Məhkəmə qərarları › İş №2(106)-339/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-339/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-339/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızının iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızına qarşı “pul tələbi barədə” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(064)-1784/2023 saylı qətnaməsindən cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Acer Aspire 3 A315-57G” kondisioneri üçün 939,6 manat ödənilməmiş hissənin, müştəriyə güzəşt olunaraq 93,4 manat cərimənin, ümumilikdə 1033 manat borcun, 30,33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Acer Aspire 3 A315-57G” kondisioneri almış və nəticədə 1033 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1469,6 manat (24 ay × 57,9 manat + 0 manat ilkin ödəniş) olan “Acer Aspire 3 A315-57G” kondisioneri üçün ümumilikdə 1033 manat olmaqla, ondan 939,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 93,4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sözügedən kondisionerdən xx.xx.2022-ci ildə imtina etmiş və məhsul 450 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 80 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 450 manat, ümumilikdə 530 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olması rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(064)-1784/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 939,6 manat ödənilməmiş hissə və 93,4 manat cərimə olmaqla, ümumilikdə 1033 manat borcun və 30,33 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(064)-1784/2023 saylı qətnaməsinin ləğv edilməsini və məhsulun 14 gün ərzində köhnəlmə dərəcəsinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə arasında bağlanılan xx.xx.2021-ci il tarixli, 22292436 saylı müqaviləyə əsasən “Acer Aspire A315-57G” modelli kompüter əldə etmişdir. Ərizədə həmin müqavilə əsasında kondisioner əldə etməsi, həmçinin xx.xx.2022ci il tarixində məhsulu qaytarması qeyd edilsə də, bu yanlışdır. Belə ki, məhsulun müqavilədə olan kodu ilə internet vasitəsilə axtarışını həyata keçirdikdə, kondisioner deyil, kompüter olması öz təsdiqini tapır. Digər məsələyə münasibətdə isə cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulu əldə etdiyi tarixdən 14 gün ərzində satıcıya geri qaytarmışdır. İddiaçı "xxxx" MMC isə qiymətləndirmə aparacağını, bunun üçün isə məhsulu mağazaya təhvil verməli olduğunu bildirmişdir. Lakin həmin müddətdən sonra qiymətləndirmənin aparılıb-aparılmaması, aparıldığı halda hansı miqdarda qiymətləndirilməsi barədə məlumatı olmamışdır. Cavabdeh hesab edir ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə məhz xx.xx.2022-ci il tarixində aparıldığı üçün həmin tarixdə geri qaytardığını bildirirlər. Ərizə ilə tanış olduqda cavabdehə məlum olmuşdur ki, "xxxx" MMC məhsulu 450 manat məbləğində qiymətləndirmişdir. Lakin 1469,60 manat dəyərindəki məhsulun 14 gün müddətində dəyərinin birdən-birə 1019,60 manat miqdarında ucuzlaşması ağlabatan deyildir. Bu səbəbdən hesab edir ki, məhkəmə ekspertizası məhsulu obyektiv qiymətləndirməlidir. İddiaçı gecikdirilmiş ödənişlərə görə 93,4 manat məbləğində cərimənin onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hesab edir ki, cərimənin ödənilməsini tələb etmək əsassızdır. Belə ki, o, malı 14 gün ərzində satıcıya qaytarsa da, iddiaçı qiymətləndirməni gecikdirmiş və nəticəsi barədə cavabdehə məlumat verməmişdir. Qiymətləndirmənin nəticəsi isə borcluya ödənilməli olan məbləğin hissəsində əhəmiyyət kəsb etdiyi üçün kreditor icranı gecikdirmiş hesab edilir. Nəticədə iddiaçının 93,4 manat miqdarında cərimə pulu tələb etməsi əsassızdır. Qiymətləndirmənin hansı formada və nəyin əsasında keçirilməsinə dair iş materiallarında sübutun olmamasına baxmayaraq, məhkəmə qiymətləndirmənin nəticəsini tanımışdır. Cavabdehin məhkəmə işi barədə məlumatı olmamışdır. İddiaçı "xxxx" MMC cavabdehin apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz etmiş, etirazında cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızının apellyasiya şikayətinin təmin edilməməsini və Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(064)- 1784/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, “Acer Aspire 3 A315-57G (NX.HZRER.001)” markalı noutbuku cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Acer Aspire 3 A315-57G (NX.HZRER.001)” markalı noutbukdan xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 450 manat dəyərində qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.10-cu bəndinə əsasən müştəri "xxxx" MMC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal "xxxx" MMC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(106)-339/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(064)-1784/2023 saylı qətnaməsindən cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmış, məhkəmənin baxış iclası 13 mart 2024-cü il tarixə, saat 12:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, iddiaçıdan iddia ərizəsində göstərildiyi kimi kondisioner deyil, kompüter əldə etmişdir. Belə ki, 2021-ci ilin fevral ayında onun öz noutbukunda problem yarandığına görə o, "xxxx" MMC-dən kreditlə noutbuk almış və ilkin ödəniş etmişdir. Həmin vaxt ona bildirmişlər ki, 14 gün ərzində məhsulun qaytarılması mümkündür. Onun nişanlısı öz noutbukunu təmir etdirdiyinə görə 14 gün keçməmiş o, "xxxx" MMC-dən aldığı təzə noutbuka artıq ehtiyac olmadığına görə onu "xxxx" MMC-yə qaytarmaq qərarına gəlmişdir. Qaytarılan zaman həmin noutbuk, ümumiyyətlə, istifadə olunmamışdı və təzə idi. O, noutbuku Bakı şəhərində aldığı İnqilab küçəsində yerləşən "xxxx" mağazasına qaytaran zaman ona bildirmişlər ki, həmin noutbuku MMC-nin 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən servis ofisinə aparmalıdır ki, noutbuk yoxlanılsın. O, qaytarmaq istədiyi noutbuku servisə aparmış, noutbuk servisdə yoxlama üçün qalmışdır. 2 gün sonra isə onu çağırmışlar ki, noutbukda hər şey qaydasında olduğuna görə onu aldığı mağazaya geri qaytara bilər. Bundan sonra, o, noutbuku mağazaya qaytarmış və hər hansı problem yaranmamışdır. O, ilkin ödəniş etməsinə baxmayaraq, noutbuku özü qaytardığına görə həmin ödənişin geri qaytarılması ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Bundan təxminən 1 ildən artıq müddət keçdikdən sonra ona "xxxx" MMC-dən zəng edərək bildirmişlər ki, noutbuku gəlib servisə aparmalıdır. Lakin o, iddiaçı MMC-nin əməkdaşlarına öz etirazını bildirərək, noutubuku servisdə yoxlatdırıldıqdan sonra qaytardığını, noutbukun qaytarılmasından bir xeyli vaxt keçdiyini və noutbukda olan hər hansı problemin ona aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra isə onun hər hansı prosesdən xəbəri olmamış, həmin noutbukun yenidən qiymətləndirilib-qiymətləndirilməməsi, hər hansı imtina aktının tərtib olunub-olunmaması barədə onun məlumatı olmamışdır. Ona görə də, o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia ərizəsində noutbuk əvəzinə kondisionerin qeyd edilməsi texniki səhvdir. Qeyd etdi ki, cavabdehin bildirdikləri həqiqətə uyğun deyil. Noutbukun qiymətləndirilməsi və təhvil verilməsi ilə bağlı bütün sənədləşdirmələr düzgün aparılmışdır. O, verilmiş suala cavab olaraq bildirdi ki, noutbukun cavabdeh tərəfindən mağazaya qaytarılması zamanı cavabdehin imzası ilə tərtib edilmiş hər hansı aktı təqdim edə bilmir. Çünki cavabdeh noutbuku mağazada qoyub çıxıb getmiş və hər hansı akt imzalamamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 22292436 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Acer Aspire 3 A315-57G (NX.HZRER.001)” markalı məhsul müqavilədə nəzərdə tutulmuş şərtlərlə Cavabdeh verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müştəri bu müqavilənin şərtini (şərtlərini) pozduğu halda, malı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır. Həmin müqavilənin 3.9-ci bəndinə əsasən, əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən, müştəri "xxxx" MMC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda “Mal”ı geri qaytara bilər. Bu zaman mal "xxxx" MMC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. İş materiallarının 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, 22292436 nömrəli müqavilə üzrə əşya tam qüsursuz halda Cavabdeh tərəfindən təhvil alınmış, o, bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X4 görünür ki, həmin ödəniş cədvəli xx.xx.2021-ci il tarixli, 22292436 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir. X5 hissəhissə ödəniş qaydası hər ay 57,90 manat olmaqla, 24 ay müddətinə müəyyən olunmuş və ilkin ödəniş daxil olmaqla toplam məbləğ 1469,60 manat qeyd edilmişdir. X6 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Hacılı (Kərimova) Fidan Əbülfət qızının razılığı əsasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı “Acer Aspire 3 A315-57G (NX.HZRER.001)” markalı kondisioner geri qaytarılmış, o, 450 manat dəyərində qiymətləndirilmiş və həmin məbləğ onun ümumi borcundan silinmişdir. İş materiallarında olan Cavabdeh 01 sentyabr 2023-cü il tarixinə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən əsas borc üzrə ödənilmiş məbləğ kimi məhsul qaytarıldıqdan sonra qoyulan qiymət də daxil olmaqla, 530 manat müəyyənləşdirilmişdir. Ödənilməmiş məbləğ 939,6 manat, cərimə borcu 93,4 manat olmaqla, ümumilikdə ödənilməmiş məbləğ isə 1033 manat təşkil edir. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Acer Aspire 3 A315-57G” markalı kondisionerdən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 450 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 273,6 manat (0,57 manat × 480 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 93,4 manat cərimə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Hacılı (Kərimova) Fidan Əbülfət qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, 14 fevral 2021-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə nisyə olaraq “Acer Aspire 3 A315-57G” markalı noutbuk satılmış, noutbuk 14 fevral 2021-ci il tarixində cavabdehə təhvil verilmiş, lakin sonradan həmin noutbuk cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. İddiaçı iddia ərizəsində texniki yalnışlığa yol verərək cavabdeh tərəfindən nisyə olaraq alınmış əşyanın kondisioner olduğunu qeyd etmişdir. Hazırda mübahisəli məqam ondan ibarətdir ki, cavabdeh mübahisə predmeti olan noutbuku 14 fevral 2021-ci il tarixli müqavilənin bağlanmasından 2 həftə ərzində iddiaçıya qaytardığını qeyd etsə də, iddiaçı cavabdeh tərəfindən imtinanın 18 oktyabr 2022-ci il tarixində olduğunu bildirmiş, öz tələblərini həmin hala əsaslanaraq irəli sürmüşdür. Lakin hazırda iş materiallarına mübahisə predmeti olan noutbukun cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması ilə bağlı cavabdehin də imzası olan hər hansı akt əlavə olunmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi də bu cür sənədin təqdim edilməsinin mümkün olmadığını qeyd etmiş, bundan əlavə, iddiaçı tərəfindən bütün sənədləşdirmələrin düzgün aparıldığını bildirmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən halların və cavabdehin borcunun məbləğinin təsdiq edilməsi üçün Cavabdeh 01 sentyabr 2023-cü il tarixinə olan maliyyə və ödəniş cədvəli əlavə olunmuşdur. Həmin sənəddə də cavabdehin 14 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, “Acer Aspire 3 A315-57G” markalı kondisionerdən xx.xx.2022-ci il tarixində imtina etdiyi və məhsulun 450 manat qiymətləndirilərək borcdan silindiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə yanaşı, həm də cavabdeh tərəfindən mübahisə predmeti olan əşyanın qaytarılması zamanı aparılan sənədləşdirmə zamanı da səhvə yol vermişdir. Bundan əlavə, cavabdeh tərəfindən nisyə alğı-satqının predmeti olmuş əşyadan həqiqətən 18 oktyabr 2022-ci il tarixində imtina edilməsini təsdiq edən hər hansı sübut təqdim olunmamış, cavabdeh isə bu halı təkzib edərək, noutbukun onun tərəfindən müqavilənin bağlanmasından 2 həftə müddət ərzində geri qaytarıldığını bildirmişdir. İddiaçı məhsulun ona geri qaytarılması zamanı tərtib olunmuş hər hansı akt təqdim etməməklə yanaşı, aparılan qiymətləndirmənin həqiqətən də məhsulun cavabdeh tərəfindən geri qaytarılmasından dərhal sonra həyata keçirilməsinə dair də hər hansı sübut təqdim etməmişdir. İşdən göründüyü kimi isə 14 fevral 2021-ci il tarixli müqavilə əsasında nisyə alınmış məhsulun geri qaytarılmasından sonra onun 450 manat dəyərində qiymətləndirilməsi və həmin məbləğin cavabdehin ümumi borcundan silinməsi ilə bağlı məlumat da cavabdehə 07 avqust 2023-cü il tarixli məktubla verilmişdir. Belə olan halda isə məhsulun 18 oktyabr 2022-ci il tarixində qaytarılmış olması qəbul olunsa belə, qiymətləndirmə barədə məlumatın bundan təxminən 10 ay keçdikdən sonra cavabdehə bildirilməsi və həmin məktubda da cavabdehin müqavilə üzrə kondisioneri geri qaytarmasının qeyd edilməsi iddiaçının öz tələbinin əsasını təşkil edən hallarla bağlı mötəbər sübutları təqdim edə bilmədiyini göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin nisyə alğı-satqının predmeti olan əşyanın məhz 18 oktyabr 2022-ci ildə geri qaytarılmasını, həmin vaxtadək mübahisə predmeti olan əşyanın cavabdehdə olmasını və cavabdehin tələb edilən məbləğdə borcunun olmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmiş, iddia ərizəsində və iddia ərizəsinə əlavə edilmiş sənədlərdə hazırkı işin müəyyən edilmiş hallarına uyğun gəlməyən yanlışlıqlara yol vermişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilibedilməməsinə düzgün qiymət verməmiş, iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,33 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə də iddia təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(064)-1784/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Kərimova (Hacılı) Fidan Əbülfət qızına qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar