Məhkəmə qərarları › İş №2(106)-333/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-333/2025

03.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-333/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, Quliyeva (Sadıqova) Zeynab Qasım qızının cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, Quliyeva (Sadıqova) Zeynab Qasım qızı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia tələbini dəqiqləşdirərək verdiyi izahatında göstərdi ki, qeydiyyatda olmaqla Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. Ailə üzvlərinə məxsus Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən 4,3804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Qeyd olunan çıxarışda adları olan –atası İddiaçı1 xx.xx.1997-ci il tarixdə, anası X25 xx.xx.2014-cü il tarixdə, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X3 nikaha girməmiş, uşağı olmamışdır. Onlardan qalan mirasda vərəsələrin paylarının müəyyən edilməsinə dair notariusa müraciət etmiş, lakin notarius tərəfindən Mülki Məcəllənin 1291- ci maddəsinə əsasən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qoyanlarla ölənə kimi bir yerdə yaşamışlar, torpaq sahələri qonşu ərazidə yerləşmiş, bir yerdə əkib biçmişlər. Onlar öləndən sonra da həmin torpaqlardan vərəsələri istifadə etmişdir. Miras qoyanlar İddiaçı1 və X17 birinci dərəcəli vərəsələri, eyni zamanda miras qoyan – X5 ikinci dərəcəli vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və X13r. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ona çatası pay birinci dərəcəli vərəsələri - İddiaçı7, İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızına çatmalıdır. Ona görə də İddiaçı1, X25 və X4 miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızının nümayəndəsi İddiaçı7 da iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası X18 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun birinci dərəcəli vərəsələri-İddiaçı7, İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızıdır. Atasına çatası miras pay onlara çatmalıdır. Cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına cavabdehlər və onların nümayəndələri gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi (Hakim: Etibar Quliyev) ilə, iddianın təmin edilməsi, mərhum X20, X25 və X5 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və mərhum X8 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan - daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2,1902 ha hissəsindən – İddiaçı1 4/28 pay, İddiaçı2 4/28 pay, İddiaçı3 4/28 pay, Cavabdeh2 4/28 pay, Cavabdeh3 4/28 pay, X6 4/28 pay və X14 4/28 pay müəyyən edilməsi; mərhum X14 çatası 4/28 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı7 1/28 pay, İddiaçı4 1/28 pay, İddiaçı5 1/28 pay, Quliyeva (Sadıqova) Zeynab Qasım qızına 1/28 pay müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, kollegiyadan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə müəyyən olunmuş qaydada tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, cavabdeh İddiaçı1 teleqram ünvanlıyaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və iclasını təxirə salınmasını xahiş etmiş, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X20, X25, X11, Cavabdeh3 və X16 məxsus olmuşdur. İş materiallarında olan AZ-İİ 328539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 649229 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 911949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 195332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli 90, 91 və 92 nömrəli məktublarının surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X15, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X17 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 vərəsəlik işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 149 nömrəli arayışdan görünür ki, mərhum X19 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, vərəsələri – arvadı X25 (ölüb), qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2dur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışdan görünür ki, mərhum X25 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, vərəsələri – qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2dur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 182 nömrəli arayışdan görünür ki, mərhum X11 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, vərəsələri – bacısı İddiaçı3, qardaşı X18 (ölüb), qardaşı İddiaçı1, bacısı X12, bacısı İddiaçı2, qardaşı Cavabdeh3 və qardaşı Cavabdeh2dur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 196 nömrəli arayışdan görünür ki, mərhum X18 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, vərəsələri – arvadı İddiaçı4, İddiaçı5, oğlu İddiaçı7 və qızı İddiaçı6dır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. İddiaçıların iddia tələbindən müəyyən edilir ki,. ailə üzvlərinə məxsus Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən 4,3804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Qeyd olunan çıxarışda adları olan –atası İddiaçı1 xx.xx.1997-ci il tarixdə, anası X25 xx.xx.2014-cü il tarixdə, X3 xx.xx.2018ci il tarixdə vəfat etmişlər. X3 nikaha girməmiş, uşağı olmamışdır. Onlardan qalan mirasda vərəsələrin paylarının müəyyən edilməsinə dair notariusa müraciət etmiş, lakin notarius tərəfindən Mülki Məcəllənin 1291- ci maddəsinə əsasən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qoyanlarla ölənə kimi bir yerdə yaşamışlar, torpaq sahələri qonşu ərazidə yerləşmiş, bir yerdə əkib biçmişlər. Onlar öləndən sonra da həmin torpaqlardan vərəsələri istifadə etmişdir. Miras qoyanlar İddiaçı1 və X17 birinci dərəcəli vərəsələri, eyni zamanda miras qoyan – X5 ikinci dərəcəli vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və X13r. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ona çatası pay birinci dərəcəli vərəsələri - İddiaçı7, İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızına çatmalıdır. Ona görə də İddiaçı1, X25 və X4 miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə etirazından apelyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı iddia ərizəsində birinci dərəcə vərəsələrin adlarını sadalayarkən yalnız öz adını və mərhum bacımızın adını çəkmişdir. Hansı ki, mən və digər bacı eləcə də qardaşlarım mərhum valideyinlərimizin birinci dərəcə vərəsələriyik. O, cümlədən X9 yoldaşının və övladlarının sözügedən şəhadətnamədə adı olmasına baxmayaraq onların payı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarının tədqiqindən müəyyən edilir ki, daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X20, X25, X11, Cavabdeh3 və X16 məxsus olmuşdur. X20 xx.xx.1997-ci il tarixdə, X25 xx.xx.2014-cü il tarixdə, X11 xx.xx.2018-ci il tarixdə, X18 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.1997-ci il tarixdə vəfat etmiş X15, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X17 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 vərəsəlik işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə notariat ofisinə olunmuş müraciət olunmuş, Mülki Məcəlləsinin 291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X2 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri – arvadı X25 (ölüb), qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2, mərhum X17 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2, mərhum X5 qanun üzrə bərabər pay hüquqlu ikinci dərəcəli vərəsələri - bacısı İddiaçı3, qardaşı X18 (ölüb), qardaşı İddiaçı1, bacısı X12, bacısı İddiaçı2, qardaşı Cavabdeh3 və qardaşı Cavabdeh2, mərhum X8 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri –arvadı İddiaçı4, İddiaçı5, oğlu İddiaçı7 və qızı İddiaçı6dır. Kollegiya birinci instansiya məhkəməsinin “mərhum X20, X25 və X5 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və mərhum X8 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan - daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2,1902 ha hissəsindən – İddiaçı1 4/28 pay, İddiaçı2 4/28 pay, İddiaçı3 4/28 pay, Cavabdeh2 4/28 pay, Cavabdeh3 4/28 pay, X6 4/28 pay və X14 4/28 pay müəyyən olunmalı, mərhum X14 çatası 4/28 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı7 1/28 pay, İddiaçı4 1/28 pay, İddiaçı5 1/28 pay, Quliyeva (Sadıqova) Zeynab Qasım qızına 1/28 pay müəyyən edilməlidir.” mövqeyi ilə razılaşır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinin heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibraət olması qənaətinə gəlir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1644/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar