulma müəyyən edilərkən videoçəkiliş aparılmışdır. Aktın doğru olduğunu, borcun düzgün hesablandığını, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, ona görə də iddianın rədd olunmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: H.Bəhmənov), iddianın rədd edilməsi, İddiaçı "xxxx" ASC-nin Masallı EŞ tərəfindən yazılmış 862.52 manat həcmində borcun silinməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarına istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Bağışov X3 Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi, bu mümkün olmadığı təqdirdə isə iddia tələbinin qismən təmin edilib cərimə borcunun qanunauyğun şəkildə azaldılaraq minimuma endirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri Masallı Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə əsasən bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli, 029424 saylı aktdan görünür ki, sayğaca kənar xəttin daxil olması, kənar xətt 0.4 kv işıq dayaqdan açıq naqildən faza və “0” xətt götürərək işlədicilərə çəkilməsi, kənar xəttin ev kəsiyinin 3x4 mm təşkil etməsi əsası ilə akt tərtib olunmuşdur. Akt tərtib edilərkən İddiaçı adının qarşısında iştirak etməməsi qeyd edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim olunan disklə müəyyən edilir ki, sayğacdan kənar qoşulma ilə bağlı videoçəkiliş barədə diskə baxış keçirilmiş və sayğacdan kənar qoşulma müəyyən olunmuşdur. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu Mollaoba kənd sakini İddiaçı adına "xxxx" ASC tərəfindən 862.52 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası iş materiallarına araşdıraq müəyyən etdi ki, iddiaçının yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır və fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X1 Qaydaları”-na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirən zaman, fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması, kənar xətt 0.4 kv işıq dayaqdan açıq naqildən faza və “0” xətt götürərək işlədicilərə çəkilməsi, kənar xəttin ev kəsiyinin 3x4 mm2 təşkil etməsi faktını aşkar edərək ona 19 iyul 2022-ci il tarixli, 029424 saylı akt tərtib etmişlər və nəticədə iddiaçı 862.52 manat cərimələnmişdir. Cavabdeh tərəf qeyd olunan pozuntunu müəyyən edən zaman video çəkiliş aparmış həmin video materialı birinci instansiya məhkəməsinə təqdim etmişdir. "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17- 1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.17- 1-ci bəndində nəzərdə tutulan pozuntular “İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda.....” aşkar edilmiş yəni iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz olaraq kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilmişdir. Qeyd olunan pozuntu müvafiq qaydaların tələblərinə əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla təsdiq olunmuşdur. Kollegiya hesab edir ki, mübahisəli 862.52 manat məbləğində cərimələnməsinin iddiaçı tərəfin qüsurunun olması sübuta yetirilir. Odur ki kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla əksini tapmayan formal mülahizə hesab edir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2773/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfində verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-331/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-331/2023
23.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver