Məhkəmə qərarları › İş №2(106)-334/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-334/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-334/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(038)-689/2024 saylı qətnaməsindən (hakim R.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, İmei kodu **********69497 olan OPPO A18 markalı telefon üçün 419.98 manat ödənilməmiş hissə, 41.02 manat cərimə olmaqla, ümumilikdə 461 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixində bağlanmış müqaviləyə əsasən İMEİ KODU **********69497 OPPO A18 markalı telefon almış və nəticədə 461 (dörd yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 541.98 (beş yüz qırx bir manat doxsan səkkiz qəp) manat (18 ay x 30.11 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********69497 OPPO A18 markalı telefon üçün 461 (dörd yüz altmış bir) manat olmaqla, ondan 419.98 (dörd yüz on doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 41.02 (qırx bir manat iki qəp) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 122 manat təşkil edir. Cavabdehlə bağlanan xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Yardımlı Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinə müvafiq olaraq iddia ərizəsinin surəti 11 oktyabr 2024-cü il tarixli bildirişlə cavabhehlərə göndərilmiş, iş materiallarında olan "xxxx" MMC-nin rəsmi internet portalından edilmiş çıxarışa əsasən, bildiriş olan SS895537363AZ kodlu zərf 16 oktyabr 2024-cü il tarixində Cavabdeh təqdim olunmuş, qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Yarıdmlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(038)-689/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 419.98 manat ödənilməmiş hissə, 41.02 manat cərimə olmaqla, ümumilikdə 461 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasya şikayəti verərək ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə Azərbaycan Respublikasının Konstutsiyasında və diğər qanunvericilik aktlarında təsbit olunmuş hüqüqları pozulduğu üçün apellyasiya şikayəti verir və qeyd olunanlara əsasən hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(038)-689/2024 saylı qətnaməsi qanunsuzdur və əsassızdır, maddi və prosessual hüqüq normalarının pozulması və düzgun tətbiq edilməməsi ilə çıxarılmışdır. İddiaçı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********69497 olan OPPO A18 markalı telefon üçün 461 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunu ondan tələb etməsi tam əsassızdır. Belə ki, OPPO A18 markalı telefonu xx.xx.2023-cü il tarixdə almaqla 122 manat ödəniş də etmişdir. Sonra qeyd olunan markalı telefonu yaranan nasazlıqlara görə "xxxx" MMC-yə təhvil-təslim aktı üzrə geri qaytarmışdır. İddiaçı tərəfə telefonu geri qaytarsa da, iddiaçı həmin telefon üçün ondan pul tələb edir. Həmin qətnamə məhkəmə tərəfindən qəbul edilərkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, qətnamə əsaslandırılmamışdır. Hazırda mübahisələndirdiyi həmin qətnaməni gözdən keçirərkən ümumiyyətlə məhkəmənin iddia tələbini hansı maddi və prosessual hüquq normalarına əsasslanaraq qəbul etdiyi qətnamədə əsaslandırılmamışdır. Məhkəmə iddaçının formal mülahizələrini sübut kimi qəbul etmiş və onların düzgünlüyü, həqiqliyi barədə heç bir araşdırma aparmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 106.1-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər subutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şikayətin dəlilləri nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(106)-2090/2024 saylı qərardadı ilə mülki mübahisə üzrə apellyasiya şikayətinə iddia icraatı qaydasında, tərəflər məhkəmə iclasına çağırılmaqla baxılması qərara alınmışdır. Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Masallı şəhərində yerləşən iddiaçıya məxsus mağazaya telefon almaq üçün getmişdi. Sadə bir kəndlidir və həmin ana qədər istifadə etdiyi telefonlar smart tipli olmamışlar. Ümumiyyətlə smart tipli telefonlardan başı çıxmırdı. Mağazada satıcı həmin telefonu ona məsləhət görmüş, o da, almışdır. Hətta 4 ay ərzində ödənişlərini də etmişdir. Lakin telefonun onun istifadəsində olduğu müddətdə istifadə qaydalarını öyrənə bilməmişdir. Çünki telefonun Azərbaycan dilində menyusu olmamışdır. Telefonu dəyişmək məqsədilə aparıb tam istifadəyə yararlı halda aldığı mağazaya qaytarmış, təhvil-təslim aktı ilə telefonu ondan qəbul etmişlər. Sonrakı mərhələlərdə dəfələrlə dəyişdirilməsi ilə bağlı müraciətlər etmiş, lakin telefonu dəyişməkdən imtina etmişlər. Bundan sonra məcbur olub başqa bir mağazadan başqa bir modeldə telefon almışdır, hazırda da, istifadə edir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İzahatında göstərdi ki, cavabdehə satılmış telefon texniki parametrlərinə uyğun işləyir, hər hansı bir qüsuru yoxdur. Bunu təsdiq edən mütəxəsislərinin telefonun texniki vəziyyətinə dair xx.xx.2025 tarixli aktı məhkəmə kollegiyasına təqdim edir. Bundan başqa həmin telefonun mağazadan götürülməsinə dair cavabdehə dəfələrlə bildirişlər vermişlər, lakin cavabdeh telefonu qəbul etməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etməklə, qətnamə tam mübahisələndirilmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və ona hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur: Tərəflər arasında xx.xx.2023-cü ildə bağlanmış 03337074 nömrəli müqavilədən görünür ki, "xxxx"MMC tərəfindən özünə məxsus əşyanın (mal) müştəri Cavabdeh müqavilədə göstərilən şərtlərlə verilməsi, müştərinin malı göstərilən şərtlərlə qəbul etməsi müqavilənin predmetini təşkil etmişdir; Müqavilənin 2-ci bəndinə əsasən müştəriyə verilməli olan mal İMEİ KODU **********69497 olan OPPO A18 markalı mobil telefon aparatı və ona aid aksessuarlardır; Müqavilənin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız maldan istifadə etmək hüququ ona keçir; Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir; Müqavilənin 2.7-ci bəndinə əsasən "xxxx" MMC-nin sərəncamı ilə mala mülkiyyət hüququ müştəriyə keçir. Müqavilənin 2.8-ci bəndinə əsasən müqavilənin əlavəsinə əsasən bütün ödəmələr mal müştərinin mülkiyyətinə keçənədək avans kimi qəbul olunur; Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtlərini pozduğu halda, malı "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır; Müqavilənin 3.2-ci bəndinə əsasən "xxxx" MMC müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qaydada qaytarılmış malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 2.9-cu və 3.15-ci bəndlərdəki hala aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib, müştərinin "xxxx" MMC-nə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir; Müqavilənin 3.3-cü bəndinə əsasən müştəri qiymətləndirmə aktı ilə razılaşmadığı halda, o, borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş malı geri ala bilər; Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəyə əsasən müştəri xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci il tarixinədək istifadəsinə verilən mala görə hər ay 30.11 manat ödəniş etməli idi; xx.xx.2024 tarixli təhvil-təslim aktına əsasən müştəri Cavabdeh tərəfindən İMEİ KODU **********69497 olan OPPO A18 markalı mobil telefon aparatı tam komplektasiyada X2 filialına qaytarılmışdır. Cihazda yüngül cızıqlar olmuşdur; "xxxx" MMC-nin xx.xx.2025 tarixli texniki vəziyyət barədə aktına əsasən Cavabdeh tərəfindən təqdim olunan İMEİ KODU **********69497 olan OPPO A18 markalı mobil telefon aparatında hər hansı bir qüsur aşkar olunmamış, cihaz texniki parametrlərinə uyğun gəlir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC 541.98 manat dəyərində “OPPO A18” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC dəyəri 541.98 manat dəyərində “OPPO A18” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlandığından, müqavilədə göstərilən malı təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı MMC pozulmuş hüququnun bərpası üçün verilmiş əşyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2023-cü il il tarixli alqı-satqı müqaviləsi 419.98 manat ödənilməmiş hissə, 41.02 manat cərimə olmaqla, ümumilikdə 461 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunu ödəməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Müqavilənin şərtlərindən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır. İşin müəyyən olunan hallarına əsasən müştəri mala görə 4 ay ərzində müqavilədə şərtləşdirilmiş qaydada ödənişlər etmiş, sonra malı tam komplektasiyada istifadəyə tam yararlı halda "xxxx" MMC-yə qaytarmışdır. Bu barədə tərəflər arasında xx.xx.2024 tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Malın qüsursuz qaytarılması sonradan "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən tərtib olunan xx.xx.2025 tarixli texniki vəziyyət barədə aktla təsdiqini tapır. Müqavilənin 3.2-ci bəndinə əsasən "xxxx" MMC qaytarılmış malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib, müştərinin "xxxx" MMC-nə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Göründüyü kimi mübahisə predmeti olan mobil telefon iddiaçıda qalmış, eyni zamanda mobil telefona dair ödənilməmiş məbləği iddiaçı tərəf tələb etmişdir. Yəni işin bu halı tərəflər arasında bağlanmış müqavilənin və Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yardımlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(038)-689/2024 qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(038)-689/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar